Şahmat dünyası
və ilahə Kaissanın kahinləri
ŞAHMAT: MƏNŞƏYİ VƏ İNKİŞAFI. OYUN QAYDALARI
(Əvvəli
ötən şənbə saylarımızda)
O,
şahmat ustalığı barədə öz rəyini bildirərək
dedi ki, bu sahədəki uğur iki bünövrəyə -
istedada və zəhmətə əsaslanır. Onların
sintezi şahmatçıya yaxşı nailiyyətlərə
sahib olmağa imkan verir. Bu mənada
Spasskinin qüsurunu da qeyd etdi və göstərdi ki, istedad
barədə təbiət ona olduqca böyük əliaçıqlıq
göstərmişdir. Lakin zəhmətsevər
olmaması onun istedadının daha parlaq cilalanmasına mane olurdu.
Onu hətta, sadəcə olaraq, tənbəl
adlandırmaq olardı. Fişerin oyun
üslubuna bələd olduğuna, xeyli qüvvətli
şahmatçıları tarmar etməsini bildiyi halda, onunla
çempionluq uğrundakı matça əslində
hazırlaşmamışdı. Hökumət
yarışdan iki ay əvvəl ona Kislovodskda əla şərait
yaratmış və güclü məşqçilərlə
tanış etmişdi. O isə
günü-günə sataraq, guya əhval-ruhiyyəsinin
yaxşı olmadığını bəhanə gətirərək
hazırlığa başlamadan matçdan əvvəlki
dövrü başa vurmuşdu. Hər axşam
isə Fransada yaşayan arvadı ilə uzun vaxt ərzində
telefonla danışırmış. Belə
münasibət ona ağır zərbə vurdu və
Fişerin tərəfindən ağır məğlubiyyətə
düçar edilməsinə yol açdı. Hazırlığa lazımi fikir verməməsini
Karpovun özünə də yalnız Kasparovla təxirə
salınmış matçın davam etdirməsindən əvvəlki
olan dövrə şamil etmək olar. Digər
bütün oyunlara isə Karpov ciddi hazırlıqla
başlayırdı.
Spasskinin
mühüm matç qarşısındakı mümkün təhlükəyə
biganəliyini təmsildəki cırcırama ilə
müqayisə etmək olar. Yay gözəldir, rəqs
etmək vaxtıdır, deyən cırcırama qışa
qida hazırlığı görməyi bütünlüklə
unutmuşdu, Reykdavikdəki məğlubiyyətin əsası
da Kislovodskda keçirilən laqeyd günlərdə
qoyulmuşdu.
Kasparov barədə də o, maraqlı fikirlər
söylədi və qeyd etdi ki, əgər indi də olmasa,
Kasparov gələcəkdə hökmən dünya çempionu
olacaqdır. Çünki şahmata lazım olan hər iki
mühüm cəhət onda artıqlamasilə vardır.
Qüsurlarına gəldikdə, anasının
çox vaxt onun xarakterinə ziyan vuran diqtəsi altında
olmağını qeyd etdi. Anası onu təkcə
rəqibinə qarşı pis münasibət bəsləməyə
istiqamətləndirmir, həm də məşqçilərinə
şübhə ilə yanaşmağı təlqin edir.
Anası onun özündən
razılığını daha da
qızışdırmağa çalışır. Təəssüf
ki, o, anasının idarəçiliyindən azad ola bilmir.
Kasparovun gələcəyi barədəki bu rəy
tezliklə özünü doğrultdu və o, elə həmin
ilin sonunda dünya çempionu oldu. Bu vaxt Kasparovun 22 yaşı var idi və
o, şahmat tarixində ən gənc yaşında bu titula yiyələnən
bir adam kimi qalmaqda davam edir. Son
dövrlərin dünya çempionu Maqnus Karlsen də bu
yaşda həmin ada sahib olsa da, çempionluğa yiyələnən
dövrdəki Kasparovdan bir neçə ay böyük idi.
