Qulu Ağsəs: “Fəxri ad almağım gözlənilməz oldu”

 

“YAZMAQ YAŞAMAĞIN BAŞQA BİR ƏLAMƏTİDİR”

 

 

“Ulduz” jurnalının baş redaktoru, tanınmış şair Qulu Ağsəs bugünlərdə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. Qulu müəllimlə söhbətimiz də bu məsələyə də toxunduq.

 

Azərbaycan Yazıçılar Birliyindəki (AYB) iş otağında bizi səmimi qarşılayan şair söhbətə də elə fəxri ad almasından başladı:

 

- Dekabrın 30-u prezidentin sərəncamı ilə bir qrup mədəniyyət adamına fəxri adlar verildi. Öz adımı sonradan gördüm. Düzünü desəm, dost-tanışların zəngindən sonra fəxri ad aldığımı öyrəndim. Bu, mənimçün ən gözlənilməz yeni il sürpriziydi. Təbii ki, yeni ilə belə xəbərlə başlamaq sevindirici haldır. Buna görə cənab prezidentə təşəkkürümü bildirirəm.

 

- Bəs fəxri adlara münasibətiniz necədir?

 

- Ümumiyyətlə, heç nəyə münasibət birmənalı deyil. Həmçinin fəxri adlara da. Amma fəxri ad alıb, ona pis münasibət göstərən adam tanımıram. Münasibəti pis olanlar o adı almayanlardır. Əgər işləyir, əziyyət çəkirsənsə, bunu dövlət qiymətləndirirsə, bu təbii ki, sevindiricidir. Pis o ola bilər ki, işləyəsən və bunu görməyələr.

 

- 2014-cü ildən bu yana “Ulduz” jurnalının baş redaktorusunuz. Əvvəlki “Ulduz”la indiki “Ulduz”un fərqi nədir?

 

- Əvvəlki “Ulduz” haqqında danışmaq mənim üçün yaxşı olmaz. Çünkü əvvəlki “Ulduz”da baş redaktorun müavini olmuşam, həyatımın bir hissəsidir. 10 il burda çalışmışam. Böyük proyektlərimiz olub, tədbirlər keçirmişik. Bir məsələni deyim ki, Kamal Abdullanın ona çox böyük şöhrət gətirən “Yarımçıq əlyazma” əsərinin ilk müzakirə və təqdimatını “Ulduz” jurnalı keçirib. Əvvəlki “Ulduz” da çox oxunaqlı olub. Amma indikində ilk fərq dizayn və mətbəədə oldu. Mən gələndən sonra dostum, “dayı” dediyim naşir, “Təhsil” Nəşriyyatının baş direktoru Bəhruz Axundova müraciət elədim. Özü istədi ki, jurnal orda çap olunsun. Məmnuniyyətlə təklifini qəbul elədim, jurnal yeni dizayn, yeni estetika və poliqrafiya ilə çap olunmağa başladı. “Təhsil” Azərbaycanda ən bahalı nəşriyyatlardandır. Yerdə qalan bütün xərcləri də nəşriyyat öz üzərinə götürdü. Yəni jurnalın bir nömrəsi 4 manata başa gəlirsə, satış qiyməti cəmi 2 manatdır. Çap xərcimiz də çox deyil. Üz qabığı kifayət qədər bahalıdır və nəşriyyatın hədiyyəsidir. Bizim belə üz qabığı ilə jurnal çıxarmağa imkanımız yoxdur. Daha sonra içərisinə əl gəzdirdik. Jurnalın əvvəlini və sonunu dəyişdik. Əvvəlində gənc bir yazarın özü ilə söhbətini, müsahibəsini və əsərini təqdim elədik. Bir özəlliyi də onda oldu ki, hər nömrə ekspert təyin edirik. Həmin ekspert ötən say haqqında rəy verir. Məsələn, sonuncu nömrədə akademik Nizami Cəfərov gənc müəlliflər haqqında kifayət qədər sərt yazıb, yazılarını təhlil eləmişdi. Bu tendensiya müəllifi “Ulduz”a yazacam, çap olunsun, canım qurtarsın” fikrindən daşındırdı. Müəllif artıq məsuliyyət daşıyır ki, “Ulduz”a yazı versəm, hətta çap olunsa da növbəti nömrədə hansısa professor, elmlər doktoru, yazıçı, qələm adamı haqqımda rəy yazacaq.Yəni bir yazı, bir müəllifin çapıyla iki nömrənin oxucusunu əldə edirik. Öz yazısı olan həm də növbəti nömrəni alır ki, ekspert rəyini öyrənsin. Proyektlər bununla yekunlaşmayıb. “Variasiya” proyekti yaratdıq, təqdim etdik, qaliblərə diplom verildi. Bunu AYB-nin Ədəbi Tərcümə və Bədii Əlaqələr Mərkəzi ilə bir yerdə gerçəkləşdirdik. Ekspert isə şair-tərcuməçi Səlim Babullaoğlu oldu. Nobel mükafatçısı, dünya şöhrətli polyak şairi Minoşun şeirinin tərcüməsi üçün müsabiqə idi. Yeddi nəfər fərqləndi. Birinci yerisə Xatirə Xatunun tərcüməsi tutdu. O cümlədən, Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmiylə birgə yeni çıxmış romanların, kitabların müzakirəsini keçiririk. Gənc yazıçı Vüsal Nurunun “Dorantağ” romanının müzakirəsini artıq etmişik. İndi Məmməd Orucun əsərinin müzakirəsini çapa hazırlayırıq. Növbədə bu il 70 yaşı tamam olacaq yazıçı Seyran Səxavətdir. Bundan başqa, bir neçə tamaşaya müəlliflər dəvət eləmişik. “Ayb.az” saytında elektron versiyamız var. Mütəmadi olaraq bizə dəstək olan və bir neçə layihəmizi müştərək həyata keçirdiyimiz “525-ci qəzet” də təbliğatımıza kömək edir. Bütün resurslardan istifadə edirik ki, oxucumuz olsun. Həmçinin Bakı Dövlət Universiteti ilə bərabər “Ulduz” jurnalının “Söz” ədəbi birliyini yaratdıq. Bir neçə tələbəni pulsuz abunə elədik. Daha sonra Pedaqoji Univerisitetdə tələbələri abunə eləmişik. Həmçinin, məktəblərdə də görüşlərimiz olur. Onlara “Ulduz” hədiyyə edirik.

