Taleyüklü milli məsələ -
Qarabağ mövzusu bədii publisistika müstəvisində
"1988-ci ildən başlayaraq yaranan gərgin siyasi vəziyyətin
təsiri nəticəsində publisistika ədəbi prosesdə
ön xəttə keçdi və publisistik əsərlərdə
Qarabağ mövzusu aparıcı rol oynadı. Çünki
"Qarabağ hadisələrinə müraciətdə əsas
fəal janr öncə publisistika olmuşdur-baş verənləri
təhlil, gözlənilən təhlükəni
proqnozlaşdırma və qarşısını alma yollarını axtarış onun əsas
xüsusiyyətlərini təşkil edir" (Elçin Mehrəliyev.
Azərbaycan ədəbiyyatında Qarabağ
mövzusu. Bakı: Nurlan, 2008, s. 307).
Bu dövrdə dünənin məkrli gizlinləri ilə
yanaşı sabahın gözlənilməz təhlükələrindən
xəbərdar etmək publisistlərin məqsədlərindən
birinə çevrildi.
Fəal mətbu
orqanlarımızdan olan "Azərbaycan" jurnalının
müxtəlif saylarında çap olunan Bəylər Məmmədovun
"Şuşanın dünəni, bu günü və
sabahı...", Hamlet Qocanın "Suyu kimlər
bulandırır?", Cahid Kərimovun "Şeytan əlinin
sığalı", Nizami Məhərrəmovun (Kazım bəy)
"Tehran 47: "Daşnaksütün" və Azərbaycan
taleyi", Səbahəddin Eloğlunun "Şəhidlərin
fəryadı", Nəriman Həsənlinin "Tayqulaq
"Xalq qəhrəmanı" və ya quldur Andronik...",
Vahid Məhərrəmovun "Tapqaraqoyunlu alınmaz bir qalaya
bənzəyirdi..", "Vəhşiliyin sonu
varmı?", "Əsirliyin dəhşətli günləri",
"Döyüşçü qızın cəbhə
gündəliyi", Nurəddin Qənbərin
"Gözün aydın Bakı, Xocalı Bakıya gəlir",
Yalçın Abbasovun "Müharibənin hər
üzü", Seyfəddin Altaylının "Qarabağ - Qərbi
Azərbaycan və erməni iddiaları", Əbülfət
Qasımovun "Genosid" və s. yüksək vətəndaşlıq
qayəsi ilə qələmə alınan bu publisistik əsərlərdə
vətən və insan problemləri ön plana çəkilir.
Qarabağ mövzusunda yazılmış bu əsərlərdə əsas problemi ermənilərin
torpaq iddialarının tarixi kökü və erməni
genosidinin ifşası, müharibə və onun dəhşətli
faciələri fonunda hüznlü, dərin kədərli
psixologizm, müharibənin məğlub olma səbəblərini
araşdırmaq təşkil edir. E.Mehrəliyevin
yazdığı kimi, Qarabağ mövzusunda
yaradıcılıq nümunələri arasında
oçerklər, gündəliklər, yol qeydləri, xatirələr,
xüsusilə üstünlük təşkil edir ki, bu da qeyd
etdiyimiz səbəblə, gerçəkliyin və publisistlərimizin
dövrün sənədli salnaməsini yaratmaq məramı və
səyləri ilə bağlıdır.
Publisistlər qələmə aldıqları əsərin
bədii keyfiyyətlərini təmin etməklə
yanaşı, ictimai-təsir qüvvəsini də
artırır və həmin əsərlərdə publisistik
mühakimə strukturunda tarixi faktoqrafiyaya meyllilik
güclüdür. Qarabağ mövzusunun əsasını
tarixi zaman baxımından erməni
işğalçılarının torpaq iddialarının
baş qaldırdığı dövrə təsadüf
etdiyindən mövzunun əsas leytmotivi Qarabağ müharibəsi
təşkil edir. Publisistlərin erməni
işğallarının tarixi kökünü tapmaq istəyi,
milli təəssübkeşlik Qarabağın keçmiş
tarixinə nəzər salmağa vadar etdi. Müharibənin ilk illərindən "Azərbaycan"
jurnalında çap olunan publisistik əsərlər-oçerk,
məqalə, cəbhə gündəliyi və xatirələr
hələ qələmi püxtələşməmiş döyüşçülərə
məxsus olsa da, bu əsərlərdə cəbhə bölgələrindəki
qanlı hadisələrin tarixi xronikası əks olunub.
