Ana
Ən ülvi istəklər, təmiz arzular,
Boy atır səninlə, çiçəksən, ana.
Aldığım nəfəsim, atar damarım,
Sinəmdə döyünən ürəksən, ana.
Nə şeirə sığırsan, nə də sözə,
Görüm gəlməyəsən heç zaman gözə.
Şirin gecələri qatıb gündüzə,
Dediyin laylatək kövrəksən, ana.
Bitib-tükənməyən sərvətim sənsən,
Mənim bu dünyada dövlətim sənsən.
Qeyrətim, qüdrətim, şöhrətim sənsən,
Sən mənə həmişə gərəksən, ana.
Səndən öyrənmişəm hörmət-izzəti,
Qəlbimdə boğmuşam kini, nifrəti.
Ulu tanrıya da bu məhəbbəti
Qəlbimdə bəsləyən mələksən, ana.
Ən müqəddəs, ən pak ziyarətgahsan,
Dara düşənlərə ümid, pənahsan.
Yerdə peyğəmbərsən, göydə Allahsan ,
Hər zaman arxasan, köməksən,
ana.
Günəş İBRAHİMOVA
525-ci qəzet.- 2016.- 16 yanvar.- S.28