"Sevdim səni" kitabından
Uzun müddət qəzetimizdə silsilə şəkildə
dərc olunan “Yüz gözəl sevgi şeiri” layihəsi oxucularımıza
tanışdı.
Pərvinin ayrı-ayrı klassik və müasir Azərbaycan,
türk şairlərinin şeirlərindən
yazdığı esselər oxucuların marağına səbəb
oldu.
Həmin esselər kitab halında çapa
hazırlanır. “Sevdim səni” adlandırılacaq kitaba
ön sözü Xalq yazıçısı Anar yazıb.
Həmin kitabda bəzi rus şairlərinin dilimizə çevrilmiş
sevgi şeirlərinə aid esselər də yer alacaq. Bu esselərdən bir neçəsini oxuculara təqdim
edirik.
Qeyd edək ki, Puşkinin “Sevdim səni” şeirinin tərcüməsi
Xalq şairi Nigar Rəfibəyliyə, digər şeirlərin
tərcüməsi isə Anara məxsusdur.
SABAHA
İNAM
Bəlkə sabaha arxayınlıqdı insanları qədirbilməz
edən? Ovcunun içində səadətin qədrini bilmirsən,
Allahın lütf etdiyi gözəllikləri dəyərləndirmirsən.
Bu günün, indinin qiymətini vermirsən.
Düşünürsən ki, həmişə
belə olacaq, ya da... ya da bundan yaxşı olacaq. Nədisə
yaman alışmısan xoşbəxtliyə, halalca malın
sayırsan sevinci, sevgini! Axı kim, necə
ala bilər bütün bunları sənin əlindən?! Hə? Yaman arxayınsan - zamana,
taleyə, özünə, sabaha arxayınsan. Ona görə hərdən oyun oynamaq da keçir
könlündən. Bu gün gedim, sabah
gələrəm... Bu gün atım, sabah
yenidən götürərəm... Bu gün qaçım, sabah qayıdaram... Sabah, sabah,
sabah... Sazişinmi var bu sabahla? Axı hardan bilirsən ki, bu ürəklə
arxalandığın Sabah sənin tərəfindədi?!
Sənə hazırladığı acı sürprizlərin
havasını heç hiss eləmirsən, yəni heç,
heç duymursan?! Görünür duymursan... Ona görə
bu gün bir az qürurundan, bir az mənasız
səbəblərindən yapışıb sevgini, sevincini, səadətini
buraxırsan. Amma içində bilirsən axı, özün
yaxşı bilirsən ki, heç nəyi və heç kimi
buraxmırsan, bu, keçəri, ötəri halındı, sabah hər şey başqa olacaq?! Hə...
Hardan biləsən ki, sabah əlində qara,
qapqara örtüklə səni gözləyir... Səadətini
o qara tora salacaq, əlindən alacaq... elə gələcəyini
də bu örtük altında zülmətə qərq edəcək!!!
Bircə bu arxayınlığın
olmasaydı?!
Böyük rus şairi Anna Axmatovanın da poetik qəhrəmanı
bu gündən sabaha ümidlə, inamla, arxayınlıqla
keçən, amma qəfil zilzülmət qaranlığa qərq
olanlardandı.
Axı sevdiyi kişini kədəriylə sərxoş
edən qadın o məşum görüşün sonuncu
olmasını hardan biləydi?! Nədən
biləydi ki, arxasıyca qaçsa da, “zarafatdı” deyib
yalvarsa da, heç nəyi qaytarmaq olmayacaq?! Bu günün səadətindən, sevincindən
yalnız iliklərini sızıldadan xatirə qalacaq. Ləngər
vuran yerişi, dəhşət təbəssümü,
ağrıdan əyilmiş ağzı... Hamısı dünən
olub, amma elə bil min il keçib
üstündən... Çox uzaq keçmiş
kimi gəlir hamısı sənə, çünki bir də,
daha heç vaxt təkrarlanmayacaq. Qapqara
örtük altda əllərini ovxalayıb
düşünürsən. Xatirələr incidir,
ağrıdır, əzir səni... Xəyanətkar
sabaha qəzəblisən. Daha indən
sonra ümidin, inamın da qalmayıb ona. Söz
yarası isə hər şeydən artıq göynədir...
