“Adım yaddaşlardan silinməyəcək”
BU DÜNYADA BİR ŞAİR ÖMRÜ - ZƏLİMXAN ÖMRÜ YAŞANDI
Ömür-gün
səhrasında
Səfil olan canımız.
Qəzası,
müsibəti
Qəfil olan canımız.
Əziz dostumuz Zəlimxan Yaqub bu sətirləri yazanda xəstəlik
də, kəmfürsət əcəl də ondan
çox-çox uzaq idi. O anda nə olubmuş, nə görüb, nə
eşidibmiş, nə üçün belə bədbin nota
köklənibmiş deyə bilmərəm:
Ölüm
ahıl, biz çağa,
Boğaz yemdi bıçağa.
Axır beş arşın ağa
Təhvil olan canımız.
9 yanvarda dünyasını dəyişən Zəlimxan
Yaqubun 66 yaşının tamam olmasına cəmi 12 gün
qalmışdı. 1950-ci il 21 yanvarda Borçalı
mahalının Kəpənəkçi kəndində
doğulmuşdu, Bakıda haqqa qovuşmuşdu.
Çoxları kimi bu acı xəbəri mən də
televiziya xəbərlərindən eşitdim və dərhal Zəlimxanlı
günlərimiz xəyalımda yenidən canlandı.
1972-ci il idi. Bakı Dövlət
Universitetinin akt zalında iynə atsan, yerə düşməzdi.
Kitabxanaçılıq fakültəsinin beşinci kurs tələbəsi
Zəlimxan Yaqub gur səslə Kəlbəcərdə
Aşıq Şəmşirlə görüşündən
və onunla şeirləşməsindən
danışırdı. Özü də şeir dili ilə -
“Dədə Şəmşir belə dedi, mən belə cavab
verdim”. Onun çıxışı tələbələrin gurultulu alqışlarıyla
qarşılandı. Onda mən Zəlimxan Yaqubla tanış deyildim. İllər
sonra isə biz bir yerdə “Yazıçı” nəşriyyatında
işləyəsi olduq. Zəlimxan “Yazıçı” nəşriyyatından
əvvəl Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində
çalışırdı. Bu cəmiyyətlə
“Yazıçı” nəşriyyatı o zaman (1978-ci ildə)
indiki Azərtacın binasında, altıncı mərtəbədə
fəaliyyət göstərirdi. Biz, demək
olar ki, hər gün görüşüb söhbətləşirdik.
1982-ci ildə isə Zəlimxan Yaqub
“Yazıçı” nəşriyyatının poeziya
şöbəsində redaktor kimi çalışmağa
başladı. Və beləcə onunla
1992-ci ilin avqustuna qədər bir yerdə işlədik.
Zəlimxan Yaqub Borçalıda böyüyüb
boya-başa çatmışdı. Aşıq Əmrahın, Aşıq
Kamandarın, Aşıq Hüseyn
Saraclının məclislərini
görmüş, bu qəbildən
olan sənətkarlardan çox
şeylər əxz etmişdi. Saza, sözə
sonsuz məhəbbət elə o yeniyetmə
çağlarından onun ruhuna, qanına hopmuşdu və bu
sevgi ömrünün son gününə qədər onu tərk
etməmişdi.
Zəlimxan Yaqub çox ünsiyyətcil,
sinədəftər, dəryanəfəs şair idi. Onun heyrət
doğuracaq fenomen yaddaşı vardı. Azərbaycanın
elə bir ünlü şairi yox idi ki, şeirlərini əzbər
deməsin. Məclislərdə özündən
çox Aşıq Ələsgərdən, Dədə Şəmşirdən,
Səməd Vurğundan, Məhəmməd Hüseyn Şəhriyardan,
Bəxtiyar Vahabzadədən, Hüseyn Arifdən, Osman
Sarıvəllidən... şeirlər söyləyərdi.
“Yazıçı”
nəşriyyatında işlədiyimiz illərdə
kollektivimiz Yeni ili və Novruz
bayramını çox təntənə ilə keçirərdi.
Nəşriyyat
1984-cü ildə Natəvan meydanına, “Növbahar” restoranının
üstünə köçmüşdü. Burada
tədbir keçirmək üçün kifayət qədər
yaxşı şərait vardı. Bu bayram
tədbirlərinin ən yaddaqalan şəxslərindən
biri də, heç şübhəsiz, Zəlimxan Yaqub
olardı. Çünki Zəlimxan bu məclislərə
sazsız gəlməzdi. Gözəl
sağlıq deyər, saz çalıb-oxuyardı.
O, nəinki
qələm dostları barədə, hətta oxuduğu
kitablar haqqında da heyranlıqla, vurğunluqla, həm də
bəlağətlə danışardı. Çünki onda
hər hansı həmkarına qarşı zərrəcə qısqanclıq, paxıllıq, həsəd
hissi yox idi.
