Qaraqalpaq ədəbiyyatına aid sanballı dərslik

 

 

Bəri başdan onu qeyd edim ki, Nizami Məmmədov-Tağısoy çağdaş ədəbiyyatşünaslığımızda kifayət qədər tanınmış nüfuz sahiblərindəndir.

 

Ədəbiyyatşünas alim kimi çoxillik təcrübəyə, yüksək erudisiyaya, orijinal təhlil manerasına, özünəməxsus deyim tərzinə malikdir. Özünü təsdiq etmiş, öz səsi, öz nəfəsi, müstəqil dəsti-xətti və üslubu olan tədqiqatçılarımızdan biridir. Onun müxtəlif səpkili, ayrı-ayrı problemlərə həsr olunmuş səviyyəli araşdırmaları, məqalə və monoqrafiyaları mövcuddur. Bir tərcüməçi kimi də peşəkar və cəfakeşdir. Amma heç vaxt "çox olsun, hər necə olursa, olsun" prinsipi ilə iş görmür. Onun tədqiqatçı və tərcüməçi devizi belədir: "Az olsun, yaxşı olsun". Əlbəttə, belə bir devizlə hərəkət etmək, onu fəaliyyət və əməlində normaya çevirmək hər bir mütəxəssis üçün şərəf və baş ucalığıdır.

 

Biz bu təqdimatı ona görə verdik ki, Nizami Məmmədov-Tağısoyun yenicə işıq üzü görən "Qaraqalpaq ədəbiyyatı" (Bakı, Elm və təhsil, 2015) dərsliyi də eyni prinsiplə yazılıb, həm də təkcə müəllifinə deyil, eləcə də müasir Azərbaycan  ədəbiyyatşünaslığına sözün həqiqi mənasında baş ucalığı gətirib. Onu da əlavə edək ki, bu baş ucalığının miqyası yalnız Azərbaycan ədəbiyyatşünaslıq elminin çərçivəsi ilə məhdudlaşmır. Onun sərhədləri bütün türk dünyasını əhatə edir. Mübaliğəsiz deyə bilərik ki, bu, sərhədləri Uzaq Şərqdən Balkanlara, Volqaboyundan İranın ortalarına qədər geniş bir coğrafiyanı əhatə edən türk dünyasının bir qolunu təşkil edən toplumun ədəbiyyat tarixinə aid səviyyəli bir dərslikdir. Nəticə etibarı ilə türk coğrafiyasında ədəbiyyat tarixinə dair uğurlu dərsliklərdən biridir. Belə bir mötəbər dərsliyi ərsəyə gətirmək təkcə Qaraqalpaq ədəbiyyatına deyil, həm də bütövlükdə türk dünyasına xidmətdir.

 

N.Məmmədov-Tağısoy həssas və ağıllı (məhz ağıllı, çılğın yox!) bir türkçüdür. Məsələlərə yanaşma tərzində ağılla nizamlanmış bir ölçü və nizam vardır. Meydana gətirdiyi kitabın hər səhifəsində təmkinli alim səbrinin və əzabının işartıları özünü göstərir. Onu da xatırladaq ki, haqqında söhbət açdığımız kitab Azərbaycan ədəbiyyatşünaslığında Qaraqalpaq ədəbiyyatına həsr olunmuş ilk dərslikdir. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq icazəsinə əsasən dərslik kimi çap edilib.

 

Məlumdur ki, bünövrəsi müasir mənada XIX əsrin sonlarında qoyulan türkçülük (turançılıq) məfkurəsi çağdaş türk dünyasının vacib və gərəkli strateji ideologiyasıdır (bəzi türk toplumları bu işə biganə və manqurt təfəkkürü ilə yanaşsalar da). Həmin ideologiyanın reallaşmasının ümdə şərtlərindən biri də ayrı-ayrı türk qövmlərinin, xalqlarının ədəbiyyatını öyrənib bir-birinə tanıtmaqdır. Ümumtürk birliyinə nail olmağın yolu həmin tanışlıqdan başlanır. Məhz bu səbəbə indi ali məktəblərin humanitar təmayüllü bəzi fakültələrində (filologiya və tarix fakültələrində) "Türk ədəbiyyatı tarixi", "Türk xalqları tarixi" kimi fənlər tədris olunur. Həmin fənlərə aid dərsliklərin yazılması cari dövrdə ədəbiyyatşünas və tarixçi alimlərimizin təxirəsalınmaz vəzifələrindəndir. "Qaraqalpaq ədəbiyyatı" dərsliyi də həmin ehtiyacın uğurlu faktı kimi meydana gəlmişdir.

