Kitabçılıq işi
və kitabxana mədəniyyətimizin dəyərli
səhifəsi
ORUCOV QARDAŞLARININ 1912-ci İLDƏ ÇAP ETDİRDİKLƏRİ KATALOQ AZƏRBAYCANDA ÇAP KİTABLARINA AİD İLK BİBLİOQRAFİK MƏNBƏ SAYILIR
Kağıza köçürülərək cildlənmiş kitablarımızın yaranmasından təxminən min ilə yaxın vaxt keçib.
Mütəxəssislərin verdiyi məlumata görə, əski çap kitabları nəzərə alınmazsa,
bu müddət ərzində bir milyondan artıq Azərbaycan əlyazma kitabı yaranıb.
Bununla bağlı bir faktı qeyd edək ki, hələ
XIII əsrdə böyük
Azərbaycan alimi Nəsirəddin Tusinin təşəbbüsü ilə
Hülakülərin hakimiyyəti
dövründə Marağada
inşa edilmiş rəsədxananın nəzdindəki
kitabxanada 400.000 əlyazma
kitabı olub. Əgər bunu indiki AMEA Məhəmməd
Füzuli adına
Əlyazmalar İnstitutunda
saxlanan əlyazma kitablarının sayı ilə müqayisə etsək (hal-hazırda institutun xəzinəsində
12.000 əlyazma kitabı
saxlanılır - Ə.M.), 800 il bundan əvvəl
təkcə bir kitabxanada bu qədər əlyazma kitabının mövcudluğu
ilə bağlı xalqımızın vaxtilə
olduqca zəngin kitab sərvətinə malik olması haqqında bizdə geniş təsəvvür
yaranar.
Çox
güman ki, belə bir zəngin
kitabxanada və yaxud digər kitabxanalarımızda kitabların
sistemliliyini, strukturunu,
xronologiyasını, ümumiyyətlə
əlyazma kitabı paleoqrafiyasını özündə
əks etdirən, yəni xəzinəyə
"daxil olmaq üçün açar"
olan və oxuculara bələdçilik
edə bilən kitab kataloqları da olub. Ancaq hələ
ki çoxminli əlyazma kitablarımızın
arasında belə bir mənbəyə rast gəlməmişik.
Xatırladaq ki, tarixən çox sayda əlyazma kitabı xəzinələrimiz olsa
da, kitablarımızın
kataloqlaşdırılması işi ilk dəfə avropalılara məxsus olub. 1739-cu ildə Paris Milli
Kitabxanasında saxlanılan
ərəb, fars
və türk dilində köçürülmüş
əlyazma kitablarının
paleoqrafiyasına aid tərtib
edilmiş kataloqda 4200
əlyazma kitabı haqqında paleoqrafik təsviri məlumat verilib. Azərbaycanda isə bu səpkidə
Orucov qardaşları
tərəfindən hazırlanan
İLK KATALOQUN NƏŞRİ XX
YÜZİLLİYİN ƏVVƏLLƏRİNƏ
TƏSADÜF EDİR.
Düzdür, buna qədər kataloq tərtibi qaydalarına cavab verən və yaxud qismən cavab verən bir sıra işlər
görülüb. Məsələn,
1828-ci ildə Rusiya qoşunları Ərdəbili
işğal etdikdən
sonra Şeyx Səfi məqbərəsində
XIII əsrdən mövcud
olmuş kitabxananın
zəngin irsi qarət edilib Sankt-Peterburqa aparılarkən yolüstü Tiflisdə bir müddət saxlanmış və bu fürsətdən istifadə edən, o zaman Qafqaz baş
komandanının dəftərxanasında
şərq dilləri
mütərcimi olmuş
görkəmli mütəfəkkir
Abbasqulu ağa Bakıxanov oradakı əlyazma kitablarının
siyahısını tərtib
edib. Ancaq həmin siyahı
bu gün əlimizdə yoxdur.
Bu siyahı əgər
gəlib bizə çatsaydı belə onu elmi-paleoqrafik tələblərə cavab
verən kataloq hesab edə bilməzdik. Olsa-olsa bu siyahı qədim əlyazma xəzinələrimizin birindən,
orada hansı əlyazmaların olması
haqqında bizə məlumat verən mötəbər bir mənbə ola
bilərdi.
XIX əsrin ikinci yarısında azərbaycanlı
bir müəllifin - Misirdə yaşamış
Əli Hilmi Dağıstani əl-Qubaviyyəs-Sumaqabadinin
türk və fars dillərində
əlyazma, çap kitablarımıza aid tərtib
etdiyi kataloq ölkəmizdən xaricdə
yaranan ən faydalı biblioqrafik mənbələrdən biridir.
Əli Hilmi "Misirdə Xidviyyə kitabxanasında
saxlanılan türk və fars kitablarının
kataloqu" adlanan kitabını 1888-ci ildə
Qahirə şəhərinin
"Amirə" mətbəəsində
çap etdirib.
Azərbaycanda Sovet hakimiyyəti
qurulandan sonra 20-30-cu illərdə həm kitab ticarəti mağazalarında, həm
də kitabxanalarda ədəbiyyatı seçmək
məqsədilə
"AZƏRNƏŞR"İN BURAXDIĞI KATALOQLAR DA
ƏHƏMİYYƏTLİ ROLA MALİK OLUB.
