Elçin yaradıcılığından yazmağın məsuliyyəti

 

 

Hərə bu dünyaya gəlməklə öz təyinatını, öz missiyasını yerinə yetirir.

 

Biri bu dünyaya  gəlib baxır, əylənib onu tərk edir. Bir başqası isə adını yaddaşlara, bəşər övladının təfəkkürünə həkk edir. Və sanki o, dünyanın yaddaşına ömürlük, əbədi, həmişəlik yazılmaq üçün gəlir. O, nədənsə dünən də, bu gün də özüylə, sözüylə, təfəkkürüylə, həyatıyla, dünyaya orijinal baxışıyla ürəkləri fəth edir, onları riqqətə gətirir, insanların iç dünyasına səyahət edir, onların mənəvi aləmini özünün içindən çıxarıb kadrlarda nümayiş etdirildiyi kimi özünə göstərir. Bəzən mifoloji aləmdən gələn səs, ilğım kimi görünüb yaxınlaşır, sən ona yaxınlaşdıqca o səndən uzaqlaşır. Uzaqlaşdıqca daha maraqlı, sirli-sehrli bir aləmə dönür. Elçin yaradıcılığı da belədir.

 

Əvvəllər mənə elə gəlirdi ki, yazıçıya nə var?! Hər hansı bir mövzudur, ortaya qoyub müəyyən süjet xətti yaradır, onun ətrafında cərəyan edən hadisələri, olayları, obrazları, personajları yerləşdirir. Öz bədii təxəyyülünə söykənərək ona rənglər verir, müəyyən məcra qurur, onun bu ətrafda düzür. Beləcə bədii əsərin ümumi həlqələri, düsturları yaradılır. Oxucu da oxuyub ondan həzz alır. Lap əvvəllər Elçinin yaradıcılığı ilə ilkin tanış olanda da mən hələ belə fikirlərimdə israrlıydım. Lakin yazıçının irihəcmli əsərləri, 10 cildliyi araya-ərsəyə gələndən sonra  fikrimi getdikcə dəyişərək burada istedadı, Allah vergisini ön plana çıxarmağa daha çox meylli oldum. Etiraf edim ki, Elçin elə yaradıcılığa başladığı ilk dövrlərdən diqqət mərkəzinə düşmüşdü. Çünki Elçin qələminin obyektivini, təfəkkürünün səmtini hara çevirirdisə, orada orijinallıq arayıb-axtarıb ortaya qoymağa çalışırdı. Bu, yazıçının 10 cildliyində daha mükəmməl səviyyədə görünməkdədi. Oxucularla hər yeni görüşdə Elçin qələmi ilə özünün nadir təfəkkür daşıyıcısı olduğunu sübut edə bilir.

 

Elçin bədii məqsədə doğru israrla irəliləyir. O, dövlət və ictimai xadim kimi çalışmasına baxmayaraq, ədəbi cameənin zirvəsində yerini daim möhkəmlətməkdə davam etdirməkdədir. Onu yalnız böyük yazıçı - nasir kimi yox, həm də ünlü dramaturq, ssenarist, ədəbiyyatşünas-tənqidçi kimi yaxşı tanıyırlar. Orijinal bədii yaradıcılığı ilə bərabər, praqmatik xarakterli məqalələr müəllifi kimi oxucular, ədəbiyyatşünaslar, tənqidçilər onu həvəslə oxuyur, mütaliə edir, söylədiyi fikirlər ətrafında mübahisələrə daha böyük meydan verirlər. Elçin az yazıb, saz yazanlardan yox, çox yazıb hər dəfə qeyri-adi şeylər tapıb dəyərli mülahizələr ortaya qoymağı bacaran fikir sahiblərindəndir. Mövzuları, obrazları, sənət dünyası o qədər rəngarəngdir ki, Elçinin harada öz gəmisində, harada ondan kənarda olub üzməsini söyləmək çətindir.

