Baltik ölkələrində Azərbaycan
mədəni irsini yayma yolları
LİTVA-AZƏRBAYCAN QƏDİM MƏDƏNİYYƏT KÖRPÜLƏRİ
(Əvvəli ötən şənbə
sayımızda)
HƏR
KÖZƏRƏN İŞIQ ULDUZ OLMAZ...
Azərbaycan - Baltik ədəbi və mədəni əlaqələri
sahəsində həm Azərbaycan, həm də Baltik
xalqları müəllifləri tərəfindən
görülmüş bütün işləri, həmin
işlərin böyük və kiçikliyindən
asılı olmayaraq, birmənalı dəyərləndirmək
çətindir.
Təəssüflə
qeyd etməliyik ki, həm 19-cu yüzillikdə, həm də
20-ci əsrdə əlaqələrimizin inkişaf etdirilməsi
və Azərbaycan dəyərlərinin Baltik ölkələrində
tanıdılması sahəsində vicdanla külüng
çalmış, mədəni münasibətlər
tariximizdə silinməz izlər qoymuş xadimlərlə
yanaşı Rusiya müstəmləkəçilik siyasətinin,
“vahid və bölünməz Rusiya” ideyasının tərəfdarları,
rus mürtəce millətçiliyinin məsləkdaşları,
“Böyük Ermənistan” utopiyasının və “erməni
soyqırımının” havadarları, proletar internasionalizmi
və bolşevizm ideologiyasının bayraqdarları,
marksizm-leninizm təliminin təbliğatçıları,
stalinsayağı “xalqlar dostluğu”nun qurucuları və Azərbaycan
milli ideologiyasının əleyhdarları da olubdur.
Bu
baxımdan öz fəaliyyəti ilə seçilmiş şəxslərdən
Vilnüs regionu polyakları kökənli rus şərqşünası,
Vilnüs universitetinin məzunu (1819), XIX əsrin 1-ci
yarısında Rusiyada türk və o cümlədən, Azərbaycan
etnomədəniyyətinin yayımlanmasına böyük
töhfələr verməklə yanaşı, ziddiyyətli
çalışmaları ilə tanınmış məşhur
professor Osip (Yozef) Senkovskini (1800-1858) göstərmək
olardı. Biz bu fikri deyərkən, ilk növbədə onun
qondarma erməni tarixinə və “Böyük Ermənistan”
ideyasına xidmət edən “Nekotorıye somneniya kasatelno
istorii qruzinov” (1838) adlı əsərini nəzərdə
tuturuq (əsərdə təsdiq edilir ki, qədimdə
Böyük Ermənistanın şimal sərhədləri
guya Kür çayının sağ sahili boyunca
uzanmış, Kürün o biri tərəfindəki
Gürcüstan ərazilərinin böyük qismi isə
Tiflis də daxil olmaqla Böyük Ermənistanın tərkib
hissəsi olmuşdur).
Daha sonra
bu nöqteyi-nəzərdən, həm yazıçı,
şair, dramaturq, tənqidçi və tərcüməçi
kimi, həm də marksist-filosoflar, bolşevik xadimləri və
ictimai-siyasi simalar olaraq tanınmış Yuozas Vareykis
(1894-1939), Yustas Paletskis (1899-1980), Pyatras Svirka (1909-1947) və
Antanas Ventslova (1906-1971) kimi litvalı müəllifləri,
latışlardan Avgust Arays-Berze (1890-1921) və Karl İlmer
(1891-1919) kimi yazıçı və publisistləri, Paul
Berzin və Amaliya Drugis kimi sırf sol təmayüllü
sosial demokratları, 26 Bakı komissarından biri olaraq
tanınmış latış bolşevik siyasi xadmi Eyjens
Bergsi (1892-1918) və digər Baltik xadimlərini göstərmək
mümkündür.
