Darıxmaq payız fəslidir...
Darıxmaq
payız fəslidir,
Soyunmuş
ağaclar üşüyür
əlcəksiz uşaq kimi...
Payızın "darıxmaq fəsli" olması ifadəsi
son dərəcə yüklü deyimdir, şair
düşüncəsindən süzülüb gələn
gözəlliyin misralarda poetikləşməsidir.
Bəlkə
də, ilk misralarını uşaq düşüncələri
ilə pıçıldayanda xəyalına da gəlməzdi
ki, sonrakı taleyi şeirlə, sənətlə
bağlı olacaq, sənət yolu onun ömür yolunda da
işıq yandıracaq...
Aybəniz Əliyar öz içindən, nəfəsindən
doğulan şairdir. Və bu nəfəs müasir ədəbi
dünyamızda, deyərdim ki, artıq özünü təsdiqləmişdir.
Bir söz əhli, qələm dostu kimi mən də
şairin şeirləri haqqında fikir söyləyib
oxucularla paylaşmaq qərarına gəldim.
Xəyallarım
yellənir dar ağacında,
Kəndirin
ortasına
Qara
qarğa qonub başım əvəzi...
Onun da
gözlərində
Gözlərimi
dimdikləmək həvəsi...
Xəyalları ilə dar ağacından asılan
şair ağrı-acıları misralara köçürərək
özü də zamanın cəfakeş yolçusuna
çevrilir.
Əslində də, belədir, söz
adamları həmişə için-için yanmış,
yanğılarını sözlərin yaddaşına
köçürmüşlər. Aybənizin
dünyası da belədir. O, həyata sözünün
ucalığından boylanır. Bu xüsusiyyətlər
onun yaradıcılığını rövnəqləndirən,
şeirlərini sevdirən əsas və vacib olan amillərindən
biri və əsaslarındandır. Şeirdəki
fəlsəfi mənanın dərinliyi insanı
düşündürür, gələcək taleyi
haqqında fikirləşməyə istiqamətləndirir.
O, arzuların qanadında yollar keçir, məsafələr
qət edir.
Hər
insan həyatı bir təzə nağıl,
Tale vərəqlənir kitab halında.
Söz
şair yaradır, şair söz doğur,
Şair qurban gedir sözün yolunda.
"Şair
qurban gedir sözün yolunda..." Bu, bir həqiqətdir.
Ömrünü gecəli-gündüzlü
söz odunda yandıran şair pərvanə
misalındadır. Yanır, külə
dönür, qurban gedir. Talelər kitab kimi
vərəqlənir. Hər şairin taleyi
alnına bir cümlə ilə yazılsa da yozumu yüzlərlə
kitaba sığan deyil. Qəribədir, ona
görə ki, şairin qəlbi yazdığı əsərlərin
sətirlərində döyünür. Onu
oxuyub sona gəlmək, tamamlamaq mümkünsüzdür.
Hər şeirdə sətir-sətir,
söz-söz yeni duyğular açılır. Dünyanı da belə yaşayır şair.
Nə
fırlanır dönə-dönə,
Bəlkə gəlib haqqa, dinə?
Namaz
üstdə durum yenə,
Bir
rükət qılım dünyanı...
Aybəniz Əliyarın analı dünyası
maraqlıdır. Ana laylalarının şirinliyində, həzinliyində
böyüyən şairin özü də anadır. Şübhəsiz ki, yuxusuz gecələr keçirən
şairin ürəyində anaya məhəbbətlə,
analıq duyğuları üst-üstə düşür,
birləşir. Bəlkə də, Aybəniz
Əliyar ən kövrək duyğularını elə
beşik başında layla deyəndə şeirlərə
çevirib, onları ana qəlbinin dərinliyindən gələn
isti, şirin nəğmələr kimi qələmə
alıb? Bəlkə, sevgisini, sevincini,
göz yaşlarını bu nəğmələrin sətirlərinə
hörüb? Axı məhəbbət hər
şeyə qadirdir. O, insan qəlbində ən incə,
dərin hisslər yaradır. Ana və övlad
məhəbbəti, bəlkə də, bütün sevgiləri
üstələyir.
Gözləri
arzuyla, ümidlə dolu,
Qəlbi bağlı boxça, yoxlamaq olmur.
Ağaran
telinə aparan yolu,
Bir gözün yadında saxlamaq olmur.
