Baltik ölkələrində Azərbaycan mədəni irsini yayma yolları

 

LİTVA-AZƏRBAYCAN QƏDİM MƏDƏNİYYƏT KÖRPÜLƏRİ

 

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Litva ilə qədim ədəbi-mədəni əlaqələrimizdən danışmazdan öncə ayrıca vurğulamaq istərdik ki, Azərbaycan - Litva dövlətlərarası münasibətlərinin qədim tarixi XV əsrdən hesablanır. Belə ki, Ağqoyunlu (1468-1503) və Səfəvi dövlətləri (1501-1736) XV əsrin ikinci yarısı və XVII əsrin əvvəllərində bir sıra Avropa ölkələri, o cümlədən, əvvəlcə Böyük Litva Knyazlığı (1236-1569), daha sonralar Reçpospolta ilə - Polşa Krallığı və Böyük Litva Knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən yaradılmış unitar dövlətlə (1569-1795) rəsmi əlaqələr qurmuşdular (həmin dövlət polyakca “Rzeczpospolita Obojga Narodow”,  litvaca “Abieju Tautu Respublika” - yəni, “Hər İki Xalqın Respublikası” adlanırdı: - M.H.).

 

Buna baxmayaraq Azərbaycan - Litva ədəbi-mədəni əlaqələrinin tarixi XIX əsrin 2-ci rübündən hesablanır. Belə ki, bu tarixin kökləri XVIII əsrin axırlarında və XIX əsrin əvvəllərində Rusiya sərhədlərinin zorla genişləndirilməsi nəticəsində, digər ölkələr kimi Litva və Azərbaycanın da Rusiya imperiyasının tərkibinə qatıldığı dövrə gedib çıxır.

 

Ədəbi-mədəni əlaqələrimizin ilk qaynaqlarının yaranmasında polyak, rus, ukrayna, belarus, türk, tatar, karaim, eston, latış, alman, sorb, ingilis, fransız və digər xalqların ədəbiyyatları dolayı yolla körpü rolunu oynamışdır. Belə ki, azərbaycanlıların bu xalqlarla ədəbi-mədəni əlaqələri tarixini araşdıran zaman, bu əlaqələrin səhifələrində Azərbaycan - Litva ədəbi-mədəni əlaqələrinin də qədim və dərin izlərini görmək mümkündür. Məhz bu yolla Litva - Azərbaycan mədəni əlaqələrinin ilk pöhrələrinin cücərib boy atması üçün töhfələr vermiş qeyri-litvalı şəxslərdən Vilnüs universitetinin məşhur məzunları - İqnati Petraşevski (1796-1869), Adam Mitskeviç (1798-1855), Osip Senkovski (1800-1858), Avqust Jaba (1801-1894), Fransua Bernar Şarmua (1793-1869), Aleksandr Xodzko (1804-1891), Lyudvig Şpitsnagel (1807-1827), Anton Muxlinski (1808-1877), İqnati Kraçkovski (1883-1951) kimi şərqşünasların, yazıçıların, şair və tərcüməçilərin gördüyü işləri, eləcə də qeyri-litvalı şəxslər olaraq Litvanın ictimai-siyasi, dini və mədəni həyatı ilə sıx bağlı olmuş Yurgis Yulyus Zauerveynas (1831-1904), Hacı Seraya Xan Şapşal (1873-1961), Ananiaş Zayonçkovski (1903-1970) kimi ünlü şərqşünas alimlərin və poliqlotların Azərbaycan yönümlü fəaliyyətini göstərə bilərik.

 

Yeri gəlmişkən nəzərə çatdırmaq istərdik ki, hələ XIX əsrin birinci rübündə Vilnüs universitetində fəaliyyət göstərmiş gizli tələbə dərnəkləri (Filomatlar və Filaretlər),eləcə də Vilnüsdə yaradılmış liberal ziyalı təşkilatları (Şubravslar cəmiyyəti) fəalları tərəfindən Şərq mədəniyyətinə güclü və romantik bir maraq oyanmışdı ki, bu da öz növbəsində bu yönəkli elmi fəaliyyətin inkişafına təkan vermişdi. Məhz elə o zaman - 1810-cu ildə Vilnüs universitetində Şərqşünaslıq mərkəzi yaradılmış və onun rəhbəri vəzifəsinə şərqşünas professor Yulius Heynrix Klaproth (1783-1835) təyin olunmuşdu. Müqayisə üçün göstərmək istərdik ki, Litva dili fənni Vilnüs universitetində yalnız 1919-cu ildən etibarən tədris olunmağa başlanmışdır.

