Kamal Abdullayev:
"2016-cı ilin “Multikulturalizm
ili” elan
olunması məsuliyyətimizi
daha da artırır"
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı
Slavyan Universiteti (BSU) və Yaradıcılıq Fondu rəhbərlərinin
iştirakı ilə Azərbaycanda “Multikulturalizm ili”nin elan
olunmasından irəli gələn vəzifələr
müzakirə edilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Mərkəzin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev çıxışında bildirib ki, Prezidentin müvafiq Sərəncamı yeni hədəfləri müəyyənləşdirib, BBMM-in məsuliyyətini daha da artırıb: “Multikulturalizm Mərkəzi yarandığı vaxtdan etibarən cənab Prezidentin müəyyənləşdirdiyi - Azərbaycanı dünyada tanıtmaq hədəfini özünün prioritet istiqaməti elan edib. 2016-cı ilin “Multikulturalizm ili” elan olunması Multikulturalizm Mərkəzinə etimadın göstəricisi olmaqla bərabər, həm də bu qurumun məsuliyyətini artırır, qarşıya yeni vəzifələr qoyur. Bu o deməkdir ki, Multikulturalizm Mərkəzi əvvəlkindən daha artıq səylə üzərinə düşən vəzifələri yerinə yetirməlidir və yetirəcək”.
Çıxışlardan sonra
Prezidentin Sərəncamına uyğun olaraq Bilik Fondu, BSU və
Yaradıcılıq Fondunun təklifləri
dinlənilib. Toplantıda “Multikulturalizm
ili” ərzində dünyanın müxtəlif
ölkələrində, eləcə də ölkəmizin bəzi
bölgələrində BBMM-in
filiallarının yaradılması, müxtəlif konfrans, simpozium və
kollokviumların təşkili, Azərbaycan multikulturalizminə
aid beynəlxalq elektron
kitabxananın yaradılması, etnik qruplarla bağlı nəzərdə tutulan müxtəlif layihələr və
sair təkliflər müzakirə edilib.
525-ci qəzet.- 2016.- 22 yanvar.- S.2.