 

Kitabın səhifələrində N.Məmmədov-Tağısoyun uzun illər ali məktəb auditoriyalarında qazandığı müəllimlik təcrübəsinin parlaq təzahürləri də özünü göstərməkdədir. Başqa sözlə, dərslikdə erudisiyalı alim təfəkkürü ilə həssas pedaqoq fəhmi müvəffəqiyyətlə sintez edilmişdir.

 

Dərsliyin annotasiyasında deyilir: "Azərbaycanda qaraqalpaq ədəbiyyatının folklor və epik yaradıcılıq dönəmindən başlayaraq bu günümüzə qədərki mərhələlərini, inkişaf istiqamətlərini, təmayüllərini, mövzu və problem xüsusiyyətlərini, müxtəlif və rəngarəng janrlarının özünəməxsusluğunu, ayrı-ayrı sənətkarların yaradıcılıq üslublarını etnogenetik təfəkkür tərzi müstəvisində işıqlandıran kitabda qaraqalpaqların ədəbi-estetik düşüncəsi, poetik aləmi, uğurları nəzərdən keçirilir.

 

Milli ədəbiyyatı yaradanların, ədəbi tənqidin inkişafında xidmətləri olan folklorşünasların və ədəbiyyatşünasların bədii-nəzəri mülahizə və fikirləri təhlil olunur, Qaraqalpaq folklorunun, incəsənətinin, ədəbiyyatının türk ədəbiyyatları çevrəsində yeri və rolu müəyyənləşdirilir".

 

Biz annotasiyadakı mətləbləri məqsədli olaraq xatırlatdıq. Çünki burada zikr olunan mətləb və məsələlərin "yükü"nün nə qədər ağır və əhatəli olduğu göz qarşısındadır. Bir dərslikdə bunları lazımi məzmun və səviyyədə ehtiva etmək, doğrudan da, dərin elmi hazırlıq, ümumiləşdirmə bacarığı, tədqiqatçı səriştəsi, pedaqoq məharəti tələb edir. Oxucu annotasiyanı oxuyan kimi dərhal maraqlanır: Görəsən, doğrudanmı müəllif bu ağır yükün cəfasını çəkə bilib? Doğrudanmı bu qədər miqyaslı və tutumlu məsələləri əhatə edə bilib? Sevindirici və elmimiz üçün uğurlu hadisədir ki, dərsliyin hər bir fəsli ilə tanış olduqca deyilənlərin yüksək səviyyədə həllinin şahidi oluruq.

 

Kitab yığcam və məzmunlu girişlə başlayır. Ümumiyyətlə, Nizami Məmmədov-Tağısoy mətləbi uzatmağı, bir cümlədə deyiləsi fikri beş cümlə ilə ifadə etməyi sevmir. Əksinə, çalışır ki, beş cümlədə deyiləsi fikri bir-iki cümlənin intervalına sığışdırsın. Yığcamlıq, konkretlik və dəqiqlik elmi məhsulun ən ümdə müsbət cəhətlərindən sayıla bilər. Onun başqa elmi əsərlərində özünü aşkar şəkildə büruzə verən həmin məziyyət mövcud dərslikdə də yetərincə təzahürünü tapır.

 

Dərslik bütövlükdə giriş, on beş fəsil və əlavələrdən ibarətdir. I fəsil Qaraqalpaqstan və qaraqalpaqlar barədə ümumi məlumata həsr edilmişdir. Dərsliyin əsas mətninin belə bir fəsillə başlaması zəruri və gərəklidir. Bu qaraqalpaqların yaşadığı coğrafiya, tarixi məkan, onların milli etnik xüsusiyyətləri, kimliyi, türk dünyasındakı etnokulturoloji yeri və mövqeyi barədə məlumat almağa imkan verir. Təbii ki, bunları bilmədən ədəbiyyat (istər şifahi, istərsə də yazılı ədəbiyyat olsun) haqqında verilən bilgilər, aparılan təhlillər mücərrəd xarakter daşıyardı. Çünki hər bir xalqın ədəbiyyatı, incəsənəti, bədii təfəkkür məhsulları ilə tanışlığa xalqın kimliyi ilə tanışlıqdan başlamaq lazımdır. Alim bir ədəbiyyatşünas və pedaqoq fəhmi ilə bunu kifayət qədər dürüst dərk edə bilmişdir.

