Müəllim kimdir?

 

 

Elə suallar var ki, onu başqasına deyil, yalnız özünə verə bilirsən. bütün düşüncələrin həmin sualın cavabı olmasa da, o sual ətrafında həyat platformun, özünəbaxışı, özünütənqidi gerçəkliyə çevirməyə çalışırsan.

 

Elə düşünürəm ki, mən dünyaya müəllim kimi doğulanlardanam. Ona görə yox ki, bu işi çox yaxşı bacarıram. Qətiyyən yox. Tələbələrim yaxşı bilir ki, bir il ərzində dediyim dərslərin 5-6-sını ilhamla, vəchlə, istədiyim şəkildə demişəm. Müəllim üçün bu rəqəm azdır, çox az. Çünkü ilhamsız, vəchsiz dərs ölü dərsdir ya can qurtarmaq, vaxtı birtəhər doldurmaq üçündür. Əgər hər dərs müəllimin bir əsəridirsə, o zaman müəllimlik bilgi verməkdən daha başqa bir şeydir. Q.Markes müsahibələrinin birində deyir: “Məncə, müəllimin hər dərsi  dünyanı anlamaq anlatmaq cəhdidir. Əsl müəllim bütün suallara cavab verə bilmir, ona görə yox ki, real vəziyyətdə bu imkansızdır. Ona görə ki, hər suala cavab vermək ensiklopediyaçıların, faktşünasların, savadlı olmaqda iddialı olan adamların işidir.

 

Müəllimin, xüsusilə universitet müəlliminin ilk vəzifəsi araşdırıcı beynini formalaşdırmaqdır. Müşahidə, fakt, bilgi nəzəri sistemin mənimsənilməsi olduqca əhəmiyyətli sayılır. Tələbə nəzəri düşünməyə başlayırsa bu artıq gediləcək yolun yarısı deməkdir.

 

Səhv etmək tələbənin haqqıdır. Elə müəllimin . İnsan robot olmadığı üçün o həqiqətə, isbata səhv edə-edə yaxınlaşacaqdır.

 

Xoşbəxt o müəllimdir ki, tələbəsi ilə özü arasında bütün sədləri, trafaretləri, doğmaları yıxa bilir, öyrənməklə öyrətmək arasındakı məhrəmliyi tapa bilir. Bu mənada müəllimlik sənəti öncədən proqramlaşdırılmış proqramdır demək doğrudur, məncə.

 

Müəllim savadı başqa bir şeydir. Müəllim dərsin həm memarı, həm qara fəhləsi, həm rəngsazı, həm bağbanıdır. O, bir şey yaratmaq istəyir. yaradacağı o şey əsla iddia deyil. Nəyi isə sübut etmək kimi görünsə , əslində nəyi isə göstərməkdədir. Bəlkə dünyanı  bürüyən sirrin birini açmaq cəhdidir. Bu cəhd uğurlu da ola bilər, uğursuz da. Bəlkə əvvəlcədən proqramlaşdırılmış dərs ən qeyri-səmimi, unudulmağa məhkum uğursuz dərsdir. “Siz bilmirsiniz, ancaq mən bilirəm”, “Gör yaddaşımda nələr var”, “Bəlağətimin intonasiyamın klassik biçimi ilə sizi heyran qoyacağam” düşüncəsi şagirdə-tələbəyə qalib gəlmək üçün, onu məmnun etmək üçün təpədən dırnağa silahlanmış ordunun işğal fəlsəfəsindən başqa bir şey olmayan bir səhvsizlik, səhvin özüdür.

 

Müəllim dərsdə darıxmırsa, danışdığı problemin içində çaşıb qalmırsa, müəmmalar içində qurcalanmırsa, hardasa öz tələbələrində acizlik üçün xəcalət çəkmirsə, yeri gələndə itirdiklərini  xatırlayıb gözləri yaşarmırsa, aciz-aciz gülümsəmirsə, bildiklərini deyil, hiss etdiklərini bölüşürsə, dərs boyunca mövsüm-mövsüm deyişmirsə, yaşadığı mövsümü təbii səmimi şəkildə yarada bilmirsə, o müəllim dərs dediyi tələbələrin dostu deyil, amiridir. Dərsin canı, dərsin qeyri-adi gözlənilməyən situasiyalarıdır. Bir atmaca, bir sual, öyrəşilməmiş vəziyyət müəllimi rüsvay edə bildiyi kimi dərs dediyi dostu, həmdəmi kimi yaddaşa yazıla bilər.

 

Mən dərs dediyim tələbəni öz köynəyindən keçirən atayam, sevgilisiyəm, qardaşıyam. Bu yaxınlığı, duymağı hiss etməsəm, o sinfə girə bilmərəm, girsəm ordan çıxa bilmərəm. Mənim iddiam yoxdurmu? Əlbəttə var. İddiasız nəinki müəllim, heç insan da olmaz. Hər dərs iddiaların məhv edildiyi, yığışdırılıb atıldığı təmizləmə məqamıdır. Müəllimin sözü hər kəsin qəbul etməyə borclu olduğu   Quran dərsi filan deyil.

