Ağdamda nəyim qaldı?
Quba tətilləri
lll
...Axşamüstü
sərinləmək, gəzmək, özünü adamlara
göstərmək istəyən qubalılar və daha
çox da şəhərə istirahətə gələn
qonaqlar bu küçədə iki park arasında
aşağı-yuxarı gəzişirdilər. Şəhərin dram teatrı və elə
küçənin adını daşıyan “Mir”
kino-teatrı da burda yerləşirdi. Kino
diqqətimi daha çox çəkirdi. Tez-tez
gündüz seanslarına gedirdim. Çox
vaxt da məni kinoya pulsuz buraxırdılar, amma bir dəfə
nə illah elədim, məni “Naməlum qadın” adlı ərəb
filminə buraxmadılar ki, on altı yaşdan
aşağı uşaqlar bu filmə baxa bilməz, icazə
verilmir. Şəhərdə də
hamı bu filmdən danışır, kino-teatr tamam bir həftə
adamla dolur boşalır. Hamı da kinodan
gözü yaşlı çıxır.
Nəhayət,
böyük çətinliklə, yalvar-yaxarla zala keçə
bildim, özü də axşam seansına. Filmin təəssüratı
o qədər zəngin oldu ki, bu gün, əlli beş ildən sonra da onu bütün
detalları ilə xatırlayıram. İlk dəfə
bu filmdə ərəb musiqisi eşitdim, özü də
tanqo ritmində. Çox gözəl zahiri
görkəmi olan aktrisa Şadiyyə və yaşlı olsa
da, hələ qadın qəlbini fəth eləyə bilən
kübar ədalı Əhməd Həmdi
tamaşaçıları heyran eləmişdilər. Onların həmin tanqo altında rəqs etmələri,
bir-birlərinə könül verib evlənmələri,
bir-birini əvəz edən effektli səhnələr,
dramatik-sentimental epizodlar tamaşaçıların qəlbini
riqqətə gətirirdi. İstehsalat
münasibətlərinin, sxematik müsbət Sovet
adamlarının, kolxoz-sovxoz mənzərələrinin
üstünlük təşkil etdiyi filmlərdən sonra “Naməlum
qadın” melodraması quraq səhrada oazis təəssüratı
yaratmışdı. Onu da deyim ki, əlli-altmışıncı
illər hind və ərəb kinematoqrafı dünya
miqyasında tanınan və çox sevilən filmlər
istehsal edirdi.
Çəhrayı rəngli iki mərtəbəli, iki
bloklu bu binada yeddi-səkkiz ailə yaşayırdı. Dediyim kimi,
Töhvənin evi ikicə xırda otaqdan, kommunal mətbəxdən
və iki ailəyə bir tualetdən ibarətdi. Daha böyük və rahat mənzildə çox
hörmətli və Qubada yaxşı tanınan ziyalı ailə
yaşayırdı. Bu ailə ilə
Töhvənin münasibəti çox gərgindi. Səbəb elə evlə bağlıydı.
Əvvəllər Töhvənin mənzili də həmin ailəninmiş,
sonradan o iki balaca otağı alıb ona vermişdilər. İndi mən həmin ailə haqqında
danışmaq fikrində deyiləm, amma bir məqama toxunmaq
istəyirəm.
Bu
hörmətli ailənin hər iki ayaqdan şikəst
bir oğlu vardı, deyəsən lap uşaq yaşlarından
polimelit xəstəsiydi. Məndən on yaş
böyük olardı. Məktəbi bitirmişdi, mən
bilən, ali təhsili də vardı. İki çəliyin köməyi ilə çətinliklə
yeriyən çox balaca boylu, amma hərtərəfli
maraqlı olan bu oğlan yoldaşları arasında çox
populyar, çox hörmətli idi. Hər
axşam beş-altı hündür boylu, cavan, sağlam
oğlan gəlirdi onun yanına, özləri ilə gəzməyə
də çıxarırdılar onu. Sonralar
mən həmin adama Bakıda, “Azərbaycan” nəşriyyatında
rast gəldim. Bildim ki, boyu bir metrdən bir az çox
olan bu anadangəlmə şikəst insan idman üzrə (!)
ixtisaslaşmış jurnalistdir. Bir-iki il
bundan qabaq yetmiş beş yaşında rəhmətə
getdiyini mətbuatdan bildim.
lll
Qubada günlərim yaxşı və maraqlı
keçirdi.
