sonum - darıxmaq
ayrılığın hər yerində qadın var,
hər yerində darıxmaq.
həm də insafsızca darıxmaq
əvvəl bütün bədəninlə,
sonra mesajlarda.
bir də var ölmək
gözdən irağ...
hamı gedirdi, gərək sən qalardın
sonsuza kimi öldürmək üçün.
unutmaq həm də sevməkdi
insafsızca.
hardasa sən varsan bədənimdə,
bir sən qədər unutmaqlıq.
demək ki, hələ ağrı var
demək ki, hələ uşağam, sadəlövhəm.
getməyinlə işim yox, unudulmaq istəyirəm
sənəcən unudulmaq.
mən səni unuda bilmirəmsə
and içirəm
yoxluğundan çox
varlığın qalıb
demək ki, tanıdığımız küçələr
var
haradasa kimsə bizi görəcəyindən
qorxduğumuz olmazlar
var.
bir küçə
unuda bilsəm
bir şəhər
ağlaya bilsəm
bir gecə heç kim olsam..
yoxluğuna bağışlansam..
sən üzüldüyümə
baxma
sonradan bir sən qədər sevərəm
bir sən qədər...
yenə də aldanmaq istəyirəm
bir şəhər
qədər
bir küçə
qədər
yenə unudulmaq istəyirəm sənəcən
bir küçə
qədər
bir şəhər
qədər
bir sən qədər...
bir sən qədər köhnəlikdi
hər şey,
tutunmağa yer yoxdu
ayrılmaq üçün
ən yaxşı yer idin.
sənə oxşarı
yoxdu, unutmaqlıqda
tövbə, bir də sən qədər
sevmərəm unutmaq üçün.
ümidlər də yox oldu,bir sən
kimi
bircə bu şəhərdə adamlar
xoşbəxtdi
uçucuq evlərin
damına nisbətdə
bağışlanmış tanrılar
günah axtarır
unutmaq,
sevmək...
və sevmək
heç də xoşbəxtlik deyil.
bir sən qədər köhnəlikdi
hər şey,
tutunmağa yer yoxdu
ayrılmaq üçün
ən yaxşı yer idin..
hardan biləsən...
sən elə getdiyin o an ki var ha...
necə sıxılmışam,
görməmisən heç.
az belə olmayıb həsrət çəkdiyim,
hələ ağrıları
demirəm sənə,
hələ sıxıntılar
bir yana qalsın
o qədər olub ki bundan betəri
sənin nə vecinə...
bu ağrılardan
o qədər deyirdin - unut, düzələr
vallah heç olmadı dediyin kimi.
üzümə gülənlər
çoxaldı təkcə.
əllərim ağrıdı
sənnən ötəri
bütün yoxluqlara
başım qarışdı
bir dəfə olmadı bundan xəbərin.
Bir də təsəvvür et, hər gecə ölmək
hər qapı səsinə, tək səni bilmək
bəzən də yanına it kimi hürmək
heç arzu etmərəm, irağ üzünnən...
durub uzaqlardan özünə baxmaq
büsbütün gün boyu səssiz darıxmaq
təkcə bunlardımı
- hardan biləsən...
Ruzbeh
GÜLÜMOV
525-ci qəzet.- 2016.- 19 yanvar.- S.7.