Bu uğurlar Kasparovda belə bir fikir yaratdı ki, o,
dünyanın ən güclü
şahmatçısıdır, onu məğlub etmək
mümkün olmayacaqdır. Lakin bu ümid
özünü doğrultmadı. 2000-ci
ildə Vladimir Kramnik Kasparovla olan matçı udub, PŞA
versiyası üzrə dünya çempionu oldu. Bu dövrdə Kasparov nisbətən hələ
cavan yaşında qalırdı, onun 37 yaşı var idi.
Özü də bir cəhət daha
ağrılı idi ki, Kasparov Kramnikə həmin matçda
bir dəfə də olsun qalib gələ bilməmiş, rəqibi
isə onu iki oyunda məğlub etmişdi. 2006-cı ilə qədər PŞA üzrə
çempionluğu əlində saxlayan Kramnik 2006-2007-ci illərdə
mütləq dünya çempionu oldu. Bu
vaxt artıq PŞA ləğv olunmuşdu.
2005-ci ildə Kasparov şahmatda idman karyerasına son
qoyduğunu elan etdi. Bu bəyanatı verdiyi Linaresdə bolqar
şahmatçısı Veselin Topalova uduzmuşdu. Ona ən
ağır təsir edən məğlubiyyət isə iki il əvvəl elə həmin şəhərdə
baş vermişdi. Burada o, azərbaycanlı
şahmatçı, 15 yaşlı Teymur Rəcəbova
uduzmuşdu. Bu partiya turnirin ən gözəl
partiyası elən edildikdə, Kasparov bu qərara dözə
bilməyərək bəyan etmişdi ki, belə seçimi
özünə qarşı açıq təhqir və
aşağılanma kimi qəbul edir. Gəncliyindəki
uğurları ilə öyünən bir adam
başqa bir gəncin parlaq istedadının təzahürünə
dözümsüzlük nümayiş etdirmişdi. O,
özünü həm də sürətli oyunda güclü
hesab edirdi, lakin belə oyunda da Mixail Tala, onun
ölümündən bir qədər əvvəl məğlub
olmuşdu.
Hakimiyyətdəki
uzun sürən ağalığa, nəhayət, təbiət
müdaxilə edərək, son qoymalı olduğu halda,
şahmatdakı liderliyə təbiətin meydana
çıxardığı yeni istedadlar son qoya bilir, heç
kəs şahmat tacını Alyoxin kimi qəbrə qədər
daşıya bilmir, axı o da holland şahmatçısı
Maks Eyve tərəfindən məğlub edilərək,
tacı iki illiyə ona verməyə məcbur olmuşdu. Əbədi şah olmadığı kimi, ədəbi
şahmat liderinin də mövcudluğu
qeyri-mümkündür.
Lakin Kasparovun çox güclü şahmatçı
olması danılmaz faktdır. Onun qatı əleyhdarı
olduğu Rusiya prezidenti Putin də bunu etiraf edərək
demişdi ki, “Ondan hələ siyasətçi
alınmamışdır, ancaq o, görkəmli şahmatçıdır”.
Həm
Anatoli Karpov, həm də Qarri Kasparov sonralar siyasət aləminə
daxil oldular, lakin burada onların öz parlaq qələbələri
ilə öyünməsi bir qədər şübhəli
görünə bilərdi. Karpov Rusiya Dövlət
Dumasının deputatı seçildi və bu kütlənin
sadə bir üzvünə çevrildi. Kasparov
isə Putin hakimiyyətinə əks mövqedə olmaqla,
müxalifət hərəkatına qoşuldu. Bu hərəkatda liderlik etməyə
çalışsa da, buna müvəffəq olmadı. Radikalizmi ilə seçilən Kasparov əslində
ordusu olmayan generalı yada salırdı, bu qiyafəni isə
özü-özünə bəxş etmişdi. Ona görə də Putin onun bu cəhdinə istehza
ilə yanaşmışdır. Ümumiyyətlə
Kasparovun adamlara münasibətində qüsurlar
aparıcı rol oynayır. Onun yaxın
dostunun olmasına da şübhə ilə yanaşmaq
lazım gəlir. Özündən razı, xudpəsənd
adam kimi o, dostlarına münasibətdə
yəqin ki, kəndlinin öz atına olan məhəbbəti
çərçivəsindən kənara şıxmır. At kəndliyə yalnız istifadə
üçün lazımdır. Hərəkata gəldikdə,
o elə bir uğura imza ata bilmədiyindən, həm də
müxalifətin fəallığı xalqın dəstəyini
əldə edə bilmədiyindən, sönük epizodlardan
başqa heç nə ilə yadda qalmadı. Hakimiyyətin təzyiqi də öz işini
görürdü və ümidini bütünlüklə itirən
Kasparov xaricə mühacirət etdi.