Konkret
misallardan biri olaraq təqdim etmək istərdik ki, yuxarıda
adı çəkilmiş latış proletar
yazıçısı və şairi, inqilabçı xadim
A. Arays-Berze 1912-1914-cü illərdə Egerman adı ilə
Bakıda yaşamış, burada qeyri-leqal fəaliyyət
göstərən bolşevik təşkilatları ilə əlaqələr
quraraq gizli mətbəə açmış, fəhlələr
arasında inqilabi çevriliş ideyaları təbliğ edən
siyasi ədəbiyyat yaymaqla məşğul olmuşdur. Belə fəaliyyətinə görə o, 1913-cü
ildə həbs olunaraq Bayıl türməsinə
salınmışdı. A. Arays-Berze “Qandallanmış
qollar” başlığı altında silsilə şeirlərinin
böyük hissəsini və 5 pərdədən ibarət “Günəşin
doğması” adlı pyesini də məhz həbsdə
yazmışdır (Arays onun ədəbi təxəllüsüdür).
O, 1914-cü ildə Bakıdan Sibirə sürgün
olunmuşdu. Lakin bütün həbslərə və
sürgünlərə baxmayaraq
A. Arays-Berze sonralar qeyri-leqal şəkildə Riqaya
qayıtmış, gizli inqilabi fəaliyyətini davam
etdirmiş, Latviya KP MK-nə üzv seçilmiş (1919) və
hətta bir müddət marionet Sovet Latviyası (1918-1920)
hökumətində çalışmışdır. 1921-ci ildə isə müstəqil Latviya
Respublikasının təhlükəsizlik xidməti tərəfindən
yenidən həbsə atılmış və Riqa türməsində
həyatını itirmişdir.
Elə misallar da vardır ki, özündə həm
müsbət, həmdə mənfi cəhətləri sanki,
bir simbioz bəslənmə olaraq eyni zamanda daşıyır. Məsələn,
litvalı publisist və marksist-filosof Y. Vareykis Bakı şəhər
Soveti sədrinin müavini olaraq 1921-1923-cü illərdə Azərbaycan
SSR-də yaşayıb fəaliyyət göstərmişdir. 1911-ci ildən Rusiya sosial demokratlar partiyasının
üzvü olmuş Y. Vareykis mətin bolşevik, alovlu
inqilabçı, Sovet partiya və dövlət xadimi kimi
tanınmışdı. O, Azərbaycan kommunist
partiyasının IV və V qurultaylarında Mərkəzi
Komitənin üzvü seçilmişdi. Azərbaycan
Xalq Cümhuriyyəti dövrü xadimlərinin hərtərəfli
zərərsizləşdirilməsində və Bakıda Sovet
quruluşunun möhkəmləndirilməsində Azərbaycan
KP MK-nın 1-ci katibi Serqey Kirovla (1886-1934) çiyin-çiyinə
coşqun fəaliyyəti ilə fərqlənmişdir. Sovetləşdirilmiş Azərbaycanın partiya mətbuatında
ideoloji və siyasi-publisistik yazılarla bir sıra
çıxışlar etmişdir. Onun “Bakinski
raboçi” qəzetinin 22 avqust 1922-ci il tarixli sayında
çap edilmiş “İstoriçeskoe znaçeniye Bakinskoy
kommunı” adlı rusca məqaləsində ehtiva olunmuş
fikirlər, sözün gerçək mənasında, 1918-ci
ilin yazında Bakı Xalq Komissarları Sovetinin sədri Stepan
Şaumyan (1878-1918) başda olmaqla Bakı kommunası (1918)
cinayətkar qüvvələrinin Azərbaycan xalqına
qarşı törətdiyi qırğınların “səbəbləri”
ilə bağlı Bolşeviklər və Daşnaksütun
partiyaları tərəfindən irəli sürülən
uydurma hərbi-siyasi yanaşmaların təkrarı və təsdiqidir.
