Yarım əsr tarla nəfəs-nəfəsə
GÖRKƏMLİ TARZƏN HƏMİD VƏKİLOVUN SƏHNƏ FƏALİYYƏTİNİN 50 İLLİYİ TAMAM OLUR
Açığını deyim ki, onun barəsində o
qədər də böyük bilgim yox idi. Və hətta
bildiklərimi də demək olar ki, unutmuşdum,
çünki bu, unutqanlıq deyilən bəla bizim
qanımızda-canımızdadı. Üstəlik bu
canımızda-qanımızda olan bəlaya haqq qazandırmaq
üçün bir deyim də uydurmuşuq: Gözdən uzaq
olan, könüldən də uzaq olar...
Mən barəsində azacıq məlumatım olan bir sənət
cəfakeşinin haqqında yazmaqda qərarlıydım. Bu qərarı
öncə bir ağsaqqal tövsiyəsiylə qəbul etdim,
onun ərkinə qarşılıq olaraq. Sonra ürəyim bu qərarla
ikiəlli razılaşdı. Deməli, yeni ilin ilk
ongünlüyündə şəxsiyyətini, qələmini,
ruhunu, eləcə də ailəsini çox yüksək dəyərləndirdiyim
yazıçı-publisist Əlövsət Bəşirli
telefonda mənə bir sual verdi:
-Həmid Vəkilovu tanıyırsan?
-Nəsə
bu ad mənə tanış gəlir ... -
dedim.
-Bu
günlərdə onun səhnə fəaliyyətinin 50 illiyi
tamam olacaq. Sənə maraqlı olsa, barəsində
bir şey yazarsan.
Elə həmin
gün sosial mediada bir axtarış etdim və
yaddaşımda ilişib qalan Həmid Vəkilovu bir az da
yaxından tanıdım, ifasını dinlədim və
Əlövsət müəllimdən xahiş etdim ki, Həmid
müəllimlə bağlı əlində olan yazılı
materiallardan oxumaq, tanış olmaq üçün mənə
də versin. Sağ olsun, sözümü yerə salmadı. Redaksiyadakı görüşlərimizin birində
mənə xeyli yazı təqdim etdi. Fürsət
tapan kimi oxudum o yazıları. Təbii ki,
hər kəs öz duyduğu, düşündüyü kimi
yazmışdı və bu yazıların hər birində Həmid
Vəkilov müxtəlif prizmalardan təqdim edilirdi. Bu müxtəliflik də mənim fikirlərimi
haçalayırdı. Sanki gözlərim
önündə bir neçə Həmid Vəkilov
dayanırdı. Çox çətin durumda hiss edirdim
özümü, nəsə etməliydim. Mütləq bu
yazı yazılmalı və mən də bunun
üçün Həmid müəllimin ifasını
görməliydim...
Günlərin birində Əlövsət müəllim
yenə köməyimə çatdı. Ölkənin
ən əzəmətli mədəniyyət
ünvanlarından biri olan Filarmoniyada yanvarın 15-də
keçiriləcək konsertə dəvətnamə gətirdi
mənə.
Deyəsən, ip ucu tapılırdı. Ona görə
də tərəddüd etmədən deyilən vaxtda deyilən
yerdə oldum.
Konsertin giriş hissəsində sənətşünas
Səadət Təhmirazqızı yığcam bir
çıxış etdi. Əslində bu,
çıxışdan çox bir xatırlatma idi, kifayət
qədər tamaşaçısı olan zala xatırlatma.
Hamı kimi mən də bu xatırlatmada Həmid
Vəkilovu bir musiqişünas, bir pedaqoq, bir ifaçı,
bir bəstəkar kimi tanımağa başladım. Onun 50 illik sənət yolunda hardan başlayıb,
hara gəldiyini, nələrə nail olduğunu, nələrin
altında imza atdığını Səadət
xanımın dilindən eşitdim. Və bu eşitdiklərim
yaddaşıma yazıldıqca mən artıq Həmid müəllimin
ömürlüyünü gözümün
qarşısına gətirirdim və yavaş-yavaş
görürdüm ki, uzaqdan, lap uzaqdan ortaboylu,
üz-gözündən şıltaqlıq və bir az da yumor qarışıq gülüş
tökülən bir məktəbli gəlir. Bir
əlində tar, çiynində isə məktəb
çantası... və dövrünün bütün
uşaqlarına xas olan bir çalar onda da özünü
büruzə verirdi. Bu da ağır
müharibədən çıxmış bir ölkənin
ziyalı ailəsinin tərbiyə etdiyi uşağın
inadkarlığı idi. Yəni, məqsədə
və mərama doğru inamlı və inadlı getmək.