Qolları
beşiyim, nəfəsi laylam,
Baxışı sabahım, varlığı canım.
Nə
gözəl dünyadı analı dünyam,
Cənnətə bənzəyir hər dörd bir
yanım.
Bəli, gözləri arzu və ümidlə dolu olan
anaların qəlbi həmişə gizli boxça olub. O boxçadakı
ağrı-acılar övladlarından gizli saxlanılıb. Ana hər çətinliyə dözüb, ancaq
heç kəsə hiss etdirməyib. İçində
çəkdiyi ağrılar ananın ağaran
saçlarında görünüb, yol eləyib. Maraqlıdır, gözəldir, ən nəhayət
mənalıdır. Səni
duyğulandırır, kövrəldir. Bu
şeir hər kəsə anasını xatırladır.
Aybənizin uğurlarından biri də budur.
Oxunan əsər kimsənin qəlbini titrədə
bilirsə bunun özü nailiyyətdir.
Yenə həyalandı
bənövşə üzü,
Ətrinə sarıldı nərgiz çiçəyi.
Bəlli
bir duadır hər şirin sözü,
Sevgi məskənidir ana ürəyi.
Aybəniz Əliyar üçün səhər günəşinin
gülümsəməsi, səhərin dənizin seyrinə
çıxması üçün oyanması, ləpələrin
insan kimi danışması, öz dillərində
pıçıldaşması bir ayrı aləmdir. Bu gözəllikdən
doymaq olmur. Bu, davamlı gözəllikdir.
Günəş
üfüqlərdən boylanır yenə,
Dəniz seyrindəyəm, oyanıb şəhər.
Bax nələr
danışır ləpələr mənə,
Nələr
pıçıldayır, nələr bu səhər...
Şair bütün bunları başqaları kimi deyil,
özünün baxdığı və gördüyü
kimi görür. Bir sözlə, qəlbin gözü,
gözün qəlbi ilə görüb duyur.
Aybəniz Əliyarın yaxın günlərdə
işıq üzü görən "Qürubda Günəş"
kitabı şairin şeir dünyasının gözəlliyini
bir daha sübut etdi. Bu toplum ədəbi arenada şairi diqqət
mərkəzində saxlayan kitab kimi özünə qısa
müddətdə vəsiqə qazana bildi. Kitabdakı şeirlər oxucu qəlbinə sevgilərlə
yol tapa bildi. "Qərənfil", "Qartal
yuvası",
"Qadın",
"İydə çiçəkləyir",
"Qaranquş yuvası, bənövşə ətri","Yağış",
"Qarışqa yuvası", "Əl şəkilləri", "Kəpənək
vüsaldır", "Unut məni" və sair şeirləri
bu qəbildəndir. Bu sayı çox artırmaq
olar. Çünki kitabdakı şeirlərin,
demək olar ki, hamısı gözəl sənət nümunələridir.
Şeir dilindəki səmimilik, axıcılıq
şairi sevdirən əsas amillərdən biridir. Bu baxımdan, Aybənizin
şeir dünyası zəngin,dili rəvan
və olduqca zərifdir. O, sözü
pıçıldayır, qışqırmır. Bu pıçıltılar oxucu qəlbini
asanlıqla ələ keçirə, sözün
yaxşı mənasında zəbt edə bilir. "Bir
məlhəm istədi yar köynəyindən",
"Günəş doğdu eşqə güldü hər
könül", "Oturub içimdə mürgü
döyürəm", "Qapımı gecikən eşqlər
döyəcək", "Gözlərimin gördüyü
qədər gözəlsən",
"Bir gül meşəsiyəm,bir dağ
havası", "Ey özündə sönüb-bitən,məndə
yanan, inanmıram",
"Qışın ağ qanadlı kəpənəkləri
..." kimi misralar bir daha göstərir ki, Aybəniz sözə
yeni həyat gətirir.
Bəyaz
buludlara bələndi göylər,
Təbiət güllərin gözündə
güldü.
Donumu
geydikcə bağları tər-tər,
Şair ürəyimə ilham süzüldü.
