Gənclərə özünü cəmiyyətdən
kənarda hiss etmək "şansını" verməyəcəyik
Prezident
İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda Multikulturalizm ili elan olunub.
Azərbaycan
Respublikasının millətlərarası multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri Kamal Abdullayev yanvarın 22-də mətbuat
konfransı keçirərək bu il həyata
keçiriləcək planlardan danışıb.
Mətbuat konfransında Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun mətbuat katibi də iştirak
edib. Onun hazırladığı bu yazıda demək olar
ki, Kamal Abdullayevin çıxışının mətni tam
əksini tapıb. Sitatlardan ibarət olan həmin
yazını oxucuların diqqətinə
çatdırırıq.
Jurnalistlərə
çağırış
-Gördüyümüz
və görəcəyimiz işlər çoxdur. Bu işlərdə intellektual səviyyəsi
yüksək olan, analitik düşünmə qabiliyyətinə
malik jurnalistlərlə bir yerdəyik və bir yerdə
olacağıq.
- Sevinirəm
ki, gördüyümüz işlərdə jurnalistlərlə
əlaqələrimiz möhkəm olub, biz sizin dəstəyinizi
yaxından hiss etmişik.
- Tədbirlərarası
işimizi elə qurmalıyıq ki, davamlılıq daim təkmilləşdirilərək
hərəkətdə olsun.
- Hər
hansı ölkənin daxili ruhuna girmək istəyirsənsə,
universitetlərindən başla.
-
Multikulturalizm ilində jurnalistlər üçün
xüsusi mükafatlar təsis etməliyik.
Multikulturalizmin
əsrarəngiz fəlsəfəsi
- Məndən
soruşurlar ki, multikulturalizm sözü bizim cəmiyyətdə
hansı refleksi doğurur? Cavab verirəm: multikulturalizm şəfqət,
mərhəmət deməkdir, başqasının halına
girmək bacarığıdır, başqasına rəva
bildiyini özünə də rəva bilmək cəsarətidir.
Elmdə öz-özgə qarşıdurması
deyilən anlayış - dixatomiya adlanır - öz-özgə,
yuxarı-aşağı, isti-soyuq. Multikulturalizm
öz-özgə qarşıdurmasının azərbaycanlı
təsəvvüründə, vətəndaşlarımızın
psixologiyasında son dərəcəyə yumşaq təzahürü
deməkdir. Nəhayət, multikulturalizm müxtəlif
istiqamətdə düşünən insanların bir-birinin
yanında rahat, asudə, öz könüllərindən gələn
şəkildə yaşamalarının təminatı deməkdir.
Sadaladığım əlamətlərin hər
birində həm dövlətin, həm də vətəndaş
cəmiyyətinin məsuliyyəti durur. İkisi
bir-birini tamamlayanda -
dövlət cəmiyyətdən gələn
sifarişi hiss edib, onu həyata keçirəndə, cəmiyyət
də dövlətin tələblərinə əməl edəndə
çox gözəl qarşılıqlı anlaşma şəraitində
birgəyaşayış modeli formalaşır ki, adı Azərbaycan
multikulturalizmdir.
- Sinkret
yeni elm növü yaranır. Bu elm özündə
Azərbaycan dilini, psixologiyasını, tarixini, ədəbiyyatını,
mənəviyyatını bu gününü, gələcəyini
özündə etiva edən intellektual yaradıcı sahəni
birləşdirir. Onun inkişaf perspektivləri
göz qabağındadır. "Azərbaycan multikulturalizminin
qaynaqları" adlı silsilə kitablar nəşr
etməyə başlamışıq, "Azərbaycan
multikulturalizmi" dərsliyini yazmışıq, 20-yə
yaxın dünya universitetlərində, o cümlədən,
yerli universitetlərimizdə tədrisin həyata keçirilməsi
üçün bu fənnin proqramını
hazırlamışıq. Bütün bunlar
bizim işimizin gələcək üçün vacibliyini
bir daha göstərir. Cənab Prezident xalqın, dövlətçiliyin
əsrlərdən boyu əldə etdiyi nailiyyətlərinin
multikulturalizm çərçivəsində dünyaya təqdim
edilməsinə əsaslanaraq,
2016-cı ili Azərbaycan multikulturalizm ili elan edib.