 

Azərbaycan - Litva ədəbi-mədəni əlaqələri kontekstində yuxarıda qeyd etdiyimiz “dolayı yolla əlaqələr” tezisini əsaslandıran misallar qismində göstərmək istərdik ki, Nizaminin “İskəndərnamə” poemasından bəzi parçaların ilk dəfə fransız dilinə tərcümə edilməsi (L.Şpitsnagel və F.Şarmua, 1829), O. Senkovski tərəfindən 1824-cü ildə “Gözəl taxta kukla” Azərbaycan nağılının ruscaya tərcümə olunması, həmçinin onun 1842-ci ildə “Biblioteka dlya çteniya” jurnalında “Koroğlu” dastanından bir hissəni rusca dərc etdirməsi, daha sonra O.Senkovskinin “Şirvan dövlətinin süqutu” adlı macəra povestinin çap olunması (1842), “Koroğlu” eposunun ingilis dilinə çevrilməsi (A. Xodzko. London, 1842), Nəsiminin şeirlərinin polyakcaya tərcümə edilməsi (A. Xodzko. 1889), eləcə də Azərbaycan ədəbiyyatından digər örnəklərin polyak dilində dərc olunması (“Zaqafqaziya tatarlarının bir neçə sadə xalq nəğməsi”. Vilnüs, 1842-1849), A. Muxlinskinin türk xalqlarına dair elmi araşdırmaları (“İssledovaniye o proisxojdenii i sostoyanii litovskix tatar”, “Oçerk o karaimax v Polşe”. Sankt-Peterburq, 1857 və 1862-ci illər), “İngiliscə - Türkcə lüğət” cib kitabının işıq üzü görməsi (müəllifi Y. Zauerveynas. 1855), Böyük Britaniya və Xarici Ölkələr Bibliya Cəmiyyətinin təşəbbüsü ilə müqəddəs “İncil” və “Tövrat” kitablarının Azərbaycan dilinə tərcümə edilməsi (Y. Zauerveynas. London, 1878 və 1890-cı illər), Mirzə Şəfi Vazehin (1794-1852) alman şairi və tərcüməçi Fridrix Bodenştedtlə (1819-1892) yaradıcılıq münasibətlərində Azərbaycan şairinin müəlliflik hüququnun bərpa olunması ilə bağlı yaranmış məsələyə “Mirzə Şəfinin Şərq-Qərb divanı” vasitəsi ilə aydınlığın gətirilməsi (kitab ictimai-mədəni xadim, şair və tərcüməçi, məşhur poliqlot Y. Zauerveynasın təşəbbüsü ilə 1889-cu ildə Almaniyada nəşr edilib; Georg Julius Justus Sauerwein. West-Östliches Stammbuch. Zu Mirza Schaffy's siebzigstem Geburtstage 22. April 1889. Drugulin, Leipzig, 1889), Nizaminin “Leyli və Məcnun” poeması mənbələrinin araşdırılması və müqəddəs Quranın rus dilinə tərcümə edilməsi ilə (İ. Kraçkovski) bağlı elm və mədəniyyət aləminə bu və ya digər dərəcədə məlum olan yaradıcılıq işləri, habelə digər ədəbi-mədəni faktlar məhz Vilnüs universitetinin məzunları, Litva şərqşünaslıq məktəbinin yetişdirmələri və bu ölkənin ictimai-mədəni dairələrinin qeyri-litvalı təmsilçilərinin fəaliyyəti ilə əlaqədardır.

 

Ekspansiv siyasət və Rusiya Şərqşünaslığı

 

Təqdim olunmuş misallardan göründüyü kimi XIX əsr Litva - Azərbaycan ədəbi və mədəni əlaqələrinin başlıca xətləri ilk növbədə müxtəlif  millətlərdən olan müəlliflərin, həmçinin Vilnüs universitetində təhsil almış və ya çalışmış şərqşünasların fəaliyyət və yaradıcılığından keçir.