Bunun bir səbəbi də o idi ki, burda məni buyurmağa nə
həyət vardı, nə əlavə bir iş. Su da evin içində fasiləsiz gəlirdi. Vedrə ilə növbəyə dayanıb su
daşımağa ehtiyac yoxdu. Çox vaxt
küçədə, həyətdə olurdum. Burda da
bir dost tapmışdım özümə, onun da adı Yura
idi, xoxoldu. Əsilləri Qarabağdan olan iki bacı da
vardı: Lidya və Nəstərən. Sonralar bildim ki, o
vaxtlar mənə çox qəribə gələn hər iki
adın biri, gərək ki, yunan mifologiyasından, o biri, yəni
Nəstərən, klassik Şərq ədəbiyyatından gəlir. Bacıların ikisi də
məni maraqlandırırdı, elə buna görə də
daha çox onlarla oynayırdım. Qızlarla
tək qalanda onlar toyuq-cücə kimi qaqqıldaşıb
qaçırdılar məndən, amma bu oyun onların da
xoşuna gəlirdi. Tez-tez şitənirdilər
ki, onların dalınca qaçım.
Kinoteatrın binasında bir kitabxana da vardı, ora tez-tez
gedir, kitab alır, bəzən elə orda da oxuyurdum. O vaxt Qubada dövlət
teatrı da vardı, özü də dediyim kimi, bizim
küçədə yerləşirdi. Bir
vaxtlar Şəfiqə də həmin teatrın aktrisası
olmuşdu. Köhnə iş yoldaşları ilə
görüşmək üçün ora gedəndə məni
də bir neçə dəfə özü ilə aparmışdı. Orda
yaşlı bir aktyorla da tanış
olmuşdum. Kişi Papamı
tanıyırdı, deyəsən nə vaxtsa Papamla Ağdam
teatrında işləmişdi. Məni
çox əzizləyirdi. Ona güvənib
hərdən teatra gedir, aktyorların masaarxası məşqinə
qulaq asırdım. Bu mənə çox
maraqlı görünürdü. Hətta
həmin teatrda bir axşam Məcid Şamxalovun “Qaynana”
komediyasına tamaşa eləmişdim. Onda
hələ Musiqili Komediya Teatrı bu əsəri tamaşaya
qoymamışdı, Nəsibə Zeynalova da Cənnət
rolunda oynamamışdı. Bunu mən
sonralar bildim. Qubanın “Qaynana”
tamaşasından yadımda qalan Afət rolunda oynayan Anik
adlı aktrisa oldu. Bilirdim ki, Anik ermənidir,
özü də teatrın direktorunun arvadıdır.
Şəfiqə dedi ki, əri direktor olduğuna görə həmişə
baş rolları oynayır. Ah, aktyor qısqanclığı,
teatrın əbədi problemi!
Dediyim kimi, Qubada Ağdama nisbətən
daha sərbəst olurdum, hətta bir az
özbaşınaydım. Hara istəsəm
gedir, harda istəsəm gəzirdim. İki ay, bəlkə
də bir az artıq vaxt Qubada tez
keçirdi və sentyabra bir həftə qalmış Şəfiqə
ilə qayıdırdıq Ağdama, evimizə.
Quba tətilləri
beş ya altı il təkrar olundu. Birinci tətilim, gərək ki, dördüncü
sinifdən sonraya düşmüşdü, sonuncu tətilim
isə səkkizinci sinfi bitirəndə. Elə həmin
il o vaxtlar çox populyar olan “Kirpi” jurnalında əvvəl
Papam haqqında “Köhnə aktyorun təzə monoloqu”
adlı felyeton çıxdı, sonra da onun özünü təmir-tikinti
kontorunun rəisi vəzifəsindən çıxardıb
işini verdilər məhkəməyə, amma bir-iki aylıq
“silist”dən və onunla bərabər keçirdiyimiz həyəcanlardan
sonra məlum oldu ki, Papamın heç bir yeyinti işində əli
yoxdur. Buna baxmayaraq onu işə bərpa eləmədilər
və kişi bir müddət işsiz
qaldı. Həmin kritik vəziyyətdə də
Papam Şəfiqə ilə məni yenə Qubaya yola
saldı, yay tətilinə.