Bununla yanaşı, o zaman bəzi məsələlərdə
həmin litvalı xadimin adı bakılılar arasında həm
də müsbət tonda hallanırdı.
Bu, onunla bağlı idi ki, hələ
1903-cü ildə Bakı Duması şəhərdə
elektrik tramvay xətlərinin tikintisi barədə qərar qəbul
etmişdi. Amma həmin layihə yalnız
1922-ci ildə məhz Y. Vareykisin təşəbbüsü ilə
həyata keçirilməyə başlandı (həmin xətt
SSRİ-də salınan ilk tramvay xətti idi). Buna
görə də Bakı sakinləri onu o zaman zarafatla və rəğbətlə
Yuozas Tramvaykis adlandırırdılar (bu haqda Litva SSR
Yazıçılar İttifaqı rus bölməsinin ilk sədri
olmuş rus yazıçısı və publisisti, Litvada
partiya mətbuatı xadimi olaraq tanınmış Pavel Gelbax
(1914-2009) Azərbaycanla bağlı öz xatirələrini mənimlə
1985-ci ildə Vilnüsdə bölüşərkən
danışırdı).
Bu cür misalların sayını artırmaq olardı. Ancaq məsələ
misalların miqdarında deyil. Çünki imperiya siyasəti
və qırmızı terrorun o cür “trubadurları”
müasir Baltik dövlətlərində 5-ci kolonların təmsil
olunduqları qurumlardan başqa heç yerdə
xatırlanmır, əsərləri çap olunmur, dərsliklərdə
adlarına rast gəlinmir. Təbii ki, yuxarıdakı
misalları və yorumları verməkdə məqsədimiz
bir daha vurğulamaqdır ki, Azərbaycan dəyərlərinin
Baltik ölkələrində yayımlanması ilə
bağlı mədəniyyətlərarası dialoq çərçivəsində
ictimai diskursda çıxışlar edərkən və tədbirlər
keçirərkən, tərəflərin ədəbi irsini və
mədəni dəyərlərini təmsil edən müəlliflər
seçiminə tarixin ən yeni dövründə bu ölkələrin
siyasi quruluşunda baş vermiş dəyişikliklər,
mövcud geosiyasi reallıqlar və çevik mədəniyyət
siyasəti prizmasından yanaşmaq lazımdır.
Yaxın keçmişə qədər Azərbaycan -
Baltik ədəbi və mədəni əlaqələri
mövzusunda yazıb-yaratmış, tədqiqatlar
aparmış müəlliflərin əsərlərində
çoxlu sayda qeyri-adekvat dəyərləndirmələr,
zahiri parıltılar, “göz qamaşdıran” effektlər, təmtəraqlı
ifadələr və deyimlər vardır. Lakin SSRİ
xalqları mədəniyyətlərini marksizm-leninizm
metodologiyasına uyğun olaraq bir-birinə calaqlamaq, ədəbiyyatları
isə kommunizm qurucularının oraq və çəkici ilə
kəsilib-biçilmiş standartlar çərçivəsində
qarşılıqlı zənginləşdirmək
paradiqmasına mütabiq olan o əsərlərdəki göz
qamaşdıran parıltıların şübhəsiz ki,
zülmətin bağrını yarıb belini bükə bilmək
üçün heç bir qüdrəti yoxdur.
Bu yerdə
el arasında məşhur olan “hər oxuyan Molla Pənah olmaz”
məsəlinə iqtibasən dilimizə gələn “Hər
közərən işıq ulduz olmaz” deyimi yerinə
düşərdi...
ŞƏRQLƏ
QƏRBİN QOVUŞUĞUNDA LİTVA İZLƏRİ...
Litvalılar Şərq mədəniyyətinə və
fəlsəfəsinə tarixən böyük maraq göstərmişlər. Bunun bir
sıra səbəbləri vardır və həmin səbəblərdən
biri olaraq Litva dilinin latış dili ilə bərabər
Hind-Avropa dilləri ailəsinin Balt qrupuna aid olmasını
göstərmək mümkündür (bu qrupa həmçinin
prus, yotving (yatvyag), kurş, jemgal (zemgal), sel (selon) ölü
dilləri daxildir).