- Azərbaycan
multikulturalizmi tariximizin, ədəbiyyatımızın,
psixologiyamızın, dünyaya baxışımızın
akkumlyatorudur.
- Müxtəlif
xalqlar, müxtəlif dinlər arasında
dözümlülük mühiti yaradılması ilə kifayətlənsək,
işimizin yarısını görmüş olacağıq.
Biz həm də istəyirik ki, eyni xalqa, eyni dinə
malik olan insanların arasında fikir birliyinə nail olaq,
dözümlülük mədəniyyətini tam
formalaşdıraq. Multikulturalizmin bir hədəfi
müxtəlifliklər arasında ahəngdarlıq
yaratmaqdırsa, ikinci hədəfi eyniliklər arasında ahəngdarlığın
yaradılmasına nail olmaqdır. Multikulturalizmin
mükəmməl forması bütün insanlar arasında
birgəyaşayış modelini tətbiq etməkdir.
Azərbaycan
multikulturalizminin təqdimatı
- Biz Azərbaycan
multikulturalizminin modelini xüsusi olaraq təbliğ etmək xətti
tutmamışıq. Biz öz yolumuzu gedirik.
Göstəririk ki,
dünyanın belə bir çağında Azərbaycanda
tamam fərqli abu-hava duyulmaqdadır.
-
Öz-özgə qarşıdurmasının bir-birinin
içində ərimə prinsiplərinin müəyyənləşdirilməsi
və azərbaycanlıların həyatında bu
qarşıdurmanın heç bir rol almadığının
bütün istiqamətlərdə sübutu vətəndaş
cəmiyyəti tərəfindən dünyaya dəqiq
mesajlarla ötürülməlidir ki, ölkəmiz barədə
nəzəri təsəvvür həm də realda
özünü tam doğrultsun.
- Azərbaycan
multikulturalizmini bir model kimi dünyaya təqdim etmək ölkəmizdə
cərəyan edən tarixi prosesləri adekvat göstərməkdir.
Bizim ölkədə şiələrlə
sünnilər arasında olan münasibət avropalı
dostlarımızı təəccübləndirir. Bu gün dünyada dini təriqətlər
arasında münasibətlər çox gərgin fazaya qədəm
qoyub. Heydər Əliyev məscidində
sünnilərlə şiələrin birgə namaz
qılmaları son dərəcə unikal və təkrarsız
örnəkdir. Bizə qonaq gələn
avropalı istər fransız, istər yəhudi, istər alman
olsun, küçələrdə müxtəlif geyimli din
xadimlərini görəndə, müxtəlif dini
daşıyıcıların nümayəndələri ilə
rastlaşanda, azərbaycanlıların bu adamlara amansız
gözlərlə baxmadığının şahidi olanda
yaxşı mənada heyrət hissi keçirirlər. Biz bu yaşayış modelini adi qarşılaya bilərik,
çünki həyat tərzimizdir. Avropalı
şərq ölkəsində belə mühitlə
qarşılaşanda çox təəccüblənir.
- 3 cilddən
ibarət bir kitab hazırlayırıq - "Azərbaycan
multikulturalizminin qaynaqları". Birinci cild, "Azərbaycan
multikulturalizminin ədəbi-bədii qaynaqları", ikinci
cild, "Azərbaycan multikulturalizminin elmi, fəlsəfi və publisistik,
qaynaqları", üçüncü cild, "Azərbaycan
multikulturalizminin siyasi və hüquqi qaynaqları"
adlanır. Birinci kitab hazırdır, yaxın
günlərdə təqdimatını keçirəcəyik.
