Ağdamda nəyim qaldı?
Surayya xalanın Ağdam bazarında yüz cür
xırdavat satdığı bir budkası vardı. Budka balaca olsa
da arvadın firavan yaşayışını gen-bol təmin
edirdi. Dərdi-səri də olmazdı, əgər
oğlu Valod onun başına itin oyununu açmasaydı.
Məsələ burasındaydı ki, Surayyanın yeganə
oğlu havalı idi, hətta, necə deyərlər, cəmiyyət
üçün təhlükə yarada biləcək qədər
dəli idi. Surayya bunu etiraf eləmək istəməsə də,
özü də Valodla bir otaqda yatmaqdan qorxurdu. Odur ki, otağının qabağındakı
artırmanın bir hissəsini balaca bir aynabəndə,
Ağdamda deyilən kimi, şüşəbəndə
çevirib, yay-qış orda yatırdı ki, gecənin bir
aləmi Valod onun həyatına qəsd eləməsin. Bununla belə, Surayya heç vəchlə oğlunu
dəli hesab eləmirdi, uzaqbaşı “balam xəstədi”
deyirdi.
Bir az əvvəl dedim ki, Knariklə Surayya
heç yola getmirdilər. Səbəb daha
çox Valodla bağlıydı. Gündüzlər
ümumi həyətin ortasındakı mənsubiyyətini
bilmədiyim qollu-budaqlı iki ağacdan birində
yaşayırdı Valod. Yaşayırdı
deyəndə, ağacın yuxarı budaqlarına bir- iki enli
döşəmə taxtası mıxlayıb, oturub-
durmağa yer düzəltmişdi, hətta nöyütlə
işləyən pilətəyə də yer
qayırmışdı. Orda canına
nöyüt hopmuş piltələri yandırır,
çaydanda çay qoyur, sapılcada kartof
qızardırdı. Hərdən qonşu
cavanları da yuxarı çağırırdı çay
içməyə. Gecələri isə
Valod ağacdan düşüb evə keçir, orda gecələyirdi.
Elə hər şey də gecə
başlayırdı. Ona elə gəlirdi ki, heç kim
yox, məhz Knarik gecələr hamını yuxuya verəndən
sonra girir onun otağına, lüt soyunub dırmaşır
“pataloka”, orda yerini rahatlayıb yoğun ayaqlarını yellədir,
Valoda acıq verir. Həftədə bir-iki, bəzən də
hər gün dalbadal səhərlər Valod həyətə
çıxıb Knariki əxlaqsız sözlərlə təhqir
edirdi:
- Ay qaxba,
əl çak də mənnən! Girmə da mənim evimə,
ayaqlarını patalokdan aşağı sallıyıb yellətmə
da!
Knarik də sülh bilməyən, əmin-amanlıq
yaratmaq istəyində olmayan ərköyün, iddialı,
kifayət qədər hayasız bir qadın, amma bir tərəfdən
də Knariki başa düşmək çətin deyildi. Vallah, Dəyirman
həyətində bir dava qopurdu, səsi Arsenin dəlləkxanasına
gedib çıxırdı. Valod hirsindən
maykasını cırır, sinəsinə
döydürdüyü Lenin-Stalin şəklini Knarikə
göstərir, “Man bela kişilərlə oturuf-dururam, a qaxba,
al çak mannan!” Dalınca
da rusca, ermənicə söyüşlər, Knarikin
çığırtıları, lapatkanı
götürüb Valoda hücum eləməsi. Robertlə Albert evdə olurdusa, tərəflər
arasında mübarizə daha gərgin, daha xatalı olurdu.
Bu davalar çox vaxt gündüzlər, əsasən səhər
saatlarında başlayırdı, Valod yuxudan duranda. Bütün gecəni Knariklə
mübarizə aparan Valod yəqin ki, səhərə yaxın
yuxuya gedir, ona görə də on birdə-on ikidə yataqdan
qalxıb həyətə düşür və gecənin
hayıfını Knarikdən çıxırdı. O vaxtlar
Surayya bazarda, Arsen dəlləkxanada, Robert-Albert bulvarda olurdu. Odur ki, Valodla Knarikin davası çox vaxt təkə-tək
baş verirdi.