Məlum
olduğu kimi, qədim sanskrit dili də
Hindistanın klassik dillərindən biri olaraq Hind-Avropa dilləri
ailəsinə aiddir (bu dildəki yazılı abidələrin
3500 ilə yaxın yaşı vardır). Sanskrit
və Litva dilləri arasında dilin qrammatik quruluşu, fonetik
sistemi və morfoloji strukturu baxımından yaxınlıqlar
sezmək olar, bu dillərdə bir-birinə oxşar
lüğət vahidləri və hətta bəzi cümlələr
vardır.
Bununla bərabər, qədim baltların
xristianlığa qədərki dini inancları - Bütpərəstlik
(paqonizm) ilə qədim hindlilərin politeist
(çoxtanrılı) inancı olan Vedizm arasında kosmoqonik
bənzərliklər də mövcuddur. Odur ki, litvalılar (eləcə
də latışlar) Vedizm sistemi və Vedaların sanskrit
dilində yazılmış qədim dini kitabları ilə
(“Rigveda”, “Yacurved”, “Samaveda” və “Atharvaveda”), habelə Hinduizm
və bu dinin sosial sisteminə aid Brahmanlar zümrəsi ilə
həmişə yaxından maraqlanmışlar, Vedi
tanrılarının panteonlarını və qədim Hindistanın dini məbədlərini
mütəmadi ziyarət etmişlər.
Litvalılar
müxtəlif dövrlərdə Şərqlə etik, estetik
və metafizik münasibətlərini çözələmək,
mifoloji əlaqələrini, oxşar folklor süjetlərini,
motiv və obrazları üzə çıxarmaq məqsədi
ilə sanskrit dilində yaradılmış Hind eposlarına
(“Mahabharata”, “Ramayana”) mənbə olaraq müraciət
etmişlər (Hinduizm fəlsəfəsinin mənbəyi
sayılan dini-fəlsəfi abidə “Bhagavadvita” 1940-cı ildə
sanskrit dilindən litvacaya tərcümə olunmuş və
1947-ci ildə Almaniyanın Detmold şəhərində
çapdan buraxılmışdır).Onların bir qismi isə
hind mədəniyyətinin fəlsəfi mahiyyətini mənimsəmək
yolu ilə öz qədim dünyagörüşlərinin əsaslarını,
insan və həyat haqqındakı ilkin fəlsəfi təsəvvürlərinin
sərhədlərini aşkarlamağa
çalışmışlar.
Bəzi Litva filosofları və mütəfəkkir
yazıçıları yazdıqları əsərlərində
Buddizm dini-fəlsəfi təliminin incəliklərini mənimsəmək
və bu təlimin mənəvi dirilmə ilə bağlı
doqmasının ruhunu Litva milli oyanış hərəkatlarının
mahiyyətinə hopdurmaq məqsədini güdmüşlər.
Beləliklə
nəzərə çatdırmaq istərdik ki, litvalılar
etnik mənşələrini araşdırmaq, dillərinin
etimoloji kökənini öyrənib incələmək,
xristianlığa qədərki inanclarının ilkin mənbəyini
duymaq və ən qədim hind-avropalıların Şərqdən
Qərbə köç yollarını təyin etmək
üçün həmişə Şərqə maraq
göstərmiş və Şərqi Asiya ölkələrinə
can atmışlar. Bu səylər XIX əsrin
axırlarında daha güclü xarakter almışdı.
Çünki həmin dövrdə Litva milli
dirçəliş hərəkatı
başlanmışdı ki, onda modern Litva millətinin
formalaşması prosesinin həlledici mərhələsi
gerçəklənirdi.
