Dağ sevdalı, dağ
nisgilli şair üçün səmimiyyət abidəsi
Yazıçı-publisist Vəliyəddin
Misiroğluya açıq məktub
Çox
hörmətli Vəliyəddin
müəllim!
Bu günlərdə sizin mənə ünvanladığınız,
xalqımızın sevimli
şairi mərhum Məmməd Aslanın həyatına və yaradıcılığına həsr
etdiyiniz "Misrası
qala bürcü olanın nə dərdi" və "Gözümə Kəlbəcər
torpağı tökün.
Pıçıltısından tanınan
şair haqqında"
məqalələrinizi oxudum.
Məqalələr mənə müsbət
təsir bağışladı
və təkrar-təkrar
oxudum, sizə deyəcəyim sözümü
mətbuat vasitəsiylə
demək qənaətinə
gəldim. Hamımıza məlumdur ki, Azərbaycanın tanınmış
şair və yazıçıları M.Aslanın
həyatından, ömür
yolundan, yaradıcılığından
çox sayda məqalə yazıblar, bənzərsiz şairimizə
yüzlərlə şeir
həsr ediblər.
Mən də yazmışam.
Sevindirici haldır ki,
sizin yazdığınız
məqalələr tamamilə
fərqlənir və
oxucuda bambaşqa, yüksək əhval-ruhiyyə
yaradır. Bu məqalələr
sanballı olmaqla
bərabər, oxunaqlı,
ciddiliklə yanaşı,
səmimidir.
Əslində, bu iki məqalə
sizin bütöv yaradıcılığınızdan xəbər verir və sizin haqqınızda
söz deməyə bəs edir.
Məqalənin biri M.Aslanın sağlığında, biri
isə şair haqq dünyasına qovuşduqdan sonra yazılıb. Bu məqalələr
bir-birini tamamlayır,
oxucuya daha dolğun təəssürat
bağışlayır.
Bəri başdan onu da deyim ki,
mən sizi bir ictimai xadim
kimi tanıyırdım,
Sovet dönəmində
Kəlbəcər rayon komsomolunun
katibi və digər məsul vəzifələrdə olduğunuzu
da bilirdim. Mən o vaxtlardan,
orta məktəb illərimdən sizi uzaqdan-uzağa bacarıqlı,
ləyaqətli, bir yurdsevər Kəlbəcər
ziyalısı kimi tanıyıb yadda saxlamışam. Amma təvazökarlığınızdan,
bədii ədəbiyyatla,
publisistikayla da məşğul olduğunuzu
bir dəfə də olsun dilinizə
gətirməmisiniz. Sonralar öyrəndim
ki, Vəliyəddin Misiroğlu bir çox sənət, söz adamlarına həsr olunmuş dəyərli məqalələrin
və esselərin müəllifidir. Gözəl
şeirlər də yazırsınız.
Yazılarınızı oxuyanda dilinizin
səlistliyi, təmizliyi
məni heyran elədi. Bu da
sizin xalqın içərisindən çıxmağınızdan,
uzun illər xalqla təmasda olmağınızdan və
mütaliənizdən irəli
gəlir.
Məqalələrinizi oxuyanda hiss edirsən ki, müəllif - V. Misiroğlu
M.Aslanı hər zaman bütöv şəxsiyyət, yaxşı
insan, səmimi dost kimi qəbul edib,
onun poetik istedadına, bənzərsiz
yaradıcılığına da böyük hörmət, rəğbət
bəsləyib.
M. Aslanın şeirlərini
təhlil etməklə
yanaşı, siz şairin parlaq obrazını yaratmısınız.
Dağlarımızın gözəlliyini, qüdrətini füsunkar
gözəllik abidəsi
olan Kəlbəcərimizi
məhəbbətlə tərənnüm
etmisiniz. Bu yazıları
oxuyanda mən özüm də kövrək
duyğular yaşadım.
Elə bilirəm ki, sizin M. Aslan poeziyasına olan əbədi sevginiz Kəlbəcərə olan
məhəbbətinizdən, şairin şeirlərindəki
doğma hisslərə
bağlılığınızdan gəlir.
Məlumdur ki, dağlar bir şair kimi
M.Aslanın ümid yeri, pənah apardığı müqəddəs
varlıq idi. Onu bir şair kimi yaşadan, ona ilham, qol-qanad verən, ruhunu pərvazlandıran, həm
də şəxsiyyətini
formalaşdıran, həyatda,
cəmiyyətdə yararlı
insan edən dağların müstəsna
təsiri idi. Odur ki, M.Aslanın yaradıcılığını dağlarsız təsəvvür
etmək mümkün
deyil. Təbii, siz uzun illər şairlə təmasda olmusunuz və bu da
xatirələrinizdə öz
əksini tapıb.
M. Aslan şeirlərinin
bənzərsizliyi, özünəməxsus
deyim tərzi, yeni tapıntıları, şeirinin vacib olan keyfiyyətlərinin heç biri nəzərinizdən qaçmayıb.
Müxtəlif dövrlərdə, lap elə bizim dövrümüzdə də
bəzən yazıçılar,
ümumiyyətlə, qələm
sahibləri kiməsə
pərəstiş ediblər,
hardasa bəhrələnmək
istəyənlər də
olub. Amma siz M. Aslan şeirini sevə-sevə təhlil edərkən, onu bütləşdirməkdən,
heykəlləşdirməkdən yan keçib, dəyərini olduğu kimi verirsiniz. Məsələn, M. Aslanın
dağlara vurğunluğunu,
dağların özü
boyda sevgisini, onun dağlarla bağlı nisgilini belə ifadə edirsiniz:
"Gör sənin nə boyda tükənməz
sərvətin vardır,
a Məmməd! Bu qədər xəzinəni,
dəfinəni, yatarı
köksün altdamı,
Laçın qayadamı
gizlətmişdin, yoxsa
Murovda, Dəlidağda?!