 

Haşiyə çıxaraq qeyd edək ki, Avropanın qədim təhsil mərkəzlərindən biri olan Vilnüs Universiteti (1579) XIX əsrin 30-cu illərinə qədər bu elm ocağında hökm sürən çoxmillətli Reçpospolita vətəndaş cəmiyyətinə xas olmuş mənəvi iqlimilə, habelə yüksək demokratik dəyərlər şkalası, güclü anti-çar əhval-ruhiyyəsi və üsyankar ictimai durumla Rusiyanın digər İmperator universitetlərindən köklü surətdə fərqlənirdi. Universitetin bir sıra müəllimləri və gizli tələbə dərnəklərinin polyak, litva, ukrayna və belarus əsilli üzvləri vətənpərvərlik duyğularına bağlılıq, mütərəqqi ideyalara sədaqət və milli azadlıq ideallarına inam hisslərini daşıyır və təbliğ edirdilər. Həmçinin Şərq tarixi və fəlsəfəsi ilə bağlı burada mütərəqqi ruhlu böyük ideyalar generasiya olunur və yeni-yeni konseptual baxışlar yaranırdı. Lakin bütün bunlara baxmayaraq bu universitetin Şərqşünaslıq mərkəzi geniş anlamda Rusiya Şərqşünaslıq elminin tərkib hissəsi olaraq qalırdı. Həm də ki, Vilnüs universitetinin azad ruhlu, mütərəqqi fikirli professor və tələbələri Polşa və Litvada 1830-1831-ci illərdə Rusiya imperiyasına qarşı qalxmış xalq üsyanlarında iştirak etdiklərinə görə, çar I Nikolayın əmri ilə 1832-ci ildə Universitet bağlanmışdı və çara loyal şərqşünas alimlər isə Sankt-Peterburq İmperator universitetinə və digər ali məktəblərə keçmişdilər.

 

Beləliklə, ümumi götürdükdə XIX əsr Azərbaycan-Litva ədəbi-mədəni əlaqələrinin təşəkkül tapıb inkişaf etməsində Rusiya şərqşünaslarının rolu danılmazdır. Bununla bərabər mütləq vurğulanmalıdır ki, Litva - Azərbaycan mədəni əlaqələrinin irəliləyişinə Rusiya şərqşünasları tərəfindən verilmiş töhfələr və müsbət təkanlarla yanaşı, XIX-XX əsrlərdə həmin prosesləri mənfi məqamlar da müşayiət etmişdir. Bu barədə danışmazdan öncə Rusiya Şərqşünaslığının başlanğıc mərhələsi və mahiyyəti barədə bir neçə yorum vermək istərdik.

 

Rusiya imperiyasında elmi Sərqşünaslığın yaradılması istiqamətində ilk addımlar XVIII əsrin 2-ci rübündə atılmışdır. Bu, 1724-cü ildə Sankt-Peterburqda Rusiya Elmlər Akademiyasının yaradılması və 1727-ci ildən başlayaraq Akademiyanın xətti ilə çap olunmuş “Sankt-Peterburqskiye vedomosti” qəzetində Şərq ölkələri (o cümlədən, Türkiyə və İran) haqqında informasiyaların, orijinal çalışmaların və tərcümələrin dərc edilməsi ilə bağlı olmuşdur.

 

Lakin İmperiyada Şərqşünaslığın təşəkkül tapmasına dövlət tərəfindən “qayğı göstərilməsi” çar Rusiyasının Şərq ölkələrinə bəslədiyi hörmət və elmi maraqlardan irəli gəlmirdi. Çar hökuməti qədim və zəngin Şərq mədəniyyətindən heç də bəhrələnmək məqsədi güdmürdü, əksinə, Şərq ölkələrini cəhalətdə yaşayıb geridə qalmış xalqların arealı kimi tanıtmaq və Rusiyanı bu ölkələrin xilaskarı niqabında təqdim etmək siyasəti yürüdürdü.