Hətta bir anlıq mənə elə gəldi ki, heç kim o uşağın əlindəki tarı
çəkib ondan almaq gücündə deyil. O, tarı elə
içdən gələn bir sevgi qarışıq güclə
ovcunun arasında tutub ki, bu cür yalnız sənə sənin
qədər doğma olanın əlindən, biləyindən,
ətəyindən tuta bilərsən... Bu
uşaq səkkiz yaşlı Həmid Şamil oğlu Vəkilov
idi.
Elə buradaca bir zəruri
haşiyə çıxım. Həmid müəllim məşhur
Vəkilovlar soyundan olmaqla böyük Səməd
Vurğunumuzun yaxın qan qohumu idi və onların ailəsində
musiqiyə, xüsusilə saza böyük bir sevgi
olduğundan bu sevgi də kiçik yaşlı Həmidin təkcə
yaddaşına, ürəyinə deyil, həm də
bütövlükdə qanına da hopmuşdu. Ona görə
də o, valideynləri onu musiqi məktəbinə, tar sinfinə aparanda az qala uça-uça
gedirdi. Və bu səkkiz yaşlı uşaq o vaxtkı Pionerlər
Evinin nəzdindəki tar dərnəyində çox qısa
bir zamanda təkcə
şagirdlərin deyil, eləcə də müəllimlərin
diqqətini özünə çəkə bildi. Xüsusilə
onun istedadını ilk andan hiss edən, görən
Əlağa Mövsümov və Azər Rzaquliyev Həmidin
demək olar ki, tara hər gün bir az da
artıq yaxınlaşdığını, bir az da tarla
doğmalaşdığını müşahidə etməkdən
zövq alırdılar. Burda bir müəllim -
bağban zövqü də, bir musiqi ilə yaşayan insan zövqü
də hakim idi. Hər iki məqamda onlar Həmidi
tarın yeni səhifəsində, yeni ünvanında görməklə
həm də onu bu ünvana tərəf
qanadlandırırdılar. O isə...
Bəli, Filarmoniyanın möhtəşəm zalında
hamı gözünü səhnəyə zilləmişdi. Hamı nəfəsini
içində tutub saxlamışdı. Çünki
professor Həmid Vəkilov tarla söhbət edirdi. Və biz də onların söhbətini dinləməklə
yanaşı, həm də dinlədiklərimizlə
yaşayırdıq. Həmid Vəkilovun
barmaqları tarın simləri üstə gəzirdi. Ürəyi isə o simləri elə bil
özünün tellərinə çevirmişdi və barmaqlar
altında ürəyin telləri
pıçıldayırdı. Möhtəşəm
bir musiqi, görkəmli bəstəkarımız Tofiq Quliyevin
“Qızıl üzük” mahnısı Həmid Vəkilovun
ürəyindən barmaqlarına, barmaqlarından sinəsinə
sıxdığı tarın simlərinə, ordan isə
bizim hər birimizə tərəf yol gəlirdi və inanmaq
olmurdu ki, tar bir mahnını bizə yaşadır və
özü də bizimlə birlikdə bir mahnının
içində yaşayır...
Elə bu yerdə bir xatırlatma etmək istəyirəm. Bunu mənə Həmid
müəllim özü danışıb: “Günlərin
birində mənə xəbər çatdırdılar ki,
maestro səni axtarır. Həm maraq, həm də
təlaş içərisində Filarmoniyanın rəhbəri
olan maestro Niyazinin yanına getdim. Otağa daxil olub salam verdim. Üzümə baxıb soruşdu:
- Kimsən,
nə istəyirsən?
- Məni
siz çağırmısınız. Mən Həmid Vəkilovam.
- Hə,
yadıma düşdü. Ötən həftə
televizorda “Qızıl üzüy”ü ifa edən sən idin?
Xoşum gəldi. İndi də onu mənim
üçün çalacaqsan, xoşum gəlməsə,
özündən küs! - deyib, masanın
üstündəki iri külqabıya baxdı.