Məşhur Litva filosofu və pedaqoqu Stasis Şalkauskis
(1886-1941) daha sonralar bu mövzuya bir daha qayıdaraq Şərq
və Qərb etnokulturoloji dəyərlər sisteminin sintezi əsasında
XX əsrdə Litva milli-mədəni dirçəlişinə
stimul vermək barədə fəlsəfi əsərlər
yazmışdır.
Özlərini
Şərq yönəkli çalışmalara həsr
etmiş, geniş anlamda Şərq mövzunda
yazıb-yaratmış digər litvalı müəlliflərdən
- Kaunas universiteti Humanitar elmlər fakültəsinin dosenti,
Litvada peşəkar misirşünaslığın banisi
olaraq tanınmış Mariya Rudzinskayte-Artsimaviçene
(1885-1941), şair-simvolist, esseist, tərcüməçi və
diplomat Yurgis Baltruşaytis (1873-1944), dramaturq, publisist, filosof və
ictimai xadim Vilhelmas Storostas-Vidunas (1868-1953), yazıçı,
jurnalist və səyyah, antropoloq alim Antanas Poşka (1903-1992)
bu sahədə orijinal izlər qoymuşlar.
Litvalılar Şərqlə Qərbin qovuşuğunda
və İpək yolunun üstündə yerləşmiş,
qoca Şərqin qapısı və aynası olaraq hər iki
sivilizasiyanın təsiri altında inkişaf etmiş Azərbaycanın
özünəməxsus möhtəşəm etnomədəni
dəyərlərinə də həmişə yaxından
maraq göstərmişlər. Litva ədəbi fikrinin bir sıra təmsilçiləri
- Yuozas Paukştyalis (1899-1981), Antanas Mişkinis (1905-1983),
Pyatras Ujkalnis (1907-1984), Aleksis Xurginas (1912-1990), Gediminas
Yokimaytis (1920-1986), Vatsis Reymeris (1921), Linas Broga (1925-2005) və
digər yazarlar XII əsrdə bütün Şərq mədəniyyətinə,
eləcə də dünya bədii fikrinin sonrakı
inkişafına güclü təsir göstərmiş Azərbaycan
poeziya məktəbi və onun Xaqani, Şirvani, Nizami kimi
dünya şöhrətli təmsilçilərinin
yaradıcılığına həsr olunmuş əsərlər
yazmış, bu dahilərin poeziyasından Litva dilinə tərcümələr
etmişlər.
Səyyah
və entomoloq alim Konstantinas Aris (1874-1941) bir müddət
Buxarada yaşamış, 1897-1909-cu illərdə
Türküstanın müxtəlif bölmələrinə
ekspedisiyalar təşkil etmiş, İranın və o
cümlədən, Cənubi Azərbaycanın təbiətinin
tədqiq olunması sahəsində çalışmalar
aparmışdır.
İncəsənət
tarixçisi və diplomat Yurgis Baltruşaytis (1903-1988) iki
cildlik “Ümumdünya incəsənət tarixi” kitabında
(Kaunas. 1934-1939) tipoloji və müqayisəli struktur təhlili
metodu əsasında Orta əsrlər mədəniyyətini,
Şərq və Qərbin incəsənət
üslublarını araşdırmış və bu zaman orta
əsrlər Azərbaycan incəsənəti haqqında bir
sıra mülahizələr söyləmişdir.
Dahi rəssam və bəstəkar Mikaloyus Konstantinas
Çürlyönis (1875-1911) Şərq və Qərb
sivilizasiyalarının sintezi zəminində bəşərin
inkişaf tarixində yeni mərhələ haqqında
düşünmüş, o mərhələnin gerçəkləşdirilməsinin
fəlsəfi-mənəvi yollarını aramış və
bunu öz yaradıcılığında əks
etdirmişdir.