lll
Yenə də
mənim Quba tətilim, yenə də hər şey təkrar
olunur, amma mən indi o qədər də uşaq deyiləm,
artıq on beş yaşımın
içindəyəm, çox şeydən də başım
çıxır. Bu yay özümdə
yaşımla bağlı yeni fiziki keyfiyyətlər kəşf
etdim. Səsim də qalınlaşdı,
qız səsinə bənzəyən diskantın yerini
dramatik tenor tutdu. İçimdə də
həmişə diri olan bir qürur hissi yeni qüvvə ilə
baş qaldırıb. Mən Qubada, bu kiçik ailədə
özümü tamam yad uşaq kimi deyil, yad kişi
kimi hiss eləyirəm. Bu, məni incitsə də,
mən emosiyalara, hisslərə deyil, ağıla tabe olub
dözməliyəm, dözməyə məcburam.
lll
Həmin yay Şəfiqənin xalasının ailəsi
hansı rayondansa köçüb Qubaya gəlmişdi. Xalanın əri
yaxşı vəzifədə işləyirdi. Çox
yaraşıqlı, görkəmli, abırlı və tərbiyəli
kişi idi. Zahiri görkəminə
görə Xala hər cəhətdən ərinə uduzurdu,
amma onların arasında o saat görünən bir
mehribanlıq, istək vardı. Qadın nə
qədər kifir olsa da, xasiyyətində sirayətedici bir
mülayimlik, xeyirxahlıq vardı. Heç
bir cəhətdən böyük bacısı Töhvəyə
bənzəmirdi. Nə sifətdən, nə
boy-buxundan. Deməsələr, onların
doğma bacı olduqlarına heç kəs inanmazdı.
Deyim ki, Xalanı da, ərini də həmişə
xoş, isti hisslərlə, məmnuniyyətlə
xatırlayıram.
O yay tətilində
günüm Xalagildə keçirdi, mən bilən, bu
hamıya əl verirdi. Xalagil Qubada yaxşı
bir həyət evi almışdılar - geniş, rahat. Şəfiqəgildəki darısqallıq adamı
sıxırdı. Düzdü, kənddə
də evimiz darısqaldı, Ağdamda da, amma oralarda mən, nə
qədər də olmasa, doğma adamlar arasındaydım.
Genişlikdən başqa Xalagilin evində bu
vaxta qədər heç bir yerdə rast gəlmədiyim bir
asudəlik, mehribanlıq, mülayim və abırlı aura
vardı.
Darıxanda evin xudmani alma
bağçasına çıxıb ağaclar arasında
fırlanırdım. Çox vaxt da
bağçanın göz tutmayan ucqar bir yerinə çəkilib
“Baskervillərin iti”ni oxuyurdum, həm də
gözləyirdim. Bilirdim ki, bir azdan Xalanın iki qızından
biri, böyüyü özünü yetirəcək... Burda yenə də redaktorumun təkidi ilə bəzi
məqamları buraxıram.
lll
Uzun illər
Xalagilin övladı olmamışdı və “Düz on beş ildən sonra Allah baxmışdı
üzlərinə”, bir-birinin dalınca iki qız vermişdi
onlara. Onların bu əyriqıç
qızların üstündə necə əsdiklərini
görmək lazımdı. Nənəmin
dili ilə desəm, elə bil göy yarılıb göydən
düşmüşdülər.
Onu da deyim ki, Xala da, onun əri də mənə
böyük simpatiya ilə yanaşırdılar. Elə hey
“Kaş sənin kimi bir oğlumuz olaydı!” - deyirdilər. Bir ara çox
səmimi şəkildə məni oğulluğa
götürmək də keçmişdi ürəklərindən,
hətta dilə də gətirmişdilər istəklərini.
Xala mənim hamını maqnit kimi çəkən
qıvrım saçıma tumar çəkib
soruşmuşdu: “Əli, bizim oğlumuz olarsan?” Bu işdə kifayət qədər
təcrübəsi olan adam kimi mən
onlara qəşəng bir “bəli” cavabı vermişdim. Sonra
arvad məsələnin ciddi olmadığını
anlayıb: “Qismətdən artıq yemək olmaz” demişdi.
“Şükür ki, on beş ildən sonra
Allah heç olmasa bu qızları verdi bizə!”
lll
Həmin
yayın bitməsini istəməsəm də, günlər
uçur, həftələr sürətlə əriyir, Ağdama getmək
vaxtı yaxınlaşırdı. Papam məktub
yazıb nə vaxt qayıdacağımızla maraqlanır.