İkinci, üçüncü kitablar
tamamlanmaq üzrədir. Bu kitablarda
xalqımızın müqtədir klassiklərinin əsərlərində
öz-özgə münasibətinin ən yumşaq forması
özünü göstərir, başqa dinlərin nümayəndələrinə,
müqəddəslərinə, başqa xalqın alimlərinə,
gözəllərinə, igidlərinə olan sevgi, ehtiram,
hörmət əksini tapır. Bunların
cəmi Azərbaycan multikulturalizminin örnək modelini
yaradır.
Azərbaycan
multikulturalizminin təqdimatının nəticəsi
- Ötən
il "Yay məktəbi" təşkil
etdik. "Azərbaycan multikulturalizm" fənnindən
dərs keçən xarici universitetlərin tələbələri
10 gün həmin məktəbdə təmsil olundular. Onlar nəzəri cəhətdən öyrəndiklərinin
birbaşa canlı şahidinə çevrildilər. Azərbaycanda yaşayan müxtəlif xalqların
nümayəndələri ilə görüşdülər,
dostlaşdılar və əmin oldular ki, multikulturalizm azərbaycanlıların
həyat tərzidir. Onlar "Yay məktəbi"ndə
olduqları müddətdə yaşadıqlarının təəssüratlarını hələ də sosial şəbəkələrdə
bölüşürlər, Azərbaycanın təbliğatını
aparırlar. Bu hadisənin ardından Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin dəvəti ilə
ABŞ-ın Los- Anceles şəhərində fəaliyyət
göstərən Sinay sinaqoqunun 50 üzvü ölkəmizə
gəldi. Onlar Azərbaycanın bir çox yerlərində
oldular, tarixi həqiqətlərimizi öyrəndilər,
dini-milli əhvalımızı gözləri ilə
gördülər, ölkəmizin
multikultural abu-havasnı dərindən hiss etdilər.
Qonaqlar ölkələrinə yüksək təsəvvürlərlə
qayıtdılar. Nümayəndə heyətinə rəhbərlik
edən sinaqoqun ravvini Deyvid Volpenin "Time" jurnalında
"Azərbaycan Şərqdə tolerantlığın və
multikulturalizmin oazisidir" adlı yazısı dərc olundu.
Bu yazıdan sonra ermənilər müəllifin
üzərinə əsassız hücumlara keçdilər.
Təsəvvür edirsinizmi, cənab Volpenin
müdafiəsinə bizdən əvvəl "Yay məktəbi"ndə
olan həmin tələbələr qalxdılar. Ravinin fikirlərini dəstəkləyən və
ermənilərin qərəzli olduğunu göstərən
yazılar yazdılar. O yazılar bir çox xarici mətbuatda,
sosial şəbəkələrdə dərc olundu. Tələbələr haqqın, ədalətin,
gördüklərinin müdafiəsinə qalxdılar.
Bu proses bir daha göstərdi ki, fəaliyyəti sistemli quranda
böyük effekt verir. Biz xarici tələbələrlə
münasibətlərimizi "Yay məktəbi" çərçivəsi
ilə yekunlaşdırmadıq. Onlarla hər
gün ünsiyyət saxladıq, tələbələri Azərbaycanın
diasporlarına çevirdik. Nəticədə
haqqımızı bizdən əvvəl onlar müdafiə
etdilər. Sistemi düzgün qurduğumuza görə
tamamlanma prosesi baş verdi.
- Avropa universitetlərinin tələbələrində Azərbaycan multikulturalizmini öz ölkələrinin multikulturalizmi ilə müqayisədə öyrənmək həvəsi var. Artıq bizim multikultural model bir növ katalizator rolu oynayır.
- Azərbaycana gələn xariciləri ən çox o təəccübləndirir ki, müsəlmanların dini rəhbəri ilə ortadoksların dini rəhbərləri bir masada çörək yeyirlər, eyni mövzu ətrafında fikir birliyinə gəlirlər.
- Azərbaycan multikulturalizmi dostlarımızı təəccübləndirir, bədxahlarımızı qıcıqlandırır".
