Adını bilmədiyim 20 Yanvar şəhidi
1990-cı
il təzə girmişdi. Həyəcanlı
günlər yaşayır, Qarabağ düyününün
açılmasını gözləyirdik. Hələ ümid edirdik ki, ərazi
bütövlüyümüz toxunulmaz qalacaq, problem
xalqımızın xeyrinə həll olunacaq, həqiqət zəfər
çalacaq.
Sov.İKP
Mərkəzi Komitəsi sərhədlərin
toxunulmazlığı baxımından səhvə yol
verildiyindən bu səhvi düzəltməyə
çalışacaq və il uğurla
başa çatacaq. Meydan hərəkatı, arxivlərdən
tapılmış tarixi sənədlər, mürgüləyən
yaddaşımızı oyadaraq ermənilərin Azərbaycan
torpaqlarına köçürülməsinin heç iki yüz
olmadığını sübut edən Şavrovun,
Veliçkonun, Qriboyedovun sənədli kitabları ümid
verirdi ki, Stepanakertdə "muatsum-miatsum"
qışqıraraq mitinqlər keçirən faşist millətçilər
ağıllarını başlarına yığacaq və
iki millət yenidən dinc şəraitdə qonşuluqda
yaşayacaq. Mahnıda oxunduğu kimi,
"qardaş olub Hayastan-Azərbaycan". Lakin bədnam gəlmə qonşular
"özümə yer edim, gör sənə nə edim"
misalındakı kimi XX əsrdə bir neçə dəfə
xaincəsinə minlərlə azərbaycanlını qətlə
yetirib, torpaqlarımızı arxalı köpək kimi zəbt
edə bildi. Bu azmış kimi,
bütün dünyaya özlərini türklər tərəfindən
soyqırıma məruz qalmış zavallı xalq kimi
tanıtmağa başladılar.
Torpaq zəbt etməyin, özünə vətən
yaratmağın ən naqis yolunu seçərək bu gün
də dünyada türklərə meydan oxuyur. Azərbaycandan
qopardığı ərazilərlə hələ də
gözü doymayan qəsbkarlar indi də Naxçıvana
göz tikiblər.
Yola saldığımız keçən ildə Ermənistanın
prezidenti S.Sərkisyanın Yerevanda gənclərlə
keçirilən görüşdə dediyi "Biz
Qarabağı aldıq, Naxçıvanı isə siz
almalısınız" sözləri bizlərə
düşmənin iştahasının böyük
olduğundan xəbər verir. Naxçıvanda bizim az qala yaşı min ilə çatan anamız
Möminə Xatunun türbəsi, Yusif Qeseyirin abidəsi və
s. kimi daş pasportlarımız, şəxsiyyət vəsiqələrimiz
mövcuddur.
Ermənilər 2015-ci ildə soyqırımın 100
illiyini qeyd etməklə dünya ictimaiyyətinə saxta
soyqırımı qəbul elətdirməyə
çalışır. Gözlərimiz önündə baş
vermiş Xocalı qırğınına isə dünya
göz yumur.
Sonralar təqvimə qara yanvar kimi düşəcək
1990-cı ilin qış ayının hər günü bizi məyus
edəcək hadisələrlə "zənginləşdi".
İşlədiyim "Elm və həyat"
jurnalının redaksiyasından (o zaman 140 min tirajla
çıxan dərginin redaksiyası İstiqlaliyyət
küçəsi, Doktor döngəsi, 5 ünvanlı binada
yerləşirdi. Hazırda jurnalın nəşrində
fasilə yaranıb) çıxıb evə dönərkən
hər gün yolumu Bakının ən qədim bazarından
sayılan örtülü Passajdan salırdım. Sovetlər dönəmində paytaxtımızda bir
neçə mərkəzi bazar vardı. Bugünkü
kimi hər tin başı, böyük həyətlərdə
mini bazarlar, marketlər yox idi. Meyvə, tərəvəz,
göyərti almaq üçün mütləq bazara dəyməli
idin.
Passajın alt cərgəsində iri tayları olan
darvazanın lap yanındakı şüşəli
dükandan lazım olanları alırdım. Xoşrəftar,
qılıqlı satıcı oğlan bütün
alıcılarını razı salmağı
bacarırdı. Onda dükanlarda qədim tərəzilərlə
yanaşı uzunboylu tərəzilər də vardı. İndiki kimi elektron tərəzi, hesablayıcı əl
kalkulyatorları yox idi. Çəkidə,
pulun qalığını qaytarmaqda çox dəqiq
olardı. Adını bilmədiyim satıcı heç
vaxt tərəzinin oxunu sürətlə "oynadıb"
çəkdiyi malı onun üstündən
götürməyə tələsməzdi. Tara
da həmişə çəki daşının altında
olardı.