Şəfiqənin isə qayıtmaq fikri yoxdu, mən bunu
çoxdan hiss eləmişəm, bəhanəsi də
vardı, Töhvə ürək xəstəliyi
tapmışdı, bir ay da qalıb arvada
qulluq eləmək istəyirdi. Həqiqətən,
Töhvənin ürəkgetməsi vardı, bir neçə
dəfə tutmasının şahidi olmuşdum, amma bu, indinin
məsələsi deyildi, xəstəliyin on ildən çox
stajı vardı.
Dərslər başlayırdı, mən getməliydim. Deməli, məni
tək yola salmalı idilər Ağdama. O vaxtlar
Ağdama getmək üçün mütləq Bakıya getmək
lazımdı. Elə də oldu, Şəfiqə
anası ilə məni Bakıya gətirib Ağdam avtobusuna
mindirdi. Töhvə, qızından fərqli olaraq,
avtobusa minməmişdən qabaq məni qucaqlayıb
öpdü, dünən dəlləyə aparıb bir az səliqəyə saldırdığı
saçımı əlləşdirdi, hətta gözündən
yaş da çıxdı. Mən də
kövrəldim. Qadın heç vaxt
qoltuğundan düşməyən yastı qara
redükülündən əzik-üzük “Belamor” qutusu
çıxartdı. Əsən əlləri ilə bir
papiros götürüb o vaxtlar az adamda
olan gümüşü alışqanı ilə
yandırdı. Dərin bir qullab vurub
tüstünü məharətlə ağzından-burnundan
buraxdı. Papirosu heç kim onun kimi
ləzzətlə çəkə bilməzdi. Adam
elə ona qoşulub çəkmək istəyirdi. Çəkmişdim də. Onun
qutusundan xəlvətcə götürdüyüm papirosu evdə
tək qalanda həyəcandan əllərim əsə-əsə
yandırıb necə dərin bir qullab vurduğum yadıma
düşəndə indi də başım hərlənir.
Tüstü ciyərimə gedəndə elə
bildim içimə xəncər işlədi. Bir müddət nəfəs ala bilmədim. Dəhşətli bir öskürək tutdu məni.
Hannan-hana özümə gələndə başımın
necə hərləndiyini hiss eləyib bərk qorxdum. Elə bildim ölürəm. Sakitcə
uzanıb həyəcanla nə olacağını gözlədim.
Ölmədim. Yəqin ona
görə ki, əsərin qəhrəmanı belə tez
ölə bilməz.
Bu əməlimin xeyri o oldu ki, mən papirosun dadına
bir də on doqquz yaşımda baxdım.
Töhvənin əsəbi və kəskin hərəkətlərini,
bir qədər lotuyana danışığını,
ustalıqla papiros çəkməsini xoşlayırdım. Bu qadına məndə
heyranlıq qarışıq bir rəğbət hissi
vardı. Yaşım az olsa da,
çox şeyi başa düşürdüm. O vaxtkı
yaşımı və bildiklərimi, duyduqlarımı
yadıma salanda anlayıram ki, uşaq çox erkən
yaşdan ən incə mətləbləri də qanır, dəqiq
müşahidə edir.
Mənim içimdə lap erkən
yaşdan, Ağdama gələndən iki “mən”
yaşayırdı, birinci “mən”i özümdən başqa
heç kəs tanımırdı, ikinci “mən”im isə ətraf
üçündü. Birinci “mən”imdən bəzi
məqamları bu yazıda demişəm, amma axıracan yox,
orda örtülü yerlər çoxdu. İkinci
“mən”im isə reklam xarakterlidir, hamıya
açıqdır. Bu “mən”im həmişə
göz qabağında olub, böyüklərin sözünə
qulaq asıb, onların istəklərinə köklənib, “bəli
- xeyir”dən usanmayıb, yerinə uyğun hərəkət
edib. Bir sözlə, nümunəvi uşaq,
sayğılı yeniyetmə, tərbiyəli gənc!
Ətrafımda baş verən hadisələrə isə,
çox vaxt gizli “mən”imin gözü ilə baxır, onun
düşüncəsi ilə qiymət verirdim. Odur ki, Qubadakı
müşahidələrim, qulağım alan
sözlər, söhbətlər mənə bu ana-bala ilə
bağlı çox şeyləri bildirmişdi. Mən Şəfiqəni, onun anasını Papamdan
yaxşı tanıyırdım.
