"Müsyö İbrahimQuran çiçəyi" yenidən səhnədə

 

 

Dekabrın 20-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində fransız dramaturqu Erik-Emmanuel Şmittin "Müsyö İbrahimQuran çiçəyi" ikihissəli dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

 

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gənc rejissor Ərşad Ələkbərovun quruluşunda təqdim ediləcək tamaşanın bədii rəhbəri teatrın baş rejissoru Xalq Artisti Azərpaşa Nemətdir. Tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

 

Tamaşada Müsyö İbrahim rolunu Xalq Artisti Fuad Poladov ifa edəcək. Səhnə əsərində digər rolları Əməkdar artistlər Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, Mehriban Zəki, aktyorlar Murad İsmayılov, Fidan Cəfərova, Sərdar Rüstəmov, Adil Dəmirov və Vüsal Mustafayev canlandıracaqlar.

 

Qeyd edək ki, dünyanın 30-dan artıq tanınmış teatrının səhnəsində tamaşaya qoyulan əsər yazıçının avtobioqrafik romanıdır. Tamaşa yəhudi məhəlləsində yaşayan 12 yaşlı Momo deyilən Musa və 60 yaşlı müsəlman baqqal İbrahim arasında yaranan sevgi, hörmət və səmimiyyətə söykənən dostluqdan bəhs edir. Əsər yəhudi Momonun İbrahim sayəsində islamı qəbul etməsi və bütün pis vərdişlərdən əl çəkməsi ilə sona çatır. Bu məşhur roman 2001-ci ildə dünyada ən çox satılan əsər olub və "Fransız Akademiyası"nın ən yüksək mükafatını qazanıb.

 

Qeyd edək ki, 2003-cü ildə fransız rejissoru Fransua Dupeyron bu əsərə eyniadlı film çəkib.

 

525-ci qəzet.- 2016.- 22 yanvar.- S.7.