Hüznün və qəhrəmanlığın
poetik abidəsi - "Ağla,
qərənfil, ağla"
20 Yanvar hadisələrinə kəskin etiraz ruhunda yazılmış poetik nümunələrdən biri də unudulmaz şairimiz Məmməd Aslanın "Ağla, qərənfil, ağla" əsəridir.
Hər bir vətəndaşımıza əsl
yaddaş ağrısı
kimi təqdim olunan bu əsər
dəfələrlə şairin
müxtəlif kitablarında
işıq üzü
görsə də,
ilk dəfə ayrıca
kitab halında
2014-cü ildə nəşr
edilib. Həmin nəşrin ön sözündə Eldar Kərimov yazır: "Ağla, qərənfil, ağla" 1990-cı il 20 Yanvar faciəsi haqqında, şəhidlərimizin xatirəsinə
həsr edilmiş ilk şeir oldu. 20 Yanvar faciəsinin
ertəsi günü yazılan şeir xalqımızın başına
gətirilən müsibəti
tam açıqlığı ilə ortaya qoydu və tez
bir vaxtda dillər əzbərinə
çevrildi.
Həmin şeirlə, günahsız
insanlara mərhəmət
edilmədən işlədilmiş
bu cinayət sadəcə tarix kitablarının səhifələrində
deyil, həm də Azərbaycan xalqının yaddaşına
həkk olundu". Sitatda da
qeyd edildiyi kimi, bu əsər
yazılarkən şeir
adlandırılıb. Lakin əsərin həcminə
və problematik yükünə görə
bu şeiri poema kimi təqdim
edə bilərik.
Müəllif özü əsərə
"Qərənfil - şəhid
qanı" başlıqlı,
nəsrlə, giriş
də yazıb. Həmin girişdə dörd dənə beş misralıq
bəndlər də
var. Amma şair etiraf edir ki,
"Qanı axıdılmış
yaralara- istər insan olsun, istər
torpaq, istərsə də yolkənarı ağacların qol-budağı
- ümumiyyətlə, bu
yaralarımıza məlhəm
kimi qoyulan qərənfillərə bir
şəhid qanı kimi baxdım. Balalarımıza yuxarıdakı misralarla
yas saxladım. Ana-bacı dilindəki
yas nisgilinin ağrı-acısının yerini
verə biləcək
ifadə aradım.
Xalq dilindəki nisgilli bir sözü telləndirib, qəlbimə
dolan dərdi boşaltmaq istədim".
Məlum olur ki, şeir "Dağlara gün düşübdü: Açıl,
bənövşəm, açıl"
və onun əksi olan "Dağlara qar düşübdü: Yumul,
bənövşəm, yumul!.." misralarının ahənginə uyğun qurulub. Belə ki, gəraylı
şeir şəkli kimi qafiyələnən bu əsər yeddi hecalıdır.
Səbəbini yazar belə
açıqlayır; "Bu şeirdən ikinci dəfə yararlanıb bayatı dili ilə şəhidlərimizə
yas saxlamaq istədim".
İlk baxışdan
lirik şeirlər toplusu kimi görünən
bu əsər özünəməxsus daxili
süjetə malik bir poemadır. Belə ki,
şair əsərin başlanğıcında göylərin-
tanrının məskəninin
qarışıq olduğunu
xatırlatmağı unutmur.
İkinci bənddən aydın
olur ki, bunun səbəbi "sirr düyünlü kisə"lərə görə
"dünyada vəsvəsə"
olmasıdır. Bu vəsvəsə isə məhz "bu gecə nəsə" olacağına eyham vurur. Sonra şair bu ifrit, nifrət gecəni "qudurmuş bir it gecə" kimi təqdim edir. Çünki "gecə fitnə
toxuyur". Elə
bu zaman şairin verdiyi "Kim yazır, kim
oxuyur?!" sualı ekspozisiyanı-girişi tamamlayır.
Yada "Cırtdanın
nağlı"ndakı divin
sualı düşür:
"Kim yatıb, kim oyaq?!" Yatanlara oyaqlar elə bir divan tutdular ki, neçə illərdir həmin cinayətkarların cəzalandırılması
xəlbirlə gətirilən
suya bənzəyir.