Mən bu
qənaətdəydim ki, Töhvə dünyanın hər
üzünü görmüş, bir qədər kişi ədaları olan, mərd
qadındı. Onda yaxşı mənada bir kişi
başlanğıcı vardı. Dizdən bir az
aşağı düz ətəkli, boz rəngli kabardin
parçadan olan yubkasını kişi şalvar geyən kimi
çəkirdi əyninə. Qısa kəsilmiş
saçını bir əlinin kəskin hərəkəti ilə
tez-tez arxaya darayırdı, özü də bircə həmləyə.
Vaxtı ilə rayon miqyasında məsul vəzifələrdə
çalışmışdı. Rayon meyvə
hazırlığı bazasının direktoru işləyəndə
kişi həmkarlarının xəyanəti
və acgözlüyü səbəbindən xeyli əskiyi gəlmiş
və haqsız yerə həbsə alınmış, altı
il türmə həyatı yaşamış, şəhərin
çox yaxşı yerində geniş, dəbdəbəli
evindən məhrum olmuş, var-yoxundan çıxmış,
evini-ailəsini itirmişdi. Həbsə düşəndən
sonra arvada nisbətən çox
fağır əri oğlunu və qızını
başsız qoyub doğma kəndinə çəkilmiş və
özünə bab bir kənd qızı ilə evlənmişdi,
bir növ, heç bir tərəfdən tayı olmayan
Töhvəni, ondan olmuş övladlarını unutmuş, hər
şeyi sıfırdan başlamışdı. Yiyəsiz qalan
Şəfiqə və qardaşı bir az
uşaq evində, bir az da qohumların himayəsində
yaşamışdılar. Şəfiqəni on
altı yaşında Quba teatrına cəlb eləmişdilər,
burada Papama ərə gedənə qədər aktrisa kimi
çalışmışdı. Töhvə
həbsdən çıxanda o, artıq əməlli-başlı
aktrisa imiş.
Töhvə Qubanın
kəndində yaşayan və hansı dildənsə dərs
deyən ərini heç vaxt bağışlamamış,
heç adını çəkməyi də özünə
sığışdırmamışdı. Şəfiqənin Papama ərə getməsini də
qəbul eləməmişdi, amma susmuşdu,
görünür, qızının teatrda işləməsi
onun qabağını kəsmişdi, başa
düşmüşdü ki, onun kiməsə ərə getməsi
zay olmuş reputasiyasını tam da olmasa bərpa eləyə
bilər.
Papam da Şəfiqəni
elə səhnədə görmüşdü. Quba teatrı Ağdamda qastrolda olarkən papam
çoxdan teatrdan ayrılmış sabiq aktyor kimi teatr xatirələrini
təzələmək qərarına gəlir və “Məlikməmməd”
tamaşasına baxır. Şəfiqə
Divə əsir düşmüş qızlardan birini
oynayırmış. Papam
quyudan çıxarılan Şəfiqəni görən kimi
ona necə vurulursa, evdə qoyub gəldiyi arvadı yadından çıxır,
daha doğrusu, evli olduğunu bilmərrə unudur.
Başı
daşdan-daşa dəymiş, xəyanətlər
görmüş, türmədə yatmış Töhvənin,
əslində, ona heç dəxli olmayan bir yeniyetməyə
görə ağlaması bir az qəribə
idi. Amma Hacı Qəmbər demiş, uşaqlıqda mən,
artıq bildiyiniz kimi, çox göyçək
uşaqdım, plyus böyüklərə özümü istətməyi
bacarırdım, ona görə də mənə o
yaşımda biganə qalmaq çətindi, az
adam olardı ki, yanımdan ötəndə məni
saxlayıb “Kimin oğlusan? Neçənci sinfə
gedirsən? Qiymətlərin neçədir?”
kimi axmaq suallar verməsin, heç olmasa “naxadu” qıvrım saçıma
əl vurmasın, yanağımı sığallamasın.