 

Xəzərlərin, qaraqalpaqların, qarapapaqların və qaqauzların etnogenetik tarixi birliyinə dair yazılmış II fəsil I fəslin davamı olmaqla onu daha da bütövləşdirir və tamamlayır.

 

Dərslikdə qaraqalpaq ədəbiyyatının tarixi tarixi-xronoloji baxımdan izlənilir. Verilən elmi oçerklərin nizamı da dərsliyin və ədəbiyyat tarixinin tələblərinə uyğun olaraq həmin ahəngə tabe tutulur. Beləliklə, tələbə və ümumiyyətlə, oxucu qaraqalpaq ədəbiyyatının əsas mənzərəsi ilə bütöv və sistemli qaydada tanış ola bilir. Təbii ki, alim ədəbiyyat tarixində "hər şeyi dərsliyə doldurmaq" prinsipindən də çox-çox uzaqdır. O, səriştəli bir araşdırıcı və pedaqoq fəhmi ilə "nəyi vermək", "necə vermək" məsələsində son dərəcə ustalıqla hərəkət edir. Haqqında danışdığı xalqın ədəbiyyat tarixində əsas, aparıcı məsələləri, əsərləri, təmsilçiləri və s. qabartmağı, dərsliyin tələb və hüdudlarına sığışdırmağı yaxşı bilir. Bu, dərsliyin ən mühüm uğurlarından biridir.

 

Bədii təfəkkür xəzinəsi zəngin olan əksər xalqlar kimi qaraqalpaqların da bədii ədəbiyyatının təməlində dayanan folklor nümunələridir. Qaraqalpaqların da şifahi şəkildə yaranan söz sərvəti tarixən qədim, kəmiyyətcə çoxsaylı və zəngin, ideya və məzmunca dolğundur.

 

Haqqında söhbət açdığımız dərsliyin III-X fəsilləri, qaraqalpaq folklorundan bəhs edir. Kitabın səkkiz fəslinin şifahi xalq yaradıcılığı ilə bağlılığı ilk baxışda çox görünür. Lakin fəsillər boyunca səbr və diqqətlə zikr olunan xalqın folkloru ilə tanış olduqca N.Məmmədov-Tağısoyun heç də öz missiyasını yerinə yetirməkdə yanılmadığını görürük. Müəllif qaraqalpaq folklorunun təhlili və təqdiminə həmin xalqın dastan yaradıcılığı ilə başlayır. Möhtəşəm folklor abidəsi olan "Qırx qız" eposunun şərhinə doğru olaraq ayrıca fəsil həsr edir. Bu zaman həmin eposu çoxqatlı, çoxplanlı tarixi, etnoqrafik şifahi xalq yaradıcılığı nümunəsi kimi nəzərdən keçirir. Onun "Avesta", "Kitabi-Dədə Qorqud" kimi Azərbaycan ədəbiyyatı nümunələri ilə oxşar cəhətləri, həmçinin ana dilimizə tərcüməsi üzərində də dayanır. Sonrakı fəsillərdə qaraqalpaqların məişət-mərasim folkloru, atalar sözləri, tapmacaları, xalq nəğmələri, mərasimləri, inancları, musiqisi, tətbiqi sənəti, lətifələri, nağılları və s. folklor janrlarında yaranmış əsərləri barədə sadə, elmi və dolğun şəkildə məlumat verilir. Bu zaman biz mövzu obyekti kimi götürülən xalqın folklor dünyası, düşüncəsi və baxışları barədə yetərincə təəssürat və bilgi əldə edə bilirik.