"Azərbaycan"
jurnalının 1988-ci il 2-ci sayında çap olunan Bəylər
Məmmədovun "Şuşanın dünəni, bu
günü" oçerkində müəllif
Şuşanı "Azərbaycan musiqisinin beşiyi" kimi
adlandırması XVII əsrdən bu yana dəyişən
iqtisadi münasibətlər fonunda Şuşanın
keçdiyi inkişaf tarixini nəzərdən keçirərək
dövrün ziddiyyətli mənzərələri
qabardır, ancaq Sovet hakimiyyət illərində
Şuşanın sosial mədəni sərvətinin ləkələnməsi,
əhalinin sürgün edilməsi, maddi və mənəvi
itkilərə məruz qalan şəhərin acı mənzərəsi
publisisti qələmə sarılmağa vadar edirdi.
Publisist
Cahid Kərimovun "Şeytan əlinin sığalı"
məqaləsində ömrünün 50 ildən çoxunu
ermənilərin içərisində olmuş, bədxahların
tutduğu mənfur əməllərinə yaxından bələd
olan müəllifin şahidi olduğu, izlədiyi mətbuat
nümunələri, konkret tarixi faktlardan qaynaqlanırdı. Jurnalist ermənilərin genosid siyasətinin tarixinə
nəzər salır, şəxsi fikir müstəvisindən
analitik təhlil aparır, genosidin tarixini 1917-1920-ci illərdə
400 mindən çox azərbaycanlıların
öldürülməsi ilə bağlayır. 1988-ci ildə Dağlıq Qarabağın Azərbaycandan
ilhaq edilməsini, Ermənistandan azərbaycanlıların
köçürülməsi, özünün də Xankəndindən
köçkün düşməsinin səbəbkarı
öz rəhbər başçılarımızın
tutduqları vəzifəyə qarşı biganə
münasibətində görürdü. "Xalqımın
ixtiyar sahibi olan oğullar vaxtında başısoyuqluq,
laqeydlik göstərməsəydilər, hadisələr
açıq gözlə, iti ağılla baxıb qiymət
versəydilər, indiki hadisələr də olmazdı".
Nizami Məhərrəmovun
"Tehran 47: "Daşnaksütün" və Azərbaycanın
taleyi" publisistik məqaləsində ermənilərin
Dağlıq Qarabağla bağlı iddialarını 1947-ci
ildə 24 oktyabr tarixində Tehranda keçirilən erməni
məhkəməsi ilə bağlayır. Dağlıq
Qarabağla bağlı iddiaların tarixi kökü publisist
daha çox düşündürür, problemin həlli
yoluna keçmədən birbaşa analitik təhlil aparır:
"Məqsədyönlü və
qarşısı-alınmaz "Böyük Ermənistan"
dövlətinin yaradılması təbliğatı
keçmiş Sovetlər Birliyində erməni kommunistlərinin
sıravi ermənilərin və onların tərəfdarlarının
xaricdə isə bütün ermənilərin və yenə də
onların tərəfdarlarının beynini
dumanlandırmış, onları bu xülyavi məqsədə
nail olmaq üçün əməli işə keçməyə
sövq etmişdir". Publisist erməni vəhşiliklərinə
qarşı yanaşmada tam olaraq emosiyaya qapılıb faktdan kənara
çıxmır.
Publisist Nəriman Həsənəlinin "Tayqulaq
"Xalq qəhrəmanı" və ya quldur Andronik" məqaləsində
müəllif tarixi sənədlərə istinad edir. Minlərlə
igid azərbaycanlı oğullarının qanına bais olan
ermənilərin milli qəhrəmanı quldur Andronik
Torosoviç Ozanyanın əsl simasını,
satqınlığını, fitnəkarlığı
ifşa olunmuşdur. Ancaq publisisti ən çox
düşündürən aspekt unutqanlıq problemidir: "Bəs
deyilmi unutqanlığımız? Bu yazıda bir cəhəti
də xatırlatmaq istəyirəm, görün biz onda necə
döyüşkən millət idik, yaba, balta, qazma ilə nələr
edirdik! İndi isə..."
"Azərbaycan"
jurnalının 2005-ci il 6-cı sayında
çap olunan Seyfəddin Altaylının "Qarabağ-Qərbi
Azərbaycan və erməni iddiaları" məqaləsində
müəllif Qarabağ adının etnonimi, buranı
işğal edən ermənilərin kökünə tarixi
aspektdən yanaşıb şəxsi mülahizələri ilə
müxtəlif faktlara istinad edir. Belə qənaətə
gəlir ki, ermənilər çox hissəsi alban türkləridir.