Həmid müəllim deyir ki, hamımız maestronun
xasiyyətini gözəl bilirdik. Nəsə onun
xoşuna gəlmədisə, vay o adamın halına. Ona
görə də bir az pörtmüş
halda xahiş etdim ki, icazə versin pianoçunu da
çağırım. Bir azdan pianoçu
xanım gəldi və biz ifa etməyə başladıq.
Mən tar çalanda həmişə gözlərimi yumuram.
İfanın bir məqamında hiss etdim ki, maestro “dayan!” dedi. Gözümü açanda onun əlinin iri
külqabıya tərəf getdiyini gördüm, amma
üzündə xoş bir ovqat var idi. Anladım ki,
pianoçuya - dayan!, - deyib. Mən
şövqlə “Qızıl üzüyü” axıra kimi
ifa etdim. Tarı sinəmdən ayıranda maestro dedi:
-Çox
gözəl! Sabahdan ansamblda işə
başlayarsan.
Bu, mənim Azərbaycanın dahi dirijoru və bəstəkarından
aldığım ən böyük mükafat idi”.
Bəli, Filarmoniyada hamı onu dinləyirdi. Mən də
dinləyicilər arasında Səadət xanımın onun
barəsində söylədiklərini yenidən
xatırladım. Bu xatırlatma da səbəbli
idi. Çünki tarın keçdiyi həyat
yolunu izləyənlər bilir ki, bu müqəddəs və qədim
musiqi alətimizi böyük Mirzə Sadiq Əsəd oğlu
(Sadıqcan) diz üstündən sinəyə
qaldırıb. İnsanlar ürəklə
tarı qoşalaşmış görüblər,
qoşalaşmış dinləyiblər. Həmid
Vəkilov isə tarın qarşısında ayağa durub və
o, ilk dəfə tarı ayaq üstə çalıb. Bu yeniliyin, bu imzanın sahibi məhz Həmid Vəkilovdu.
Mən bu faktı eşidəndən sonra bir
daha tarla söhbət edən Həmid Vəkilova əvvəlkindən
də artıq diqqət və maraqla baxdım.
Daha bir
xatırlatma: Həmid Vəkilov
1962-ci ildə Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinin tar sinfinə daxil olur. Burada o, Azərbaycanın musiqi tarixində tarzən
kimi özünü təsdiq etmiş Əhsən Dadaşov,
Sərvər İbrahimov və digər müəllimlərdən
dərs alır. Tarın sirli dünyasına bir az da yaxınlaşır, bir az da artıq daxil
olur. Sonra...
Bax, elə
Həmid Vəkilovun sığındığı və
özünü həsr etdiyi tarın varlığında daha
bir yeniliyin məqamı bu zaman özünü büruzə verdi. Yəni, 1966-cı ildə Həmid Vəkilov
tarın qolunu iki-üç millimetr enlətməklə onun 2,5 oktavasını 4 oktavaya yüksəltdi. Və bu da ona və digər musiqiçi həmkarlarına
imkan verir ki, F.Mendelsonun, D.Şostakoviçin,
A.Zeynallının, eləcə də dünyanın və
keçmiş SSRİ-nin bir çox tanınmış bəstəkarlarının
əsərlərini səsləndirsinlər. Yəni, Həmid Vəkilov ayaq üstə
çaldığı tarla indi ən məşhur bəstəkarların
simfonik əsərlərini çox böyük məharətlə,
peşəkarlıqla ifa edirdi. O, həm də Niyazinin,
Tofiq Quliyevin, Cahangir Cahangirovun həmçinin, məhz onun
özünə yazılmış
Zakir Bağırovun müəllifi olduğu “Tar
üçün konsert”ini böyük şövqlə səsləndirirdi.
Bu ifa üslubu isə artıq Həmid Vəkilovun
şöhrətə gedən yolunu ölkə
hüdudlarından uzaqlara istiqamətləndirmişdi.
...1967-ci
ildə Üzeyir Hacıbəyov adına
Konservatoriyaya daxil olan Həmid Vəkilov təhsilini uğurla
başa vurub, əmək fəaliyyətinə başladı. Onun Rusiya və dünya bəstəkarlarının
iri həcmli mürəkkəb əsərlərini
şövqlə, peşəkarlıqla ifa etməsi artıq
bu ifaçıya təkcə tamaşaçı
marağını deyil. Həm də
tanınmış dünya şöhrətli bəstəkarların,
musiqiçilərin də diqqətini
artırmışdı. 1979-cu ildə
keçmiş Leninqradda VI ümumittifaq müsabiqəsində
laureat adını qazanan Həmid Vəkilov mötəbər
münsiflər heyətinin əsl sənət nümunəsi
nümayiş etdirən sənətkar kimi dəyərləndirirdi.