 

O, hər yerdə, hər yanda özündədir, özü ilədir. İstər onun yaradıcılığının ilk illərində qələmə aldığı hekayələrinə (“Qatar. Pikasso. Latur, 1968”, “Hotel Bristol”, “Beş dəqiqə və əbədiyyət”), istər uşaqlar üçün yazdığı hekayələrinə (“Mən lalə istəyirəm”, “Mən hər şeyi bilirəm”) və nağıllarına (“Nigar, Yalçın və onların Dədəsi”, “Humayın yuxusu”, “Qəhrəman Aysu, qara pişik və cıqqılı siçanın nağılı”), istər (“Dolça”, “Bayraqdar”, “Alman ovçu, vurma məni”, “Hökmdarın taleyi”) povest və kinopovestlərinə, istər (“Hövsan soğanı”, “O da aşiq olub, yaza dünyada...”, “Mənim ərim dəlidir”, “Ah, Paris, Paris!”) kimi pyeslərinə, istər “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti” kimi romanlarına, esselərinə, ədəbi düşüncələrinə, Vətən və vətənpərvərliklə bağlı qələmə aldığı yazılarına, böyük şəxsiyyətlər M.Ə.Rəsulzadə, N.Nərimanov, C.Cabbarlı, M.Hüseyn, İ.Məlikzadə, V.Şekspir, M.Şoloxov və başqa yazıçılarla, “Dədə Qorqud”, “Molla Nəsrəddin” kimi abidələrlə bağlı obyektiv mülahizələrinə, ədəbi tənqidimizin müxtəlif problemlərini işıqlandıran poeziya, sənətin, yaradıcılıq problemləri, tənqid və nəsr, ədəbiyyatda tarix və müasirlik, tənqid və ədəbiyyatşünaslığın yaradıcılıq məsələləri barədə məqalə və monoqrafiyalarına baxsaq, bütün bunların hamısı ədəbiyyat və mədəniyyətimizin estetik problemlərini çözmək və həll etmək baxımından əsaslı mövqe qazanmaqdadır.

 

Sadaladıqlarım Elçinin əsərlərinin eksklüziv, natamam mənzərəsidir. Sonralar Elçin qələmini bir an belə,  bir gün belə yerə qoymadı. Araya-ərsəyə gətirdiyi on cildliklə Elçin ədəbiyyatımız üçün hər şey etdi. Yazdı. Yaratdı. Yorulmaq nədi bilmədi. Elə buna görə də daim diqqət mərkəzində qaldı. Qaldı və ədəbiyyatımızda qələbə çaldı. Onun haqqında çox danışdılar, çox yazdılar. Məqalələr, namizədlik və doktorluq dissertasiyaları və monoqrafiyalar ortaya qoyuldu. Bununla belə, Elçin yaradıcılığının çoxsaylı problematikaları tam şəkildə hələ də ədəbi tənqidimizdə öz təfsirini tapmadı. Hər bir tədqiqatda özünəməxsus yanaşmalar, fərdi və fərqli nəzər nöqtələri ortaya qoyuldu. Elçin yaradıcılığının görünən və görünməyən tərəflərinə nəzərlər daha çox dikildi. Bu sətirlərin müəllifi də Elçin yaradıcılığına ayrı-ayrı rakurslardan yanaşmağa səy göstərdi. Lakin hər dəfə elə göründü ki, Elçin yaradıcılığı haqqında heç də əsaslı yekun söz deyilməyib, fundamental fikir söylənilməyib. Elə buna görə hər dəfə də içimdə onun əsərlərinə yenidən baxmaq ehtiyacı yaranırdı. Bu ehtiyac məni daim narahat edir və yəqin ki, Elçin yazıb-yaratdıqca  həmin ehtiyac da mənimlə qalacaq.

 

Elçin haqqında Anar, Şamil Qurbanov,Tofiq Hacıyev, İsa Həbibbəyli, Kamal Abdulla, Fikrət Qoca, Nərgiz Paşayeva, Abid Tahirli, Məryəm Əlizadə, Tofiq Abdin, Adil Mirseyid, Afaq Məsud, Mövlud Süleymanlı, İlham Rəhimli, Qurban Bayramov, Tehran Əlişanoğlu, bu sətirlərin müəllifi və başqaları çox deyib, çox yazıblar. Bu yazılardan hər birində mən xeyli pozitiv təhlil məqamları görməkdəyəm. Bununla belə Elçin yaradıcılığına həsr olunmuş yazılardan biri diqqətimi daha çox cəlb edir. Bu, türkiyəli araşdırmaçı Sədat Adıgözəlin “Elçin: romanlarının struktural-sosioloji təhlili” monoqrafiyasıdır. Müəllifin problemin çözümünə münasibəti yetərincə özəl və orijinaldır.