Surayya axşam evə qayıdanda dava təzələnir
və Knarik Valodu tutdurmaqla hədələyirdi arvadı. Onların
davası daha çox erməni dilində olurdu, hərdən
hamının başa düşməsi və tərəfdar
tapmaq üçün kimsə Azərbaycan dilinə
keçirdi. Əlbəttə, bu davalarda həmişə
Knarik qalib gəlirdi, çünki taqsır qarşı tərəfdəydi,
həm də Surayyanın davada bərki yoxdu, açıq
davadan tez qaçırdı. Təbiidir ki, Surayya
çox narahatlıq keçirir, gərginlik yaşayır,
amma nə Valoda təsir eləyə bilir, nə də Knarikə
başa sala bilirdi ki, bu adam xəstədir,
ona baş qoşma, keç günahından.
Nəhayət, növbəti
davaların birində Knarik Valodun təhqirlərinə
dözməyib milisə şikayət verdi
və Valodu on beş sutkalığa həbs elədilər. Surayya işdən qayıdıb məsələdən
halı olanda möhkəm bir dava salmağa təşəbbüs
eləsə də alınmadı və elə həyətin
ortasındaca oturub hönkür-hönkür ağladı.
- Mənim
xəstə balamı tutduranın balaları türmələrdə
çürüsün!
Surayya bu
qarğışı qışqırmadan sakit və toxtaq səslə
dedi və əlavə elədi:
- Ya Seyid
Lazım ağanın cəddi, eşit səsimi!
Sonra yadımdan çıxar demərəm,
sifarişçi müsəlman olmasa da, Seyid Lazım
ağanın cəddi öz işini gördü, Knarikin ikinci
oğlu Albertin gənc həyatı, həqiqətən
“türmələrdə çürüdü”.
lll
Həbs
müddəti bitənəcən Surayya Dəyirman həyətinin
qonşuluğunda Valod üçün ev
kirələmək fikrinə düşdü, tapdı da.
Qonşuluqda Əliş kişinin ağ
daşdan tikilmiş ikimərtəbəli çox
yaraşıqlı evi vardı. O zaman Ağdamda o cür evi
çox az adam tikdirə bilərdi. Əliş kişinin evinin ən gözəl cəhəti
həyətindəki gülüstanlıqdı. “O
olmasın, bu olsun” filmində Rüstəm bəyin
qızılgüllərlə dolu həyətini görəndə
indiki yaşımda da Əliş kişinin
bağçasını xatırlayıram. Bu həyət
başdan-başa hər növdə, rəngdə
qızılgüllər məskəniydi. Əliş
kişinin suyu da kəsilməzdi. Yay
aylarında onun həyətindən çox su daşımışam.
On beş günlük həbsdən sonra Valod həbsxanadan
birbaşa kirayə evə köçdü və Knariklə
davalara da son qoyuldu, amma həyətin iki ən populyar
qadınının düşmənçiliyi həmişə
aktualdı; bu düşmənçilik gah közərib
alovlanır, gah da qızaran közün üstünü
kül təbəqəsi örtür, hərarət öləziyirdi.
Bu sülh, əmin-amanlıq çox çəkmədi. Dörd-beş aydan sonra
Əliş kişi Valod kimi kirayənişindən
canını qurtarmaq qərarına gəldi, qorxdu ki, gül
kimi evini yandırıb kül eləyər. Valod
təzədən həyətimizə, yəni öz evinə
qayıtdı. Surayyanın gərgin
günləri təzədən başladı. Valod yenə
də Knariki qaraladı, iki dəfə on beş
gün-on beş gün yatdı çıxdı, amma
heç nə dəyişmədi, yenə də Knarik “gecələr
Valodun otağının tavanından sallanıb yoğun
baldırlarını yellədir, Valoda acıq verirdi”.
Nəhayət, günlərin
bir günündə məlum oldu ki, Valod Bakıya gedib işləməyə,
demə o, yüksək dərəcəli
sürücüymüş, xəstələnməzdən əvvəl
yük maşınında işləyirmiş. Onu da
deyim ki, Valodun ruhi xəstə olduğu dərhal bilinmirdi, o,
sakit dəlilərdəndi, heç kimdə işi yoxdu, bir
Knarikə münasibətdə aqressivdi, bir də
öz-özünə astadan danışmağı vardı,
yəni prinsipcə, onu qəribəliyi olan adam kimi də qəbul
eləmək olardı. Bu səbəbdən də o Bakıda
iş də tapdı (yük maşını
sürürdü), arvad da.