Arvadlar isə fürsət düşən kimi
üzümdən öpürdülər. Ağdamda
qonşuluqda məndən bir neçə yaş böyük
Xatirə adında bir qız (bir az
havalı idi) girəvə tapanda, heç nəyə,
heç kimə məhəl qoymadan, məni
marça-marçla elə öpürdü, əlindən
güclə qurtarırdım. Bir dəfə də
məktəbdən evə qayıdanda Ağdama qastrola gəlmiş
Musiqili Komediya Teatrının bir dəstə aktyoru ilə
rastlaşmışdım, Lenin bağının yanında.
O dövrlərdə teatrda tamaşaya qoyulan bütün əsərlərdə
duzsuz baş rolların əsas ifaçısı
aktrisa-müğənni Şəfiqə Qasımova
yoldaşlarına göstərib “Ay allah, bu nə qəşəng
uşaqdı!” deyib məni saxlamış, cavablarını əzbər
bildiyim suallarını verəndən sonra saçımı
qarışdırıb qəşəng biçimli, çəhrayı
pamadalı dodaqlarını yanağıma
yapışdırmışdı. Onda Şəfiqə
xanımın heç ağlına da gəlməzdi ki, o, gələcəyin
məşhur dramaturqunu öpür.
Amma bir az əvvəl
qeyd elədiyim kimi, mən göründüyüm qədər
də sadə, sadəlövh uşaq deyildim, özümü
istətməyi yaxşı bacarırdım, başqa sözlə,
böyüklərə kəf gələ bilirdim. Töhvənin da qəlbini beləcə fəth eləmişdim.
Ona görə də qadın mənə qayğı ilə
yanaşır, hətta qızı ilə mənə görə
sözləşirdi, hesab edirdi ki, Şəfiqə mənə
layiq olduğum münasibəti göstərmir, mənimlə
insafsız davranır, hətta görəndə ki, Şəfiqə
mənə oğlan uşağına yaraşmayan iş
buyurur, hirslənirdi. Qızına tat dilində bir-iki söz
deyib əsəbi hərəkətlə çox vaxt
barmaqları arasında unudulub sönmüş papirosunu
alışdırırdı. Elə burda
yadıma düşdü ki, Şəfiqənin tat olduğunu
deməmişəm. Düzdü, mən o vaxtacan tat
adlı xalq tanımırdım, amma Şəfiqənin fars dilini başa düşdüyünü
bilirdim. Yadıma gəlir ki, o, hələ Ağdamda olan
vaxtlarda radio ilə İranı tutur, orda gedən söhbətlərə
qulaq asır, həvəsi olanda mənə də tərcümə
edirdi. Şəfiqə Ağdamda dəmirçilik
eləyən beş-on lahıcın da dilini bilirdi. Nənəmin olan-qalan mis qazanlarını misgərlərə
satanda onların dilində danışırdı. Hərdən
Papamla məzələnəndə fars
dilinə bənzəyən bu dildə biz başa düşməyək
deyə sözlər, cümlələr deyirdi. Papam
onu çox vaxt başa düşürdü, mənim də
anladığım məqamlar olurdu.
lll
Mən ilk dəfə idi təkbaşına belə uzaq
yola çıxırdım. Yolda yeməyə
Töhvə mənə iki dənə pavidlalı bulka
almışdı vağzalda. Bulkaları
iki dəfəyə yedim, krantdan su içdim. Cibimdə Töhvənin verdiyi üç manat olsa
da, dayanacaqlarda qarğıdalı, peraşki, iris və sair
xırdavat satanlardan heç nə almadım. Bilirdim ki, Papam işləmir, bu pul mənə
lazım olacaq.
lll
Ağdama çatanda axşam düşmüşdü. Qarşılayanım
yoxdu. Yüküm 7-8 kitabdan ibarət dərsliklərimdi.
