"Ziyayi-Qafqaziyyə" qəzetində
milli-mənəvi dəyərlərimizə münasibət
"Ziya (Ziyayi-Qafqaziyyə)" əslində adı dəyişdirilərək
fasilə ilə çap olunmuş eyni qəzetdir. Hər iki adda
qəzetin təsisçisi, sahibi imtiyazı Səid Ünsizadə
əfəndi, "Kəşkül" qəzeti nəşrə
başlayanadək müdir və mühərriri isə
ortancıl qardaşı Cəlal Ünsizadə olub.
Qəzet zamanın tələbindən
yaranmışdı. Başqa sözlə, milli mətbuatımızın
müjdəçisi, qaranquşu sayılan
"Əkinçi" qəzeti çar Rusiyası hökuməti
tərəfindən erməni millətindən olan
çapçı Minasovun satqınlığı ilə
bağlanandan sonra mövcud boşluğu doldurmağa ciddi
ehtiyac duyulurdu...
Səid əfəndi
Şamaxıda şair təbiətli və dindar şəxs
olan atası Əbdürrəhman əfəndinin yanında
ibtidai, İraqda isə mükəmməl dini təhsil
alıb, ərəb və fars dillərinə
dərindən yiyələndikdən sonra bir neçə il
Şamaxıda açdığı "Məclis"
adlı dini və dünyəvi dərslər keçilən
mədrəsədə fəaliyyət göstərib. Hacı Səid 1876-cı ildəQafqazın elm və
mədəniyyət mərkəzi Tiflis şəhərinə
köçmüşdür. Əvvəllər
Şamaxıda sünni idarəsinin üzvü olmuş
Hacı Səid Tiflisdə Zaqafqaziya sünni idarəsinin
üzvü seçilir. O, ictimai fikri formalaşdıran
və millətin ayıq-sayıq olmasına, gələcək
inkişafına yol göstərən mətbuatı yüksək
qiymətləndirib. Ona görə də Səid
Ünsizadə "Əkinçi"dən sonra xeyli
hazırlıq işləri aparmış və 1879-cu ilin
dekabr ayının 6-da "Ziya" qəzetini ərsəyə
gətirmişdi. Bu, milli mətbuatımızın
xronoloji ardıcıllıq baxımından ikinci qəzeti
idi. Ağır zəhmətlər hesabına başa gələn
həmin qəzet Səid Ünsizadənin şəxsi vəsaiti
və qohum-əqrəbalarının, xüsusilə,
qardaşı Cəlaləddin və oğlu Ağa əfəndinin
köməyi sayəsində oxuculara çatıb və onlar
tərəfindən sevilib. Nəhayət, 30 nömrədən
sonra 1880-ci ilin 26 iyun tarixində "Ziya"nın
nəşri maddi-texniki və maliyyə çatışmazlığı
ucbatından müvəqqəti dayandırılır.
Təxminən 5 saydan sonra "Ziyayi-Qafqaziyyə" təzə
mətbəədə nəşrə başlayır. "Ziya"nın
"Ziyayi-Qafqaziyyə" olmasına gəlincə, Səid
Ünsizadənin yazdığına görə klişeni
hazırlayan həkkak-nəqqaş tərəfindən belə
adlandırılmış, o isə həmin adla
razılaşmışdı. Bu dəyişiklik "Ziya"nın Qafqazın ziyasına, nuruna çevriləcəyindən
xəbər verirdi. Sonralar həqiqətən həmin
ümidlər gerçəkləşdi. Qəzetin
coğrafiyası və mövzuları genişləndi,
qaldırılan məsələlər daha dərindən
işıqlandırıldı. 1880-ci ilin
9 dekabrından 1884-cü ilin 26 iyun tarixinədək cəmi 94
nömrə işıq üzü görmüşdür.
Təəssüf ki, həmin nömrələrdən
yeddisi Azərbaycan arxivlərində yoxdur. Qəzetin yalnız axırıncı 11 nömrəsinin
materialları Şamaxıya köçmüş Səid
Ünsizadənin rəhbərliyi altında
hazırlanmış, amma yenə də Tiflis şəhərindəki
"Ziya" mətbəəsində çap olunmuşdur.
Ümumiyyətlə, qəzetin bütün sayları Tiflisdə
özünün yazdığı kimi "Türki Azərbaycan"
dilində həftədə bir dəfə nəşr
edilmişdir.
"Kəşkül"ün
birinci nömrəsi 1883-cü ilin 31 yanvar tarixində məcmuə
kimi "Ziya" mətbəəsində çap olunandan
sonra isə "Ziya (Ziyayi-Qafqaziyyə)"nin
təkcə sahibi-imtiyazi deyil, həm də müdir və
mühərriri Səid Ünsizadə özü olub. Beləliklə, 5 fevral 1883-cü ildən 1884-cü
ilin 26 iyun tarixinədək Cəlal Ünsizadə "Kəşkül"ün
nəşri ilə jurnalistlik fəaliyyətini davam etdirib.
