Ana
Başında qar kimidi
Anamın
ağ telləri.
İncədir biləkləri,
Vardır gözəl əlləri.
Kimə
necə olsa da,
Mənim
gözümdə gözəl!
Öz anama yazdığım
Şeirim,
sözüm də gözəl!
Tezdən
məni oyadır
Təbəssümü üzündə!
Nağıl danışır sanki,
Doymuram ki sözündən!
Hər gün evdən çıxanda,
Təbəssümü bəs edər -
Anam kefsiz olanda,
Hər işim
hədər gedər.
Gözlərindən öpürəm,
Qarşında baş əyirəm.
Anam halsız olanda,
Sanki mən
üşüyürəm.
Hamar
DADAŞZADƏ
525-ci qəzet.- 2016.- 16 yanvar.- S.29