Bu adamın qəlbi insana məhəbbətlə, sevgi
ilə ləbaləb doluydu. Hər bir işdə,
hər kəsdə yaxşını görürdü.
Ürəyindən keçənlər dilindəydi.
Deyirlər, adamı səfərdə tanıyarlar. Bu mənada Zəlimxan
Yaqubun çox gözəl yol yoldaşlığı
vardı. Deyib-gülən, zarafatcıl,
hazırcavab, şitlikdən, kobudluqdan, ədəbazlıqdan
çox uzaq insan idi. Təpədən-dırnağa
xalq adamıydı. Vətənə, yurda
bağlı, dosta sədaqətli, qapısı, süfrəsi
ürəyi kimi hər kəsə açıq idi.
Həmin illərdə mən “Yazıçı” nəşriyyatında
həm klassik ədəbiyyat və folklor şöbəsinin
müdiri, həm də Həmkarlar İttifaqının sədri
idim. Həmkarlar İttifaqının sədri kimi ildə
bir-iki dəfə həm respublika rayonlarına, həm də
Sovetlər İttifaqının paytaxt şəhərlərinə
səfərlər təşkil edərdim.
1984-cı ilin yazında Lənkəran şəhər
turizm idarəsi ilə telefon əlaqəsi saxlayıb 30 nəfər
üçün yer ayırmasını xahiş etmişdim. Səfərimizin
ayı, günü dəqiqləşdirilmişdi, hətta
qalacağımız günlərin pulunu da
köçürtmüşdük. Ancaq
iki həftədən sonra mənə zəng etdilər ki, bəs
qonaq evində təmir gedir, bir aydan sonra sizi qəbul edə
bilərik. Mən gözləyə bilməyəcəyimizi
və ödədiyimiz pulu geri - hesabımıza
köçürmələrini xahiş etdim. Bu dəfə kollektivimizdə təbliğat
apardım ki, gəlin Şuşaya gedək. Doğrusu, yolun uzaqlığına görə təklifimi
heç də hamı bəh-bəhlə
qarşılamadı (nə biləydik ki, gün gələcək
Şuşaya həsrət qalacağıq).
Nəsə, çox təbliğat-təşviqatdan
sonra iyun ayında uşaqlı-böyüklü otuz nəfər
heyətlə Şuşaya getdik.
Dəstəmizdə
nəşriyyatda çalışan şairlərdən Zəlimxan
Yaqub, Ağasəfa, İslam Türkay, yazıçı Oqtay
Salamzadə, direktor müavini Elxan Rəhimov, redaktorlardan Elçin Cabbarov, Nərgiz
Rüstəmli, Zöhrə Əsgərova, rəssamlardan
Etiram Lazımov, Əliağa Məmmədov və
başqaları vardı.
Şuşanın cənnət vaxtıydı. Gövhər
ağa Məscidini, M.P.Vaqifin məqbərəsini, Mir
Möhsün Nəvvabın qəbrini ziyarət etdik.
İsa bulağına gedib ziyafət qurduq, yüz yaşlı
xanəndə Mürsəl Məşədi Süleyman
oğlunun ifasında “Ax narı-narı” xalq mahnısına
qulaq asdıq. İndi bu sətirləri yaza-yaza yol boyu Zəlimxanla
Ağasəfanın zərif zarafatları, atmacaları xəyalımda
canlanır, məni Şuşalı günlərimizə
qaytarıb duyğulandırır.
Şuşaya
gedəsən, Cıdır düzündə olmayasan, şəkil
çəkdirməyəsən - bu, bağışlanmaz
iş olardı. Biz də o zaman nə
yaxşı günaha batmamışıq. Zəlimxan
Yaqub, mən, İslam Türkay, yazıçı Oqtay Salamzadə,
Elxan Rəhimov şuşalı dostlarla Cıdır
düzündə olmuşduq, füsünkar dağların
seyrini dalıb, Daşaltı çayının dərənin
dibindən gələn səsini dinşəmişdik. Vaxt,
zaman isə çəkdirdiyimiz şəklin üstündə
həkk olunub: 27.06.84.
İnsanın əsl simasını görmək istəyən
onu şöhrətə çatandan, vəzifə kreslosunda
oturandan sonra görsün.
1997-ci ildə
yaxın dostların təkidindən sonra Rəşid Behbudov adına Mahnı Teatrında 50 illik yubileyimi
keçirmək fikrinə düşdüm. Gecəni
aparmaq üçün artıq Milli Məclisin deputatı,
şöhrətinin zirvəsində olan Zəlimxan Yaquba
müraciət etdim. Dərhal
razılaşdı. Həmənki sadəlik,
həmənki həlimlik, duyarlıq onu zərrəcə də
olsun tərk etməmişdi. 16 sentyabr
1997-ci ildə baş tutan o yubiley gecəsini Zəlimxan Yaqub fəxarət
hissilə apardı, haqqımda ürəkdolusu fikirlər
söylədi, hətta mənə saz bağışladı.