"Ziya (Ziyayi-Qafqaziyyə)" qəzeti
Sovet hökuməti dövründə milli
ziyalılarımızın islam dininə
münasibəti baxımından daim tənqid hədəfi
olmuşdur. Çünki ateizmin hökm
sürdüyü cəmiyyətdə dini təhsil
almış qəzetin sahibinin və mühərririnin belə
qarşılanması təbiidir. Əslində "Ziya
(Ziyayi-Qafqaziyyə)"ni diqqətlə və
obyektiv baxışla oxuyanda fanatizm və mövhumata mənfi
münasibətin şahidi olmamaq mümkün deyil.
Düzünü axtarsaq, istər çar Rusiyası, istəsə
də Sovet hökuməti zamanında qəzetin hakimiyyət
üçün qorxu saçan cəhəti islam
ümməti, birliyi ideyasını yaymağı idi. Bu ideyanın Azərbaycan müstəqil dövlət
olandan çox-çox sonra aktuallığı xüsusi diqqət
çəkməyə başladı. İslam
dünyasına Qərb ölkələrinin münasibətini
dəyişdirmək üçün həmrəyliyə,
ittifaqa, vəhdətə kəskin ehtiyac duyulur. Əks təqdirdə müsəlman ölkələrinin
düşmənlərin tək-tək yeminə çevrilmək
ehtimalı güclüdür.
137 il öncə bu günün hal-əhvalını,
ictimai-siyasi vəziyyətini dərk edib və milli-dini
düşmənlərin əhatəsində
çapalamış, ümumiyyətin fikrinə təsir
göstərən maarifləndirmə yolu tutmuş mətbuat
orqanını gec də olsa alqışlamamaq böyük ədalətsizlikdir.
"Ziya
(Ziyayi-Qafqaziyyə)" qəzetinin 2013-cü ildə
"Ziya" hissəsini latına
transfoneliterasiyasının kitab şəklində nəşri
barədə oxucularımız məlumatlıdır. İndi qəzetin "Ziyayi-Qafqaziyyə" hissəsinin
transfoneliterasiyası zamanı "Ziya"dan xeyli fərqli
yanaşma diqqət çəkir. Əvvəla,
"Ziyayi-Qafqaziyyə"nin çapı
oxunması asan olan tipoqrafiya üsuluna keçirilmişdi. Hətta bir nömrənin həcmi
"Ziya"dakı materiallardan 3-4 dəfə çoxdur.
Şriftlərin xırdalığı isə oxucuda heç
bir çətinlik
yaratmır.
İkinci,
fars sözlərinin izafət tərkibləri
"e" və "o" səsi ilə deyil, "i" və
"ü" səsi ilə yazılıb və tələffüz
olunub. Məsələn, "Ziyaye Qafqaziyyə"
əvəzinə "Ziyayi-Qafqaziyyə" şəklində
yazılmışdır. Bu qəbildən
mətnlərdəki digər söz və izafət tərkibləri
də əsasən həmin qaydada işlənmişdir.
Üçüncü, kitabın sonunda qəzetdəki ərəb-fars
sözlərinin lüğəti, şəxs, yer, qəzet
adları və imzalar verilmişdir.
Bütün
bunlar oxucunun "Ziya (Ziyayi-Qafqaziyyə)" qəzetinin
transfoneliterasiya olunmuş və latın
qrafikasında kitab şəklində nəşrinin daha asan
anlaşılmasına kömək edəcək şərtlərdir.
Ümumiyyətlə, "Ziya (Ziyayi-Qafqaziyyə)" qəzetinin
birbaşa mənbədən latına
çevrilməsi bəzi tədqiqatçıların əvvəllər
yol verdikləri qüsur və
çatışmazlığı da aradan qaldıracaqdır.
Qəzetin nəşri tarixi, neçə nömrədən
ibarət olması, sonuncu 11 nömrənin
materiallarının Şamaxıda hazırlanması və
Tiflisdə çapı ilə əlaqədar, habelə Cəlal
Ünsizadənin hansı nömrəyədək müdir və
mühərrir vəzifəsində çalışması qəzetin
özündə qeyd edilmişdir. "Ziya (Ziyayi-Qafqaziyyə)"nin 1884-cü il 11 yanvar tarixli nömrəsində
"Ərzi məxsusi" adlı məqalədə oxuyuruq:
"Şamaxı şəhərində olan əhli təsünni
quberinski məclisinə sədr təyin olunduğumuzdan hərçənd
benəfsi (şəxsən-M.Ə.) Şamaxıda olacuqsə
də və likən mətbəəmiz öz hali üzrə
Tiflisdə qalıb qəzetə işinə və mətbuat əməlinə
rəvac veriləcəkdir". Göründüyü
kimi, qəzet səhifələrində istənilən suala,
şübhəli məsələlərə cavab tapa bilərik.
