Hərə bir zümzümə edir keçmişdən,

 

 

 

1993-cü ildə Bərdə rayonunun Xanərəb kəndində doğulub. Hazırda Qazaxıstanın Türküstan şəhərində Əhməd Yasəvi Universitetində

təhsil alır.

 

lll

 

Hərə bir zümzümə edir keçmişdən,

hərə içində bir bəstə saxlayır...

Məni bu od-ocaq qızdırmır daha,

məni xatirələr isti saxlayır...

 

Gəlib məhləmizdə az tutmayıblar,

qızlar gəlinciyi, donu əlimdə...

Mən də böyüməyə tərəf qaçardım,

qarğı atım vardı - onun belində...

 

Gedib kitablarda quş axtarardım,

rəsm dəftərimə şəkil çəkməyə...

“Klas”a bir yastı daş axtarardım,

indi daş gəzirəm bir ev tikməyə...

 

Deyimmi, xəlvətcə, ağac başına

çıxıb yuvaları yoxlamağımı;

Körpə budaqlardan yay-ox düzəldib,

günahsız göy üzün oxlamağımı?

 

Canım bahasına ala bilmərəm,

suyu qiymətinə satdıqlarımı...

Sonradan səngərdə döyüşən gördüm,

taxta avtomatla “atdıqlarım”ı...

 

Götürüb üstünə adımı yazdım,

bir arxa tulladım, getdi-gəlmədi -

Mənim uşaqlığım, ahh... uşaqlığım

kağız gəmilərdə batdı, gəlmədi...

 

lll

 

Nə bilim, ayağım burxulaydı ya

əlim qırılaydı kaş, atmayaydım;

etsəm edəydim, Tanrının altda,

o vaxtı quşlara daş atmayaydım...

 

Hədəfə vurduğum daşı sevmişəm,

belə dost olmuşam daşlara, belə...

Daşıma tuş gələn quşu sevmişəm,

düşmən kəsilmişəm quşlara belə...

 

Sanmışam ən gözəl iş... - öldürmüşəm,

zaman əlimi dinc qoymuşam mən..?

Gör neçə günahsız quş öldürmüşəm,

neçə quş balasın ac qoymuşam mən...

İşim quş yuvası dağıtmaq olub,

gözüm götürməyib quş yumurtasın...

Bəzən, harda görsəm, alıb qırmışam,

bəzən qoymamışam quş yumurtlasın...

 

Bir-bir yuvasınnan perik salmışam,

bir babat ağacla vurmuşam, gedib...

Bəzən daş atmışam, ərik salmışam,

bəzən də budağın qırmışam, gedib...

 

Heç fikir vermədim göydü, ya dəymiş,

bilmədim, nə alma, nə yemiş bildim...

İndi qol-budağı sınmaq nə imiş,

yuvasız yaşamaq nə imiş, bildim...

 

Otur, uzun-uzun fikirləş, düşün,

mənimdi” dediyim mənim olmadı.

Qırdığım ağacın, vurduğum quşun,

şairdim, qarğışı qənim olmadı...

 

lll

 

Bu payız vaxtın eşqinə,

qaş-qabağınla yer süpür,

alnını qırışdır, getsin...

 

O buz otaqda az üşü,

göndərdiyim məktubları

yığ, topla, alışdır, getsin...

 

Divardakı mən deyiləm,

şəkildi də, kin saxlama,

bir söz de, danışdır, getsin...

 

Yenə səksəndim, ay dəli,

belə qəfildən yadıma

düşməyi... yığışdır, getsin...

 

lll

 

Əvvəl əllərimin açarı idi,

indi gözlərimə kilid əllərim...

Saçında körpətək iməkləyərdi,

bükülmüş əllərim, bu küt əllərim...

 

Əllərin boynuma hər sarılanda,

ürək döyüntünü hiss eləyərdim.

Məhəbbət qoxulu tellərini də,

bir-bir ayırardım, hissələyərdim.

 

Danışıb gedərdik ulduzlaracan,

sübhədək əl-ələ Ay işığında...

Yaman yaraşardıq bir-birimizə,

sehrli gecənin yaraşığında.

 

Həzin yağış altda necə saf idik,

hissimiz, duyğumuz müqəddəsiydi...

Mən öz susuzluğmu yatızdırmaqçün

islanmış saçını öpsəm, bəs idi...

