İdrak süzgəcindən nələr
keçir...
AZAD MÜZƏFFƏRLİNİN KİTABI HAQQINDA QEYDLƏR
Azad Müzəffərlinin jurnalist imzası güvəniləndir. Uzun illərdir ki,
səsi-sədası televiziya
ekranlarından gəlir.
Onu nişan verən
subtitrlər gözə
göründümü, dərhal
maraq doğurur. Rəsmi dövlət tədbirlərindən,
ölkə rəhbərinin
səfərlərindən, tarixi tale yaddaşımıza
həkk olunan önəmli hadisələrdən
sanballı reportajları,
analitik süjetləri
seyrçinin diqqətini
çəkir. Aydın səsi,
səlis mühakimələri
duyğu və düşüncələrə nüfuz edir. Sanki nəfəsi ilə efir məkanının
soyuq üzünü isidir Azad.
Lap əvvəlindən AzTV-də
onunla bir redaksiyada çalışmışıq.
"İdman"da və "Xəbərlər"də.
Hər kəslə mədəni davranır, tay-tuşlarına "qadası",
böyüklərə isə
"ağsaqqal" deyə xitab edirdi. Bu, onda
səmimi alınırdı.
Kompyuterin hələ həyatımızda
olmadığı vaxtlar
səliqəli xətti
ilə makinaçıların
rəğbətini qazanmışdı.
On il olar
ki, ayrılmışıq,
amma elə bilirəm ki, yenə də həmin hörmətcil, zəhmətkeş, istiqanlı
Azaddır. Çünki o, zatən dəyişilməzdir,
seçilməyi sevən
və bunu bacarandır.
Azadla yaradıcı
mübahisələrimiz də
olub, ciddi deyişmələrimiz də. Xaraktercə bir
qədər çılğındır,
barışmazdır, necə
deyərlər, bildiyini
babasına da verməz. Amma vicdansız yanaşmanı,
"xatakar" subyektiv
təhlili heç zaman yaxınına buraxmaz. Haqqa, ədalətə xəyanət etməz.
Hər bir çətinlik halını, sınaq məqamını isə xeyirə yozmağı bacarar. Üzüntülərinə boyun əyməz.
Dostluqda,
yoldaşlıqda da özünəxas məziyyətləri
- mərdliyi, düzgünlüyü,
səmimiyyəti ilə
səxavətlidir.
İndi də keçək Azadın hekayələrinə. Bəri başdan
deyim ki, bunlar hələ onun üzə çıxardığı qələm
təcrübələridir. Hər hansı birinə başladınmı, mütləq
sona qədər oxuyacaqsan. Çünki "Görüm axırı nə olacaq?" sualı səni rahat buraxmayacaq. Ədəbiyyatda bu, vacib cəhətdir. Bir də
ki, Azadın hekayələri oxunub qurtarandan sonra da günlərlə adamın beynindən çıxmır, zehnini məşğul edir.
Müəllif oxucunu öz
yazdıqlarının ortamına,
duyğularının aurasına
çəkə bilir.
Qeyri-adiliklər çoxdur Azadın qələm təcrübələrində. Hətta bəzən
bir hekayədə qoyulan ideyanın bədii həllini sanki tamlığı ilə tapa bilmədiyi
fikrinə düşürsən.
Sadəcə həyatdan götürdüyü
hansısa konkret bir hadisənin konkret sonucunu əsas götürür.
Halbuki, bədii ədəbiyyat həyat həqiqətlərinə
həm də məhz bədii vasitələrlə inandıra
bilmək sənətidir,
axı. Azada bələd olan birisi kimi mən
ondakı bu cəhəti belə izah edərdim: 20 ildən çox "can qoyduğu" jurnalistika cəbhəsində daim məhz konkret fakt
və olayları qələmə aldığındandır
ki, onun bədii yazılarında da təbii olaraq
publisistik yön üstünlük qazanır.
Eh, bu jurnalistika azmı istedad sahibinin şair, yazıçı ruhunu, obrazlı düşüncə
tərzini talan eləyib?! Hələ, yaxşı ki,
Azad belə maraqlı
hekayələr yazmaqla
qələmini və dilini qurumağa qoymur. Çünki çoxları bu
iqtidarı çoxdan
əldən veriblər.
Oxucuların mühakiməsinə verilən
"İdrak süzgəcindən
keçirdiklərim" kitabından
da görünür ki, Azad ağıl, zəka, məntiq kimi kateqoriyalara önəm verən, riyakarlıq sevməyən
insandır. Elə qəhrəmanlarını da beləcə tanıtması təbiidir.
Onlar bəzən mühakimələrində
ifrat filosofluq edən kimi görünsələr də,
fikir və duyğularını inamla
təlqin elədiklərinə
görə yorucu təsir bağışlamırlar.