Satıcının nəzakətli rəftarı həmişə
diqqət çəkirdi. Bir dəfə o mənə:
"Xanım, icazə verin sizdən sonra dayananı yola
salım" - dedi. Onun bu müraciətinə
arxayın döndüm və əlində çəliyi,
gözündə eynəyi olan lap qoca bir rus
qadınını gördüm. Satıcının
bu diqqətli davranışına, əlbəttə, etiraz edə
bilməzdim, bunu ancaq alqışlamaq lazım idi.
Başqa bir dəfə isə məndən əvvəl mal alan bir qız uşağına almaları
xüsusi seçimlə tərəziyə
yığdığını müşahidə etdim. Onun bu
hərəkətinə təəccüblə
baxdığımı hiss edib dedi: "Uşaqdır,
göndəriblər bazara, evdə danlamasınlar deyə meyvələri
seçirəm". Yenə də onun qabiliyyəti
diqqətimi çəkdi. Məqsədim
adi bir satıcını tərifləmək deyil. 20 Yanvar hadisələrindən sonra onun dükanı
bağlı qaldı, bir daha onu görmədim.
Şəhidlərin qırx mərasimindən sonra hələ
təzəcə Şəhidlər Xiyabanı adını
almış məzarıstanı ziyarətə getmişdim. Soyuqdan bir qədər
soluxmuş qırmızı qərənfil
"yorğanının" altındakı qəbirlər hələ
təpəcikləri xatırladırdı. Qəbirlərin baş tərəfində şəhidlərin
tələm-tələsik tapılmış şəkilləri
qoyulmuşdu. Şəkillər bizlərə
20 Yanvar gecəsində əli yalın imperiya ordusunun
qarşına çıxıb, sanki sipər çəkmək
istəyənlərin kimliyini tanıdırdı. Qəbirləri ziyarət edənlərin
sayı-hesabı bilinmirdi. Birdən bir qəbrin
yanından keçərkən elə bil ayaqlarım yerə
mıxlandı. Qəbir üstündəki
şəkli tanıdım, Passajda satıcı işləyən
gəncin şəkli idi. Adını və
soyadını yalnız ölümündən sonra bildim.
Onun Azərbaycanın hansı şəhərində, kəndində
dünyaya gəldiyini bilmirəm. Valideynləri kim
idi, evli idimi, övlad sahibi idimi? Bildiyim odur ki,
o, vətən uğrunda könüllü döyüşə
gedənlərdən biri, birincisi olub. Adi
satıcı olan bu cavanın qəlbində vətənə
bu qədər məhəbbətin olduğunu zənn etməzdim.
Sən demə, Qarabağ hadisələri
başlayarkən, hərəkatın ən fəal, bariz
üzvlərindən biri imiş. O müdhiş gecədə
müasir silahlı ordunun qarşısına ən qüdrətli
"silahla, vətənə məhəbbət silahı"
ilə çıxmağı özünə borc bilib.
Bu günlərdə yenə də Şəhidlərin
ziyarətinə getmişdim. Xiyabanın 20 Yanvar
şəhidlərinin uyuduğu birinci cərgədəki məzarlarını
ziyarət edərkən həmin şəhidin qəbrini
axtardım. Yadımda qalmışdı
ki, onun qəbri təxminən birinci sıranın
ortasındadır, lakin tanıdığım şəkli
heç qəbrin üzərində görə bilmədim.
Sıranın qarşısından bir dəfə
də keçdim, lakin onun şəklini tanıya bilmədim.
Görünür, 2007-ci ildə "Şəhidlər
Xiyabanı"nda bərpa işləri aparılarkən, onun
daha səliqəli şəklini qara mərmərin
üstündə həkk ediblər.
Məzarların üstündə qoşa qərənfillər
vardı. O
şəhid elə cavan qalmışdı, mən isə həyatımın
ixtiyar dövrünü yaşayıram. Yəqin
ki, görmə hafizəm də mənə artıq xəyanət
edir. Əlbəttə, şəhidin
adını yadımda saxlamadığım üçün
özümü qınayıram. Ancaq həmin
sırada əbədiyyətə qovuşanların
hamısı bizim əzizlərimiz deyilmi?