 

Yeddi bölmədən ibarət olan bu kitabda ədəbiyyatın sosiologiyası və struktural-sosioloji tənqiddən tutmuş xeyli digər məsələlərlə bərabər, Elçinin həyat və yaradıcılığı, yazıçının “Ölüm hökmü”, “Ağ dəvə”, “Mahmud və Məryəm” kimi əsərlərinin təhkiyəsi, təhkiyənin tərkib hissələri, qaynaqları, rəmzləri, xronotopları, ictimai mühit, mənzərə və s. estetik incələmə üçün mühüm əhəmiyyət kəsb edən məqamları təhlil obyektinə çevrilib, ədibin yaradıcılığının dolğun mənzərəsi yaradılıb. 2006-ci il səviyyəsindən baxdıqda Sədat Adıgözəlin əsəri, heç şübhəsiz ki, təqdirəlayiqdir. Lakin, yuxarıda qeyd etdiyimiz kimi, Elçin yaradıcılığının dinamikası, çevikliyi və monumentallığı ədəbi tənqidin onun əsərlərinə obyektiv və adekvat dəyərləndirməni hər dəfə yeni yozumda, yeni izahda ortaya qoymağa ehtiyac duyur. Son illərdə Elçin neçə-neçə gözəl əsərlər yaradıb. Hamısı da mövzu, obraz, incələmə baxımından əvəzsiz əsərlərdir. Təkcə “Canavarlar” hekayəsinin bədii tutumunu diqqətə çəksək, burada romanın əhatə etdiyi qədər unikal bir mənzərə göz önündə dayanar. “Canavarlar” hər hansı sənətkarın həsəd apara biləcəyi yüksək təxəyyül və təfəkkür nümunəsidir. Bu əsərin ədəbi-mədəni, ictimai-kulturoloji keyfiyyətləri haqqında fikir söylənilməsinə baxmayaraq, məncə, onun xeyli cəhətləri təhlil obyekti kimi hələ uzun zaman diqqət mərkəzində dayanacaqdır. Buna ilk növbədə əsərin məzmun və mahiyyətində oturan problemlər əsas verir. Bədii yaradıcılığın axarı Elçində məhz belə keyfiyyətdədir. Çünki onun əsərləri hər dəfə yeni yanaşmaya, yeni oxunuşa yol açır.

 

Bir-birinin ardınca sıralanan həm bədii, həm də ədəbi-fəlsəfi estetikanın nəzəri məsələlərini özündə birləşdirən əsərlər Elçini günümüzün aparıcı (həm də tarixi-sosioloji yönümdə) tənqidçisinə çevirib. Son illərdə digər ədəbi-tənqidi əsərlərinin adını çəkmədən onlardan yalnız ikisində (“Sosrealizm bizə nə verdi?” və “Aqoniya”, yoxsa təkamül?”) qoyulmuş estetik problemlərə diqqət yetirsək, bu zaman Elçinin geniş, məhsuldar təfəkkürlü, əhatəli düşüncə və nəzəri-metodoloji baxışlı ədəbi şəxsiyyət olduğunun şahidi olarıq. Elçinin tənqidi, hər şeydən öncə, obyektivliyi ilə seçilən tənqiddir. Bunun iki adını çəkdiyim əsərlərin ruhunda daha rahat sezilməsi mümkündür. Əgər müəllif “Sosrealizm bizə nə verdi?” kitabındakı fundamental baxışlarında XX əsr ədəbiyyatına rəngləri nə həddən artıq açmadan, nə də qatılaşdırmadan münasibət sərgiləyib, bir tərəfdən, sosrealizm metodunu, müsbət və mənfilərilə birgə, estetik yaradıcılığa müvafiq təkanverici cərəyan, bədii fikri staqnasiya halına gətirən gediş kimi dəyərləndirirsə, digər tərəfdən, adı çəkilən metodun bir sıra Azərbaycan yazıçılarının yaradıcılığında önəmli rol oynadığını bədii faktlara istinad edərək sübuta yetirir.

