Bir dəfə Amerikada
Vaşinqton əsrarəngiz, gözəl təbiəti
ilə yanaşı, həm də tarixi abidələr, muzeylər
və dövlət idarələrinin yerləşdiyi şəhərdir.
Doğrusu,
tarixi-memarlıq abidələri ilə zəngin olan bu şəhəri
seyr etməkdən doymurdum, bu müasir şəhəri gəzdikcə
də hər dəfə yeni-yeni insanlarla tanış
olur, dostlar qazanırdım.
Nə deyim, xarici dil bilməyim çox köməyimə
çatdı.
Çünki ingilis dili vasitəsilə paytaxt əhalisi ilə
ünsiyyətdə olur, şəhər haqqında yerli əhalidən
çox şeylər öyrənirdim, onlar da səbrlə,
heç yorulub-usanmadan
mənə dolğun məlumat verirdilər. Bəli,
ataların "yüz dəfə eşitməkdənsə,
bir dəfə gör" deyimi ilə desək, bir gün mənim
də Amerikanın
bu gözəl şəhərlərini
gözlərimlə görmək düşdü payıma. Düzünü deyim, səfərim qısamüddətli
olduğu üçün, doymadım bu gedişdən,
çünki çox yerləri gəzməyə zamanım
qalmadı. Əminəm
ki, nə vaxtsa uzun bir zaman dilimində bu şəhərləri
qarış-qarış gəzib-dolaşacağam, irəlidə məni
hələ nə qədər tanışlıqlar, dostluqlar
gözləyir. Hələliksə, "buna da
şükür" deyirəm, ən azından əlüstü
də olsa, getdim, gəzdim, gördüm və oralardan xoş
təəssüratlarla döndüm.
Səfər zamanı təkcə Vaşinqtonda deyil,
Arlinqton, Daşbörn və digər şəhərlərdə
də oldum. Burada piyada gəzinti,
velosiped və qaçışı üçün
xüsusi yollar, pulsuz futbol, tennis, voleybol və basketbol
meydançaları var. Bir sözlə,
istirahət etmək üçün hər cür şərait
yaradılıb.
Vaşinqtonda
olarkən dükan və mağazalarda uzun-uzadı növbələri
görəndə, doğrusu, ilk günlər təəccüblənirdim, lakin
sonralar buna vərdiş etdim, çünki növbələr
əslində insanların bir-birinə nəzakətli
davranışından irəli gəlirdi, yəni, nəsə
almaq üçün onlar yanındakını itələyib
irəli keçmir, "tələsirəm, məni tez yola
sal" deyə növbə gözləyən yoldaşına
qarşı, yumşaq dillə desək, saymazlıq etmirlər. Qısası, hamı bir-birinə hörmətlə
yanaşır.
Şəhər tər-təmiz, küçələri,
parkları səliqəlidir. Çünki zibil atanı cərimə
gözləyir, həm
də şəhərin təmizliyi
üçün ciddi maarifləndirmə tədbirləri
görülür. Zibili yerə atmaq kimi arzuolunmaz bir vərdiş sakinlərə
yaddır. Burada
media orqanları maarifləndirmə işini jurnalistikanın əsas
prinsipi kimi qəbul edirlər, yəni, cəmiyyətin
inkişafında medianın rolu böyükdür.
ABŞ-ın
Azərbaycan kimi etibarlı mütəffiqə ehtiyacı
var
Vaşinqtona
səfərim zamanı bir jurnalist kimi ölkəmizin ABŞ-la
münasibətlərinin yaxşılaşması və bu
münasibətlərin inkişafı üçün
kiçik müşahidələr apardım. Və bir daha əmin
oldum ki, ABŞ böyük və güclü dövlət
olması ilə yanaşı, onun
Azərbaycan kimi
etibarlı mütəffiqə ehtiyacı var. Azərbaycanın getdikcə
güclənməsi, daxili və xarici siyasətini daim
qlobal çağırışların tələbləri
çərçivəsində yeni meyarlarla zənginləşdirməsi
və Cənubi Qafqazın aparıcı dövləti kimi
regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına
çevrilməsi istiqamətində mühüm
diplomatik-siyasi səylərini əsirgəməməsi
dünyanın aparıcı dövlətlərinin, xüsusilə
ABŞ-ın diqqətini cəlb edir. Bu reallığı
Amerikada görüşdüyüm bir neçə diplomat və
jurnalist dostlarım da açıq şəkildə etiraf
etdilər, həqiqətən də Azərbaycanın
inkişaf etmiş Avropa dövlətlərindən daha
etibarlı tərəfdaş, müttəfiq olduğunu bildirdilər.