Surayyanın
uçmağa qanadı yoxdu, yeri düşdü-düşmədi
Valodun Bakıdakı işindən, evindən, ailəsindən
danışırdı. Dediklərinin
çoxunu da Knarikə eşitdirir, ona acıq verirdi,
çünki Knarik də övlad əlindən
yaralıydı, böyük oğlu Robert nəşəxordu,
kiçiyi Albert də içən və qumarbaz. Bədbaxt Arsenin dəlləklikdən
qazandığını yeyib avaralanırdılar. Səhər Ağdamın məşhur “bulvar” deyilən
parkına gedir, xırda qumar oynayır, axşam evə gəlirdilər,
yeməyə.
Surayya
qapımızın ağzında yerə çöküb
balaca döşəkcə üstündə oturmuş Nənəmin
qənşərində ayaq üstdə dayanıb Knarikə
eşitdirir:
- Jasmen deyir
Valod nə qazanır, evə gətirir qəpiyinəcən.
- Kim
deyir, kim deyir? - Nənəmin
sualıdı bu, qulağı Jasmen sözünü
almayıb.
- Az,
Jasmeni deyirəm dayna!
- O kimdi
dedin?
- Az,
Valodun arvadı dayna, Zınyat xala! Adı Jasmendi.
- Nə
beqəvliyət addı, az?! - Nənəm
sakitləşmir.
- Aaa, sən
də intresni arvadsan ey! Erməni adıdı da!
- Dedin nə
deyir?
-Kim nə
deyir, az?
-Az, gəlinini
deyirəm dayna! Nədi adı dedin?
-Jasmen!
- Hə,
dayna, o nə deyir?
- Deyir Valod nə qazanır, evə gətirir.
-
Yaxşıca deyir.
- Burda
balamı dəli eləmişdilər.
- Kim eləmişdi,
az?
- Bilmirsən kim eləmişdi? Guya Valod dəliymiş!
- Az, bəri
bax... - Nənəm gücənir ki, Sürəyyanın
adını yadına salsın, bir şey çıxmır.
- Adın nədi, az, sənin?
-Kimin
adı?
-Az, səni
soruşuram dayna! Adın nədi, huşumda
qalmıyıf.
-Surayya!
-Hə
dayna! Dəli dəyildi gədən bəs nəydi,
Surayya?
- Dəli
niyə olur, ay arvad? Kimə neynəmişdi mənim
balam?
- Az, ta
neyniyəjeydi, çıxırdı ağacın
başına, bişmiş qayrırdı orda.
- Az, sən
allah, bəsdi! Uşaxdı
da! Siz uşax olmamısınız?
Nənəm güzəştə
gedən deyildi:
-
Harasıydı, az, onun uşax? Bir dəfə mənim mis aftafamı da
çıxartmışdı ağacın başına,
güjnən aldım əlinnən, suyun yox vaxtında
naxartana suya çəkif qüsl elədim.
Surayya
sonrakı söhbətin mənasız olduğunu görüb
atəş açır:
-
Yaxşı eləyib çıxartmışdı!
-Bo-ho!
-
Hamının yerini dar eləmişdi mənim xəstə
balam! Dəli! Sözə bax! Dəliyə o boyda Bakıda
iş verəllər, maşın daveryat eliyəllər?
Ağdam dəyil ey ora! Şəhərdi! Qoy Allah mənim
balama dəli deyənin balalarının qabağına
çıxartsın! Ya Seyid Lazım
ağanın cəddi, mənim balama dəli deyənin dilini
qurut birdəfəlik. Belindən vur heç qalxa bilməsin
yerinnən! De get! - Burda Sürəyya fırr eləyib
evinə soxulur.
Bayaqdan səsini udub dayanmış Nənəmin
uyuşuğu açılır. Arvad Surayyanın dalınca bir qaramat
çevirib deyinir:
-
Harsın kopaqqızının fırıldamağına bax
ey! Guya bu özü ağıllıdı! - Bir ağız
öskürür. - Denən bə dəli nətəər
olur? Ta dəlinin başında palıd ağacı bitməz
ki?!
Zaman keçir, Surayya Valoddan, Valodun arvadından əhvalatlar
danışır, bəzən özündən nələrsə
uydurur, qonşulara, daha çox da Knarikə acıq verirdi.
