Şeirin əfsunu
Yusif Nəğməkarın 60
yaşına
Otuz ildən
artıqdır ki, istedadlı şair Yusif Nəğməkarı
şəxsən tanıyıram.
Hər şey onun şeirlərinə vurğunluğumdan başlayırdı. Oxuyub gördüm
ki, onun şeirləri axıcılığına,
rəvanlığına, tez
əzbərlənib yadda
qaldığına görə
biz bəstəkarlar üçün,
necə deyərlər,
göydəndüşmədir. Üstəlik o sadə, oynaq
şeirlərin ağır
fikir, məntiq yükü və məqbul hadisədir.
Bu fərqli keyfiyyətlərinin
nəticəsidir ki, onunla onlarla mahnı yazmışıq.
Yusif mənim
üçün vaxtaşırı
xüsusi nəğmə
mətnləri yazır. Əslində isə onun əksər
şeirləri məxsusi
nəğmə mətnləri
kimi yaranır.
Onun şeirlərinin bir özəlliyi və ən başlıcası da budur ki,
o şeirlərdəki misralar,
ayrı-ayrı ifadələr
obrazlı dillə ifadəsini tapır:
Yaşıl otlar göyərir
Saralmış izlərindən.
Ay saçı topuğundan,
Ay çiçək dizlərindən.
(“Öpərdim gözlərindən”)
Bu bir bənddəki gözəlliyə diqqət
yetirəndə, görün,
xəyalımızda gözəlin
təsviri necə ustalıqla canlandırılmışdır!
“Yaşıl otların
saralmış izlərdən
göyərməsi “saralmaq”la,
“göyərmək” kimi
əks qütblü, əks mənalı sözlərin təzadlarından
və bu təzadların ümumi vəhdətindən doğan
poetik bir fikirdir.
Başqa şairlərdən fərqli
olaraq Yusif müəllimin musiqi duyumu da güclüdür. Elə bunun
nəticəsidir ki, o
mövzuya görə
musiqinin ritmini, bölgüsünü, xarakterini
də müəyyən
etməyi bacarır.
Xalqımızın gözəl şairi, mənim yaxın dostum Yusif Nəğməkarla
onlarla mahnı yazmışıq. Bu şairlə
çox işləməyimin
səbəbi onun şeirlərinin mahnıya
çox yaxın olmasıdır. Belə
ki,
mən onun
sözlərinə mahnı
yazarkən heç bir çətinlik çəkmirəm.
Bizim yazdığımız mahnıları
Azərbaycanın bir çox müğənniləri
- Ağadadaş Ağayev,
Nazpəri Dostəliyeva,
Yusif Mustafayev, Sabir Əliyev, Almaz Saraylı və adını çəkmədiyim bir çox başqa müğənnilər ifa
ediblər.
Ümumiyyətlə, Yusiflə işləmək
mənim üçün
çox rahatdır. Onun yazdığı
şeirləri mən
bir dəfə oxuyan kimi dərhal
yadımda qalır.
Mən bu sözləri deyərkən
yadıma bir əhvalat düşdü:
Bir dəfə Ağadadaş Ağayevlə
studiyada “Öpərdim
gözlərindən” adlı
mahnını lentə
aldırırdıq. Birdən
Ağadadaş mənə
dedi ki, bəs sözlər yadımdan çıxıb
evdə qalıb. Nə qədər fikirləşdi,
mahnının sözləri
bütövlükdə yadına
düşmədi. Doğrusu,
mahnı təzə yazıldığından mən
də həmin an hamısını yadıma sala bilmədim. Birdən dedim ki, qardaş,
mənə on-on beş dəqiqə vaxt ver, görüm
yadıma sala bilirəmmi? Mən bir tərəfə
çəkilib, sakit bir guşədə əyləşərək qarşıma
qələm-kağız qoydum
və mahnını bəstələdiyim anları
xatırladım. Birdən-birə
sanki möcüzə
baş verdi.
Şeir bütünlüklə yadıma
düşdu. Sözlərini köçürüb, verdim
Ağadadaşa. Dedim:
- indi buyur, oxu. Mahnını yazdıq.
Axşam gəldim evə, baxdım ki, heç bir sözdə səhv etməmişəm. Hər şey öz
yerində. Çox sevindim
həmin vaxt.
Biz Yusiflə vətənə
aid bir neçə mahnı yazmışıq. “Qarabağım” insanların
qəlbində həmişə
yaşayan mahnılardandır.
Türk
dünyasının əvəzolunmaz
müğənnisi İbrahim
Tatlısəs bir neçə il
bundan əvvəl Bakıya konsertə gəlmişdi. Biz onun gələcəyini bilirdik və əvvəlcədən ona
bir mahnı yazmaq haqqında fikirləşirdik. Belə də
oldu. O gəlməmişdən
mahnını yazdıq
və lentə aldıq. Konsertdən sonra mahnını
İbrahim bəyə
təqdim etdik.
O, mahnını dinlədi
və çox xoşuna gəldi. Bizə öz təşəkkürünü
bildirdi.
Aradan bir müddət keçəndən
sonra biz həmin mahnını efirdən dinlədik.
Biz hazırda bir
neçə mahnı
üzərində işləyirik. Qarabağa, şəhidlər
mövzusuna, insana, həyata sevgi hissləri oyadan mahnılara daha çox üstünlük
veririk.
Ümumiyyətlə, çox sevindirici hal kimi onu qeyd
etmək istəyirəm
ki, Yusif Nəğməkarın sözlərinə
istər mənim, istərsə də başqa bəstəkarların
yazdıqları mahnılar
təkcə Azərbaycanın
yox, dünya xalqları dinləyicilərinin
də rəğbətini
qazanmaqdadır.
Nəğmə gənclik, gözəllik,
qəlbin genişliyi,
hisslərin, sözlərin
əfsunu deməkdir, sağlamlıq və həyat eşqi, düşüncə və
müdriklik deməkdir;
Xoşbəxtlikdən bunların
hamısı Yusifdə
cəmlənir.
Mən əziz
qardaşım Yusif Nəğməkarı 60 yaşının
tamam olması münasibətilə təbrik
edirəm, ona cansağlığı və
uzun ömür arzulayıram. Bir də ondan həmişəki kimi lətif, kövrək, doyumsuz, həm də fəlsəfi (çünki nəğmələrin
də öz fəlsəfəsi var) mövzulu yeni mahnılar üçün
şeirlər gözləyirəm.
Razim PAŞAYEV
bəstəkar
525-ci qəzet.- 2016.- 16 yanvar.- S.30