Səni düşünürəm

 

Bu gün yalnız qalıb səni düşündüm,

Görən, haralarda ömür sürürsən?

Dünən yuxumda sənlə görüşdüm,

Məni heç yuxunda sən də görürsən?

 

Mən sənin yanında deyiləm bəlkə?

Mən ki, tərk etmədim heç zaman səni.

Dolanır ardımca qara bir kölgə,

Bilirəm, xəyalındı, axtarır məni.

 

Hələ çox gəzib axtaracaqsan,

Məni xatırlayıb ağlayacaqsan.

Gündüzlər tək-tənha gəzib-dolaşıb,

Gecələr bulaq kimi çağlayacaqsan.

 

Sənin sevgi adlı şah əsərinəm,

Təbiətdən özünə köçürdün məni.

Ömrünə yazılmış qara taleyəm,

Bəs niyə yaxandan keçirdin məni?

 

Səfail AQİLOĞLU

525-ci qəzet.- 2016.- 16 yanvar.- S.28