Nəhayət, yay günlərinin birində, iyulun
axırları idi, mən Bakıya instituta daxil olmağa
hazırlaşdığım bir vaxtda Valod bir yük
maşını ilə qonaq gəldi Ağdama, yanında da
Jasmen. İlk
baxışda pis arvad deyildi Jasmen, amma bir az
danışandan sonra bilinirdi ki, ağılda heç bir qram
da Valoddan irəlidə deyil. Əxlaqında da
bir naqislik, sürüşkənlik hiss olunurdu, amma çox
istiqanlı, söhbətcildi, özü də rus dilində
danışırdı, bizim dili, elə erməni dilini də
pis bilirdi. Əyalət aktrisalarına bənzəyirdi
Jasmen. Boynu-boğazı-qulağı ucuz
bijuteriyalarla doluydu. Sonradan, mən artıq Bakıda
olanda Jasmeni sirkdə dondurma satan
gördüm, deməli, mən səhv eləməmişdim, dolayısı
da olsa, Jasmenin incəsənətə dəxli varmış.
lll
Erməni
qonşuların azərbaycanlılarla münasibəti
çox yaxşıydı, mehribandı. Dilimizi,
adətlərimizi çox gözəl bilir,
bayramlarımızı bizimlə birgə qeyd eləyir, hətta
məhərrəmliyə də sayğı ilə
yanaşır, bəzən nəzir deyib məscidin həyətində
bir çaydan şərbət paylayanı da olurdu. Bizdən nə deyim, özgə millətə həmişə
özümüzünkündən çox hörmət
göstərmişik, ayrı-seçkilik eləməmişik.
Dözümlülük, tolerantlıq, nə
bilim, indi deyilən kimi, multikulturalizm bizim canımızda,
qanımızdadır. Nə qədər ermənidən
məkr, hiylə, nifrət, qəddarlıq, yalan öyrənmək
istəyib, onları öz silahları ilə vurmağa
çalışsaq da, alınmır, alınmayacaq da,
çünki bizim mayamızda xeyirxahlıq, humanizm, özgə
millətlərə və dinlərə dözüm, hörmət
və mərhəmət dayanır. Bu
saydıqlarım bizim milli keyfiyyətlərimizdir. Əslində, bu da bizim silahımızdır və
deyim ki, bu silah daha güclüdür. Ümumiyyətlə,
haqqa tapınmaq, xeyirə qulluq eləmək, qəlbində
sevgi becərmək son nəticədə insanın
özünə xoşbaxtlıq gətirir. Baxaq guya qələbə
çalmış erməniyə və məğlub olmuş azərbaycanlıya . Kim daha
xoşbaxtdır? Kim daha firavan
yaşayır? Sualın cavabı
uşağa da aydındır. Əlbəttə,
haqqın üzü bizədir, o, nazilə bilər, amma
üzülməz, o, həmişə qalibdir.
Erməni
qonşularımız bizə xoş getsin deyə tez-tez
Stepanakert və İrəvan ermənilərinin dalınca
danışırdılar, yəni biz onlardan deyilik, heç
dillərini də başa düşmürük:
“Yerevannıların dili tamam başqadı, ollar əsl erməni
döyüllər” deyirdilər.
Bir dəfə
də Knarik yay axşamlarının birində dedi ki, bu
qış Stepanakertdən qonaqlarımız gəlmişdi, Arsenin uzaq qohumları. Çox
yava-yava danışırdılar, Mamed.
Sonra da
heç dəxli olmadan Knarik ortaya belə bir sual atdı:
- Ağdamlılar qoyar Naqornı
Karabax Yerevana bitişsin?
- Nətəər
yanı Naqornı Qarabağ, az? Qarabağ yəəsizdi?
- Papam hirslənir.
-Mən nə
bilim, Mamed? Ollar deyir Stepanakert də, Şuşa
da Armeniyanındı.
- Pox yeyib
deyirlər! Onu deyənin, səndən uzaq, lap... Nəhlət
saa Şeytan dayna! Ə, niyə bizim
çörəyimizin duzu yoxdu?!
- Bəs
mən nə deyirəm? - Knarik həsləyir.
-
G...ü var Ermənistanın alsın Qarabağı
görüm nətəər alır?!
Məhlədə belə söhbətlər, axşam
qeybətləri çox vaxt yay aylarında olurdu. İstilər
düşəndən bütün məhlə həyətə
köçür, həyətdə yaşayırdı.