 

O göy gözlərinin dərinliyində

mənim taleyimin yelkəni itdi...

Gözündən tökülən muncuq yaşlara

kimsə toxunmasın - mənə aiddi...

 

Dəyməz bir telinə gül dükanları,

burnuma saçının qoxusu gəlməz...

Sənin nəfəsinlə uyuyan kəsin,

səndən uzaqlarda yuxusu gəlməz...

 

lll

 

Göylərin kölgəsindəyəm,

gün də düşmür buralara...

Deyəsən, mən doğulandan

bəndə düşmür buralara...

 

...Adamları yoxa çıxıb

bu dünyanın, ay Allah!

Yu,  aparaq basdıraq,

yu dünyanı,

  ay Allah...

 

Göy üzünü toz basıb,

bəxtimi bir gic yuxu...

Alın yazımı tez-tez,

şeirimi gec-gec oxu...

 

Məni gizli sevənlər,

qoy ağlasın yağışda...

Buralar mənlik deyil,

mən gedirəm,

bağışla...

 

lll

 

Dünənki tək qoy olsun,

məni bu gün də görmə...

Yuxuma da gəlmə heç,

məni bu gündə görmə...

 

...Gözümüzü açmayaq,

gözümüzdən düşərik...

Güzgüyə də baxma heç,

qorxuram görüşərik..!

 

...Bir qara kölgəsi var,

çəkildəndi əllərim...

Divardan şəklin düşmür,

şəkildən də əllərim...

 

...Dörd divardı, bir də mən,

mey qalıb, nə badə...

birdən yenə...

    yadıma

düşərsən ha, nə badə..!

 

lll

 

Durum, öpüm, qucaqlayım,

bağrıma basım özümü...

Havam çatmır, bir kəndir hör,

havadan asım özümü...

 

Nə var ki, bu yer üzündə,

var göyün üzündədi...

Allahla aramızdakı

divar... göyün özündədi.

 

Onsuz da bu dünya

beş-üç

günlükdür

deyə,

gedirəm.

deyirlər,

torpağın altı

tünlükdü,

göyə gedirəm...

...Anam, bu  şeirə adımı,

icazə versən, verərəm...

Dur, gətir dualarını,

Allahı görsəm, verərəm...

 

lll

 

Yola dikmirəm gözümü,

yol özün tikir gözümə.

Kimi görmək istəmirəm,

gözlərin dikir gözümə ...

 

Bu ağrıdan ayır məni,

ki, yola salmayır məni.

İlan da çalmayır məni,

zəhərin tökür gözümə...

 

Çiynim ağır yük götürüb,

kömək də yox, tək götürüb...

Bəxtim lələk götürüb,

qarasın çəkir gözümə...

 

Gecə şam da yanır gedir,

ölürsə, qazanır gedir...

İşıqlar uzanır, gedir,

qaranlıq çökür gözümə...

 

lll

 

Neçə gündü ayaq açıb,

özü kimi gəzir görən?

Boylana-boylana qalıb,

gözü kimi gəzir görən?

 

Fikrim elə onda qalır,

yolda da, işdə də axı...

Telefondan başı çıxmır

götürə, işlədə axı...

 

İşə getməmiş baxıram,

durub başda, otaqdadı...

İşdən qayıdıb gələndə

görrəm başqa otaqdadı!..

 

Təkcə qalanda neyləyir,

bir gün pusacam şəklini...

Evimin divarı yoxdu,

göydən asacam şəklini...

 

lll

 

Olan-qalan ağlını da unudur,

bir sirri açacaq Əli... - vaxtıdı:

Payızda ağıllı şair gəzməyin,

payız şairlərin dəli vaxtıdı...

Heç nədən ağlayıb, durub-dururkən,

qəhqəhə çəkib də, gülmək istəyir...

Bilin ki, şairdi, bu yer üzündə -

hər kimki payızda ölmək istəyir..!

Buludlar çəkirlər ciyərlərinə,

hələ tüstüləyir tütün şairlər...

Payızda ayrılır, payızda sevir,

payızda darıxır bütün şairlər...

Bir başqa cür olar torpaqlar belə,

bir başqa yağarlar yağışlar,  payız...

Sən ha gözlərindən qırağa qoyma,

şairi torpağa bağışlar payız...

