Üzü Tanrı işığına...”

 

 

 

Gecə lampası

 

Tükəndi qürubun səsi-sədası,

Yollardan hənirti çəkilir artıq.

Pəncərəm önündə küçə lampası

Gah yanır, gah sönür, tapmır rahatlıq.

 

xəbər göndərir üzü aşağı,

istər, boşluğa üz vura-vura?

A küçə lampası, küçə uşağı,

Mənə söylərsən, göz vura-vura?

 

Yetər, bu oyunda mən daha yoxam,

Qaydası, qanunu qat-qarışıqdı!

Çilik-çilik olub dağıldı yuxum -

Bir an qaranlıqdı, bir an işıqdı.

 

Necə gəlməsin damağım dada?

Zəqqum çuval-çuval, bal bir qaşıqdı.

Zülmətə dirənən ömür yolu da

Yarı qaranlıqdı, yarı işıqdı.

 

Çırpınma, üzülmə, gəl elə zənn et,

Zülmət işığa bir yaraşıqdı.

Bir üzü cəhənnəm, bir üzü cənnət -

Dünya yarı zülmət, yarı işıqdı.

 

Əhrimən Hürmüzlə qolboyun gəlir,

Hürmüz Əhrimənə yoxsa aşiqdi?

Min fitnə göyərir, min oyun gəlir,

İnsan yarı zülmət, yarı işıqdı.

 

Bəsdi, sızıldama, küçə lampası,

Axışıb nəbzimə vur incə-incə.

Məni rahat qoymaz gecə lampası

Qarşımdan bu gecə çəkilməyincə...

 

20 may 2015

 

lll

 

Hopub, çöküb, çəkilib,

Susub bulaq haçandı.

Sanma ki, suəkilib”,

Su gedib qayıdandı.

 

Çayır, çəmən göyərir,

Kolluqların ardından.

Sudu, salam göndərir,

Torpağın alt qatından.

Ömür axır su kimi,

Axma zaman, amandı!

Vaxt qaçır yuxu kimi

Su qaçıb qayıdandı.

Baxma quruyub yeri,

Soraq yox su adından.

Bir gün dönəcək geri,

Çıxıb yerin altından.

İtib-batır hər var,

İtən var, haqdandı.

Gözdən itsə , axar,

Su gedib qayıdandı.

Məsafələr qət edib,

İtirən var, udan var.

Hər şey hərəkətdədi -

Gedən var, qayıdan var.

Zər çəkilir xəzələ,

Xəzan qızıl xəzandı.

Dur dərdimi təzələ,

Dərd gedib qayıdandı.

Dəniz zülmətdə batmaz,

Dan gedib qayıdandı.

Can çıxdısa, qayıtmaz,

Qan gedib qayıdandı.

Su yox, qandı fışqırır,

Fələklər qan udandı.

Şəhid qanı qışqırır,

Ruh gedib qayıdandı.

Nigaransan, eləmi,

Ellər nigarandı.

Sel-su basır aləmi,

Nuh gedib qayıdandı.

Bulaq şırıldayacaq,

Sular yenə gələcək.

Çiçəklər çırtdayacaq,

Güllər açıb, güləcək.

Səni yollar alacaq,

Qoy su səpim son anda.

Həsrətin qayıdacaq

Özün qayıtmasan da...

 

Sentyabr 2014

 

Aktyorun duası

 

Çatdı bu əfsanə başa bu axşam,

Sonuncu vurğunu vurub son sözə.

İşıqlı səhnədə əfsunlanmışam,

Məchul qaranlıqla durub üz-üzə.

 

Bir sevinc calanır həyəcanıma,

Ələnir aləmin ələmi, yası.

Məlhəmtək yayılır yanar canıma,

Qaranlıqdan qopan alqış dalğası.

 

Qaranlıq canlıdı, nəfəs alır o,

Qaçırmır heç nəyi, duyur hər şeyi.

İlk andan son ana - tamaşa boyu,

Nəbzimlə həmahəng vurur ürəyi.

 

Rəğbəti ən böyük mükafatımdır,

Zəfər müjdəlidir səsi, sədası.

Fəxri ad umanlar, fəxri adımdır

Qaranlıqdan qopan alqış dalğası.

 

Fitnə-fəsad səpib, ədavət əkir,

İblislər dolaşır kulis arxası.

Məni yerdən alıb göylərə çəkir,

Qaranlıqdan qopan alqış dalğası.

 

Evdə bir çimdik çay, bir parça çörək

Qalıbmı görəsən, bilmirəm bunu.

Dostlar şuxluq edir - nəyinə gərək?

Qəpik yox, çəpik var, sənət vurğunu!

 

Mənim rubabım da, neyim odur,

Ruhun qidasıdı, dərdin dəvası.

Mənim şərabım da, meyim odur -

Qaranlıqdan qopan alqış dalğası.

 

Bir işıq izinə düşüb gedirəm,

Amalım alidir, amacım uca.

Hər gün tər içində təzim edirəm

Alqış dalğasının qarşısındaca.

 

Uca dərgahına ulu yaradan,

Çatsın bu bəndənin bircə duası -

Kəsilsin nəfəsim, kəsilən zaman

Qaranlıqdan qopan alqış dalğası!

 

31 avqust, 2015

 

Üzü Tanrı işığına

 

Qoşul mənə, qoşa gedək,

Üzü Tanrı işığına.

Bu göylər özü səsləyir

Bizi Tanrı işığına.

 

Bulud qapqara, göy dümağ...

Haqqı haqq biləndən umaq.

Haqq izinə düşüb cumaq

Üzü Tanrı işığına.

 

Saxta ehkamları yıxaq,

Qalxıb dan yerinə axaq.

Özgə məbədlərdən çıxaq

Üzü Tanrı işığına!

Çoxdan tamarzıdı könlüm

Düzü... Tanrı işığına.

 

May 2015

Yusif GÜNAYDIN

 

525-ci qəzet.- 2016.- 23 yanvar.- S.29