Mən hədiyyə üçün “Sağ
ol!” deyib sazı ondan aldım və yenə ona qaytararaq
çalıb-oxumasını xahiş etdim. Unudulmaz şairimiz sazı bağrına basıb
çaldı və şövq ilə oxudu. O gecədən
mənə yadigar olaraq şairin
bağışladığı saz, söylədiyi ürəkdolusu
sözlər, bir də çəkilmiş şəkillər
qaldı. İnsanı baxıb
xatırlamağa, yaşanmış günləri bir daha
anmağa təhrik edən şəkillər.
Yeri gəlmişkən
deyim ki, 2001-ci ildə Xan Şuşinskinin 100 illik yubileyi
münasibətilə yazdığım “Muğam
dünyasının Xanı” kitabımın təqdimat mərasimini
də Zəlimxan Yaqub aparmışdı.
Zəlimxan Yaqubla ünsiyyətimiz davamlı olub. O, vaxtilə baş redaktoru
olduğum “Gənclik” nəşriyyatına da tez-tez gələrdi.
Nəşriyyatın direktoru Əlican
Əliyevin otağında oturub dərdləşərdik.
2004-cü ildə Zəlimxan Yaqubun “Qayıdaq əvvəlki
xatirələrə” şeirlər kitabını mənim
redaktə və ön sözümlə 1000 nüsxə
tirajla nəşr etdik. Şair kitabını böyük sevinclə
qarşılamışdı. Oxucular da eləcə.
Aradan bir ay keçməmiş kitabı təkrar
1000 nüsxə tirajla çap etdik.
2005-ci il idi. Bir gün “Sənət” qəzetində (14 iyun) Zəlimxan Yaqubun 2 çap vərəqi həcmində “O qızın göz yaşları” adlı poemasını oxudum. Xocalıdan olan bir qızın faciəsindən bəhs edən bu kiçik poema mənə çox təsir etmişdi. Nəşriyyatın direktoru Əlican Əliyevə dedim ki, gəl bu poemanı şairə demədən nəşr edib ona sürpiriz edək. Belə də etdik. Mən həmin kitabın annotasiyasında yazmışdım:
“Xalq şairi Zəlimxan Yaqubun bu kiçicik poemasında qəlbimizin başında daim sağalmaz bir yara kimi gör-gör göynəyən Xocalı faciəsindən, Xocalı boyda dərdimizdən danışılır. Poemanı oxuduqca “O qızın göz yaşları” ürəyimizi pörşələyir, bizi intiqama səsləyir. İnanırıq ki, bir gün gələcək, millətimiz qəddar yağıdan öz intiqamını alacaq, gözlərinin qabağında atası diri-diri yandırılmış, yurd-yuvası talan olmuş Xəzangüllərin göz yaşlarını siləcəkdir”.
Zəlimxan Yaqub xalq ruhunun daşıyıcısı olaraq çox həssas şair idi. Bu da səbəbsiz deyildi. Zəhmətlə böyüdüyü üçün, özünün söylədiyi kimi, həyatın hər üzünü görmüşdü. Ona görə də onun poeziyasını bir küll halında oxuyanda adama elə gəlir ki, Zəlimxan Yaqubun toxunmadığı mövzu yoxdur. Səbəb də bu idi ki, onun daxili yaşantıları hüdudsuz idi. Buna görə də adi bir sözdən duyğulana, dərhal da öz duyğu və düşüncəsini poetik misralara çevirə bilirdi. Onun poetik dünyasında Azərbaycan dilinin şəhd-şirəsi, çoxqatlı, çoxçalarlı təzahürləri var. Çünki onun poetik istedadı gözəl bildiyi şifahi xalq ədəbiyyatından, aşıq şeirindən, aşıq musiqisindən su içmişdi.
Zəlimxan Yaqub son nəfəsinədək yazıb-yaratdı. O, Allahın lütf etdiyi xoş günləri də, ondan gələn ağrı-acını də şərəflə yaşadı. Bu kiçik xatirəni də unudulmaz dostumun öz misraları ilə bitirmək istəyirəm:
Çox sonalar uçurmuşam gölümdən,
Alov çıxır içərimdən, çölümdən.
Qorxum yoxdu ayrılıqdan, ölümdən,
Bu dünyanın hər üzünü görmüşəm.
Mustafa
Çəmənli
525-ci qəzet.- 2016.- 16 yanvar.- S.15