Kitabları da mənə Töhvə
almışdı. Sonradan, bəlkə bir beş-altı
aydan sonra “Ən yeni tarix” adlı dərs kitabının lap
arxa səhifələrinin birində qəhvəyi
karandaşla tələsik yazılmış bu sözləri
oxudum: “Əli, tarix unudulmazdı, sən də bizi unutma.” İmza olmasa da xətdən bildim ki, yazının
müəllifi Töhvədir. Bu bircə
cümləni oxuyanda, yadımdadı, mən məktəbin ən
ucqar küncündə yerləşən və
uşaqların “Kamçatka” dediyi sinifdə dərsdəydim,
elə bil tok vurdu məni. Qadının papiros çəkməkdən
xeyli qalınlaşıb kişi səsini
xatırladan səsini eşitdim, kişiyana ədalarını
gördüm, barmaqlarının mehriban təmasını
saçımda hiss elədim. Gözlərim
doldu, ağzım əyildi, sifətimi gizlədib ağlamaq
istəyimi çətinliklə dəf elədim. Mən
onları unutmuşdum! Yox, unutmamışdım, heç vaxt
da unuda bilməzdim, əlli ildən sonra yazdığım bu
sətirlər də göstərir ki, o qadınlar həmişə
mənim içimdə, xatirimdə, xarakterimdə
yaşayırlar, həmişə də yaşayacaqdılar, o
vaxtsa mən onlardan sadəcə üz çevirmişdim. Bakı vağzalında
ayrıldığımız gündən keçən
altı-yeddi ayda mən bir barmaq kağız belə
yazmamışdım onlara. Səbəbini
bu günə qədər də bilmirəm. Onlarla
keçirdiyim o axırıncı yaydan sonra mən nə
Töhvə ilə, nə də altı il
mama deyib çağırdığım Şəfiqə ilə
bir daha görüşmədim. Amma...
lll
İllər sonrası, bir dəfə Bakıda təsadüfən
küçədə gördüm Şəfiqəni, Malakan
bağının yanında. Kimdənsə
eşitmişdim ki, Teatr İnstitutunda qiyabi təhsil alır.
Dayandım! Yaxınlaşıb görüşmədim, uzaqdan onu
müşahidə elədim, iti addımlarla yeriyirdi, indi
gördüm ki, o, anası Töhvəyə bənzəyir. Gözdən itirənə kimi onun dalınca
baxdım. İndi mənə tamam yad olan bu qadın həyatımda
neçə il baş rolda oynamışdı. Məni
çimdirib, əynimə qəribə paltarlar tikib geyindirib
kiçik yaşlarımda, məni danlayıb, haqsız yerə
incidib, əlbuyruqçusu kimi işlədib, bütün
azadlığımı əlimdən alıb, məni
gözüqıpıq eləyib, mənim
uşaqlığımı öldürüb. Bununla belə, mən ona nifrət eləmirdim,
heç sən deyən incikliyim də yoxdu. Bəs onunla görüşməkdən məni nə
saxladı? Bilmədim, amma hiss edirdim ki, mən
düz eləyirəm. Mənim ona
sözüm yoxdu. Görünür ki, o da
məni həyatından silib atmışdı. Bu gün
də bilmirəm neçə il mama deyib
çağırdığım o qadın sağdır ya
yox? Əslində fərqi yoxdu. Uzun illərdən sonra da o qadınla bağlı
heç nə mənim qəlbimi titrətmir.
Yenə də
Dəyirman həyəti
Anasının danlaqları Yurikin beyninə girmirdi, onun
fikri-zikri elə fotoaparatda idi. Yaxşı şəkillər
çəkir, Qəzənfər də ona bir ustad kimi məsləhətlər
verirdi. Sonralar Bakıda 60-70-ci illərdə
hərdən Yurikə rast gəlirdim, fotoqraf işləyirdi.
Malakan bağının yanında,
“Çiniçi” mağazasının yerindəki köhnə
Bakı həyətində onun kiçik fotoatelyesi vardı.
Bir dəfə onun yanına şəkil çəkdirməyə
gedəndə məşhur “Şərikli çörək”
filminin həyət çəkilişlərinin şahidi
olmuşdum.
Haqq üçünə deyim ki, Baqrat kişinin ailəsi
də, özü də çox abırlı, tərbiyəli
idi. Onların bu tərbiyəsinə,
xüsusilə Baqrat kişiyə görə hamı bu ailəyə
hörmətlə yanaşırdı, bir Knarik
dözmürdü Baqratgilə, paxıllıq eləyirdi. Odur ki, onlara münasibətdə yeri-göyü
dalayırdı, dava eləməyə bəhanə gəzirdi.
Əgər belə bir bəhanə tapırdısa, vəssalam!
O gün Davıdovların günü qara olurdu.