Kasparovla tanışlığım isə hələ
çempion olmamışdan Moskvadakı Azərbaycanın
daimi nümayəndəliyində baş vermişdi. O, “VÇ” telefonu ilə
Bakıdakı Dövlət Təhlükəsizlik Komitəsinin
işçisi ilə əlaqə saxlayırdı. Sonra Qaxda onun üçün ayrılmış
istirahət evində - villada görüşdük. O,
özündən razılıq zirehini daim gəzdirirdi və
bu, onun xarakterindəki səmimiyyət işartısına da
mane olurdu.
Dünya çempionları ilə qısa müddətli
tanışlığımın təəssüratı o qədər
bol olmasa da, onların şəxsiyyəti barədə müəyyən
anlayışa sahib olmağa imkan verilmişdi və bu, əlbəttə
ki, sırf fərdi rəyə yiyələnməkdən
uzağa gedə bilməz.
Məşhur
eston şahmatçısı Paul Kereslə
sağlığında tanış olmasam
da, Tallindəki kolleqalarımın məsləhəti və
müşayiəti ilə onun qəbrini ziyarət etmişdim.
O, Estoniyada böyük nüfuza malik olmuşdu. Onu güclü, lakin bəxti gətirməyən
şahmatçı hesab etmək olardı. Üç dəfə iddiaçıların
turnirində iştirak edib, hər dəfə yalnız ikinci
yeri tutmaqla kifayətlənməli olmuşdu. Hətta turnirin lideri kimi David Bronşteynlə son
oyunda tam uduş mövqeyinə malik olsa da, yeganə səhv
gedişi etməklə, məğlub olub, son
iddiaçılığı ona verməyə məcbur
olmuşdu. Lakin David Bronşteyn də
Botvinniklə matçda heç-heçə
oynadığına görə, iddiaçılıqdan
yuxarı gedə bilməmişdi.
Dünya çempionlarının
yaradıcılığını təhlil etdikdə, belə
bir qənaətə gəlirsən ki, bu səviyyəyə
yüksəlmək üçün təkcə güclü
şahmatçı olmaq heç də kifayət deyildir, bunun
üçün başqalarına məxsus olmayan bir
qığılcım işartısının olması da
vacibdir. Axı hətta ən güclü alpinistlər də
bəzən 8 min metrlik zirvələri fəth etmək qabiliyyətinə
malik olmurlar. Şahmatda da belədir,
Comolunqmanı fəth etmək üçün qeyri-adi
xüsusiyyətlər tələb olunur. Dünya
çempionu zirvəsinə yüksəlmək
üçün onun oyun üslubu çaxmaq daşı kimi
qığılcım əmələ gətirməlidir.
Tatar mənşəli Qata Kamski uşaq vaxtı
şahmatda böyük ümidlər verdiyindən, atası
daha əlverişli şəraitin yaradılması məqsədilə
onunla birlikdə ABŞ-a mühacirət etmişdi. O,
burada şahmat ustalığını xeyli təkmilləşdirmişdi,
hətta 1996-cı ildə FİDE versiyası üzrə
Karpovla matçda oynamış, lakin çempionu uda bilməmişdi.