Müxtəlif səbəblərdən Anadoluya,
oradan Azərbaycana yerləşdirilən ermənilərin
kökü haylardır. Məlum olur ki, ermənilik
etnik mənşə deyil, vahid bir dini çətir altında
toplanmış müxtəlif etnik birliklərin süni şəkildə
homogenləşdirilərək mənimsənilməsi nəticəsində
millət adını almasıdır.
Publisist
Əbülfət Qasımov "Genosid" məqaləsində
Azərbaycan torpaqlarında etnik təmizləmə aparan ermənilərin
tarixi kökünü araşdırmış, İ.Dyakonov,
M.Abeqyanın qənaətlərinə istinad edərək belə
nəticəyə gəlir ki, ermənilər yunan və
frakiyaların əcdadları ilə yaşamış, orada
Kiçik Asiyaya gəlmiş, erməni çarlığını
Böyük Tiqranın dövründə (e.ə. 95-96-cı
illərdə) yaratmış, XVIII-XIX əsrlərdə Rusiya
imperiyasının təcavüzkarlıq siyasəti nəticəsində
Cənubi Qafqaza köçürülmüşdür. Publisist ermənilərin Azərbaycana qarşı
düşmənçilik fəaliyyətini aktiv və passiv
dönəmlərini xüsusi vurğulayır. Əslində publisistin tarixi prosesə zərər
vuran amilin tarixi kökünü araşdırması, predmetə
düzgün yanaşması kimi doğru qənaətidir.
Çünki məqalənin sərlövhəsindəki
"Genosid" aktı tarixi bir faktdır. Bu fakt "Türksüz Ermənistan" siyasəti
həyata keçirən ermənilərin 1905-1907-ci illərdə,
1917-ci ildə Qarabağ, Naxçıvan, Qubada, Bakıda azərbaycanlılara
qarşı qırğınlarda öz təsdiqini tapır.
Ə. Qasımov digər məqalə müəlliflərindən
fərqli olaraq xarici mətbuat orqanlarından, tədqiqatçılarından
sitatlar verərək istinad edir. Müəllif həmin
dövrün deportasiyalarına səbəbkar rəhbərliyin
dövlət başçılarının Moskvanın diktəsinə
xidmət etməkdə görürdü: "Ancaq nə
keçmiş Sovet hökuməti, nə də Moskvanın əlində
oyuncağa çevrilmiş Azərbaycan rəhbərliyi separatçıların
cinayətkar əməllərinin qarşısını almaq
üçün gerçək iş görmürdülər".
Müəllif soyqırım siyasətində ulu öndər
Heydər Əliyevin siyasi mövqeyini təqdir edib dəstəkləyir:
"2001-ci ildə 31 Mart-Azərbaycanlıların
Soyqırımı Günü münasibətilə xalqa
müraciətində Prezident Heydər Əliyev haqlı olaraq
bəyan edirdi ki, "öz ağırlığına,
miqyasına və nəticələrinə görə,
xalqımızın başına gətirilən müsibətlər
həm də bəşəriyyətə qarşı cinayətlər
kimi xarakterizə olunmalı, beynəlxalq hüquqi-siyasi qiymətini
almalı, onun ideoloqları və təşkilatçıları
layiqincə cəzalandırılmalıdırlar".
Ümumiyyətlə, Qarabağ mövzusunda
yazılmış məqalələrdə publisist mövqeyi
dəqiqdir.
Olum və ölüm, fəryad və həsrət, can qorxusu
ilə müharibə vəziyyətində yaşayan insanlarda
dərin psixologizm öz kanonik rolunu oynayır. Müharibənin
dəhşətli günlərini, faciəviliyi ilə
yaşanan cəbhədə vuruşan əsgər və zabitlər
deyil, erməni daşnaklarının əlində günlərlə,
aylarla fiziki və mənəvi cəzalara, təhqirlərə
məruz qalan, hər əhvalatlarında acı fəryadlı
dərin psixologizmlə müşayiət olunan azərbaycanlı
əsir düşmüş vətəndaşlarımız
idi. E.Mehrəliyev göstərir ki,
Qarabağ mövzusunda yazılan zəngin bədii-publisistik
nümunələr silsiləsində baş verən faciəvi
hadisələr haqqında bilavasitə şahidlərin
çıxış etməsi bədii fikrin dövrün həqiqətlərinə
sədaqətini əks etdirir".