Axı, o kədərdən sərxoş ovqatında da qorudu səni:
yaman soyuqdu - dedi... Küləkdə dayanma - dedi...
Anna
Axmatova
Sən
getsən ölərəm mən...
Qara
örtük altında əlim qıc olub, donub
“niyə rəngin qaçıbdır-söyləyirlər
- nə olub?”
Heç
özüm də bilmirəm, mən neylədim, neylədim
Kədərimlə, qüssəmlə onu sərxoş
eylədim.
Bunu necə
unudum, çıxdı ləngərləyərək
Ağzı
da əziyyətdən elə bil ki əyildi
Pillələrdən
yüyürdüm tələsik qaça-qaça
Darvazayacan getdim, qaçdım onun ardınca.
Nəfəsim
kəsilirdi: -bu zarafatdı - dedim
-
Hamısı zarafatdı. Sən getsən, ölərəm mən
Gülümsədi
sakitcə, dəhşətdi təbəssümü
Yaman
soyuqdu -dedi, küləkdə dayanma sən.
SEVGİ
- FƏDAKARLIQ
Ehtiraslı
eşq etiraflarıyla, çılğın sözlərlə
ifadə olunan məhəbbət kimi səssiz-səmirsiz, zahirən
görünməyən, öz içində yaşanılan sevgi də var. Bəlkə
belə sevginin ümidsizliyi də
elə onun bəyan edilməməsindədir. Bir
gün belə sevda da keçib gedir.
Ruhunu didən
qorxular da, içini qovuran qısqanclıqlar da ötür... Hamısı arxada, keçmişdə qalır, amma
yenə də bir ümid işartısı közərir - bəlkə
bu məhəbbət tamam sönməyib, itməyib, bitməyib.
Əgər belədirsə qoy bu öləziyən duyğun sevdiyinə
əziyyət verməsin, onu rahatsız etməsin. Cəfasını özün öz içində təkbaşına
çəkərsən. Həqiqi sevginin
böyük fədakarlığı da bundadır - sevdiyinin
rahatlığını, xoşbəxtliyini özünün
bütün əzab-əziyyətlərindən üstün
saymağın. Belə sevdanın son həddi, fədakarlığın
ən yüksək zirvəsi - alicənablıqdır. Məhz alicənablıqla
sevdiyin qadına daha uğurlu
eşq münasibəti diləyirsən. Qoy səndən
üstün olana, səndən yaxşısına, səndən
layiqinə rast gəlsin, səadətinə onunla qovuşsun.
Təki o bəxtəvər
rəqibin də sənin kimi səmimi
sevməyi bacarsın.
Aleksandr
Puşkin hələ “Yevgeni Onegin” poemasında aşiqin
ömür möhlətini sevdiyi qadınla görüşə
bağlamışdı:
Bilirəm
qismətim bəllidir artıq
Amma
ömrüm mənim uzansın deyə
Səhərlər
mən qəti bilməliyəm ki
Gündüzlər gələcəm sizi görməyə.
Böyük
bəstəkarımız Qara Qarayevin də musiqi bəstələdiyi
məşhur “Mən
sizi sevirdim” şeirində isə Puşkin - heç
görüşə də ümid bağlamır, təsəllisini sevdiyi qadının başqa birisiylə xoşbəxt
olacağında tapır.
Aleksandr
Puşkin
Sizi
sevirdim...
Mən
sizi sevirdim, bəlkə məhəbbət,
Tamam sönməmişdir könlümdə hələ.
Qoy
eşqim verməsin sizə əziyyət,
Kədərli
olmayın bircə an belə.
Ümidsiz
sevirdim sizi sakitcə
Didirdi ruhumu qısqanclıq, təlaş.
Mən
sizi sevirdim səmimi, incə
Beləcə sevəydi başqası da kaş.
ŞİRİN
XƏSTƏLİK VƏ YA QADIN İŞVƏSİ
XI əsrin
məşhur ərəb mütəfəkkiri İbn Həzm məhəbbətin
özəlliyinə həsr etdiyi “Göyərçin həmayili”
adlı traktatında yazır: “Məhəbət insanı əldən
salan xəstəlikdir, amma onun dərmanı, əlacı da elə
özündədir. Bu şirin xəstəlikdir,
arzu olunan mərəzdir, xəstə bu azardan sağalmaq, əzab
çəkən əzablarından qurtulmaq istəmir”.