20 Yanvar hadisələri zamanı bir nəfər həkim
də mənim xatirimdə əbədi qalıb. Onunla çox
vaxt yaşadığım binanın giriş qapısında
rastlaşarkən ayaqüstü söhbət edərdik.
Validə xanım Qulam qızı Fətəliyeva
çoxlarının "Kəndli xəstəxanası"
kimi tanıdığı Emin Əfəndiyev adına
xəstəxananın baş həkiminin müavini, tibb elmləri
namizədi idi. Elə yanvar günlərinin
birində Validə xanım çox həyəcanla mənə
bildirdi ki, xəstəxanaya telefonoqramma gəlib, orada
yazılıb ki, şəhərin bütün xəstəxanaları
kimi işlədiyim xəstəxana da fövqəladə vəziyyətə
hazır olsun. Bəlkə də həkim
bunun nə demək olduğunu duymuşdu. Mənə
isə bu telefonoqramma heç nə demirdi. Həmişə çox səliqə ilə,
zövqlə geyinən, kosmetikası üzündən əskik
olmayan həkim qadın bir neçə günün içində
xeyli dəyişmişdi, üzündən qəm
yağırdı. O günlərdə əslində
eşitdiyimiz bəd xəbərlərdən hər bir azərbaycanlının
qanı qara idi. Azadlıq meydanında mitinqlərin
qarşısı alınmışdı. Qarabağ
hadisələrinin nə ilə nəticələnəcəyi
məlum deyildi. Xalq təşviş
içində idi.
Bu
qısa söhbətdən iki gün sonra isə 20 Yanvar hadisəsi
baş verdi. Telefonoqrammanın
məzmunu yalnız indi mənə məlum oldu. Onsuz da şəhərin bir çox yerlərində
aydın eşidilən atışma səsləri bir
çoxlarının yuxusunu ərşə çəkmişdi.
Səhər açılan kimi ikinci mərtəbədə
yaşayan Validə xanımın qapısını
döydüm. Həkimlə üzbəüzdə
yaşayan yəhudi qonşum Liza İlizarova ehtiyatla
qapını açıb bildirdi ki, Validə xanım hələ
alaqaranlıqda xəstəxanaya gedib. Xəstəxana
yaşadığımız mənzilin iki
addımlığında idi. Bir neçə
gün Validə xanımı görə bilmədim. Şəhidlərimizi böyük ehtiramla, izdihamla
yanvarın 22-də Kirov parkının bir küncündə dəfn
etdik. Yanvar ayı olmasına baxmayaraq,
günəşli, isti bir gün idi. Həmin künc indi
məzarları önündə daim baş əyəcəyimiz
"Şəhidlər Xiyabanı"na
çevrilib.
Dəfn mərasimindən bir neçə gün
keçmiş Validə xanımla yenidən
görüşdüm. Atışmanın səhəri
günü lap tezdən özünü xəstəxanaya
çatdıran və gətirilən onlarla xəstəyə
həmkarları ilə yardım etmiş, əməliyyat
otaqlarında əllərindən gələn köməyi əsirgəməmiş
bu həkim qadın məni görən kimi çox kövrəldi,
göz yaşlarını saxlaya bilmədi. Həmişə şux, şən əhval-ruhiyyədə
görməyə alışdığım Validə
xanım bu bir neçə gündə xeyli dəyişmişdi.
Çöhrəsi çox solğun idi.
İlk sözü də bu oldu: "Bu günlərdə xəstəxanada
gördüklərimi Allah heç kimə qismət etməsin.
Ana, ana mənə kömək edin - deyən
cavanları heç zaman unuda bilməyəcəyəm. Başa düşə bilmirəm ki, silahsız
adamlara divan tutan bizim ordumuzdur? Məgər
adamı öldürmək üçün bir neçə
güllə kifayət deyilmi? Cavan bir gəncin
bədənində 23 güllə yeri vardı".
Həqiqətən,
həmin günlərdə ehtiyatda olan I dərəcəli
kapitan, texnika elmləri namizədi A.Evstiqueyev, ehtiyatda olan II dərəcəli
kapitan, hüquq elmləri doktoru Q.Melkov, ehtiyatda olan podpolkovnik
B.Muraşovun apardıqları tədqiqatlardakı faktları
heç vaxt unutmalı deyilik:
"Öldürülmüş Y.Meyeroviçin cəsədində
21, D.Xanməmmədovun cəsədində 10, R.Rüstəmovun
cəsədində isə 23 güllə yeri vardı. 23 güllə bütöv bir avtomat
sırasıdır".