Onunla görüşən digər dünya
çempionu isə Kamski haqqında maraqlı, həqiqətə
uyğun, lakin onun üçün ağır olan bir fikir
söyləmişdi və qeyd etmişdi ki, dünya
çempionu olmaq üçün oyunda nümayiş etdirilməli
olan bir qığılcım Qatanın üslubuna xas deyildir.
Ona görə də o, heç vaxt bu titula yiyələnə
bilməyəcəkdir.
Doğrudan da, dünya çempionlarının hər
biri öz fərdi üslubunu nümayiş etdirməklə,
bu nailiyyətə sahib olmuşdu. Alyoxinin kombinasiya istedadı,
Botvinnikin analitik dəqiqliyi, Talın dahiyanə intuisiyası,
Petrosyanın idman hiyləgərliyi, Spasskinin universalizmi,
Karpovun “kompüterə bənzər” hesablaması, Kasparovun
şahmat sənətinə yaxşı bələd
olması, onlara məlum şöhrəti bəxş
etmişdi. Ona görə də onlar uzun müddət
qalxanı yerə atmadılar.
Şahmat sirli aləm olduğu kimi, onun özünəməxsus rekordları da mövcuddur. İsveç qrossmeyster Gidson Ştanberq 1941-ci ildə Buenos-Ayresdə 400 oyun oynamış, onlardan 364-də qalib gəlmiş, 22-ni uduzmuş, 14-də heç-heçə oynamışdı. Heç kəs indiyədək Laskerin uzunmüddətli çempionluq rekordunu ötüb keçməmişdir.
Şahmat yarışlarının digər növləri də mövcuddur. Onlardan biri gözübağlı oynamaqdır. Bu vaxt oyunçu taxtanı və onunla oynayan rəqibləri görməməlidir. Gedişlər ayrıca adam tərəfindən elan edildikdə, gözübağlı oyunçu öz növbəti gedişini elan edir. 1947-ci ildə argentinalı qrossmeyster Migel Naydorf Braziliyanın San-Paulu şəhərində keçirilən yarışda gözübağlı oynamaqla 45 oyundan 39-nu udmuş, yalnız ikisini uduzmuşdu. 1945-ci ildə Nyu-Yorkdakı sərgidə Reuben Fayn gözübağlı qaydada dörd ustaya qarşı yüksək sürətlə - hər gedişə yalnız 10 saniyə vaxt sərf etməklə oynamışdı.
Yüngül və yaxud sürətli şahmat oyunu da geniş yayılmışdır. Blits adlanan bu şahmat oyunu sərt vaxt ölçüsü ilə məhdudlaşır. Fərdi blits oyunlarında hər bir oyunçuya beş, yeddi və ya on dəqiqə vaxt verilir ki, öz oyununu başa çatdırsın, əgər həmin vaxta əməl edə bilməsə, o, hətta uduş mövqeyində olsa da, uduzmuş hesab olunur. Məktubla şahmat oyunu da mövcuddur bu vaxt oyunçu öz rəqibini şahmat taxtası arxasında görmür, gedişləri ona məktubla çatdırırdı. Adətən uzaq məsafələrdə yaşayanlar bu oyun növündən istifadə edirdilər və bu növdə oyun, əlbəttə ki, uzun çəkirdi. Lakin kompüter bu oyunu da xeyli sürətləndirə bilmişdir.
Şahmat yaşayır, ona rəğbət bəsləyənləri əvvəlki tək özünə cəlb etməkdə davam edir. Oyundakı şahın ölməsi bu oyunun ən başlıca məqsədidir. Şahmat isə ölməkdən çox uzaqdır. Şahmat ətrafındakı əllaməliklərə, onu siyasətin girovuna çevirmək cəhdlərinə baxmayaraq, şahmatın süqut etməsi mümkün deyildir. Görünür, şahmat günəşi də kainatı işıqlandıran Günəş kimi işıq və hərarət saçmaqda davam etməklə, ona susayan könüllərə sevinc paylaması şəklindəki möcüzəli xüsusiyyətini heç vaxt itirməyəcəkdir.
SON
Telman
Orucov
525-ci qəzet.- 2016.- 23 yanvar.- S.26