Həyətə çıxmayan da
artırmasında oturub olanları müşahidə eləyir,
söhbətlərə qulaq verirdi; Faynşteynlər kimi.
Onlar həyətin gündəlik həyatına
qarışmır, avtonom yaşayırdılar.
Axşam saat onda ləng addımlarla dəlləkxanadan
yorğun-arğın gəlib çıxan və bir tərəfdə
xırda kətilin üstündə oturub “Avrora”sını
tüstülədən Arsen hiyləgər təbəssümlə
xəfifcə gülümsəyir.
-Vazgen
deyir səbr eliyin, hoppanıb-düşmüyün, hər
şeyin vaxtı var, axarına buraxın.
- Pox yeyir
Vazgen də, onun sözünü gəzdirən də!
Papamın
təhqirindən Arsenin sifəti allansa da, təbəssümünü
saxlaya bilir və ehtiyatla deyir:
- Söyməyə
nə var kı?!
- Nədəə,
bəlkə ermənilər İspanakertdə zülüm
çəkillər? Ya biz burda sizin ananızı?.. Nəhlət saa şeytan dayna! - Papam hirslənib
siqaret yandırır.
Knarik
Arsenin nəsə demək istədiyini görüb hirslə təpinir:
- Tsenit
kıtre!
Papam ciyərini
doldurmuş tüstünü ağzından-burnundan
buraxır:
- Arvad deyənə
qulağ as, səsini kəs! Gəmidə oturuf
gəmiçiynən dava eləmiyin. Sən
burda bizim çörəyimizi yeyirsən. Arvadın da
bizim zəhmətimizlə yüz iyirmi kiloya çatıb! -
Papam hirslə qalxıb həyətimizə tərəf
yönəlir və deyinə-deyinə uzaqlaşır, hətta
Knarikin incik səslə “Sağ ol, Mamed!” deməsini də
eşitmir.
Mən
onda Vazgenin kim olduğunu bilmirdim. Deyəsən böyüklər də Vazgeni
tanımırdılar. Ümumiyyətlə,
bizimkilər bu “erməni-musurman” söhbətlərini ciddi qəbul
eləmir, hər şeyi zarafata salır,
çalışırdılar qonşu erməniləri pərt
eləyə biləcək naqolay danışıqlara yer verməsinlər.
Lap sonralar, illər keçəndən
sonra Qarabağ hadisələri, qovğalar başlayanda mətbuatda,
meydan mitinqlərində tez-tez Vazgenin
adı çəkilirdi. Bax, onda mən
xatırladım ki, bu Vazgen elə Arsenin dediyi Vazgendi, “miatsum”
ideologiyasının müəlliflərindən biri, şeytan
libaslı katalikos Vazgen.
Arsenin o vaxtlar Vazgenlə bərabər tez-tez dilinə gətirdiyi
Eçmiədzinin də nə və hara olduğunu
anladım. Anladım ki, erməni problemi, erməni xəstəliyi
nə deməkmiş; heç vaxt sağalmayacaq xroniki xəstəlik.
Bunun əlacı ondadır ki, həmin xəstəliyin
daşıyıcısının üstündə Domokl
qılıncı misallı ağır bir qapaz olsun ki, hər
məqamı gələndə sorğu-sualsız
başına endirib yerini göstərəsən.
lll
Uşaqlığımın
on ilini, yəni 1965-ci ildə məktəbi bitirib Bakıya
yollanana qədər Dəyirman həyətində
yaşadım. İlk gənclik həyatım
burda başladı, burda formalaşdı, burda hamısı
haqqında danışmadığım qəribə,
çox qəribə, həm də çox adi insanlar bu
formalaşma prosesində az-çox rol oynadılar. İlk sevgim də bu həyətdə oldu, ilk
öpüş də, o vaxtlar məzmununa o qədər də
dərindən vara bilmədiyim və məni əks cinsə tərəf
çəkən hisslərin sirli, əsrarəngiz
qarışıqlığı da.