Əlbəttə, şairin sevgi dünyasının
ünvanı, ilk növbədə, yaşadığı
yerin təbiəti olmalıdır. Gözəlliklərdən
nəşət tapan sevgi uzunömürlü olur. İnanıram ki, şairin bu mövzularda olan şeirlərinin
ömrü çox uzun olacaq, illər ötdükcə oxucu
yaddaşında möhkəmlənəcəkdi. Və hər dəfə dinlənildikcə insan qəlbinə
təzə ovqat gətirəcək, yeni sevinclər baş verəcəkdi.
Günəş
doğdu, eşqə güldü hər könül,
Dua ilə dindi dillər, dodaqlar.
Qanımıza
şirə qatdı elə bil,
Saf suyundan içdiyimiz bulaqlar.
Çox təbiidir. Saf sular insan
qanını təmizləyir, eyni zamanda
sağlamlığın qarantıdır. Qanımıza
şirə qatan sular Vətən torpağı ilə
saflaşan təbii sərvətimizdir. Şairin fikrincə
də belədir...
Yəqin
buludlarında
gözü yoldadır,
Yəqin
onlar da
sevilmədiklərini başa düşür...
Yoxsa niyə
bu qədər
ağlasınlar ki?..
Burada insana xas olan xüsusiyyətin, təbiət hadisəsinin
üzərinə köçürülməsi metaforik
düşüncələrdir. "Buludların sevilmədiklərini
başa düşməsi" təzə ifadədir.
Buradan görünür ki, şair daim axtarır, geniş
dünyagörüşü və iti zehni ilə çox
uğurlara imza atmağa nail ola bilir.
Bir dənizəm
bu gün,
qəm
dənizi, söz dənizi, ağrı dənizi...
Bir gəmi
batıb dalğalarımda,
ümid
gəmisi, sevgi gəmisi, səadət gəmisi...
Qağayılar
dimdikləməkdədir
içimdə ölənləri,
ehtirasları, titrəyişləri, qürurları
... və səni,
... əsas da səni!
Daha dəniz
olmayacam,
gəmiləri batan,
dalğaları hıçqıran,
qağayıları sevindirən.
Bu təsirli misralar da Aybəniz Əliyarındır. Belə
şeirlər ruha rahatlıq gətirir. Çünki
sadə dildə olduğu qədər də təmiz
duyğulardan yaranıb bədii dərinliyi olan belə
şeirlər. Nə qədər şərhlər
yazılsa da, fikirlər şeirin ifadə etdiyi ucalığa
çata bilmir. Düşündürür, gözlərin
yol çəkir... Düşüncələr uzaqlara çəkir...
Gözlərin dincliyinə qovuşmur.
Ancaq bir qadın bu qədər dərin bir dəniz ola bilər,
"qəm dənizi", " söz dənizi", "
ağrı dənizi..."Sadə və səmimi, dolğun və
gözəl, zərif, duyğusal fikir qəlbi yaşadır.
Bir
mahnı olsa,
Dinləsək
bərabər...
Qucağına
sığınıb
Özümlə
ağlasam doyunca...
O
yaylıq əllərini
Ümidin
toxunmadığı
Ürəyimin
başına çəksən...
Ayrılmaq
istəyirəm belə...
Bir mahnı dinləmək və ağlamaq, yaylıq əllərini
çəkəndən sonra ayrılıq ifadəsi
"yaylıq vermək ayrılıqdır"
inancını xatırladır. Bu cür ifadə
şeirin həm bədiiliyini, həm də həyat həqiqətlərinə
inandırıcılığını qoruyub saxlayır.
Bədii həqiqətlər duyumlu hər kəsi
arxasınca çəkib aparır. Aybəniz
bunları bacara bilir.
Ədəbiyyat səhifələrində "şəm
və pərvanə" haqqında deyimlərin təkrar-təkrar
şahidiyik.
Aybəniz Əliyar bu məsələyə bir az
başqa tərəfdən yanaşır, tam yeni bir deyimlə
oxucu qarşısına çıxır.
Mənim
evimdə sənin ayrıca saatın var,
Kiçik əqrəbi sənsən, böyük əqrəbi
mən.
Hər
saatda fırlanıram başına...
Sənin saatınla yaşamaq nədir, bilirsənmi?