 

Ədəbiyyatşünaslığımızda, ədəbi tənqidimizdə mübahisələrə, plüralist fikirlərə meydan açan və XX əsr ədəbiyyatımızın mükəmməl mənzərəsini yaradan bu fəlsəfi-sosioloji, ədəbi-estetik yanaşmadan sonra Elçin ikinci bir maraqlı “Aqoniya”, yoxsa təkamül?” adlı tənqidi düşüncələrini mütəxəssis və ədəbiyyatsevərlərə təqdim etdi. Birinci əsərdən sonra burada müəllifin ədəbiyyatımızın inkişaf mərhələsi baxımından geriyə qayıdışı da başa düşüləndir.

 

Əvvəla, 2013-cü ildən və ondan bir qədər əvvəllər də sosial şəbəkələrdə, virtual məkanlarda, kütləvi informasiya vasitələrində gah ara-sıra, gah da sistemli şəkildə XIX əsr ədəbiyyatımızın ümumi landşaftına və ayrı-ayrı sənətkarların yaradıcılığına baxışda obyektivlik nəzərə alınmadan çamurlar atılır, poetik-bədii təfəkkür sahiblərinin və ədəbiyyatımızın XIX əsr dönəminin aşağılanması cəhdləri özünü açıq-aydın göstərirdi. Qeyri-obyektiv çıxış və fikirləri müəyyən balanslaşdırılmış məxrəcə gətirmək üçün Elçin kimi ədəbiyyatçının və ədəbiyyatşünasın metodoloji yanlışlıqlara, nəzəri-tarixi çaşqınlıqlara, klassikadan kənarlaşmağa çağıran hallara, sosioloji ifratlara, özünü qətiyyən doğrultmayan radikal çıxışlara nöqtə qoyması da bu zaman təbii görünürdü. Çünki burada Elçin emosiyalara  söykənib təftiş etməkdən daha çox obyektiv bədii materialların və ədəbi şəxsiyyətlərin özünün köməyi ilə opponentlərinə cavab verməyi üstün tutmuşdu. O, ədəbiyyatımızın yalnız öz canının halına qalan aqoniya vəziyyətində deyil, dinamikada, təkamüldə olduğunu faktlar və ədəbi materiallarla sübut etdi.

 

Eyni zamanda öz mülahizələrini bəyan edərkən bədii fikirdə varisliyin də nə qədər əhəmiyyətli olduğunu vurğuladı. Və zənnimcə, əvvəlki əsrlərdən gəlib ədəbiyyatımızda özünü göstərən ənənələrin XX əsrə uğurla gəlib çatdığını daha doğru-düzgün metodoloji mövqedən ortaya qoya bildi. Bunu “Aqoniya”, yoxsa təkamül?” ədəbi-tənqidi qeydlərinin nəticə hisssəsində Elçin daha düzgün şəkildə ümumiləşdirməklə “Həsən bəy Zərdabinin o dəfn mərasimi ilə elə bil ki, XIX əsr ədəbiyyatını və ictimai fikrini ehtiva edən zəngin mündəricatlı böyük bir epoxa öz missiyasını yerinə yetirərək estafeti artıq formalaşdırdığı yeni bir mərhələyə ötürürdü” (s.61), - şəklində yekunlaşdırmışdı.