1992-ci ildə Həmid Vəkilov Türkiyəyə - Mədəniyyət
Nazirliyinin Ankara Gözəl Sənətlər İdarəsinin
dəvəti ilə qardaş ölkəyə işləməyə
dəvət edildi. O, öncə Ankara Dövlət Türk Xorunda işlədi
və çox
qısa zamandan sonra artıq o, solist kimi
tamaşaçılar qarşısında
çıxış edirdi. Bu
çıxışlar ona uzman sənətkar şöhrəti
qazandırdı. 17 il Türkiyədə
çalışan Həmid Vəkilov doğma şəhərimizə
qayıdandan sonra Milli Konservatoriyada fəaliyyətini davam
etdirdi...
Filarmoniyanın zalında ifaçılar bir-birini əvəzləyir. Gənc və
tanınmış tarzənlər Sahib Paşazadə, Şəhriyar
İmanov Həmid müəllimin bəstələrini ifa edirlər.
Xüsusilə Şəhriyar İmanovun ifa
etdiyi üç hissəli konsert məni bugünümüzdən
alıb, Həmid müəllimin tarla ilk təmas qurduğu
günə apardı. Və mən onda
öz-özümə pıçıldadım ki, Həmid Vəkilovun
bütün yaradıcılığında və bəstələrində
“Cəngi” hakimdi. O, sanki ürəyi ilə,
duyğuları ilə, danışdırdığı simlərlə
döyüşür və hər kəsi ayağa
qaldırır. Bunu onun “Çılğın”
bəstəsində də, “Şıdırğı” rəqsində
də açıq-aşkar görmək mümkün idi.
Konsertdən
sonrakı görüşümüzdə hiss etdiyim bu məqamı
dilə gətirəndə Həmid müəllim təbəssümünü
gizlətmədən mənimlə razılaşdı. Hiss
etdim ki, onun musiqisini duymağım, onun musiqisi ilə
yaşamağım professorun ürəyincə olub.
Bəli,
bu gün ömrünün müdriklik çağını
yaşayan, həyatının 50 ilini sənətə, yəni
ürəyinin özəyi olan tara bağışlayan Əməkdar
artist, professor, bəstəkar, pedaqoq, xeyli sayda dərs vəsaitinin,
həmçinin “Azərbaycan tarı və onun
ifaçılıq problemləri haqqında təkliflər”
metodik vəsaitinin müəllifi, “Tarda dünya musiqisi” diski
ilə dinləyicilərin məhəbbətini qazanmış
Həmid Şamil oğlu Vəkilov iki qız və iki nəvə
sahibi olmaqla yanaşı, onun söhbətlərindən
anladım ki, onun daha çox övladı var. Bu övladlar da
onun bəstələri, ifalarıdır. Və bir də
özünün və övladlarının güvəndiyi
tarıdı...
Hə, mən
yazımın girişində Həmid Vəkilovu necə
tanıdığımı vurğulamışdım, amma təkrar
etiraf edirəm ki, məhz qocaman yazıçı-publisist
Əlövsət Bəşirlinin sayəsində mən Həmid
Vəkilovu bütünlüklə tanıdım və
gördüm. Üstəlik xətrini çox
istədiyim dəyərli həmkarım Dilarə Vəkilovanın
qardaşı barəsində ürək dolusu bir sevgiylə
dediyi sözlər onu mənə bir köynək də
yaxınlaşdırdı. Dilarə xanım mənə
pıçıldadı ki, Həmid nə qədər
zarafatcıl, şux olsa da, o, hələ də nə qədər
böyük sənətkar olduğunun fərqində deyil...
Bəli, mən bir etiraf da edim: tarla baş-başa, nəfəs-nəfəsə yaşayan Həmid Vəkilovun necə böyük bir sənətkar olduğunu təkcə özü deyil, elə biz özümüz də bütünlüklə bilmirik, Dilarə xanım! Burada bizim də günahımız yetərincədi!..
Əbülfət
MƏDƏTOĞLU
525-ci qəzet.- 2016.- 23 yanvar.- S.30