Artıq iki ölkə arasında səmimi dostluq
münasibətləri qarşılıqlı maraqlar çərçivəsində
daha da möhkəmlənməkdədir. Və bu,
ABŞ-Azərbaycan əlaqələrinin hər bir sektorunda
özünü göstərməkdədir. ABŞ Azərbaycanın strateji tərəfdaşı
olmaqla yanaşı, tərəflər arasında bir çox
istiqamətləri əhatə edən yüksəksəviyyəli
münasibətlər də mövcuddur. İstər
ikitərəfli qaydada, istərsə də beynəlxalq
qurumlar çərçivəsində əməkdaşlığımız
yüksələn xətt üzrə inkişaf edərək getdikcə
öz əhatə dairəsini genişləndirməkdədir.
Bu əməkdaşlığın əsas istiqamətlərini
isə Azərbaycanda neft və qaz sektorunun inkişafı, Şərq-Qərb
dəhlizi boyu infrastruktur layihələrinin həyata
keçirilməsi, qeyri-neft sektoru sahəsində
qarşılıqlı ticarətin genişləndirilməsi
və s. təşkil edir.
Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum enerji daşınması layihələrinin
reallaşmasında Amerikanın da dəstəyi olub. Bu amil, rəsmi
Vaşinqtonun ümumilikdə Cənubi Qafqaz bölgəsinin,
regionda dövlətlərarası münasibətlərin
inkişafında maraqlı olduğunu göstərir.
Dünyada
böyük nüfuza malik olan və bütün
hesabatları, siyasi təhlilləri diqqətlə izlənilən
və çoxları tərəfindən ABŞ dövlətinin
mövqeyinin ifadəçisi kimi dəyərləndirilən
strateji araşdırma qurumu - Stratfor Qlobal Araşdırmalar Mərkəzinin
təsisçisi və rəhbəri, siyasi analitik Corc Fridman 5
il əvvəl səsləndirdiyi fikri bir daha xatırladaraq
yaxın gələcəkdə ABŞ-ın dünyadakı ən
yaxın müttəfiqi Azərbaycan olacağını
vurğulayıb. O, hesab edir ki, hazırda soyuq müharibənin
başa çatdığı bu dövrdə çox mürəkkəb
siyasi proseslər baş verir: "ABŞ-ın müttəfiqləri
sayılan Avropa ölkələri dərin iqtisadi böhran
içindədir. Bu qitədəki dövlətlərin
mövqeləri bir-biri ilə qətiyyən uzlaşmır.
Halbuki, Avropa ölkələrinin əksəriyyəti
NATO-nun üzvüdür və ilk baxışdan siyasi
mövqelər üst-üstə düşməlidir. Lakin biz ziddiyyətli münasibətlərdə olan
Avropa dövlətlərini bir araya gətirə bilmirik. Bu isə NATO-nun beynəlxalq hərbi-siyasi təşkilat
kimi gücünü zəiflədir. Ona görə də,
ABŞ-a Azərbaycan kimi davamlı iqtisadi
inkişafa malik olan müttəfiq lazımdır. Bu, həqiqətdir
və bu reallığı müəyyən dairələr nə
qədər tez dərk etsələr, bir o qədər
faydalı olar. 2001-ci ildə ABŞ-a
qarşı dəhşətli terror aksiyası törədilib.
Rəsmi Vaşinqtonun bəzi müttəfiqləri
anti-terror əməliyyatlarında ABŞ-ı dəstəkləmək
üçün müəyyən şərtlər irəli
sürdülər. Azərbaycan isə qeyd-şərtsiz
ABŞ-ı dəstəklədiyini bəyan edərək beynəlxalq
terrorçuluğa qarşı mübarizədə hər
cür kömək göstərmişdir".
Yola saldığımız
2015-ci ilin aprelində
Azərbaycan Müdafiə
Nazirliyinin Təlim Mərkəzində Azərbaycan-ABŞ ikitərəfli
hərbi əlaqələrin razılaşdırılması
üzrə keçirilən konfrans Azərbaycan-Amerika
münasibətləri hərbi əməkdaşlıq
çərçivəsində də inkişaf etdiyinin
göstəricisidir. Konfransda Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa
Komandanlığı arasında hərbi əməkdaşlıq
üzrə 2016-cı il üçün
İş Planının layihəsi müzakirə olunub.
Amerika-Azərbaycan
dostluğunun daha da
güclənməsi üçün hər birimiz əlimizdən gələni əsrgəməməliyik: Amerika vətəndaşlarına Azərbaycanı yaxından tanıtmaq və sevdirmək,
eləcə də qarşı
tərəfi Azərbaycanda tanıtmaq üçün Amerika
təcrübəsindən istifadə edilməlidir.