Eşqi xəstəlik kimi, dəlilik kimi, dərd kimi, bəla
kimi qavramaq şərq təfəkkürünün səciyyəvi
xüsusiyyətlərindəndir. “Yarəb,bəlayi
eşq ilə qıl aşina məni” deyən Füzuli qəhrəmanı
Məcnun kimi, Füzulinin özü də qəzəllərində:
Var bir dərdim
ki, çox dərmandan artıqdır mənə
Qoy məni
dərdimlə, dərman eyləmə, var, ey həkim
- deyir.
Şərq şairləri iftixarla özlərini “xəstə”
- eşq xəstəsi adlandırırdılar. Bağdad elinə durnalarla
salam göndərən
Vidadi - xəstə də, bu sözü
adının yanına qoşan Xəstə Qasım da eşq mərəzinə mübtəla
idilər. Amma maraqlıdır ki, məhəbbəti xəstəlik
kimi dəyərləndirmək Qərb təfəkküründə
də yer
alıb. Alman şairi Henrix Heyne “məhəbbət
qəlbin diş ağrısıdır” deyirdi.
Faciələrlə,
əzablarla dolu həyatını
intiharla bitirən rus şairəsi də ömrünün hələ xoş, qayğısız
çağında sevgini xəstəlik sayırdı və bu mərəzə tutulmamasından məmnunluğunu
ifadə edirdi. Aşiq olmamısansa
ayaqlarının altından torpaq qaçmayacaq, əllərin
qəfildən onun əlləriylə qovuşanda həyəcandan
titrəməyəcəksən. Birlikdə
gəzdiyiniz aylı gecələrin xatirələri də qəlbini
ağrıtmayacaq. Haçansa acı xatirələrə
çevriləcəklərin heç nə, heç bir
şey yoxdu... Buna görə şükür
edirsən.
Marina Svetayeva məşhur şeirini dərdindən dəli
olmadığı birisinə həsr
edib.
Şeirin bütün məzmunundan belə çıxır
ki, aralarında heç bir eşq macərası, sevgi söhbəti
olmadığı üçün xanım bu
kişiyə minnətdardır. Amma yalnız son misralardakı bir söz
bu etirafın ancaq qadın işvəsi olduğunu
aydınlaşdırır. Qadının o kişi üçün xəstə olmadığından, kişinin o
qadına görə xəstələnmədiyindən
doğan əsl, həqiqi hissi
şairə tək bir sözlə, bircə “əfsus” kəlməsiylə
etiraf edir. Bu dəlilik, xəstəlik
yaşana bilərdi,
ƏFSUS ki, olmadı...
Marina
Svetayeva
Əfsus
ki, sizinçün xəstə deyiləm
Yaxşı
ki, dərdimdən heç xəstə deyilsiniz
Yaxşı
ki, dərdinizdən xəstə deyiləm mən də
Ayaqlarımız
altda torpaq heç vaxt qaçmayır
Qürub
çağı qəflətən hardasa görüşəndə
Sizinlə
oluram ərköyün, şıltaq
Sözlə
oynamaqdan qorxmuram heç vaxt
Əlim əlinizə
toxunan zaman
Titrəyib əsmirəm heç həyəcandan.
Özünüz
bilmədən məni sevirsiz
Yoxsa belə rahat yata bilərdim?
Aylı
gecələrdə gəzmədiyimiz
Anlar,
saatlarçün - sizə təşəkkür
Günəşin
altında birgə deyilik
Buna da təşəkkür,
buna da şükür
Bir daha
sağ olun, neyləyək, nə qəm,
Əfsus
ki, mənimçün xəstə deyilsiz
Əfsus ki sizinçün xəstə deyiləm.
ŞAİR SEVGİSİ
Əlbəttə
şairlər də bütün başqa aşiqlər kimi
sevir, amma şair eşqinin bir başqa özəlliyi, qeyri-adiliyi, bənzərsizliyi
də var. Şair sevgisini,onun sevinclərini və əzablarını,
görüşün fərəhini, ayrılığın
nisgilini nəinki yaşayır, həm də yaza bilir.