Bu monoloqlarda səfsəfə
yoxdur, həyatdan irəli gələn fəlsəfə var. Bu yerdə
mənim yadıma ünlü türk yazarı Bəkir Yıldızın yaxınlarda
oxuyub qurtardığım,
ailə münasibətlərindən
bəhs edən, sosial bilgilər əsəri kimi tanınan "Halqalı kölə" romanı düşür. Bir-birini həqiqətən də sevib-sevmədiklərini
dərindən öyrənmədən
ailə qurmuş iki nəfərin dramı olan bu romanı hissə-hissə oxuyanda elə də güclü təsir bağışlamır, hətta
düşünürsən ki, çox uzunçudur. Amma bütöv
halında yanaşanda
insan psixologiyasının
qatlarını açan
ciddi bir əsər kimi dəyərli görünür.
Bu aspektdən yanaşsaq,
Azad Müzəffərlinin "Süpürgəçi nəğməsi"ndəki
Hikmət, "Bahar çiçəyi"ndəki Turan, "Tanrının göz yaşları"ndakı
qoca kişi və qadın rəssamlar ciddi maraq kəsb edirlər. Onların özəl mükalimə
və qənaətləri
cəlbedicidir.
Müəllifin hekayələrində dəqiqlik
deyilən bir nəsnə də var. Zaman, məkan və tarixi olaylarla bağlı faktları sanki israrla bir şəkilə
sırf olduğu kimi verir. Bəlkə
bu da onun
jurnalistliyindən irəli
gəlir...
Azadın bəzi hekayələrində
yuxugörmələr, agah
və əyanolmalar əsas götürülən
istinadlardır.
Bu da onun yazıçı tövründən,
obrazlarının haradasa
ruh yaxınlığından
irəli gəlir. Axı, onların hamısı bir "mətbəx"də
bişib. Bəlkə də
müəllifin sırf
özünə aid yaşantılar
sadəcə olaraq ayrı-ayrı obrazların
xarakterində verilir.
"İdrak süzgəcindən
keçirdiklərim"də elə hekayələr də var ki,
məhz adı yekun mülahizələr üçün açar,
kod rolu oynayır. Sonda qayıdıb başlığa
nəzər salmasan, əsl mahiyyəti, məramı tam anlamazsan.
Məsələn, götürək "Nağıl" nağıl
deyilmiş"i. Buradan
irəli gələn məna budur ki, nağıl yaddaşı bərkidəndir,
başağrısını azaldandır, ruha rahatlıq çiləyəndir.
Həm də Azad Müzəffərlinin
prototipi olan jurnalist Rəşidin yazıçı təxəyyülünün
özülü, təməl
daşıdır. Bunu əsərin
başlığı yetərincə
diktə eləyir.
Yaxud
"İbrət dərsləri"
silsiləsindən "Ana ürəyi"
və "Fərari ata" hekayələrinin
də adları bir növ açardır,
koddur.
Qələm dostumuz yazılarında müsbət qəhrəmanlarına
hörmət, mənfi
obrazlara ikrah aşılamağı yaxşı
bacarır. Bu, onun
sevgi hekayələrində
daha qabarıq görünür. Məsələn, "Qisas məqamı"dakı
Nicatla Nurayın macərası həm də əxlaq dərsi təsiri bağışlayır. Onlar əsasən
milli ruhlu, ziyalı, vətəndaş
insanlardır. Nakam sevgililər
illər sonra uzaq Rio-de Janeyro şəhərində görüşürlər.
Dərdləşib kövrək tələbəlik
xatirələrinə dalırlar.
O qədər yaxınlaşırlar
ki, az
qalırlar bir günlük də olsa, vüsala yetməklə vaxtilə onların qovuşmasına
əngəl olmuş taledən (hekayədə:
valideynlərindən!) öz
"qisas"larını alsınlar.
Hətta otel odasında bir-birinə sarmaşırlar: "...ürəkləri
əsim-əsim əsdi,
bədənləri uçundu...
Fəqət... Fəqət əxlaqın
diqtəsi ilə tez də özlərinə
gəldilər. Sanki müqəddəs
bir yerdən oğurluq etmək istəmişdilər, son anda
"lənət şeytana!"
deyib bundan çəkindilər..." Həris şəhvət
alovu onları yaxıb yandırmadı.
Zina girdabına düşmədilər.
Nicat əvvəlcə pərt olsa da, sonradan
sevinir ki, əsl türk kişisinə xas alicənablığını itirmədi.
( Azad Müzəffərlinin
yuxarıda qeyd etdiyim "Adam kişi olar!" sözləri yada düşür). Nuray isə əsl türk qadını kimi abır-həya hissini qoruya bilərək onun gözündə daha da ucaldı...
"İdrak süzgəcindən
keçirdiklərim" hekayələr
toplusu Azadın nübar kitabıdır. Nübar meyvələrsə
şirin olur. Necə deyərlər, dişə vurmağına, dadmağına
dəyər!
Əli
NƏCƏFXANLI
525-ci qəzet.- 2016.- 22 yanvar.- S.8.