Bu on il ərzində
Dəyirman həyətində yaşayan ailələrin bir
çoxu köçüb getdi, yerlərinə
başqaları gəldi. Hamı mənim Papam
kimi sədaqətli olmadı bu həyətə. Calal müəllim musiqi məktəbinin direktoru
olandan sonra onun ailəsi artıq birotaqlı evə
sığışmadı, köçüb daha geniş evə
getdi, onların yerinə də təzə bir erməni ailəsi
köçüb gəldi. Bu, Baqrat
Davıdov, arvadı Arusyak, onların iki oğlan və bir
qızdan ibarət ailəsi idi. Oğlunun
böyüyü Bakıda yaşayırdı, qızı
Ağdamda axmaq bir hərbçi erməniyə ərə
getmişdi, tez-tez acıq eləyib ata evinə
qayıdırdı. Baqratın kiçik oğlu Yurik mənimlə
yaşıddı, bir neçə il
dostluq da elədik.
Baqrat rayonun əsas ticarət idarəsində baş
mühasib işləyirdi. Qəribə deyildi; Azərbaycanın
hər yerində olduğu kimi, Ağdamda da maliyyə ilə
bağlı vəzifələrin çoxunu ermənilər
tuturdu. Ağdamın bütün ticarət
işçiləri Baqrat kişiyə hörmət və
sayğı ilə yanaşırdılar, çünki
hamısının “atçotu” onun əlindən keçirdi.
Baqratgilin dolanışığı məhlədəki
ailələrin hamısından fərqli və firavandı.
Kişi həmişə evə əlidolu qayıdırdı,
bu da məhlə arvadlarının gözündən
yayınmırdı: “Bəxdəvərin oğlu elə bir
üjdən dartıf gətirir.”
- Bəxdəvər
o dəyil ey, o yönsüz arvadıdı, gözü də
doymur.
- Olmaz o bəxdəvərdən!
-Bunu Baqratgilin, illah da Baqratın arvadı Arusyakın
paxıllığını çəkən Knarik deyir. -
Yediyi üzünə-gözünə çıxmır. Biz,
maşallax, su içəndə də kökəlirik...
Yurikin yaxşı velosipedi, bir neçə
fotoaparatı, radiolası, hətta maqnitofonu vardı. Yaxşı
şahmat və nərd oynayırdı. Arusyak da əlində
bir parç süd, “Yuvik! Yuvik!” deyib dalınca
gəzirdi ki, gədə bəlkə bir-iki qurtum içə.
Bizə süd nədi, heç su verən də
yoxdu. Tay-tuşlarından kimin hünəriydi
anasının “Yuvik” dediyi Yurikə əl qaldıra, söz
deyib söyüş söyə. Haqlı-haqsız,
Arusyak ancaq oğlunun tərəfini saxlayır və
bütün günü “Yuviki” incidənin qarasına deyinir,
erməni dilində söyür, qarğışlar
tökürdü. Bax, elə bu
üstünlüklərinə görə məhlə
oğlanları Yurikə həm həsəd aparır, həm
də sayğı göstərirdilər.
Yurikə
münasibətdə bircə təsəllim vardı - mən
dərslərimi, xüsusilə yuxarı siniflərdə,
ondan qat-qat yaxşı oxuyurdum, hətta oğlunu hamıdan
üstün tutan Arusyak məni ona misal göstərirdi ki, bax
ona, bir qayğısına qalanı yox, dərs oxu deyəni
yox, amma gör kitabdan əl çəkir, qiymətləri də
dörd-beşdi. Bunları ermənicə
deyirdi, mən də az-maz başa düşürdüm, bilmədiyimi
də imkan düşən kimi məni nərd oyununa çəkən
Surayya tərcümə eləyirdi.
Arusyak haqlıydı, o vaxtlar evdə mənim nəinki
qayğıma qalan, heç mənimlə maraqlanan yoxdu. Papam öz
kefində, Nənəm də kiməsə qayğı
göstərəcək yaşda deyildi. Onsuz
da analıq eləməyi bacarmayan, buna heç həvəsi
olmayan Şəfiqə də Papamdan ayrılıb getmişdi,
heç şələ-küləsini də
aparmamışdı.