"Azərbaycan"
jurnalının 1997-ci il 5-6-cı saylarında çap olunan Səbahəddin
Eloğlunun "Şəhidlərin fəryadı" xatirə-oçerki
müəllifin cəbhə bölgələrində çətin
şəraitdə gəzib topladığı materialları
qaniçən, qəddar ermənilər tərəfindən
hər cür tükürpədici işgəncələrə
məruz qalan azərbaycanlı əsirlərin dilindən
danışılan, yaşanmış hadisələrin məcmusudur.
İnsanın qanını donduran bu hadisələr: əsir
düşmüş azərbaycanlıların
gözünün çıxarılması, qocaların diri-diri
yandırılması, müxtəlif təhqiramiz hərəkətlər,
fiziki cəzalar, əsirlərin başlarının kəsilməsi
türk kişisinin bıçaqlanıb ermənilərin
ziyafətində "Aşot" tamaşasına çevrilməsi,
qızların vəhşicə-sinə dərisinin
soyulması, əsirlərin sağ gözünün
çıxarılıb böyük valyuta dəyərində
satılması, müxtəlif cəza növləri-gürzə
cəzası, insanların odun kimi doğranılması, əsirlərə
duz yaladılması, damarlarına salyarka, spirt turşusu, donuz
odu vurulması, qadınlarımızın Cıdır
düzündə güllələnməsi, əsirlərin
dişlərinin çəkilməsi, qurğuşun
tökülüb yandırılması və s. minlərlə
ağlasığmaz dəhşətlərin banisi ermənilərin
tarixdə misli görünməmiş erməni genosidini
sübuta yetirən əsaslı dəlillərdir. Ağlın və hissin, qürur və
zorakılığın qarşılaşdığı,
zülmün ərşə çəkilib dəhşətli
səhnələrdə sözün belə deməyə bəzən
gücü yetmir.
"Azərbaycan"
jurnalında çap olunan Qarabağ mövzusundakı məqalə,
oçerk, gündəliklərdə konkretliyi, sənədliliyi
və informasiya zənginliyi ilə peşəkar, qeyri-peşəkar
müəllifə məxsus olmasından asılı olmayaraq tək
cari zamanın deyil, gələcək nəsillər
üçün ideoloji təbliğat funksiyasını yerinə
yetirmək üçün çalışırdı, digər
tərəfdən bu zamanın və sosial sifarişin tələbi
idi. Müstəqillik dövrünün
müharibə mövzusunda olan publisistikası daha çox
müharibə yaşamış şəxslərin dilindən
söylənilən əhvalatlara əsaslanır. Hərbi
jurnalist Vahid Məhərrəmovun "Azərbaycan"
jurnalında "Qarabağ:
ağrı-acılarımızın salnaməsi"
başlığı altında gedən silsilə məqalələrin
yazılmasının başlıca məqsədi gələcək
nəsillər üçün yaddaş, yaşanan tarix
haqqında məlumat qoyub getmək istəyi dayanır. Vahid Məhərrəmovun "Tapqaraqoyunlu alınmaz
bir qalaya bənzəyirdi" adlı oçerkində hadisələrin
cərəyan etdiyi Tapqaraqoyunlu ermənilər tərəfindən
işğal olunmuş, uğrunda şəhidlər
verilmiş, yüzlərlə insanı narahat buraxmış,
sonda azad olunmuş Goranboyun kəndidir. Tapqaraqoyunlunun
doğmalıq, imtinaolunmaz sevgisi həmin kəndi tərk edən
sakinlərin dərin psixoloji hisslərində öz
inikasını tapır: "Təhlükədən bir təhər
sovuşub evindən televizoru çıxarıb gətirən
kənd sakininin gözündən sevinci sezməmək olmur. Motosikllə kənddən çıxıb gələn
qadın da apardığı düyüncəkdən möhkəm
yapışıb ki, yerə düşməsin. Bu ürəkağrıdan mənzərələrə
baxmaq olmur. Dəhşətdir!".