Əqrəblərin bir-birinin başına
fırlanması sevgi münasibətlərində yeni
yaşamdır. Aybəniz belə şeirlərində bir
yenilikçi kimi çıxır edir. Burada
şeirlərin qəhrəmanı, hadisələrin
iştirakçıları sanki özüdür. Bədii sual şeirin bədii gücünü
artırır. Şeirdə şairliklə
rəssamlıq birləşərək dəyərli bir sənət
əsəri yaranır. Və şairin həyata, həyat
hadisələrinə baxışları
Yarpaq-yarpaq
sola payız,
Uça isti əllərindən.
Yenə
bu soyuq əllərim,
Aça
isti əllərində...
Şeirində olduğu kimi yüksək məna, gözəlliklər
doğurur. Həmin gözəlliklər iki sevən ürəyin
isti əllərində çiçək kimi açan əbədi
yaşar sevgidir. Belə qeyri-adi
düşüncələr Aybəniz Əliyarın
yaradıcılıq yolunda və bu yolun əsas qolu olan sevgi
dünyasında yanan sönməz işıqdır. Buradakı vüsal, ayrılıq, sevinc, göz
yaşı qeyri-adidir.
Şairin içində bir qəm var. Həmin qəm
"Qaragilə", "Apardı sellər Saranı"
mahnılarındakı qəmi yada salır. Aşağıdakı
şeirdə gördüyüm kimi...
Ağac
özü bilir hansı yarpağı,
Budaqdan
göynəyə-göynəyə düşür...
və
yaxud
Saralıb
xəyalın bir yarpaq kimi,
Payız
vüsallıdır bu eşqin sonu...
Aybənizin şeirləri fikir orijinallığı ilə
seçilir. Yarpaqların budaqdan düşməsi
ayrılıqdı.Payızda qovuşmağıda özünəməxsusluğu
ilə nəzmə çəkmək, şeirə gətirmək
şairin qəlbindəki vüsalın təntənəsidir.
Mənə elə gəlir ki, bunlar şeir
deyil, alın yazılarıdır, bunları ancaq Aybəniz
görə bilib, şeirə gətirə bilib. Əlbəttə, özünün duyduğu,
gördüyü kimi.
Unudulmuş
qadındı dəniz,
Orda
batanların cəzası olmaz...
Saçlarını
qürublarda darar,
Ətirlənməz
sabahların sevgisində...
Dəniz
və qadın... İki dərinlik ... Dənizin
dibi, qadının ürəyi hər kəsə bəlli
olmaz. Bütün ağrı-acılara rəğmən
qadının bağışlamağı bacarmaq missiyası
onu ucaldır. Lakin özü qüruba
doğru addımlamaqdadır. Bu cür ifadələr
təkrarsızdır, bənzərsizdir. Poeziyasevərlərin
ürəklərini, sözün yaxşı mənasında,
belə oğurlamaq hər şairə, yazara nəsib olan
iş deyil. Bunu tam əminliklə söyləmək
olar. Aybəniz buna nail ola bilib.
Quşsansa,
yarpaqdı evin,
Daşsansa, torpaqdı evin.
Deyəsən çılpaqdı evin,
Boşalıb yatağın sənin...
Bu, şairin özünü ifadəsinin insan ruhuna sözlə təsirinin obrazlı ifadəsidir. Şeirdəki psixoloji əhval-ruhiyyə o qədər təbiidir ki, həyat həqiqətlərinə də, xəyali dünyaya da bir inam yaradır.
Aybəniz Əliyarın yaradıcılığı haqqında çox yazmaq olar, çox mətləblərə aydınlıq gətirmək olar. Lakin qalanını oxucu ixtiyarına buraxmaqla qələm dostumuza uğurlar arzulayır və onun "Payız" adlı şeirindən parçalarla fikirlərimi yekunlaşdırmaq istəyirəm.
Bitməyə sevgisi payız gözlərin,
Arzuya dönməyə solan çiçəklər.
Son bahar
ötüşə, son yarpağını,
Töksə də ağacdan acı küləklər.
Həsrət
öz donunu biçə hər gecə,
Körpəsi ağlaya qucağımızda.
Həzin
musiqitək süzülə Günəş,
Dona çatılmayan ocağımızda.
Bənzəyə
son bahar oktyabra,
Hər gün bir əhvalda dəyişə hava.
Üşüyə
əllərin, basam bağrıma,
Üşüyə eyvanda boş qalan yuva.
Qədiməli ƏHMƏD
şair, Azərbaycan Yazıçılar
Birliyinin üzvü
525-ci qəzet.- 2016.- 15 yanvar.- S.7