Gənc ədiblərin yeni dönəmində ilk görüşü

 

 

Yanvarın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Mədəniyyət və Turizm Nazirliyi ilə AYB-nin ortaq layihəsi olan Gənc Ədiblər Məktəbinin (GƏM) üçüncü dönəminə start verilib.

 

Tədbiri giriş sözü ilə açan Birliyin katibi, GƏM-in rəhbəri Rəşad Məcid iştirakçılara Məktəbin yaranması və qarşıya qoyulan məqsədlərdən danışıb.

 

Katib vurğulayıb ki, geridə qalan iki dönəmdə GƏM ölkənin ədəbi mühitində kifayət qədər rezonans doğura, gənclərin ədəbiyyata, sözə marağını xeyli artıra bilib.

 

Layihəni dəstəklədiyi üçün Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edən R.Məcid bildirib ki, bu mərhələdə də gənc qələm sahiblərinin ayda bir dəfə müxtəlif yazarlar, ədəbiyyatşünaslarla görüşü olacaq, GƏM üzvlərinə ustad dərsləri keçiləcək.

 

Layihə başa çatdıqda Məktəbin ən fəal məzunları diplomla təltif olunacaq.

 

Tədbirdə əvvəlki dönəmlərdə GƏM-in üzvü olmuş yazarlardan, Nuranə Nur, Emin Piri, Cavid Qədir, Gülnar Səma, Günay Həsənli, Əntiqə Səməndər və başqaları da iştirak edib.

 

Daha sonra iştirakçılarla tanışlıq məqsədli söhbət aparılıb. Yaradıcılıqlarından nümunələr dinlənilib.

 

Qeyd edək ki, bu dəfə GƏM-in koordinatoru gənc yazar Müşfiq Şükürlüdür.

 

Cavid QƏDİR

525-ci qəzet.- 2016.- 26 yanvar.- S.8