"Qarabağ:
ağrı-acılarımızın salnaməsi"
başlığı altında gedən məqalələr
silsiləsinə daxil olan Vahid Məhərrəmovun
"Barıt qoxulu sətirlər" məqaləsində
barıt qoxulu, odlu, alovlu Qarabağ müharibəsinin hər
cür dəhşətli anlarını yaşamış
insanlarla həmsöhbət aparan bu acıları ürək
ağrısı ilə oxucusuna
çatdıran müəllif özüdür. O, Avropa və
ABŞ-dan gələn jurnalistləri Zəngilana aparıb
dünya ictimaiyyətini doğma torpağında baş verən
gərgin hadisələrlə tanış
edən vətənpərvər vətəndaşdır. Erməni
əsirləri ilə həmsöhbətlərində əsirlərə
qarşı törədilən cəzalar barədə
müqayisəsi erməni nasizmi haqqında doğru qənaət
formalaşdırır: "Zülm o həddə
çatır ki, qeyrətli oğullarımız təhqir
olunmaqdansa, özlərini öldürməyi daha şərəfli
bilirlər. Amma sən burada yeyib-içirsən,
istirahət edirsən". Bütün
törədilən dəhşətləri gördükcə
jurnalist pessimist ruha qapılmır, qələbəyə
doğru ümidini itirmir.
Publisistikada
Qarabağ müharibəsinin könüllü qadın qəhrəmanlarının
şücaəti
gələcək nəsillər üçün
tarixi yaddaş kimi saxlanılan əsərlərin vətənpərvərlik
hissinin bədii gücünü daha da artırır.
Müharibənin könüllü qadın qəhrəmanı
V.Məhərrəmovun "Azərbaycan" jurnalının
1998-ci il 9-cu sayında gedən "Vəhşiliyin
sonu varmı?" oçerkindəki "Azərbaycan
bayrağı ordeni" laureatı Məleykə Əhmədovadır.
Onun doğma yurdu Ermənistan ermənilər tərəfindən
işğal olunmuş, 3 qardaşını müharibədə
itirmiş, ermənilərə qarşı duyduğu dərin
nifrət hissinin təsiri nəticəsində cəbhə
döyüşçülərinə fayda vermək
üçün Ağdam qospitalında tibb bacısı kimi
işləməyə gedir. Jurnalistin Məleykənin
yaşadığı, dağınıq yaddaşa söykənən
həyat hekayəsini çatdırmaqda məqsədi gələcək
nəsilləri yaşamış dəhşətli müharibə
tarixindən agah etməkdir.
Digər qadın qəhrəman Vahid Məhərrəmovun
"Döyüşçü qızın cəbhə
gündəliyi" xatirə-oçerkindəki tibb
bacısı Tahirə Rizvan qızı Kazımovadır. O, Qubadlı rayonundan
köçkün düşsə də, uşaqlıqdan hərbi
işə böyük marağı olan, müharibədə
könüllü iştirak edərək əsgərlərin
yaralarına məlhəm qoymağı üstün tutur. Tahirəni
bir xarakter kimi örnək şəxsiyyət edən cəhəti
onun şan-şöhrət, qəhrəman adı qazanmaq,
yaxud da, hansısa təmənna gözləməmək məqsədi
daşımasıdır: "Bu gün torpaq, vətən təəssübü
çəkən hər bir kəs silaha sarılıb
torpaqlarımızın müdafiəsinə
atılmalıdır. Əzab-əziyyət
çəksəm də, çətinliklərlə üzləşsəm
də, bütün bunlar ürəyimcədir, mənə
xoş gəlir. Çünki bu yolu mən
özüm seçmişəm. Mənasız
ömür sürmək istəmirəm".
Vahid Məhərrəmovu müharibənin məğlubiyyət
səbəbləri çox düşündür. Alınan cavab
demək olar ki, eynidir. Alternativ
döyüşçü qüvvəsinin olmaması,
dövrün rəhbər başçılarının
tutduqları vəzifəyə sədaqətlə xidmət
etməməsi kimi səbəblər mübarizədə qələbənin
bizim əleyhimizə həll olunmasına gətirib
çıxarırdı: "Yaralanan
döyüşçülərimizi isə əvəz edən
yox idi. Odur ki, qüvvəmiz getdikcə
azalırdı. Bütün bunlarsa əməliyyatın
uğurlu gedişinə mənfi təsir göstərdi".
Nurəddin Qənbərin "Gözün aydın
Bakı, Xocalı Bakıya gəlir" xatirə-oçerkində
müəllif Xocalının yerlə-yeksan olunmasının səbəbkarı
kimi mövcud müharibə şəraitindən şəxsi
qazancları üçün istifadə edən, vətəndaşlıq
hisslərindən məhrum olmuş dövlət məmurlarında
görür.
