Nə faydası var?

 

 

Ürəkdə bir gülüş əgər yoxdursa,

Üzdəki gülüşün nə faydası var?

Kimsə yoxluğunda xatırlanmırsa,

Yalançı görüşün nə faydası var?

 

Alışıb yananda ürəklərdə qəm,

Çəkilsə qəsd ilə canlara sitəm,

Kədərli günündə çıxmasa həmdəm,

Tanışın, bilişin nə faydası var?

 

Hər halda olmasa hörmətə diqqət,

Pozulsa ənənə, həm də ki, adət,

Əgər xoş niyyətlə olmasa söhbət,

Gedişin-gəlişin nə faydası var?

 

Dərk et, Alaşarlı, dərindən bunu,

Doğrunun yalnışın nə olduğunu!

Uğurlu olmasa insanın sonu,

Saxta yüksəlişin nə faydası var?

 

Eyləyir

 

Yenə ruh tənha qalıb,

durmadan tüğyan eyləyir,

Sanki qəsdimə durub,

canı yarımcan eyləyir.

 

qədər cəhd elədim qarşısını almağa mən,

Bacara bilmədim o, çünki bir üsyan eyləyir.

 

Yenə hər gün, hər an yollarını gözlədiyim,

Adına söz dediyim,

cümləmi nöqsan eyləyir.

 

Bir sual sübhi-gecə hey dolaşır fikri-xəyal,

Özümü öz-özümə

bəs niyə mehman eyləyir?

 

Elə bir yara açıbdır vücuda çarəsi yox,

Neştəri gizlidir, o etdiyin pünhan eyləyir.

 

Elə bir an gəlir o əmr eləyir sanki mənə,

Mən biçarə nökər, əmri sultan eyləyir.

Əlinə, ey Alaşarlı, qələm al, yaz vərəqə,

Onu təkrarən oxu, gör necə dastan eyləyir.

 

Allahşükür ALAŞARLI

525-ci qəzet.- 2016.- 16 yanvar.- S.28