Şairi yarpaqla basdırmaq gərək,

heyif ki, üstünü torpaqlayırlar.

Nə olsun, ağaclar yarpağın tökür,

şairlər payızda yarpaqlayırlar...

 

lll

 

Yaxşı ki, yağışlar yağır,

tozu gedir bu dünyanın.

Hər il bir az dadı qaçır,

duzu gedir bu dünyanın...

 

Elə məəttəldi adam,

gör neçə yüzildi, qadam,

şairlər arasında da,

sözü gedir bu dünyanın...

 

Nə şeir yazardım, nə qəzəl,

sevməzdim onu mən, di gəl -

məndən qabaqda ən gözəl

qızı gedir bu dünyanın...

lll

Bu gecə, bu gecə tamam başqadı,

düşmür, belə gecə heç ələ düşmür.

Xoşbəxtlik düşəndə insan payına,

bir belə karıxmır, bir belə düşmür...

Milyonda bir olur belə gecədən,

siz elə bilməyin dəli olmuşam,

Allah özü keçib bizim küçədən...

 

Bu gecə heç kimə hökm oxunmayır,

hər kəs özü kəsir öz cəzasını...

Ya yuxusuz qalır, ya susuz qalır,

şair belə çəkir söz cəzasını...

Oğrular özləri kəsir əlini...

Bütün dünya susub sanki, elə bil

dinləyir Şopenin əsərlərini...

 

Bəlkə də ruhları göydə gəzənlər

bir anlıq ayılır, yuxuya dönür...

Buludlar çoxdandı su səpmirdilər,

çoxdandı toz basmış qəbirlər üstə.

Ürək sac üstəki yuxaya dönür,

bu yağış söndürür qəzəb tonqalın,

damcılar düşdükcə səbirlər üstə...

 

Sularda nazlanan, sularda çimən,

Ay da bu gecənin bir yaraşığı...

Bu gecə necə də gözəldir, Allah.

bu anın şəklini nə şux çəkmisən...

Bu sıx ağacların aralarından

elə süzülür ki, Ayın işığı,

elə bil meşəyə işıq çəkmisən...

 

Təpədən-dırnağa bu gecəki var,

vallah mənim üçün göydən düşmədi.

Bu gecə, nədənsə göyün üzündə,

xal kimi görürəm mən ulduzları...

Gözəllər yadıma bu gün düşmədi,

təkcə xatırladım xallı qızları...

 

Bu gecə sehrinə təzə başlayıb,

bilmirəm axırı necə olacaq.

Zaman bu gecəni hasarlamasın,

bu gecə, bu gecə elə gecədi,

mənki istəmirəm bumbuz su kimi,

içim, birnəfəsə başa çəkilsin.

Ta mənim sevgilim gecə olacaq,

ta maraqlı deyil uzun saçlılar,

təki yuxularım ərşə çəkilsin...

 

Bu gecə, bu gecə tamam başqadı,

düşmür, belə gecə heç ələ düşmür.

Xoşbəxtlik düşəndə insan payına,

bir belə karıxmır, bir belə düşmür...

Milyonda bir olur belə gecədən,

siz elə bilməyin dəli olmuşam,

Allah özü keçib bizim küçədən...

 

lll

 

Saçına ilişsin vaxtın ayağı,

gecəmiz saçların qədər uzansın.

Ağaclar qısqansın səni, saçının

gəlsin kölgəsində şəhər uzansın.

 

Sənin nəfəsinlə uyuyum bir az,

gəlməsin bir dərdi-sərim üstümə...

Qəfildən şıdırğı yağış gurlasın,

açım saçlarını, sərim üstümə...

 

Diləklər zirvəyə can atsın, çatsın,

unudum lap şair olmağımı da...

İstərəm əlimə bir tikan batsın,

saçınla bağlayım barmağımı da...

 

Adamlar məəttəl qalsınlar ki, boyyy:

elə bil saçını qana qoymusan!..

Qanımla boyayım saçlarını, qoy

desinlər: nə gözəl xına qoymusan...

 

Harda olsan bir balaca meh ola,

qaçam gələm ətrinə saçlarının...

At yoluma, yolumu kəs, sən Allah,

kəsdirmə ha, kəsdirmə saçlarını...

 

lll

 

Bu pulun olmayan vaxtı,

derəm, noola, bircə dəfə

yeyib-içəsən, deyələr

hesabı şeirnən ödə...

