Xəzangüldən yeni şeirlər toplusu

 

 

Şairə Xəzangülün yeni çapdan çıxan "Özümü axtarıram" şeirlər kitabı müəllifin poeziya, yaradıcılıq barədə fikirləri ilə açılır.

 

Şairə burada şeirlərinin stixiyasını, onlara fərdi münasibətini, bir şairin daxili dünyasını nəzərdən keçirir:

 

"Özüm öz kitabımı vərəqlədikcə, oxuduqca, sanki mənim deyil, başqa kiminsə ürək çırpıntılarını, hissini, həyəcanını, kövrək duyğularını, qəmini, kədərini, bədii ifadələrlə, poeziya deyilən bir dünyanın həzin pıçıltılarını eşidirəm. Bəli, qışqırıq yox, pıçıltısını. Ucu-bucağı görünməyən, dərindən də dərin, təlatümsüz, sakit bir dənizin pıçıltısı kimi..."

 

Kitabda sevgi, vətənpərvərlik, zaman, dünya, ölüm, insan ömrü, elə-obaya bağlılıq və digər mövzuların bədii təqdimatı var. Həmçinin şeirlərdə bir aşiqin vüsal, ayrılıq, nisgil, ümid, qorxu kimi duyğuları ifadə olunub.

 

"Zamanın sahibinə", "Elə şirin yatırdım", "Nifrət etdiyim ad", "Cavabı çətin sual" kimi şeirlərdə zaman-dünya dilemması, insan ömrünün çətinlikləri əks olunub. "Yaralıyam yaralı", "Ömrüm-günüm", "Qəlbimə dəyməsən olmaz?", "Sən getdin", "Gözlərin qaytardı" kimi şeirlərdə isə sevgi-məhəbbət motivləri üstünlük təşkil edir.

 

Müəllifin bundan öncə yeddi kitabı işıq üzü görüb, "Məhəbbətin qənimi" adlı mənzum pyesi Gəncə səhnəsində tamaşaya qoyulub.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 15 yanvar.- S.7.