Gecələr
Gündüz gülüşümə çox aldanmışam,
Gözümdən yaş axır xəlvət gecələr.
Onu unutmuşam deyə sanmayın,
Mən onsuz çəkirəm həsrət gecələr.
Sən bizi ayırdın qəsdən, bilərək,
Nə olar, yanımdan keçmə gülərək.
Dərdi söyləməyə dost nəyə gərək?
Dərdimə şərikdi zülmət gecələr.
Bizim eşq bağında çiçəklər solur,
Səni düşünəndə gözlərim dolur.
Arabir xəyalın qonağım olur,
Onunla edirəm söhbət gecələr.
Qulaqcıq və həzin sevgi nəğməsi...
Ürəyim olubdu dərdlər ölkəsi.
Təklikdə kəsilir qəlbimin səsi,
Məni tənhalığa öyrət gecələr.
Rüfət SABİRLİ
525-ci qəzet.- 2016.- 16 yanvar.- S.29