Quba tətilləri
Əsli Qubadan olan Şəfiqə hər yayın
azı iki ayını anasının yanında keçirməyi
xoşlayırdı, həmin yay tətilində mən də
iştirak edirdim. Mənim Qubaya getməyim, bir növ,
şirma rolunu oynayırdı. Yoxsa qonşular arasında
söz-söhbət yaranardı: kişi
burda Ağdamda, arvad da, Allah bilir harda?! Beləliklə,
yayın iki ayını mən yad adamların evində - Qubada
qalırdım. Bu iki ay ərzində mən Qubanın
lap mərkəzində yerləşən Sülh küçəsində
(onda “Mir” deyirdilər) Şəfiqənin anası Töhvənin
ikimərtəbəli kommunal evin ikinci qatında yerləşən
iki otaqlı mənzilində yaylayırdım. İki
deyəndə ki, onun biri hardasa on kvadratlıq balaca otaqdı,
o biri də otağa bənzəyən üç-dörd
kvadratlıq kiçik bir hücrə. Bircə
çarpayı yerləşirdi bu hücrəyə. Çox vaxt mən həmin çarpayıda
yatırdım. Hiss edirdim ki, bu darkeşlikdə mən
onlara, illah da Şəfiqəyə artıq yükəm, amma
başqa variant yoxdu; o da dözməliydi, mən də.
Evin pəncərəsindən
Qızılqaya, onun ayağından axan gen yataqlı, az sulu Qudyalçay və çayın o tərəfində
Qızılqayanın ətəyində Krasnaya Slobada
(Qırmızı Qəsəbə) görünürdü. Şəhərlə qəsəbəni
çayın üstündən keçən körpü
birləşdirirdi. Artıq mən bilirdim
ki, o xırda, birmərtəbəli kasıb evlərdə,
qubalıların dediyi kimi, cuhudlar yaşayır, sonralar onlara
dağ yəhudiləri (qorskiye yevreyi) deməyə
başladılar.
Sülh küçəsi şəhərin iki
parkını birləşdirirdi, yəni küçənin əvvəlində
də, axırında da park vardı. İkinci park
ingilissayağı parkdı, yaşıllığı və
təbii gözəlliyi daha çoxdu. Bu
küçə şəhərin, bir növ, bulvarı idi.
Küçə boyu Ağdamdakından fərqli
olaraq, əsasən birmərtəbəli xudmani və xeyli səliqəli
xüsusi evlər cərgə ilə
düzülmüşdü. Hər evin arxa hissəsindən
on-on iki sotluq alma bağı
uzanırdı çayın sıldırımınadək. Bu küçədə olmasa da, Qubanın qədim
hissəsində milli memarlıq üslubunda tikilmiş evlər
çoxdu. Bir vaxtlar xanlıq mərkəzi
olmuş şəhərlərin hamısında bir
özünəməxsusluq əhvalı var. Bu əhvalı mən
Şəkidə, Şuşada, Naxçıvanda,
uşaqlıq dövrümə düşsə də, ilkin
olaraq Qubada duymuşdum. Sonralar, bəlkə
bir otuz-qırx ildən sonra xatirələr dənizinə
baş vurmaq, Qubalı günlərimi yaddaşımda
canlandırmaq üçün yolumu ora saldım ailəmlə,
uşaqlarımla. Qırx ildən sonra həmin
küçəni tapdım, altı yay
yaşadığım- yayladığım evə
yaxınlaşdım, Şəfiqəni, çoxdan rəhmətə
getmiş Töhvəni yada saldım, amma evə qalxmadım,
onu içəridən görmədim.
Küçə həmin
küçəydi - çəhrayı ev,
həqiqətən iki mərtəbəli olsa da, demə
çox balacaymış. Guya heç nə dəyişməmişdi,
amma hər şey dəyişmişdi. Birinci
növbədə mən dəyişmişdim, mənim havam dəyişmişdi.
Yad adamlar əhatəsində, bakılılar demiş, birovuz
yaşayan qıvrım saçlı o göyçək
uşaq yoxdu, əlli il qabaq
ölmüşdü. İndi onun yerində altmış
yaşını keçmiş, hissləri silinsimiş, istəkləri
azalmış, Papam demiş “salidni” bir kişi
itiyini axtaran adam kimi ora-bura baxır, nələri isə
arvadına, nəvəsinə, uşaqlarına
danışır, ən çox da özünə deyir,
hansısa hissləri oyatmağa, yenidən yaşamağa təşəbbüs
edir.
lll
Xatirələrtək hisslərə, duyğulara deyil,
insanın fiziki varlığına da təsir göstərir. İki yay bundan qabaq yenə
də yayda nəsə axtarırdım, əlimə bəlkə
də elə otuz-qırx il əvvəl
istifadə elədiyim qara bir portfel keçdi. Portfeli
açdım, içi mənim əsgər məktublarımla
doluydu. Mən bu məktubları iyirmi beş
yaşımda əsgərlikdən arvadıma
yazmışdım. Üç yüz gün hərbi xidmət
və üç yüz məktub! Əslində,
bu, məktublara yazılmış əsgər gündəlikləriydi.