Amma Cırtdan öz yoldaşlarını xilas
etmək üçün
oyada bilmir. Azğınlaşmış divə bənzəyən
Sovet ordusu xalqın qanını elə axıdır ki, o qanı xəlbirlə də daşımaq mümkün
oldu. Şair isə qan qoxuyan bu gecəni
cəllad, zülmət,
zillət gecə deyə lənətləyərək
zavyazka mərhələsinə
keçir.
Orijinal bir düyün vurulur. Bu gecəni belə fərqli, özünəməxsus
olmağa vadar edən Sovet qoşunu Göy qübbəsini yerə çökdürərək, hönkür-hönkür
ağlatmağı bacarır.
Qırmızı imperiya ordusunun
törətdiyi bu qırğın "sanki
dünya dağılır"mış
kimi təsir bağışlayır. Ona görə
ki, "bu gecə şər doğulur". Bütün bəşər
bu doğulan şərin necə meydan açdığını
görüb donuxub.
Belə bir hadisənin səbəbkarı
ola biləcək
gecə qurşun da, qanlı qoşun da doğa
biləcək gücə
malikdir. Bu gücün
harada istifadə edildiyini göstərməklə
şair əsərin kuliminasiya nöqtəsini müəyyənləşdirməyə nail olur. Həmin gücün istifadə
ediləcəyi obyekt əliyalın xalqımızdır
ki, onun üstünə "tank gəlir
dəstə-dəstə". O tankların "yoluna güllə çıxsaq"
da, "əvəzi: güllə ancaq!" Lakin hara qaça bilərik, gedəcəyimiz
yer yox. Əlacı kəsilən şair tarixi qəhrəmanları
imdada səsləyir.
Qarabəkirdən soraq çıxmayanda,
"Gəlməzmi Ənvər
paşa"- deyə sual verir. Elə Nuru paşa da qardaş harayına yetmək üçün gecikir.
Bu mərhələdən sonra yazar razvyazkaya
keçir. Vurğulanır ki, bu "düşünülmüş
planlar" mütləq
gerçəkləşdirilməliydi.
Məmməd Aslan qırğının niyəsini
də açıqlayır:
Qırırlar-bizik deyə!
Haqqına düzük deyə!
Astarsız üzük deyə,
Ağla, qərənfil, ağla!
Bircə an da kəsilməyən güllələrdən ev-eşiklər gülləbarandır, gənclər, qocalar isə qurşuna tuş gəlir. Nədənsə, şair əsl günahkarların sırasına "Doxsan bizə nəhs gəldi"- deyə tarixi də əlavə edir. Belə bir tarixi fəlakəti yaşamağa məhkum edildikdən sonra bütün ümidlər üzülür ki, "çətin çıxaq sabaha..." Haqqa pənah gətirənlərin necə pənahsız qalması günahları qurşağa çıxartdı. Heyrətdən donmuş şair, özünü itirsə də, soruşmağa macal tapır ki: "Can gedib, cəsəd hanı?!" Bəs öldürülənlərin meyitləri haradadır?! Axı açıq-aşkar görünür ki, "Qan götürdü dünyanı..." Cavanları da tanklar altında qoymaqdan həzz aldılar. O nakamların analarına isə yalnız sinələrini yırtıb, saçlarını yolmaq qaldı. Onların övladlarının qanıyla Abşeron qan dənizinə döndü. Şəhidlərə bacı olan qərənfil də ağlamaqdan başqa neyləyə bilərdi ki?! Çünki "Gözəllər gözəl ağlar".
Əsərin sonlarına yaxın şair qərənfilə "Ağla öz dərdinə də" deməyi unutmur. Xatırladır ki, artıq qərənfil bilməlidir ki, "Al qanıma batmısan". Bununla da qərənfil özünü xonçalarda gülməkdən, toylarda gəlməkdən məhrum etmişdir. Hər gözə qərənfil dəyəndə yada yalnız o gecə düşər. Axı həmin gecə toyu yasa çevrilən qızlarımız da oldu. Finala yaxın şair qərənfili hər şey üçün ağlamağa çağırır. Onun da bircə səbəbi var: "Xeyirə şər üstün gəldi".
Təqdim etdiyimiz kimi bu əsərə diqqətlə nəzər salanda onun ciddi süjet xəttinə malik, lirik olsa da epik hadisələri sərgiləyən bir poema olduğu qənaətinə gəlirik.
Gülnar
SƏMA
525-ci qəzet.- 2016.- 20 yanvar.- S.8