Knarik tez -tez küsülü olduğu bu adamlara, ən çox da Arusyaka sataşır, söz atır, dava salırdı. Belə davaların birində Knarik geyinib-kecinib işə getməyə hazırlaşan və arvad davalarına, demək olar ki, baş qoşmayan Baqrata həmlə elədi. Ağzı köpüklənə-köpüklənə, ermənicə nəsə deyə-deyə həyət süpürgəsi ilə kişini döyməyə girişdi. Bu artıq son həddi. Nəsə olmalı, bəlkə də, qan tökülməliydi. Bütün məhlə tamaşaya durub kulminasiyanın açılışını gözləyirdi.
Baqrat süpürgə zərbələrinin altında çaşıb qalmışdı. Neyləyəcəyini kəsdirə bilmir, müqavimət də göstərmirdi. Hiss olunurdu ki, süpürgə zərbələrindən qorunmağı özünə sığışdırmır. Sir-sifətdən çıxmış, müqavimət görmədiyindən daha da qızışmış arvad isə getdikcə azğınlaşırdı. Nəhayət, rüsvay olmuş kişi hirsindən tüpürcək ifraz edən qadını dayandırmaq üçün ermənicə nə dedisə, Knarikə elə bil od qoydun. Hikkəsindən ağlını itirmiş qadın dava-dalaşdan ləzzət alan tamaşaçıların gözünün qabağında arxasını Baqrata çevirib ətəyini yuxarı, belinə qaldırdı. Əlini on qoyun quyruğuna bərabər yanına bir-neçə dəfə ləzzətlə şappıldadıb erməni dilində deyil, bizim dildə elə bir təklifdə bulundu ki, onu redaktorun müdaxiləsi olmadan da təkrar eləyə bilmərəm. O sözdən və əcayib təklifdən sonra Baqrat kişi qadının öz şapalağından hələ də titrəyən yanına yaxşı bir təpik vurmalı idi, amma dediyim kimi, Baqrat çox tərbiyəli kişiydi; Knarik isə hələ də ikiqat dayanıb təklifinin nəticəsini gözləyirdi.
Rəngi pərtlikdən və haqsız təhqirdən qapqara qaralmış Baqrat Knariki elə ikiqat vəziyyətdə qoyub ağır addımlarla yoluna davam elədi. Bu davadan çox keçmədi, Davıdovlar ailəsi Dəyirman həyətindən çıxıb daha yaxşı, geniş və rahat evə köçdülər. Həqiqətən, hər pisin bir yaxşı tərəfi də var.
Onu da deyim ki, bu həyətdə dava-dalaşlar, küsüşmələr, vuruşmalar epizodik xarakter daşıyırdı. Məhlə adamları əsasən mehriban qonşuluq şəraitində dolanırdılar və bu həyətdə maraqlı münasibətlər, kiçik sevgi intriqaları, flirtdən oyana getməyən kişi-qadın ilişkiləri də baş verirdi. Əlbəttə, mən bu münasibətləri yeniyetməlik yaşlarımda o qədər də... anlamırdım demək istədim, amma yox, o zamanlar “flirt” sözünü bilməsəm də, münasibətlərin mahiyyətini başa düşürdüm.
Axı, otuz yaşını keçdiyini cidd-cəhdlə
gizlədən Donaranın on
altı - on yeddi yaşlı oğlana sıvaşmasını
necə başa düşməyəsən? Bu sıvaşma əvvəl-əvvəl
sataşma xarakteri daşıyırdı və oğlanı,
yəni məni qızardır, bir az da pərt eləyirdi. Eyni zamanda vaxtında dərilməyən meyvə
kimi sulanıb saplağına ağırlıq eləyən
bu qızın ikibaşlı zarafatları, hər dəqiqə
sızanaqlı yanaqlarıma əl atması, guya təsadüfən
əlimə-qoluma toxunması məni həyəcanlandırmaya
bilməzdi. Burda Donaranı söhbətin
desert hissəsinə saxlayıb deyim ki, axırıncı Quba səfərindən
qayıtdığım yayın sonunda mənim sifətim birdən-birə
sızanaqlarla doldu, bir gecənin içində
“prişşik” basdı üzümü. Sonra il-il artdı, məktəbi
bitirəndə üzümdə təmiz yer qalmamışdı,
üstəlik, burnum da xeyli yekəlib qabağa
çıxmış, üzümün xeyli hissəsini
tutmuşdu. Uşaqlıqda olan yaraşığım məni
birdəfəlik tərk elədi...
Əli
Əmirli
525-ci
qəzet.- 2016.- 23 yanvar.- S.22-23