Bundan sonra Azərbaycanda kataloqlaşdırma
işi sahəsində,
demək olar ki, uzun müddət
fasilə yaranmış,
bir də əsrin sonunda elmi-paleoqrafik tələblərə
cavab verən ərəbdilli, farsdilli və türk əlyazmalarının kataloqları,
həmçinin bio-biblioqrafik
elmi təsvirlər, biblioqrafiyalar hazırlanıb
nəşr edilmişdir.
Xatırladaq ki, Orucov qardaşlarının
hazırlayıb 1912-ci ildə
özlərinə məxsus
mətbəədə çap
etdirdiyi kataloq Azərbaycanda çap kitablarına həsr olunmuş ilk biblioqrafik mənbədir. Abuzər, Qənbər və
Oruc Orucov qardaşlarının tərtib
edərək çap
etdirdiyi kataloq "Bakıda Bəradərani-Orucof
kütubxanəsinin əsamiül-kütubi"
adlanır. Kataloq 3 dəfə
- 1912, 1913 və 1914-cü illərdə
nəşr olunub.
"Əsamiül-kütubi" ("Kitabların adları") Azərbaycanda
kataloqlaşdırma sahəsində
ilk nəşr olduğu
üçün, bu mənbənin üzərində
dayanıb, daha ətraflı məlumat verməyi vacib hesab edirik. 38 səhifədən ibarət
kataloqun birinci nəşrinin ilk 2 səhifəsində
"Bir iki söz" adlanan müqəddimə yazılıb
və sonra 532 çap kitabının təsviri məlumatı verilib. Kataloq nazik və parlaq kağızda çap olunub. Kitabın titul vərəqində
"550 müxtəlif növ
təlim, qiraət və mütaliəyə dair Qafqaz və
İstanbulda çap olunmuş kitablar əhatə olunur" (sadələşdirmə bizimdir
- Ə.M.) yazılıb. Qeyd edək ki, burada
bir uyğunsuzluqla da rastlaşırıq.
TİTUL
VƏRƏQİNDƏ KİTABLARIN SAYI 550
GÖSTƏRİLSƏ DƏ,
kataloqda 532 kitab haqqında biblioqrafik məlumat verilib.
"Əsamiül-kütubi"yə yazılmış ön sözdən və ozamankı dövri mətbuatdan kataloqla bağlı, onun tərtibçiləri haqqında aşağıdakılar bəlli olur. Abuzər, Qənbər və Oruc Orucov qardaşları Bərdənin Alpout kəndindən Bakıya gələrək əllərində olan vəsaitlə şəhərdə yer icarəyə götürüb, mətbəə avadanlığı alıb kitab çapı ilə məşğul olmuşlar. Orucov qardaşlarının mətbəəsi indiki AMEA Əlyazmalar İnstitutu binasının birinci mərtəbəsində yerləşmişdir. Yarımzirzəmidə yerləşən mətbəə üçün icarə etdikləri yerə görə qardaşlar həmin binanın üst iki qatında yerləşən "Qızlar məktəbi"nə kömək olsun deyə hər ay kirayə haqqı ödəyirdilər. Çünki binanı inşa etdirmiş Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən məktəbin hesabına bankda qoyulmuş 125 min manatdan gələn faiz gəliri məktəbin idarə olunmasına kifayət etmirdi. "Qızlar məktəbi"nin açılmasının 5 illiyi münasibətilə İsmayıl adlı jurnalist (soyadı yazılmamışdır - Ə.M.) "Füyuzat" məcmuəsinin 8 dekabr 1906-cı il sayında yazırdı: "Məktəbin başlıca sərmayəsi Taqiyof həzrətlərinin ianə etmiş olduqları 125 bin manatdan ibarət olub məktəb bu məbləğin faizi ilə idarə olunuyor. Buna məktəb binasının icarəyə verilmiş olan alt qatından alınan kira ilə öz xərcləri ilə okuyan qızların verdikləri dərs ücrəti dəxi əlavə olunuyorsa da, yenə məktəbin məsarifi-ümumiyyəsinə yetmiyor".
Müqəddimədə tərtibçilərin bu kataloqu çap etməsinin məqsəd və məramı açıqlanmışdır. Burada yazılıb ki, "möhtərəm əhali (oxucular - Ə.M.) bizdən İstanbul və Qafqazdan kənarda çıxan kitablar haqqında soruşduqda, biz də mağazamızda çox kitab saxlamağa imkanımızın olmadığını bildirirdik. Bununla bərabər nəşriyyatımızın getdikcə genişlənməsini nəzərə alıb, yeni bir kitabfüruş mağazası (kitab satılan mağaza - Ə.M.) açdıq. Burada Qafqaz çap kitabları ilə bərabər, İstanbul kitablarının satışını yerinə yetirdik. Möhtərəm oxucuların işini asanlaşdırmaq üçün "Əsamiül-kütubi"ni təqdim etməklə yanaşı ticarət şərtlərimizi də bildirdik".
Naşirlərin şərtlərinə görə, az və yaxud çox sayda kitab sifariş verənlər kitabların pulunun üçdən bir hissəsini beh olaraq qabaqcadan göndərməli idilər. Az sayda kitab sifariş verənlər beh əvəzinə məktub və marka göndərə bilərdilər. Göndərilən kitablar şərtə görə geri qəbul edilməyəcəkdi. Nəhayət, şərtlərdən biri də bu idi ki, kitabfüruşlar və məktəblər üçün kitabların qiymətində güzəşt olunurdu.
(Ardı var)
Əli Məmmədbağıroğlu
525-ci qəzet.- 2016.- 27 yanvar.- S.6