Sevgilisinin etinasızlığına, biganəliyinə, qəfil
ovqat dəyişikliklərinə, bir gün xoş sifət
göstərib xoş sözlər deməsinə, səhərisi
gün mısmırığını sallayıb dilinə
bir şirin söz gəlməməsinə aşiq şair necə
qarşılıq verə bilər? Yalnız
şeirləriylə. Sevgilisindən aldığı yaraların
“qisas”ını yalnız poetik mətnləriylə ala bilər.
Vladimir
Mayakovski və Lilya Brikin qəliz, dolaşıq, bəzən
izaholunmaz sevgi münasibətləri haqqında vaxtiylə “Şeytan Liliya”
adlı esse yazmışdım. Qadın
şıltaqlığındanmı, naz-qəmzəsindənmi
ya şairin ən
gözəl əsərlərini hicran iztirablarından
keçərək yazdığını bildiyindənmi,
Lilya vaxtaşırı Mayakovskini ayrılıq
sınaqlarına çəkərdi və bu müvəqqəti
uzaqlaşmaların nəticəsi şairin ölməz məhəbbət
lirikası olurdu.
“Sevirəm”,
“Bu barədə” adlı böyük eşq poemalarıyla
yanaşı Mayakovskinin sevdiyi qadınla əzablı
münasibətlərinə aid həm çox həzin, həm də ehtiraslı
şeirləri var.
İkidir. Yəqin ki, yatmısan artıq
Səmada
süd yolu - gümüş Oka tək
Tələsik
bir işim yoxdur ki, səni
Tel vurub oyadım, diksindirərək.
Mətləb
hasil oldu,
Necə
deyərlər
Eşq
qayığı məişətdən dağılar
Hesabımız
bitdi
Və nəyə
lazım
siyahı
yazım:
çəkdiyimiz dərdlər, qəmlər, ağrılar
Görürsən
nə dincdir dünya bu gecə
Göylərə
xəractək ulduz düzüblər
Bax belə
anlarda insan danışır
Aləmlə, tarixlə, özü-özüylə.
Bu
misraların mülayim, zərif ovqatıyla “Liliçkaya məktub yerinə”
yazdığı şeirin çılğın, əsəbi,
ehtiraslı
hayqırtıları çox fərqlidir, amma ikisinin də
məğzi eynidir - rədd
edilmiş, uzaqlaşdırılmış, atılmış
aşiqin iztirabları.
Vladimir
Mayakovski
lll
Tütün,
papiros tüstüsü
Havanı yeyib, udub.
Şair
Kruçenıx yazan
Cəhənnəm - bu otaqdı.
Yadına
sal - burada,
Bu pəncərə
ardında
Əlini
dəli kimi
Oxşadığım o vaxtı.
İndi
oturmusan
ürəyin - dəmir
Sabah bəlkə
hələ
Məni
qovdun da
Qaranlıq
dəhlizdə düşə bilmədi
Paltomun
qoluna
Bəlkə qolum da.
Gedərəm,
küçəyə atıb cismimi,
Doğranar
həsrətdən qəlbim, baxışım...
Bu nəyə
lazım ki...
Ondansa
indi
Sakitcə
ayrılaq
Əzizim, yaxşım.
Onsuz da bu
eşqin
Ağır
bir yükdür
Boynumdan
asılıb, hara getsəm də
Qoy bu son
fəryadla,
Son
hıçqırıqla
Şikayət
eyləyim özünə səndən...
Sözlərimin
quru yarpaqları
Qadirdirmi
səni saxlasın,
qaytarsın geri?
Barı
son nəvazişlə qoy ki, döşəyim
Sənin
uzaqlaşan addımlarla
Keçdiyin
yeri...
Böyük
fransız yazıçısı Stendal: “Özü
haqqında xatirələr yaşatmayan xoşbəxtlik -
xoşbəxtlik deyil” - yazır. Mayakovskinin şeirində isə papiros,
tütün tüstüsündən boğulan otaq xoşbəxtliyi yox, bədbəxtliyi
yada salır. Görünür elə bədbəxtlik də
özü haqqında xatirələrlə “YAŞAYIR”...Sadəcə
şairin “xoşbəxtliyi” bütün bunları
yazıb-yazıb xilas ola bilməsidi...
ZÜLMƏTDƏ
ŞAM
Füzuli
öz Məcnununu “zülmət içrə bir nur” adlandırır.