 

Müəllim sözü arayışın, axtarışın, hərarətini hiss etmək, onun işığını bir zərrə qədər olsa bilmək, duymaqdır. Mənim öz tələbələrindən utanan, tələbələrinə yaltaqlanan, öz tələbələrini aldadan, öz tələbələrinə inanan müəllimlərim olub. Çox bilgili, savadlı müəllimlərimi hörmətlə xatırlayıram. Ancaq onlar mənim üçün qranit heykəl kimidir. Mən onların nəfəsini hiss etmirəm. Amiranə, totalitar, avtoritar müəllimlərə nifrət edirəm və xatırlamağa belə çalışmıram. Sıxıla-sıxıla dərsə girib, utana-utana danışan, dərsi bəzən bizim hamımız üçün, bəzən də bir nəfərimiz üçün deyən, dediyi dərsin içində, onun dalğalarında itib-batan, mütləq hökmlərlə deyil, mükəmməl suallarla bitirən müəllimlərim mənim yadımda doğmalarım kimi qalıb. Mən onlarla tez-tez yuxularımda görüşürəm. O zaman vermədiyim sualları verirəm, daha nələr-nələr soruşuram. Bəzən mənə elə gəlir ki, 45 illik müəllim həyatımda onların rolunu oynayıram. Mən öz rolunu tapmayan, oynamayan bədbəxt aktyor kimiyəm. Hər auditoriyaya girəndə  axtardığım ilk tələbə mən özüməm. Bəzən onu tapıram, bəzən yox. Onu tapmaqya tapmamaq elə bir ciddi əhəmiyyət daşımır. Hər müəllim kimi sinfi bildiyim tiplərə görə xəyalən təsnif edirəm və söhbətə başlayıram. Əsl müəllimlər yad planetlər kimidir. Nə vaxt gəldiklərini, nə vaxt gedəcəklərini, necə gəldiklərini bilmirsən.

 

Mən yalnız bildiklərimi öyrətmirəm. Bu mənim dərsimin məqsədlərindən biridir. Mən özüm də tələbələrlə birlikdə nəyi isə öyrənirəm və öyrəndiyimin sevincini tələbələrimlə bölüşürəm. Dərsdə etdiyim “kəşflər”, “ehtimallar”, “qənaətlər” təmsil etdiyim elm üçün hələ o qədər də əhəmiyyətli deyil. Mənim üçün əhəmiyyətli olan tələbənin mənimlə birlikdə o problemə dalması, arayış-axtarış cəhdidir.

 

“Axtaran tapar” fəlsəfəsi mənim üçün əhəmiyyətli olsa da, “axtaran tapmağı da bilər”, “axtaran düşünməyi, rəy bildirməyi və öyrənməyi də bilər” fəlsəfəsi mənim üçün çox əhəmiyyətlidir.

 

Müəllim olmaq bilgi verən olmaqdan daha çox insan olmaqdır. Müəllimin dediyi dərsin içində Allaha inam, iman vicdan, insaf, ədalət, halal, haram, borc hissi, hörmət, sevgi paylaşma, yardımlaşma yoxdursa müəllimin öyrətdiyi elm quru, cansız sözdən, doktrinadan, rəqəmdən başqa bir şey deyil.

 

Bir şeyi də nəzərə alaq ki, “quş uçanda quşdur, şir nərildəyib ovunu pəncələrinə alanda şirdir, peyğəmbərlər Allahdan vəhy gələndə peyğəmbərdir”. Müəllim də dərs zamanı müəllimdir. Dərsdən kənarda müəllim bizim obyektimiz deyil, sıradan insandır.

 

Müəllimlik ürək işidir. Beyin işi kimi görünsə də, qəlb, könül işidir.

 

Və nəhayət, özüm özümdən sorduğum ilk suala dönürəm. Müəllim kimdir?

 

Müəllim şam kimi gilə-gilə yanıb bitəndirmi? Müəllim öz haqqını istəməyən qurbandırmı? Müəllim - öz haqqını istəməyin qurbanıdırmı?

 

Müəllim - xoşbəxtlik yolunu göstərib o yolda yaşamağa iddialı olmayan cəfakeşdirmi?

 

Müəllim yetirmələri ilə öyünən, meyvələri insan olan qocaman ağacdırmı? Günəş kimi lütfkar, torpaq kimi binli-bərəkətli, hava kimi aydın, su kimi əziz olan, müqəddəs varlığın tək bir adı var: Müəllim.

 

Bu müqəddəs ada layiq olaq. Allah özü bizə bu adın halallığını versin. “Atam məni göydən yerə endirdi, müəllim məni yerdən göyə qaldırdı”. Tək bu ifadə  - müəllim sözünün möcüzəsini ifadə etməyə yetər.

 

Allah bütün müəllimlərimə rəhmət eləsin, qəbirləri nurla dolsun. Ustad işığı evimizdən, dilimizdən əksik olmasın.

 

P.S. Mən müəllim sənəti haqqında bilinməyən nəsə yazmaq istədim.  Müəllim sənəti içindəki bilinməyənləri görmək göstərmək istədim. Ruhları inciyər deyə ad çəkmədim. Onların ruhları qarşısında baş əyirəm.

 

 

Kamil Vəli NƏRİMANOĞLU

Türkoloq, ədəbiyyatşünas

525-ci qəzet.- 2016.- 23 yanvar.- S.11