 

O dövrün böyük zəkaları, hətta Rusiya İmperator universitetlərində çalışan bir sıra şərqşünas alimlər bu cür siyasətin elmi cəhətdən böyük zərərini görür və bundan narahat olaraq öz tənqidi fikirlərini ictimaiyyətə bildirməkdən çəkinmirdilər. Məsələn, dünya Şərqşünaslıq elminin korifeylərindən və Rusiya Şərqşünaslığının banilərindən biri olaraq tanınmış azərbaycanlı akademik Mirzə Kazım bəy (1802-1870) Rusiyaya Şərq ölkələrindən gətirilmiş türk, fars və ərəb əlyazmalarının ciddi tədqiqat obyektinə çevrilmədiyini böyük təəssüflə qeyd edirdi. Çar hökumətinin Şərqin elmi baxımdan öyrənilməsinə göstərdiyi laqeyd münasibətə alim belə sərt reaksiyalar verirdi: - “Nə üçün rus alimləri İslam dinini, onun təriqətlərini, fəlsəfi təlimlərini tədqiq etmirlər? Nə üçün heç kəs Quranın yüksək səviyyəli tərcüməsini çap etmək barəsində fikirləşmir? Nə üçün bizdə ərəblərin, farsların və türk xalqlarının tarixi yazılmır? Nə üçün heç kəs bizi qismən də olsa, Şərq şairlərinin əsərləri ilə tanış etmək fikrinə düşmür?” Mirzə Kazım bəy Avropa ölkələrinin bu sahədəki xidmətlərini yüksək qiymətləndirir və göstərirdi ki, öz geosiyasi mövqeyinə və imkanlarına görə əslində birincilik çələngi Rusiyanın olmalı idi. Ürəyi Şərq mədəniyyəti və türk dünyası üçün çırpınan bu nəhəng şəxsiyyət Şərqin öyrənilməsinə daha yüksək elmi və humanist ölçülərlə yanaşaraq yazırdı: - “Şərqə dair tədqiqatların zəruriliyini bizdən sivilizasiyanın yüksək vəzifələri tələb edir...”

 

Bu yerdə, Avropada Şərqşünaslığın bir elm sahəsi olaraq bir sıra Şərq ölkələrinin bəzi Avropa dövlətləri tərəfindən fəth edilib koloniyalara çevrilməsi nəticəsində meydana gəlməsini xatırlatmaq istərdik. Elə Rusiya imperiyasında da Şərqşünaslıq elminin qafqazşünaslıq, türkologiya (həmçinin azərbaycanşünaslıq), dağıstanşünaslıq (geniş anlamda), iranşünaslıq, kürdşünaslıq, ərəbşünaslıq kimi sahələri Rusiya dövlətinin əsrlər boyu yürütdüyü imperiya siyasəti, müstəmləkəçilik sistemini genişləndirib möhkəmləndirmək istiqamətində atdığı geosiyasi addımlar, XVII - XX əsrlərdə Qafqazda, İranda, Krımda, Türküstanda, Osmanlı imperatorluğu ərazilərində, Balkanlarda və digər yad ellərdə apardığı işğalçı müharibələr və həmin əraziləri zəbt edib Rusiya imperiyasına birləşdirmək səyləri nəticəsində yaranmışdır. Çünki ilhaq edilmiş yeni ərazilərdə yaradılmış hərbi-inzibati strukturların, sərhəd xidmətinin, rabitə və nəqliyyat vasitələrinin, məhkəmə və nəzarət sisteminin, ticarət faktoriyalarının fəaliyyətini normal məcrada təmin etmək üçün, xammal və istehsal sənayesində yerli əhalinin əməyindən istifadə etməkdən ötrü onların tarixini, dilini, dinini və etnoqrafiyasını öyrənmək lazım gəlirdi. Elə məhz o zaman Rusiya müstəmləkə sisteminin dövlət bürokratiyasında çalışmaq üçün məmur kadrları hazırlayan ilk şərqşünaslıq elmi müəssisələri təsis olundu.

 