 

Dərsliyin XI-XV fəsilləri qaraqalpaq yazılı ədəbiyyatına həsr edilmişdir. Yazılı ədəbiyyatın tarixini, əsas inkişaf tendensiyasını, mahiyyətini, ideya-məzmun və estetik qayəsini izləyərkən də alim öz təmkinli və məntiqli prinsipini qoruyub saxlayır. Qaraqalpaqların yazılı ədəbiyyatı XVIII yüzillikdən başladığına görə dərslik müəllifi XI fəsildə XVIII-XIX əsrlər qaraqalpaq ədəbiyyatını nəzərdən keçirir. Həmin dövrü haqqında danışılan xalqın yazılı söz xəzinəsinin təşəkkül və ilkin inkişaf mərhələsi kimi səciyyələndirir. Növbəti fəsildə isə XX əsr qaraqalpaq ədəbiyyatını mövzu və təhlil hədəfinə çevirir. Bu zaman doğru olaraq əvvəlcə xülasə şəklində XVIII, XIX və XX əsr qaraqalpaq ədəbiyyatının ümumi mənzərəsini canlandırır. Bu barədə qənaətbəxş təəssürat yaradır. Bundan sonra hər üç əsrin daha önəmli qələmə, yaradıcılıq məhsullarına malik aparıcı ədəbi simaları, başqa sözlə, öncül klassikləri barədə ayrıca oçerklər yer alır.

 

Müəllif doğru olaraq qaraqalpaqların yazılı bədii sərvətini ədəbi növlər üzrə də izləməyi unutmur. Dərsliyin XI-XII fəsillərində qaraqalpaq poeziyasının ümumi mənzərəsi və əsas simaları oxucuya təqdim edilirsə, XIII fəsildə qaraqalpaq nəsrinin təşəkkülü, formalaşması və inkişafı, XV fəsildə isə həmin xalqın dramaturgiyası və teatrı elmi təhlil süzgəcindən keçirilir. Bu zaman Nizami müəllim qaraqalpaqların dramaturgiya və teatrının təşəkkülü, inkişaf mərhələləri, onun özünəməxsus xüsusiyyətləri barədə dolğun, səviyyəli təfərrüata varır. Hər şeyi aydın və dəqiq rəngləri ilə verməyi bacarır.

 

Növbəti fəsillərdə (XVI-XVII fəsillərdə) qaraqalpaq folklorşünaslığının və ədəbiyyatçünaslığının həmin xalqın ədəbiyyatının inkişafında, öyrənilməsində və ümumiyyətlə, tarixi taleyindəki rolunu, mövqeyini, gördüyü xidmətləri canlandırır. Bu stixiyanı yerinə yetirərkən də silahı əsas hədəflərə yönəltməyi və sərrast atəş açmağı, hədəfləri dəqiq vurmağı bacarır.

 

Dərslik bizim üçün maraqlı və önəmli olan bir fəsillə yekunlaşır: "Qaraqalpaq - Azərbaycan ədəbi əlaqələri" adlanan bu fəsildə sərlövhədə qoyulan problem incələnir. Bu zaman alimin cəfakeşliyi, hər iki xalqın ədəbiyyatını yaxşı bilməklə yanaşı uyarlı paralellər aparmaq, onların bədii təfəkkür məhsulları arasında əlaqənin məzmun və mahiyyətini sağlam məntiqlə üzə çıxarmaq bacarığı da ortalığa çıxır.

 

Kitabın sonunda dörd dildə (Azərbaycan, rus, ingilis dillərində və Türkiyə türkcəsində) geniş həcmli xülasə də verilir. Bu xülasələr dərsliyin istifadə və oxucu arenasını daha da genişləndirir.

 

Nizami Məmmədov-Tağısoy "Qaraqalpaq ədəbiyyatı" dərsliyini ömrünün və elminin müdrik bir çağında ərsəyə gətirmişdir. Həmin müdriklik mötəbər, məzmunlu, faydalı və gərəkli bir dərsliyin - elmi-pedaqoji tədris toplusunun meydana çıxmasını şərtləndirən başlıca amildir ki, səy və cəfakeşliklə qovuşmuşdur. Biz bu yolda alimə yeni-yeni uğurlar arzu edirik.

 

Yaqub BABAYEV

Filologiya üzrə elmlər doktoru

525-ci qəzet.- 2016.- 19 yanvar.- S.8