Naxçıvanda xidmət edirdim. Hərbi hissəyə daxil olduğum gündən başlayaraq, hər gün evə məktub yazırdım. Doqquz aylıq qızımı, çox sevdiyim arvadımı Bakıda qoyub əsgər getməyə məcbur olmuşdum. On aylıq, sözün həqiqi mənasında hicran, on aylıq sürgün! Necə yazmayasan?! Hər gün yazdığım məktubları arvadım yığıb saxlamışdı. Qırx yaşı vardı bu məktubların. İndi mən onlarla neyləməliydim? Artıq hasarın o üzü haqqında düşünən kişinin bu məktubları saxlamağa ixtiyarı vardımı? Axı, bu məktublar 74 - 75-ci ildə qalmış gənc kişinin, gənc atanın həsrət, məhəbbət, ehtiras, ağrı-acı, kədər-sevinc, gələcəyə ümid dolu hisslərinin kağız üzərinə köçürülmüş ifadəsiydi. Bu məktubları başqa bir adamın oxuması, iki adama məxsus intim hisslərin şahidi olması lazımdımı? Əlbəttə, mən bunu istəməzdim. Bir halda ki, ölüm də gözlə qaş arasındadır. Deməli, bu mirası məhv eləmək vaxtıydı. Necə deyərlər, mən sizi yazmışam, mən də sizi Qəzənfərin arvadı Naina demiş, “cırım-cırım zdelayu”. Amma məktubları cırmamışdan qabaq oxumaq qərarına gəldim. Və birdən-birə mən uzaq 1974-ci ilə düşdüm. Həqiqətən, söz vaxtına çəkər. Bu sətirləri mən iyulun birində yazıram, əsgərliyə isə dediyim ilin 6 iyulunda yola düşdüm. Arvadım, qucağında doqquz aylıq qızım, məni qapıdan yola salır. Onların üzündə elə dərin kədər və qorxu var ki, mən göz yaşlarımı saxlaya bilmirəm. Həmin gün mənim “Ədəbiyyat” qəzetində hekayəm çıxmışdı. Mən “Bakı - Naxçıvan” qatarında üzücü dərddən o hekayəni oxuya bilmədim. Bütün dünya mənim üçün arvadımın və körpə qızımın gözlərindəki kədərə bürünmüşdü. Körpəmin gözlərində donmuş yaş gözümün qabağından çəkilmirdi.
Məktubları oxuduqca mən o on ay içərisində olmuşları, məktublarda yazılmışları, tək hadisələri, nələr haqqında isə mülahizələri, fikirləri deyil, hissləri də yaşayırdım. Qəribədir ki, o məktubları oxuduğum günlər mən yaşımı hiss eləmirdim, necə ki, cavan adam yaşını duymur, bu haqda heç düşünmür, necə ki, sağlam olanda insan sağlıq haqqında fikirləşmir. Hətta məktublardan ayrılıb gündəlik işlərimin dalınca gedəndə də özümdə daxili bir yüngüllük, hər şeyə gücüm var inamı məni tərk etmədi. Təhtəlşüurda gizli bir bayram əhvalı yaşayırdım. Elə bil mənim bu nimdaş bədənimə gənc adamın hisslərini, duyğu və istəklərini köçürmüşdülər. Arvadıma da o uzaq illərin ehtirası ilə baxırdım.
Oxuduqca məktubları cırmağa əlim gəlmədi.
Bir düşündüm ki, bəlkə bu məktubları
“Üç yüz sevgi məktubu” və ya eləcə
“Üç yüz məktub” adı ilə çap elətdirim,
olsun epistolyar roman. Çox güman ki, kifayət qədər
tanınan yazıçının çox-çox şəxsi
məzmunlu məktublardan ibarət romanı böyük maraq
doğura bilərdi. Eləmədim! Dəbbələməmək
üçün arvadıma belə gənəşmədən
məktubları cırdım. Bir portfel xatirəni məhv elədim.
Elədimmi?!
Əli
Əmirli
525-ci qəzet.- 2016.- 16 yanvar.- S.22-23