"Böyük qardaşımız"ın
verdiyi vertolyot Xocalıya enə bilmədi. Bakı
Xocalıya gedə bilmədi, Xocalı Bakıya gəlir,
gözün aydın Bakı! Ona görə ki,
aşağıda "Böyük
qardaşımız"ın 366-cı alayı fəsad
qurubmuş, ona görə ki Gəncədəki rus polkovniki ilə
366-nın polkovniki öz aralarında
razılaşıblarmış. Ona görə
ki, Ağdamdakı bir-biriylə didişən, dartışan
bölük-bölük dəstələrin
özbaşınalıq edən nadan
başçılarının sözləri bir-birinə
düz gəlmirdi".
Hamlet
Qocanın "Suyu kimlər bulandırır" məqaləsində
müəllifi uzun illərdən bəri müxtəlif
böhtanlarla dünyanın müxtəlif bölgələrində
torpaq iddiası ilə çıxış edən ermənilərin
mətbuatda Dağlıq Qarabağın ərazilərinin
adlarını özünküləşdirmə siyasəti,
buna şərait yaradan bizim rəhbər orqanın susmaq
mövqeyini tutması publisisti kinayə dolu suallar verməyə
məcbur edir: "İki ilə yaxın bir vaxtda
respublikanı və bütün ittifaqı narahat edən bir
yığın fitnəkarın çıxartdığı
siyasi hoqqabazlığa ərköyün uşağın
şıltaqlığına baxan kimi baxırlar. Bu ərköyünlüyün günahsız
insanların qanına bais olsa da, "şıltaq
uşağı" tənbeh etmək fikrinə gələn
yoxdur. Elə bil "şıltaq
uşaq" ailə başçısının himayə və
rəğbətinə arxalanır".
Qarabağ mövzusunda yazılan əsərlərdə diqqəti çəkən məqamlardan biri vətəndaş ruhunun sındırılmasına xidmət edən psixoloji müharibə üsuludur. Yalçın Abbasovun "Müharibənin hər üzü" məqaləsində diqqəti çəkən məqam informasiya müharibəsinin bir növü olan döyüşçü ruhunun sarsıtmaqdan ötrü istifadə edilən taktikadır: "Yadımdadır, o vaxt söz-söhbət yayıldı ki, ermənilərlə danışıqlarda onlar sülh əvəzinə Ağdərə rayon mərkəzini istəyirlər, biz tərəfdənsə Şuşa və Laçın rayonlarının qaytarılması şərt qoyulub. Bu deyilənlərin inandırıcı olmaması qənaətində idim. Ən azı ona görə ki, yayılan hər söz-söhbəti ciddi qəbul etmək olmazdı". Əslində bu cür məlumatlar müasir İnformatika elmində işlənilən "informasiya müharibəsi" termininin qaynaqlarından biridir. İnformasiya müharibəsinin yeddi formasından biri psixoloji müharibədir ki, bu da təbliğat, beyinlərin yuyulması ilə vətəndaş ruhunun sındırılmasına xidmət edir. Bu cür psixoloji təsir üsullarından digər məşhur sərkərdələr (Makedoniyalı İsgəndər, Əmir Teymur və b.) tərəfindən də istifadə edilmişdir.
Zaman ötdükcə dərinləşməkdə olan siyasi proseslər və bu hadisələri özündə əks etdirən Qarabağda və onun ətrafında baş vermiş hadisələr ətraflı şəkildə dərk olunur, bu isə öz növbəsində publisistikada yaradıcılıq axtarışlarının güclənməsinə, hadisələri tam anlamı ilə əhatəli miqyasda və mahiyyətdə geniş təsvirinə stimul verir. Qarabağın taleyi-vətən taleyi anlamında şərh edilir, yurda-ocağa sədaqət ilə etinasızlıq, milli ruh, etnoqrafik yaddaşla manqurtluq, vətəndaş cavabdehliyi ilə biganəlik qarşılaşdırılır, xalqın nicatı naminə milli birlik, əsl azərbaycançılıq ideyaları önə çəkilir.
Böyük vətənpərvərlik hissinin aşılanmasına ehtiyac duyulan müasir cəmiyyətimizdə Qarabağ mövzusunda yazılmış publisistik məqalələrin böyük əhəmiyyəti var. Bu əsərlərin ədəbi-tarix metodologiyası əsasında tədqiqata cəlb etmək müasir ədəbiyyatın başlıca vəzifələrindən biri olaraq qalmaqdadır.
Aynurə PAŞAYEVA,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı
525-ci qəzet.- 2016.- 19 yanvar.- S.6.