Məqsəd və məram
- Bir çox Avropa ölkələri multikulturalizm modelindən imtina etdilər. Ancaq Prezident İlham Əliyev Azərbaycan multikulturalizminin yaşayacağını bəyan etdi. Cənab Prezident öz xalqına, cəmiyyətinə, tolerantlıq abu-havasına, insanlar arasındakı münasibətlərə inanır və bunları dərin fəhmlə hiss edir.
-
2016-cı il multikulturalizm ilinin
başlanğıcıdır, ancaq bu ilin sonu olmayacaq.
- Azərbaycanın
dostları ictimai dalğasını yaratmağı
qarşımıza məqsəd qoymuşuq.
- Alman
türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə
dünya elminə təqdim etdiyi "Kitabi-Dədə
Qorqud". Basat Təpəgözü
öldürdüyü boyu bəyan edər" kitabı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı
ilə 25 xalqın dilində nəşr olundu. Bu dillər arasında Azərbaycanda yaşayan xalqların
və dünya xalqlarının dilləri var. 25 kitabdan biri erməni
dilindədir. O cümlədən, kiçik xalqın
dili olan Xınalıq dilində də var, milyonların dili
olan Çin dilində də. Layihəyə belə
ad qoymaq daha düzgün olardı - Xınalıq dilindən
Çin dilinə qədər. Bu məsafə
həm də multikulturalizm prosesindəki istiqaməti göstərmiş
olur. Yəni əvvəldən sona qədər.
Multikulturalizm azərbaycançılıqla iç-içə
- Azərbaycançılıqla multikulturalizm məfkurəsi arasında incə, metodoloji, nəzəri fərqlərə həssas münasibət bizim diqqətimizdən kənarda qala bilməz. Azərbaycançılıqla multikulturalizm bir-birini tamamlayan anlayışlardır. Hər iki anlayış eyni dərəcədə bir-birinə lazım olan əməli dəyərlərdir. Elə məqamlar olur ki, ideyalarımızı azərbaycançılıq məfkurəsi çərçivəsində tətbiq edirik, elə məqamlar olur ki, orada multikulturalizm dəyərini əsas götürürük. Son dərəcə həssas, anlayışlı, məntiqli yanaşsaq, hər iki dəyərin eyni mahiyyəti daşıdığını görərik. Multikulturalizm azərbaycançılıq ideyalarını təbliğ edən doktorinadır. Multikulturalizm müxtəlif millətlərin dini konfensiya nümayəndələrinin azərbaycançılıq çətiri altında birləşməsidir. Bu fəlsəfə özünü Ulu öndər Heydər Əliyev "mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlamında aydın göstərir.
- Erməni dilində kitablar Bakıdakı erməni kilsəsində səliqə ilə qorunub saxlanır. Bu faktı xalq diplomatiyası çərçivəsində Bakıda olan erməni ziyalıları görəndə Moskvaya zəng edib, həmyerlilərinə sevincək xəbər verirdilər ki, filan tarixi əlyazma tapılıb.
- Azərbaycanda ermənifobiyanın olmadığını dünya başa düşmək üzrədir.
- Azərbaycan cəmiyyətində və xalqında əvvəllər olduğu kimi, ermənilərlə birgə yaşamaq potensialı var.
- Gərək elə edək ki, kütlə sənətkarın arxasınca getsin, sənətkar düşünməsin ki, kütləyə nə lazımdır. Qara Qarayevi hamı bəyənmirdi ki... Öz əqidəsi ilə getdi və dünyanın ən məşhur bəstəkarları sırasına qalxdı.
- Universitetə daxil olmayan gənc elə bilməsin ki, həyat bununla bitdi, xeyir, həyat bununla başlaya da bilər. Biz belə gənclərə özünü cəmiyyətdən kənarda hiss etmək "şansını" verməyəcəyik. Onlar cəmiyyətə xeyir vermək imkanı qazanacaqlar.
- Hər insan öz daxili ilə bir ölkədir.
Hazırladı: Ceyhun Musaoğlu
Bilik Fondunun mətbuat katibi
525-ci qəzet.-
2016.- 26 yanvar.- S.4