XIX əsrin 2-ci yarısından etibarən bu təcrübə çar Rusiyasının hərbi məktəblərində də tətbiq olundu və Hərbi şərqşünaslıq adlandırılmağa başlandı. Bu tendensiya 1917-ci il oktyabr çevrilişindən sonra bolşeviklər Rusiyasında da artan istiqamətdə davam etdirildi. Bunu faktlarla illüstrasiya edən reallıqlardan birini -  1920-ci ilin fevral ayının 1-dən başlayaraq Rusiya Fəhlə və Kəndli Qızıl Ordusunun M. Frunze adına Hərbi Akademiyası (1918-1998) Baş Ştabının nəzdində 40 nəfər dinləyicidən ibarət Şərqşünaslıq şöbəsinin fəaliyyətə başlamasını səciyyəvi misal kimi göstərmək mümkündür. Bu barədə Respublika İnqilabi Hərbi Şurasının (1918-1934) sədri, Qırmızı ordunu yaradanlardan biri olan Lev Trotski (1879-1940) xüsusi əmr imzalamışdı (29 yanvar 1920-ci il, ¹ 137). Həmin əmrə əsasən sözügedən Hərbi Akademiyada digər Şərq dilləri ilə yanaşı türk dili (2 dialekti), fars dili (2 dialekti), ərəb dilinin əsasları, İslam hüququnun qısa kursu, Ölkəşünaslıq, Yaxın Şərqin, həmçinin Orta və Uzaq Şərqin hərbi coğrafiyası və statistikası, Ticarət hüququ və Şərq ölkələri ilə diplomatik əlaqələr tarixi və habelə başqa fənnlər tədris edilirdi.

 

Beləliklə, demək olar ki, Rusiyada Şərqşünaslıq ilk növbədə onun apardığı ekspansiv siyasətin praktiki nəticələrini müstəmləkə sisteminə uyğunlaşdırıb möhkəmləndirməyə xidmət edən elm sahəsi olaraq yaranıb inkişaf etmişdir.

 

Bu müddəanı Rusiya imperatoru I Pyotr (1672-1725) dövründə başlamış, imperatriça II Yekaterina (1729-1796) hökmranlığı zamanı davam etdirilmiş Azərbaycanı zəbt etmək cəhdlərinin XIX əsrin 1-ci rübündə faciəvi surətdə tamamilə reallaşdırılmasının nəticələrinə - xalqı zorla iki yerə bölünmüş, şimal torpaqları isə işğal edilərək çar Rusiyasının tərkibinə inkorporasiya olunmuş Azərbaycana və eləcə də Rusiya Şərqşünaslığının azərbaycanşünaslıq bölümünə də şamil etmək olar.Tarixi faktlar, mənbələr də bunu sübut edir. Belə ki, II Rusiya-İran müharibəsi nəticəsində imzalanmış Türkmənçay müqaviləsindən (1828) sonra ermənilərin, rusların  və digər xalqların kütləvi surətdə Azərbaycana köçürülməsi başlandı. Təkcə 1829-1830-cu illərdə Qafqaza İrandan 40000, Türkiyədən 84600 erməni köçürüldü ki, onlar əsasən Naxçıvan, Qarabağ və İrəvanda yerləşdirildi. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Prezidentinin  26 mart 1998-ci il tarixli Fərmanında göstərildiyi kimi “İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq məqsədilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi”.

 

Azərbaycan və ümumilikdə Qafqaz tarixinin və etnokulturoloji köklərinin təhrif olunması proqramının həyata keçirilməsi işlərinə o vaxtkı Rusiyanın elmi və mədəni dairələrinin qafqazşünas mütəxəssisləri də cəlb olundular. Nə qədər qəribə görünsə də, Azərbaycan tarixini çox vaxt məhz onu işğal etmiş tərəfin təmsilçiləri - Rusiya akademik dairələrinin milliyyətcə rus olan alimləri, onlara züy tutan erməni müəllifləri və həmçinin Rusiyanın müstəmləkəçilik siyasətinin arxasını elmi cəhətdən möhkəmləndirən bir sıra digər tədqiqatçılar “araşdırıb yazırdılar”.

 

Təbii ki, erməni müəllifləri çıxılmaqla, biz o dövrdə azərbaycanlıların etnogenez və məskunlaşma tarixini, dövlətçilik ənənələrini və etnokulturoloji dəyərlərini araşdırmış digər millətlərdən olan şərqşünasların, türkoloq alimlərin və eləcə də azərbaycanşünas mütəxəssislərin hamısının gördüyü işləri şübhə altına almaq, bütün tədqiqatçıları xalqımızın keçmişinə qarşı qərəzli mövqe tutub tarixi faktları təhrif etdiklərinə görə qınamaq fikrindən tamamilə uzağıq. Lakin sözügedən kontekstdə bütün tədqiqatların nəticələrinin obyektivliyini aksioma kimi qəbul etmək də doğru olmazdı.

 

(Vilnüs)

 

(Ardı gələn şənbə sayımızda)

Mahir Həmzəyev

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü

 

525-ci qəzet.- 2016.- 16 yanvar.- S.10-11