 

Zaman irəlilədikcı Elçin də ondan geri qalmır, yorulmaq bilmir. Bu isə Elçin nəsri kimi, onun dramaturgiyasının da ön plana çıxmasına səbəb olur. Tamaşaçı rəğbətini qazanmış əksər dram əsərləri kimi Elçinin “Mənim sevimli dəlim” və “Şekspir” pyeslərinin London səhnəsinə ayaq açması Azərbaycan dramaturgiyasının uğuru kimi təqdir olunur. Onun bu müvəffəqiyyətinin ardınca yenə də Londondakı “St.James” teatrında “Cəhənnəm sakinləri” pyesinin motivləri əsasında hazırlanmış “Gecə yarısı” (“Midnight”) musiqili tamaşasının ingilis rejissoru Matthev Qoldun quruluşunda, musiqi tərtibatçısı Ceyms Kliv, musiqisi və sözləri Lourens Mark Whyte və Timoti Knepmenin zəhməti ilə yaradılmış səhnə təcəssümü, “West End” teatrının tanınmış aktyorları Devid Hauter, Rebekka Trehern və Nikolas Kolinos, Nik Heys, Tomas Satkliff, Qreq Kastilyoni, Kiara Ceys və Cenni O'lirini və başqa bu kimi tanınmış aktyor və aktrisaların iştirakı ilə uğurlu premyerasının keçirilməsi olduqca sevindiricidir.

 

Elçinin bu əsərində 1937-ci il repressiyalarının müdhiş və həyəcanlı mənzərəsi ingilis tamaşaçının gözləri qarşısında canlandırıldı. Əsərdə cərəyan edən hadisələrin real və irreal dünyalarda baş verməsi onu qeyri-adi sənət nümunəsi kimi yaddaşlara həkk edir. Yeri gəlmişkən qeyd edim ki, Elçinin yaradıcılığı dramatik konfliktlər müstəvisində daha maraqlı interpretasiya imkanları yaradır və odur ki, “Gecə yarısı”nın 2016-cı ildə daha ardıcıl və planlı şəkildə İngiltərənin digər teatrlarında da nümayiş etdirilməsi nəzərdə tutulur. Bütün bunlar Elçinin və Azərbaycan dramaturgiyasının növbəti uğuru kimi yaddaşlara yazılacaqdır.

 

Elçin, İlyas Əfəndiyev ocağına, əslinə-nəslinə, ədəbiyyatımıza başucalığı gətirən, onun yaradıcılıq diapazonunu genişləndirən və zənginləşdirən yazıçı kimi çox mühüm işlər görüb və görməkdədir. Onun folklor, epik-etnoqrafik səpkili “Mahmud və Məryəm”, mifoloji-dini cizgili “Ağ dəvə”, esse-bioqrafik xarakterli “İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti” adlı rəngarəng mövzulu romanları ədəbi-tənqidin təhlil trayektoriyasında xüsusi yer tutması da, bu baxımdan, qətiyyən təsadüfi deyil. Bu əsərlərin adını çəkdim, birdən “Ağ dəvə” romanı qeyri-adi mifoloji qiyafədə gözlərim önünə gəlməklə fikirlərimi yenə də özünə yönəltdi. “Ağ dəvə” haqqında, fikrimcə, hələ xeyli deyilməmiş ədəbi-təhlili mülahizələr qalmaqdadır.

 

Elçin qələmindən çıxan daha bir böyük nəsr əsəri bugünlər ədəbi gündəmi müəyyənləşdirən sanballı bədii nümunədir. Onun İlyas Əfəndiyevin xatirəsinə həsr etdiyi “Baş” romanında hadisələr, tarix, siyasət, ictimai şəxsiyyətlər, hökmdarlar, xanlar, xanlıqlar, çarlıqlar, knyazlıqlar, sərdarlar, şairlər, aparıcı obrazlar, ikinci dərəcəli personajlar, coğrafi realilər elə şəkildə qurulub yerləşdirilib ki, burada xalqımız və vətənimiz üçün keşməkeşli tarixi bir dövrün geniş, indiyə qədər tam məlum olmayan panoramı yaradılıb. Burada qaçılmaz bir zərurəti vurğulamaq istərdim ki, Elçinin “Baş” romanının doğru-dürüst incələnməsi və geniş təhlili tədqiqatçılardan kifayət qədər elmi-analitik hazırlıq tələb edir.

 

 

 

Nizami Tağısoy

525-ci qəzet.- 2016.- 23 yanvar.- S.14-15