İndi kəlmə ağlar qalıb, söz mələr...

 

Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə

 

İnanmazdım, ölüm ona güc gələr,

Varlığıyla axı nurdu Zəlimxan.

İndi kəlmə ağlar qalıb, söz mələr,

"oyun"du belə qurdu Zəlimxan?!

 

Xəzinəydi hikmətlərdən sinəsi,

Yaradana duaçıydı gur səsi.

Getdi, daha deyil geri dönəsi,

Pir ömrünü başa vurdu Zəlimxan.

 

Bir çağlayan bulaq idi ilhamı,

Yandırmışdı bir əbədi söz şamı,

Hər sözünün vardı axı davamı,

Heyif, birdən susdu, durdu Zəlim xan.

 

Dədələri birər-birər anardı,

Deyimlərin ali qanun sanardı,

Saz dinəndə alışardı, yanardı,

Hey öyərdi eli, yurdu Zəlimxan.

 

Vəcdə gələr, havalanar, coşardı,

Minbir şövqlə yeni nəğmə qoşardı,

Dillənəndə çaylar kimi coşardı,

Deyən olmaz "məni yordu Zəlimxan..."

 

Nədən oldu fələyin bu gərdişi,

Niyə gördü qəlblər yıxan bu işi?

Mat qalmışam, belə qəfil gedişi,

Kimə dedi, kimdən sordu Zəlimxan?

 

İnanmazdım, ölüm ona güc gələr,

Varlığıyla axı nurdu Zəlimxan.

İndi kəlmə ağlar qalıb, söz mələr,

oyundu belə qurdu Zəlimxan?!

 

21.01.2016

 

Nəcməddin MÜRVƏTOV

525-ci qəzet.- 2016.- 27 yanvar.- S.7.