 

- Azərbaycan ədəbiyyatı dünyada kifayət qədər tanınmır. Sizcə bunun əsas səbəbləri nədir?

 

- Azərbaycan özü dünyada tanındıqca onun ədəbiyyatına da maraq artacaq. Ən böyük problemimiz Azərbaycandilli əsərlərin başqa dillərdə olduğu qədər mükəmməl bir bədii nümunə kimi tərcümə olunmamasıdır. Tərcümənin çox böyük rolu var. Məsələn, mən nəsri portuqaldilli ölkələrdə nəşr edib tiraj yığacaq tərcüməçi tanımıram. Elə bir tərcüməçi tanımıram ki, bizi ispandilli ölkələrdə öz dilinin meyarları ilə tərcümə eləyib çap eləsin. Xaricdə, xüsusilə də Avropa ölkələrində bizim yerli əsərləri tərcümə edən yaxşı naşir yoxdur. Onları tapmalı, ya da hansısa yolla yetişdirməliyik. Onda uğurlarımız olar. Əsərlərin xaricə çıxmağı təkcə bizə bağlı deyil. Bundan ötrü böyük marketinq şəbəkəsi, tərcüməçilər qrupu, bu işlə məşğul olacaq qurum yaradılmalıdır. Azərbaycan yazıçısı yazır və bununla işini bitmiş hesab edir. Amma xarici yazıçı həm yazır, həm də təbliğ edir.

 

- Gənclərin mütaliə səviyyəsi sizi qane edirmi?

 

- İndiki cavanlar daha çox mütaliəlidirlər. Türkcə, rusca, ingiliscə, fransızca çox gözəl bilirlər. Bir məsələ xoşuma gəlmir və ürək ağrısı ilə qeyd edirəm ki, xarici ədəbiyyata bu qədər bələd olan gənclərimiz nədənsə Azərbaycan ədəbiyyatına yuxarıdan aşağı baxır, öz nümunələrimizi bəyənmirlər. Biz tam, bütün ola bilmirik. Avropaya meyllənəndə özümüz yaddan çıxırıq, özümüzü sevəndə kənarı unuduruq. Ədəbiyyatımız heç də dünya ədəbiyyatına uduzmur.