Tarixin elə mərhələləri olur ki, bütün aləm
də, düşünən, duyan insanların qəlbi də göz
gözü görməyən qaranlığa qərq olur. Mühitin zülməti,
cəmiyyətin dözülməz şərtləri, ictimai
şüurun bayağılaşması ümidsizlik
yaradır, daha heç bir xilasa gümanın qalmır. Və
belə məqamlarda
yeganə təsəlli kimi, yeganə qurtuluş
imkanı, xilas yolu kimi insanın dadına məhəbbət
çatır. Məhz bu anlamda Leyli-Məcnun eşqi zülmət
içində nur
kimi parlayaraq əsrlərin qaranlığından bizim günlərə
də işıq saçır.
Dövrlər dəyişir, ölkələr, iqlimlər
dəyişir, amma insanın qaranlıq içində tənhalığı,
işığa qovuşmaq həsrəti - dəyişmir. Böyük
mütəfəkkirimiz Əli bəy Hüseynzadə “Nicat məhəbbətdədir”
deyirdi. Doğrudan da hər şey bərbad olanda ümid yalnız
sevgiyə qalır. Axı sevgi özü işıqdır, ən
qatı zülmət içində də heç olmasa bir şam
işığı qədər həyatı
işıqlandırmağa qadirdir.
...Qar, çovğun aləmi bürüyüb. Axşamın erkən düşən qaranlığında, gecənin qatı zülmətində tək bir pəncərədən zəif, titrək işıq gəlir - Şam işığı. Məhəbbət şamının işığı. Böyük rus şairi Boris Pasternakın “Qış gecəsi” şerində “bütün yer üzündə, hər bir tərəfdə külək qarı sovurur”. Bu, tək təbiət hadisəsi deyil. Bu, çovğunun, boranın, zülmətin ictimai anlamı da var. Şeirin bütün ruhu, ahəngi məhz belə yozuma imkan verir və bu soyuq, insan qəlbini donduran, gözlərinə qaranlıq dolduran zəmanədə son ümid işığı kimi masanın üstündə bir şam yanır. Bu şam da adi şam deyil, məhəbbət işığının daşıyıcısıdır... Axı elə həmin şeirdə, şamın işığında şölələnən tavanda kölgələrin dolaşmasını, qolların, qıçların, talelərin çarpazlaşmasını görürük. Otağın küncündən şama doğru əsən külək də ehtiras oduyla yanan şamı söndürə bilmir.
Nə olur olsun, tale bizi hansı çətin günlərə düçar edir etsin, həmişə bir ümid yerimiz var və bu ümid hey qaranlıqları işıqlandıran, heç vaxt sönməyən sevgi şamınadır .
Boris
Pasternak
Masanın
üstündə
bir
şam yanırdı
Bütün
yer üzündə,hər bir tərəfdə
Külək
sovururdu
qarı
bu axşam
Masanın
üstündə bir şam yanırdı
Yanırdı bir şam.
Yay
vaxtı mığmığalar alova uçan təkin
Qarlar
uçub gəlirdi üstünə pəncərənin
Çovğun
şüşənin üstə
Bəzək
vururdu müdam
Amma bir
şam yanırdı
Amma yanırdı
bir şam
Şölənən
tavanda
Kölgələr dolaşırdı.
Qollar
çarpazlaşırdı,
Qıçlar
çarpazlaşırdı
Tale çarpazlaşırdı.
Çəkmələr
də düşürdü
Taqqatan
yerə
Elə bu zaman.
Şamdandan
da mum idi
Göz
yaşı kimi
Paltara daman.
Yox olurdu
hər şey
Bu ağ zülmətdə
Bu
çal zülmətdə
Bu
qarlı axşam
Masanın
üstündə bir şam yanırdı,
Yanırdı bir şam.
Otağın
küncündən düz şama sarı
Vururdu
külək
Ehtiras odu
Xaçtək
gərirdi
iki
qanadın
sanki
bir mələk.
Bütün
fevral da
Çovğunlu
keçdi
Amma elə
hey
Hər qarlı axşam.
Masanın üstündə bir şam yanırdı.
Yanırdı bir şam.
PƏRVİN
525-ci qəzet.- 2016.- 23 yanvar.- S.20-21