Əl saxlayın!

 

İlk övladımı qucağıma aldığım gündən düşünürəm, dünyamızın da elə bu körpə kimi bizim hamımızın qayğısına ehtiyacı var.

 

O vaxtdan səksən bir yaşımın bu gününə kimi vətənimə, övladıma, anama sevgi ilə dolu şeirlər yazdıqca, sahibsiz kimsəsiz qalan yer kürəsinə poemalar, şeirlər yazıram. Deyirəm, bəlkə səsimi eşidən olar.

 

 

Allah səhnə yaratmışdı

Fəzada Yer üzünü.

Tamaşaçı səyyarələr

bizdə görsün özünü.

Adəm, Həvva, bir İblis

Biri yaxşı, biri gözəl, biri pis...

Səhnə var, mövzu da var.

Qoyur bizi baş-başa,

Gedir gərgin tamaşa.

İnsanlar örüyüb-artır

Hər yerdə insan səsidir,

fəryadıdır, naləsidir.

Üz-üzədir xeyir-şər!

İnsanların minillərlə

yaratdığını dağıdır

öldürür, yandırır bəşər.

Kainatdan ulduzlar da

Göz qırpmadan baxır bizə

Burda isə

"Olum"-"Ölüm" səhnəsidir!

Hələ pərdə enməyibdi,

Qapanmayıbdı qapılar,

Əl saxlayın!!!

Savaş üçün çox kiçikdi Yer kürəsi.

Yaşamağa hər canlıya

Yer üzündə, yer tapılar!

Əl saxlayın!!!

 

17.01.2016

Fikrət QOCA

525-ci qəzet.- 2016.- 19 yanvar.- S.7.