Bəlkə onun üçün
Dəlidağa baxıb
kövrəlmisən?
Ömür keçir, yaxınlaşan
sıram var,
Bir kövrəl ki, mənim ciyərparam var!
Aç
qolunu bas bağrına,
yaram var,
Kimim var ki, səndən yaxın, Dəlidağ".
Məqalənin mənim ruhumu oynadan, mənə rahatlıq verməyən bir parçasını olduğu kimi oxucuların nəzərinə
çatdırıram. Çünki
sizin cümlələriniz
M. Aslanın misralarıyla bir-birini tamamlayır, onlar sıx vəhdətdədir:
"Şeirlərində deyildiyi kimi, bəlkə də o dağların zirvəsinə
ildırımlar onun üçün çaxırmış. Qamçısı şimşək olan ildırımlar o dağlara
işıq salıb Məmmədi axtarırmış
ki, dəfinəni üzə çıxartsın.
Bitib-tükənmədi dünyanın cəngi,
Əsrarlı göylərə dağlar
üzəngi!
Başına ildırım şığıyar,
çünki
Duyub ki, yatar var o dağın
altda.
İndi bildik ki, yəhərli
köhlənin üzəngisi
olduğu kimi göylərin də üzəngisi varmış. O da ki, biz qoynunda böyüdüyümüz dağlar
imiş... Ona görə də sən dağları yetim sayanları, onu boynubükük kimi təsəvvür edənləri qınayırsan:
Dağlar
zirvələrin övladlarıdı,
Sən yetim deyirsən niyə dağlara?!
Dağların dərdi var özündən böyük,
Kimdi gedib duran yiyə dağlara.
Yenə dağlara özün yiyə durursan. Həmişə
gözəlin başında
qeylü-qal olar...
"Gözəllik təhlükəlidir,
deyiblər"...
Ona görə
də sən dağları çevrəsində
halə olan mələyə bənzədib,
onu qoruyursan... yad gözdən, yad nəfəsdən. Düşmürsən
zirvələrdən, keşik
çəkirsən:
Bir mələk ki, çevrəsində halə
var,
O Leyli gözələ Məcnun hələ var!
Eşitsəniz zirvələrdə nalə
var,
Məmməddir, yandırıb-yaxır dağları".
Bu məqalədə dilimizdə çox az işlənən sözlərə rast gəldim. Ümumiyyətlə, danışıqda az yer verilən sözləri uğurla işlədirsiniz. Zərb məsəllərlə, atalar sözləriylə yazı dilinizi zənginləşdirir və bu da yazının təsirini artırır, daha da oxunaqlı edir. Kiçik bir abzası xatırladıram: "Məmmədin misraları, "suyu sovulmuş dəyirman" kimi lal dayanmır. Çax-çaxlı dəyirman kimi şaqqıldayır, təvərədən çıxmır, haray çəkir, üyüdür-tökür, tişəkdən düşmür. Onun misraları ağırlığı göndərilmiş "dəyə" kimi boş görünmür, alaçığın söz "çöysü"sü - dirəyi var, çökmür. Həmişə "muxuru" alaçıq kimi dolu və zəngin görünür".
Yaxud, az işlənən sözlərin sıralandığı bu cümlələrdə necə misilsiz kolorit var: "O, "ömrünə qadağa qoyar, dilinə qadağa qoymazdı". Sözü yerində deməyi bacarırdı. Ucuz pilləyə çatmaq üçün heç vaxt iməkləməyib.
Onun yəhərə qançığa, xurcuna gözək, dükcəyə qulaqça olanlardan heç vaxt xoşu gəlməyib. Ortada tesi kimi fırlanmaqdansa, küncdə buxarı kimi yanmağı üstün tutub. Nə olubsa, özü olub, nə yazıbsa, özünün yatımlı dili ilə yazıb. Çeynənilmiş qafiyə, çiy söz işlətməkdən qaçıb, boyat fikir söyləməyib. Rəvan tələffüzü, şirin deyimi ilə həmişə diqqəti cəlb edib!"
Son vaxtlar, daha doğrusu, Sovetlər Birliyinin süqutundan sonra bizim telekanallardakı əməkdaşların əksəriyyəti dilimizi korlayırlar, onu bərbad halda işlədirlər. Bəzi "sənətçilərin" yarıçılpaq səhnəyə, ekrana çıxması və ədəbsizlik nümayiş etdirməsi bir yana qalsın, hələ dilimizi də eybəcər şəklə salırlar. Şükürlər olsun ki, siz və dilimizə dəyər verən başqa bir sıra qələm sahibləri Azərbaycan dilinin gözəlliyini qoruyur, onun zənginləşməsi üçün əlinizdən gələni edirsiniz.
Vəliyəddin müəllim, əziz qələmdaşım! Sizə cansağlığı arzulayıram, uğurlar diləyirəm! Qələminiz daima iti, sözünüz həmişə kəsərli olsun! Kəlbəcərdə görüşmək ümidiylə!
Moskva, 26 yanvar
2016.
Nəsib
NƏBİOĞLU
525-ci qəzet.- 2016.- 28 yanvar.- S.7.