 

Ömrün-günün qara vaxtı,

şeiri bir bəyaz boya san...

Bircə səhər üzün gülə:

məktəbə gedən oğlunun

cibinə şeir qoyasan...

 

Yazmağa həvəsin ola,

nəyəsə yaraya şeir...

Bir ovuc küldən ötəri

özünü yandırmayasan,

basasan yaraya şeir...

 

Qəm eləmə, qoca şair,

hərf-hərf oxuduğun

alnınsa... yaxşı olacaq..!

Fikri satışa qoymuşam,

alınsa yaxşı olacaq...

 

lll

 

Hava qaralmamış qaralan bulud,

yaxşı hiss eləyir su yoxluğunu;

Görür ki, dünyanın ürəyi yanır,

istəyir yatırsın susuzluğunu...

 

Bəlkə yaşam verir, bəlkə can verir,

hər damcı torpağın bir giləsinə...

Buludlar ağaca bənzəməsə də,

damcılar bənzəyir nar dənəsinə...

 

Fikir ver, torpağın rəngi dəyişir,

göylərdən tökülən sirr... nə gözəldi!..

Sakitcə yağışın səsini dinlə,

Allahın bəstəsi... gör, nə gözəldi!..

 

Yolüstü kimisə qonaq aparır,

kiminsə könlünü sevindirməyə...

Yağır, analara yardım eləyir,

dəcəl uşaqları geyindirməyə...

 

Bu yağan yağışa otaqdan az bax,

Dur, aç pəncərəni, duy yağışları...

Qoyma, tökülsünlər ayağın altda,

öpüb gözün üstə qoy yağışları...

 

lll

 

Nəsə buralarda həyat başqadı,

hər gün darıxmağım nə gizli, nə sirr...

axı buralarda küləkdən qabaq,

ürəklər adamın içində əsir...

Yağışlar adamın içinə yağır,

küləklər evlərin çölünü tutmur...

 

Onsuz da uşaqkən dəcəl olmuşam,

bu gecə aləmi qarışdırım, bax...

Söküb şəhərdəki plakatları,

yerinə şəklini yapışdırım, bax..!

Cinayətdirsə də, narahat olma,

onsuz da polislər dəlini tutmur...

 

Götürüb ən gözəl şeirinnən vurur,

üstündə başqa bir ətir gəzdirmir.

Tutqun havalarda, qış aylarında,

noolsun, özüylə çətir gəzdirmir,

Açır ürəyini şeir sevən qız,

bu yağan yağışlar Əlini tutmur...

 

lll

 

Daha sözlərimdə ləzzət gəzməyin,

daha sözlərimin tamı da yoxdu.

İndi dadlı yemək hər evdə bişmir,

indi dadlı söz də hamıda yoxdu...

 

Nə gəzir gül ətri, çiçək qoxusu,

özün bil, istərsən oxuma daha...

Sözdən dəstə tutur baxma çoxusu,

bir ləçək də girmir yuxuma daha.

 

Sözləri nəzərə, gözə tez gəlir,

Qəlb döyüntüsünü duyan kəslərin...

Sizin ağlınıza təzə söz gəlir,

mənim qulağıma güllə səsləri...

 

O... “iyirmi faiz” nə boydadırsa,

Bu xalqın o boyda davası çatmır!..

Biz dağa qaçırıq hava almağa,

Şuşada dağların havası çatmır!..

 

Əli çənəsində qalan şairə

yurdunun tənəsi, gileyi gəlsin!..

Torpağı işğalda olan şairin

gərək sözlərindən qan iyi gəlsin!..

 

İndi təbim belə xoşuma gəlməz,

indi  misralarım belə, zəlildi...

Mənim şeirlərim yeriyə bilməz,

hamısı “ikinci qrup əlil”di...

 

Tək adam adamla yaşıd olmurmuş,

eyni yaşdakılar gör nə qədərdi;

Ay mən yaşdakılar, bir dövrdənik,

bizimlə yaşıtdı Xocalı dərdi...

 

Daralan ürəyin darvazasına

hələ də əl boyda qara bağlıdı...

Oxucum, bilmirəm, sən haralısan,

mənim şeirlərim Qarabağlıdı!..

 

Ruslan DOST ƏLİ

 

525-ci qəzet.- 2016.- 23 yanvar.- S.28