20 Yanvar
faciəsinin qurbanlarını öz gözü ilə
görmüş, onların son nəfəsində
başları üstündə dayanmış həkim Validə
xanım bu müsibətdən sonra yaşaya bilmədi,
heç bir il keçməmiş
dünyasını dəyişdi.
Artıq
bir qərinədən çoxdur ki, hər il
yanvarda Şəhidlərin uyuduğu xiyabana qırmızı
qərənfillər sanki "axın" edir. Əslində
məzarların üstündən qoşa qərənfillər
əskik olmur. Şəhərimizə gələn
turistlər, rəsmi qonaqların bir çoxu Şəhidlər
Xiyabanını da ziyarət edir və əllərindəki
gülləri təzim edərək qəbirlərin üzərinə
düzürlər.
Təxminən
100 il bundan əvvəl Türkiyənin xilası
üçün minlərlə əsgər Mustafa Kamal
paşanın komandanlığı ilə Çanaqqalada
ölüm-dirim savaşına çıxmış,
canları bahasına Vətəni qorumuşdu. Çanaqqala
memorialında yalnız türklər deyil, həmin
döyüşlərdə Türkiyəni parçalayıb,
məhv etmək istəyən ölkələrin əsgərləri
də dəfn olunub: ingilis, fransız, italyan və s.
Bizim
"Şəhidlər Xiyabanı"nda 20 Yanvar faciəsinin
şəhidi olan yəhudi, ləzgi, rus, tatar və s. millətlərin
övladı eyni cərgədə dəfn olunub. Sovetlər
dönəmində Kirov adına əyləncə
və istirahət parkının bir küncündə
salınmış "Şəhidlər Xiyabanı" bu
gün bizim həm kədər, həm də qürur verəcək
bir ziyarətgahımızdır.
Təzə il başlayanda, yanvarın 20-də xiyabanda uyuyanların məzarı qarşısından həzin musiqi sədaları altında hüznlə, göz yaşları ilə başıaşağı keçir, şəhidlərimizin ruhunu yad edirik. Lakin gün gələcək biz "Heyratı" sədaları altında onlara ruhunuz şad olsun, əziz şəhidlərimiz, uğrunda can fəda etdiyiniz Vətən torpağı düşmən tapdağından xilas edilmişdir. Biz sizin ruhunuz qarşısında borcumuzu yerinə yetirdik. Bakının ən hündür yerində sakit uyuya bilərsiniz - deyərək, şəstlə, başı uca keçəcəyik. Heyratının sədaları Şuşada da səslənəcək.
Təvanəsiz Xurşudbanunun vəsf etdiyi "Səni kimdir sevən bica qərənfil, Sənə mən aşiqi-şeyda, qərənfil"lər matəm mərasimlərinin güllərinə çevrilib. Al-qırmızı qərənfillər bəxti qara çiçək kimi sevənlərin, sevilənlərin əllərindən qeybə çəkilib. Gül buketlərində yerini yabançı çiçəklərə verib. "Belə pəjmürdə hal ilə durubsan, qərənfil" - deyən Xan qızının da gözü yoldadır. O da vətən övladlarının ayaq səslərinin intizarındadır, özü də vəsf etdiyi qərənfilləri ilə.
Hər il 20 Yanvarda "Şəhidlər Xiyabanı" başdan-başa qərənfil "açır" səkilərdə, məzarların üstündə qərənfillər sanki al rəngi ilə şəhidlərin qanının hələlik yerdə qaldığını söyləyir.
İndi hər birimiz dərildikdən sonra uzun müddət təzə-tər qalan qərənfillərin yenidən sevgi rəmzinə çevrilib sevənlərin hədiyyə gülünə çevriləcəyi günlərin arzusu ilə yaşayırıq. Axı atalar deyiblər ki, su gələn arxa bir də gələcək.
Paffi, Aqanbekyan, Silva Kaputikyan, Zori Balayan kimilər xalqlar arasında nifaq salmaqla şöhrət qazanmaq istəyənlərə dahi şairimiz Hüseyn Cavid:
"Kəssə hər kəs tökülən qan izini
Qurtaran
dahi odur yer üzünü" -
demişdi.
Torpaq insanın məskən saldığı
yaşayış evidir, yurdudur. Dilindən, dinindən,
millətindən asılı olmayaraq onun üstünə qan
tökmək yox, gül əkmək lazımdır.
Tanrıya bu daha xoş gedər.
Ülkər
HÜSEYNOVA
525-ci qəzet.-
2016.- 20 yanvar.- S.4