Onun rəsm əsərlərində Orta və Uzaq Şərqə
aid simvolizm səciyyəli lövhələrlə
yanaşı, insanlığın fövqəltəbii
duyumları və gələcəyə mistik
baxışları ilə bağlı ümumiləşdirmələr
fırça ilə tablolarda transformasiya edilən zaman, qlobal
dirçəliş məkanı və zülmətdən
qurtuluş simvolu olaraq seçilmiş azad ruhlu Qafqaz
dağları mövzusu və buradakı xalqların qədim
dünya görüşlərinə dair kosmoqonik təsəvvürlər
də yer almışdır.
Yeri gəlmişkən qeyd edək ki, Xalq şairi Bəxtiyar Vahabzadə (1925-2009) M.K. Çürlyönisin “Dünya daşqını” (1904), “Sakitlik” (1904), “Zodiak nişanları”(1907), “Suilanının sonatası” (1908), “Ulduzların sonatası” (1908), “Piramidaların sonatası” (1908) adlı silsilə əsərlərindəki Azərbaycan etnomədəniyyətinin və fəlsəfi fikir dünyasının bəzi çalarlarını çox böyük incəliklə duymuş, bununla bağlı daxili refleksiyalarını və fəlsəfi düşüncələrini Litva rəssamının əsərlərinə iqtibasən yazdığı “Sükut” adlı şeirində (1983) ustalıqla tərənnüm etmişdir.
Daha sonra, Litva-Azərbaycan ədəbi-mədəni münasibətlərinin təməl daşlarının qoyulmasında və Azərbaycan etnokulturoloji dəyərlərinin litvaca tanıdılması istiqamətində fəaliyyət göstərmiş ziyalılardan şair, tərcüməçi və ədəbiyyatşünas Moteyus Gustaytis (1870-1927), ədəbi klassik Vintsas Kreve-Mitskəviçyus (1882-1954), Xalq yazıçısı Antanas Venuolis-Jukauskas (1882-1957) kimi xadimləri göstərmək mümkündür.
Bunlarla yanaşı, ədəbi və mədəni əlaqələrimiz tarixində digər litvalı yaradıcılar da - tanınmış publisist və ictimai xadim, 1903-1943-cü illərdə ABŞ litvalılarının “Zvaigzde” qəzetinin naşiri və redaktoru olmuş Yule Pranaytite (1881-1944), jurnalist, redaktor və ictimai xadim Matas Şalçyus (1890-1940), publisist və redaktor Stasis Vaynoras (1909-1964) mənalı izlər qoymuşlar. Onlar müxtəlif illərdə Azərbaycanı ziyarət edərək buradan apardıqları zəngin təəssüratları litvaca nəşr olunmuş kitablarında və publisistik əsərlərində əks etdirmişlər.
Y. Pranaytenin “Avropaya və Asiyaya səfərdən” adlı səyahət təəssüratları toplusunda (Filadelfiya. 1914-cü il) Azərbaycana həsr edilmiş iki yazı - “Kaspi” və “Bakı” adlı oçerklər yer almışdır. M. Şalçyusun “Dünyanın 40 ölkəsində qonaq qaldığım xalqlar” adlı 6 cilddən ibarət kitabında (Kaunas, 1935-1936-cı illər) Cənubi Azərbaycan haqqında tarixi və coğrafi məlumatlar verilmiş, azərbaycanlıların dili, coğrafi adları, məişəti, mətbəxi və mədəniyyəti barədə etnoqrafik bilgilər təqdim olunmuşdur. S. Vaynoras isə 1938-ci ildə Kaunasda “Qara şəhər”, “Qafqaz əfsanəsi”, “1918-1920-ci illərdə Qafqazda nə baş vermişdir” adlı məqalələrini və səfər oçerklərini dərc etdirmişdir.
Vilnüs
(Ardı gələn şənbə
sayımızda)
Mahir
Həmzəyev
Litva
Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva
Respublikası Hökuməti yanında Milli İcmalar
Şurasının üzvü
525-ci qəzet.- 2016.- 23 yanvar.- S.10-11