Bir sözlə, mətbuat tariximizin
sütunlarından, dayaqlarından biri sayılan "Ziya
(Ziyayi-Qafqaziyyə)" qəzeti bu gün ərəb əlifbasını
bilməyən hər kəsin tədqiqat mənbəyidir.
Həmin
qəzeti latın qrafikasında oxuyan tədqiqatçılar
"Əkinçi" qəzetindən sonra təxminən 5
illik bir dövrün "Ziya (Ziyayi-Qafqaziyyə)" qəzeti
vasitəsilə ictimai-siyasi hadisələri, elm, təhsil, mədəniyyət,
ədəbiyyat və dilçilik sahəsində baş verən
yenilikləri ilə tanış ola bilərlər. Bu mənada elm adamlarının, mətbuat
işçilərinin qarşısında geniş
üfüqlər açıldığı göz
qabağındadır. Ona görə də
tarixin qaranlıq səhifələrinə işıq salan
"Ziya (Ziyayi-Qafqaziyyə)" qəzetinin hər bir
yazısına, hər bir sətrinə laqeyd qalmamalıyıq.
Bu mənada qəzetin milli-mənəvi dəyərlərə
xüsusi əhəmiyyət verməsi diqqət çəkir. Hər millətin
əsas atributlarından biri və birincisi onun dilidir. Uzun illər boyu millətimiz tatar
adlandırılmışdır. Halbuki
tatarlar türk tayfası olaraq hətta başqa coğrafiyada məskunlaşmışlar.
Bizim millət isə Oğuz türkü olaraq
hazırkı İran zəmindən başlayıb Dərbənd
şəhərinədək gedib
çıxmışdır. "Ziya
(Ziyayi-Qafqaziyyə)" qəzetində bu millətin dilinin
"Türki Azərbaycan"adlandırılması təsadüfi
deyildir.
Milli mətbuatımızın banisi Həsən bəy
Zərdabinin "(Ziyayi-Qafqaziyyə)" qəzetində
yazdığı məqalələrdə əlifba
islahatı barədə fikirləri xüsusi diqqət çəkir. Onun fikrincə
Avropa məktəblərində şagirdlər qısa
müddətə oxuyub-yazmağı öyrəndikləri
halda, azərbaycanlıların ərəb əlifbasını
öyrənməsi uzun müddətə başa gəlir.
Ona görə də Həsən bəy əlifba
islahatına böyük ehtiyac olduğunu dəfələrlə
vurğulayır. Bununla da
"Əlifbayi-Rüşdi" məqaləsinin müəllifi
Ağamirzə Rza ilə həmrəy olduğunu göstərir.
"Ziyayi-Qafqaziyyə" qəzetində dərc
olunmuş həmin əlifbanın verilməsi bir növ onunla
razılıq əlaməti kimi də səslənir.
Bu qəbildən
Ə.C.Ş insialla verilmiş imza sahibinin
"Ziyayi-Qafqaziyyə"nin 10 may 1881-ci il tarixli nömrəsində
dərc olunmuş "Məktub" sərlövhəli məqalədə
oxuyuruq: "Cənab Mirzə Rzanın tərtib buyurduqları
əlifba həqiqətdə çox gözəl tərtib
buyurulmuşdur ki, onun növrəsan əhli şərqə təlim
etdirib və kitablar çap dəvairi dövlətdə dəxi
istemal olunmağı xali az faidə olmayıb. Çox
yaxşı nəticələr verməyi cayi inkar deyildir və
likən bizim əlifbanın bilkülliyə tərk
olunması arzu buyurulur ki, sair məzahibdə olan qonşu və
həmvətənlərimizdən ibrət alıb tövsiyeyi
maarif xüsusunda olanlara peyrəv olaq". Amma bunu həmdə baş qatmaq olduğunu göstərərək
həmin vaxtda başqa millətlərin daha faydalı işlər
görəcəyini önə çəkmişdir. Deməli, "Əlifbayi-Rüşdi" barədə
ziddiyyətli fikirlər qəzetdə öz əksini
tapmışdır.
Həmin dildə şeirlər, elmi müzakirələr
işıq üzü görmüş və dilimiz zaman-zaman
təkmilləşərək bugünümüzədək gəlmişdir. İndi
dünyanın müxtəlif dillərində
yazılmış minlərcə kitablar doğma dilimizə
çevrilib oxucularımızın ixtiyarına verilmişdir.