 

- Bir az da yaradıcılığınızdakı yeniliklərdən danışmağınzı istərdim.

 

- Sakitcə yaradıcılıqla məşğul olmağa üstünlük verirəm. Həyatım öz axarı ilə gedir. Şeirlərimi hazır edib çapa verəcəm. Bəzi yazıları yenidən gözdən keçirib son qərarımı verməliyəm. Yazılarıma dəfələrlə baxmadan, hətta onuncu variantdan birinci varianta qayıtmadan çapa vermirəm. Yazmaq yaşamağın başqa bir əlamətidir. Yazıramsa, deməli yaşayıram.

 

- “Sənin qurduğun dünyaya dodaq büzdüm İlahi” deyən şair dünyanın nəyindən narazıdır?

 

- Dünyada narazı olduğum, barışmadığım çox məsələ var, xüsusilə də indiki zamanda...  O şeiri yazanda dünya böhran içində idi. Yaradıcı, şair adam dünyaya müxalifdir. Bu, mənim dünyaya bir baxışımdır. Ovqatım, dünyaya baxışım dəyişə bilər. Bir məsələ də var, insan minimumlarla xoşbəxt olmağı bacarmalıdır. Yəni səhər durursan ki, günəş çıxıb. Bu gün üçün bundan bəxtəvər nə ola bilər? Həmişə demişəm, günəşsiz ölkədə yaşaya bilmərəm. Orada ən yaxşı vəzifəyə də təyin etsələr də, ilhamım aşıb daşsa da fərqi yoxdur. Əgər səhər oyananda günəş çıxmayıbsa, əhvalım olmur. Günəşi görəndə sevinirəm. Məsələn, həyətə düşəndə görürsən ki, bir uşaq öz-özü ilə oynayır. Torpağı qazır, üst-başını batırıb, amma üzündən xoşbəxtlik yağır. Bir azdan anası onu danlayacaq, bəlkə də döyəcək, amma o, indi xoşbəxtdir. Yəni bir tikə çörəyin, başının üstündə Allahın, Allahdan aşağıda da onun yaratdıqları, ətrafında insanlar varsa, öz dilində səslər eşidirsənsə, musiqi, hələ dinamika varsa, külək əsirsə, quşlar oxuyursa, sərçə dən axtarırsa, maşınların səs-küyü şəhəri götürübsə bundan gözəl nə olsun? Yəni yaşamaq üçün də, depressiya üçün də həmişə səbəb olmalıdır. Hər iki səbəbdən maksimum dərəcədə faydalanmağı bacarıram. Həyatımın ən ağır anında xoşbəxt ola, yaxud hər şey yolunda olsa da depressiyaya düşə bilərəm.

 

- Bəs, bu situasiyadan necə çıxırsız?

 

- Qəfil düşdüyüm kimi qəfil də çıxmağı bacarıram. İnsan həmişə bir gülüşdən, bir təbəssümdən, tanımadığı kəsdən salam eşidəndə xoşbəxt ola bilir. Bu dünyada yaşamaq üçün də, ölmək üçün də səbəblər var.

 

- Keçən il qızınızın kitabı çap olundu. İdeya sizdən gəlmişdi, yoxsa qızınızın marağı idi?

 

- Qızım yazılarını verəndə təəccubləndim. Adını da “Quş yuxusu” qoymuşdu. “Nabran novellası” kitabım çıxanda dedi ki, ata, adını “Quş yuxusu” qoy. Qoymadım. Qızım da təqdimatıma gəlmədi. Dedi ki, məni aldatdınız. Sonra anasının kitabı çıxdı, ona da dedi “Quş yuxusu” qoy, “Yeddinci qat” qoydu. O təqdimata da getmədi. Bizi boykot elədi. Mən də dedim ki, nə vaxt kitabın çıxsa, adını “Quş yuxusu” qoyarsan. İndi yenə yazır. Mütaliəsi yaxşıdır. Əlavə kitablar çox oxuyur.

 

- Bəs, davamçınız olarsa?

 

- Davamçım olsa da, olmasa da hər zaman dəstək olacam.

 

Aysel XIDIROVA

525-ci qəzet.- 2016.- 16 yanvar.- S.27