Bütün
bu təcrübələrin öyrənilməsi, ölkəmizdə
tətbiq olunması təbii ki, sosial rifahı da qaldıracaq
və inkişaf yolunda bir addım da atılmış olacaq.
Həmsöhbətlərimlə fikir mübadiləsi
apararkən belə qənaətə gəldim ki, Amerika bu sahədə
Gürcüstanla əməkdaşlıq etdiyi kimi Azərbaycanla
da hərtərəfli əlaqələrin inkişafına
hazırdır. Düşünürəm
ki, Azərbaycan-ABŞ
münasibətlərinin möhkəmlənməsi hər iki
ölkənin hərtərəfli
inkişafına bundan sonra da öz töhfəsini verəcək.
Amerika Türkiyə Assosiasiyası Məclisinin nümayəndəsi
xanım Oya Bainlə söhbətim də elə bu mövzuda
oldu və onunla Amerika-Azərbaycan münasibətlərinə dair
müzakirələr apardıq. Oya Bain bu iki dövlətin bir-birinə
ehtiyacı olduğunu, Azərbaycanın regionda ən etibarlı mütəffiq
və güclü dövlət olduğunu dilə gətirdi.
ABŞ-Azərbaycan
münasibətlərini pozmağa cəhd edənlərə zərbə
Bu
yaxınlarda ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi
Vaşinqtonda keçiriləcək
IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət
etməsinin özü ABŞ-Azərbaycan münasibətlərinin
müsbət yöndə inkişaf etdiyini, ABŞ-Azərbaycan
münasibətlərinin yüksək səviyyədə
olduğunu bir daha göstərdi.
Bu dəvət, həmçinin ABŞ-Azərbaycan münasibətlərinin
pozulmasını istəyənlərə də bir növ zərbə
mesajı oldu. Bəli, dediyimiz
kimi, Barak
Obamanın bu addımı son vaxtlar ABŞ ilə Azərbaycan
arasındakı münasibətlərin gərginləşməsinə
çalışan qüvvələrə cavab mesajı oldu.
Həqiqətən
də, ABŞ-Azərbaycan
münasibətləri daim
yüksək səviyyədə olub və bu münasibətlər
bundan sonra daha da müsbətə doğru inkişaf edərək hər iki ölkəyə öz səmərəsini
verəcək. Və
bununla da Ağ Ev rəhbəri bəyan etdi ki, ABŞ Azərbaycanla
sıx əməkdaşlıq edir və bu əməkdaşlıq
yüksək templə irəliləyir.
Fəxrlə
deyə bilərəm ki, bu gün rəsmi Bakı ilə
Vaşinqton parlamentləri arasında dostluq əlaqələri
yüksək səviyyədə davam etməkdədir.
ABŞ-la Azərbaycan təkcə öz ölkələrində deyil, eyni zamanda dünyada sülhün bərpasına can atan, bütün problemlərin həlli istiqamətində səy göstərən, insanların dinc yaşamasına, qonşu dövlətlərlə münasibətlərin normal olmasına çalışır.
Barak Obamanın Prezident İlham Əliyevi IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsinin bir səbəbi də hər iki dövlət başçısının bu istiqamətdə əllərindən gələni etməsinə bir işarədir. Hər iki lider üçün öz ölkələri ilə yanaşı, dünyada təhlükəsizliyin təmini, insan tələfatının qarşısının alınması, insanların sosial vəziyyətinin yaxşılaşdırılması əsas məqsədlərdəndir.
İnformasiya bazarında yerimizi möhkəmləndirməliyik
Bəli, Amerikanın etibarlı tərəfdaşı olan Azərbaycan bu gün artıq Avropa dövlətləri səviyyəsində söz və nüfuz sahibinə çevrilir.
Bunu bir daha təkrar edir və üzülərək qeyd edirəm ki, Amerika vətəndaşları Azərbaycanı çox da yaxından tanımırlar. Ermənistan isə hər cür vasitələrə əl ataraq özünü Amerika vətəndaşlarına tanıdır və buna demək olar ki, nail olub. Fikrimcə, bu problem bizim informasiya baxımından bir qədər zəif olmağımızdan qaynaqlanır.
Amerikada olduğum müddətdə ətrafımdakıları, ünsiyyətdə olduğum insanları Azərbaycan haqqında bacardığım, bildiyim qədər məlumatlandırmağa çalışırdım. Bu baxımdan xarici ölkə vətəndaşlarına ölkəmiz haqqında məlumat verməklə, ictimai fəaliyyətimizi artırmaqla müsbət mənada çox şeyə nail ola bilərik. Bunun üçün informasiya bazarında yerimizi möhkəmləndirməliyik.
Vüqar
QULİYEV
525-ci qəzet.- 2016.- 27 yanvar.- S.4