Hələ "Ziya (Ziyayi-Qafqaziyyə)" qəzetinin
nəşri dövründə türki Azərbaycan dilində
məktəb və mədrəsələr fəaliyyət
göstərmişdir. Gələcək nəsillər milli və
dini təhsillərini alıb savadlanmışlar. Buna misal olaraq Şamaxıda müasir və dini təhsil
verən "Məclis" adlı mədrəsəni göstərmək
mümkündür. Başqa sözlə, orada yüzə
qədər şagird ərəb, fars,
türk və rus dillərinə yiyələnmişlər.
"Ziyayi-Qafqaziyyə"
qəzetinin 25 iyun 1882-ci il tarixli nömrəsindəki
"Qori şəhərində olan darülmüəllimin
şagirdləri barəsində bəzi əhvalat" sərlövhəli
məqalədə yazılmışdır: "Söz yoxdur
ki, türk dili vətən dilimiz olduğundan məzkur müəllimlər
və ara sözləri onunla təkəllümə qadirdirlər
və likən müvafiq qayda ədəbiyyat lisanından və
bir para islahati elmiyyədən o qədər bəhriyab
olmadıqlarından məlumati elmiyyə və fənniyələrini
şagirdlərə ifadə edən vəqtdə soubətə
və müşkilatə düçar olacaqlarını təəssüf
ilə sözləri iqrar etməkdədirlər.
Çünki təlim və təəllüm babında lazım olan mətləbləri
müvafiq mərami təlim etmək üçün qanuni
lisanə və istilahati elmiyyəyə bələd və
aşina olmaq birinci mərtəbədə lazım olan
şeylərdəndir..." "Ziyayi-Qafqaziyyə"
qəzetində Novruz bayramı barədə geniş və dərin
məzmunlu məqalələrin verilməsi son dərəcə
böyük maraq doğurur. Xüsusilə,
Novruz bayramının yaranma tarixinin qədimliyini göstərən
Cəmşid padşahın bununla bağlı əhvalatı
həm də milli dəyərlərimizin çox-çox
keçmişlərdən xəbər verdiyini əks etdirir.
Milli dəyərlərimizlə yanaşı, mənəvi
dəyərlərimizə hörmət və diqqət
"Ziya (Ziyayi-Qafqaziyyə)" qəzetinin səhifələrində
xüsusi yer tutur. Dini kitabımız olan müqəddəs
"Quran"a, Məhəmməd Peyğəmbərə və
imamlarımıza böyük ehtiram və məhəbbətlə
yanaşılır və qiymət verilir. Dini bayram olan Qurban, Ramazan
bayramları barədə yazılara lazımi yer
ayrılır.
Bu baxımdan Məhərrəm ayı,
xüsusilə, Aşura günündə əzadarların
Hüseyniyyələrdə çıxardıqları şəbihlər
qəzetin səhifələrində həmişə geniş
yer alır.
Bütün bunlara mövhumat və fanatizmdən uzaq
şəkildə əməl olunur. Əsas hədəf isə
millətimizin mənəvi bütövlüyünü
yaşatmaq, əqidə və düşüncələrini gələcək
nəsillərə olduğu kimi çatdırmaqdır. Hətta savadsız, əsl
islamdan xəbəri olmayan ruhanilərə qarşı ciddi və
kəskin mövqedə olmuş "Ziya (Ziyayi-Qafqaziyyə)"
qəzeti milli mətbuatımızın ən qiymətli incilərindən
sayıla bilər.
"Ziyayi-Qafqaziyyə" qəzeti millətimizin ictimai
fikir tarixində əvəzsiz rol oynamışdır. O vaxtdan 140 ilə yaxın
müddət keçməsinə baxmayaraq, hələ dini maarifləndirmə
işinə böyük ehtiyac duyulur. Mətbuatımız
dini radikalizm əleyhinə daim mübarizə aparır və
insanları haqqa, ədalətə səsləyir.
Hazırda dünyanın hər yerində ölkələr
və millətlər arasında dini qarşıdurmalar baş
alıb gedir.
Xüsusilə, "Əlqaidə",
"İŞİD", "Taliban" kimi din adı
altında cəmlənmiş terrorçu təşkilat və
qruplar kütləvi insan qırğınları ilə məşğuldurlar.
Onların əsas hədəfi isə super
dövlətlərin planı ilə bütün yeraltı və
yerüstü sərvətləri ələ keçirməkdir.
Ona görə də Səid Ünsizadə öz qəzetində
uzaqgörənliklə islam ümmətini
birliyə, vəhdətə çağırırdı.
Müştəba
ƏLİYEV
AMEA Nizami
adına Ədəbiyyat İnstitutunun mətbuat
tarixi və publisistika şöbəsinin elmi işçisi
525-ci qəzet.-
2016.- 26 yanvar.- S.6.