Sonu ayrılıqmış...

 

 

 

Yoxdur sıramızda həkim Rəisə -

Ömür-gün sirdaşı Əlixeybərin.

Çəkdiyi əzablar dağ çəkdi bizə,

Sonu ayrılıqmış bütün səylərin...

 

Qarışdı torpağa... böyük dayımın

Birinci, ən gözəl nəvəsi idi;

Yükü çox ağırdır kədər payımın,

Son haray elə bil qu səsi idi.

 

Qədim məhəlləmiz "Köhnə bərə"nin,

Şöhrət kitabında - yüz alim, düha...

Heyf xəstələrə şəfa verənin,

Dadına yetmədi həb, dua.

 

Durdu keşiyində Ofelya bacı,

Ələddin qardaşın çallandı saçı;

Gəldi mərasimə min gözü yaşlı,

Sarvan, Qızılağac, Kükqaraqaşlı...

 

Toyunu gördüyüm ailənin

Vətənə töhfəsi - üç qız, üç oğul!

Tez-tez eşitmişik - dostlar da, mən :

"Mirzağa, afərin!", "Nəsibə, sağ ol!".

 

Xeyli istəyimiz-muradımız var,

Vaxt sanki tələsib vurur möhürü;

Ulu təbiətə iradımız var:

Niyə ədalətsiz paylayır ömrü?

 

Yoxdur sıramızda həkim Rəisə -

Ömür-gün sirdaşı Əlixeybərin.

Çəkdiyi əzablar dağ çəkdi bizə,

Sonu ayrılıqmış bütün səylərin...

 

 

Oqtay Rza

əməkdar müəllim

525-ci qəzet.- 2016.- 19 yanvar.- S.7