Qanlı Yanvar:
Xalqımızın qan yaddaşı
Naxçıvan Dövlət Universitetində
(NDU) 20 Yanvar faciəsinin
26-cı ildönümünə həsr olunmuş "Qanlı Yanvar: Xalqımızın qan yaddaşı" mövzusunda
tədbir keçirilib.
Azərbaycan xalqının milli müstəqilliyi uğrunda qurban getmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı".
Bu fikirləri tədbirdə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov səsləndirib. Rektor bildirib ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəlib, 20 Yanvar hadisələrinə siyasi qiymət verilib. Məhz Ulu Öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olunub.
Tədbirdə İqtisad fakültəsinin dekan müavini, dosent Teymur Abbasovun "Xalqımızın qan yaddaşı", Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynovun "20 Yanvar faciəsinin tarixi", tələbələrdən Heydər Əliyev adına təqaüdçü Nəsrin Əliyeva "20 Yanvar faciəsi gəncliyin yaddaşında", Zeynalabdin Cəfərov "20 Yanvar xalqımızın qürur və şərəf abidəsidir" mövzularında məruzələr ediblər.
Tədbirdə qısametrajlı film nümayiş etdirilib.
Mina QASIMOVA
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı
525-ci qəzet.- 2016.- 20 yanvar.- S.8