Gedirəm...  

 

 

Baharda açılan gül sənin olsun,

O çaylar, o sular, sel sənin olsun.

Bu yurdum, bu obam, gəl sənin olsun,

Ellərə tapşırıb gedirəm səni.

 

Hərdən inciyənim, küsənim mənim,

İnciyib qəlbimi üzənim mənim.

Nərgizim, bənövşəm, süsənim mənim,

Çöllərə tapşırıb gedirəm səni.

 

Ömürdən xoş keçən ilim, ayımsan,

Gündüz Günəşimsən, gecə Ayımsan.

Sən mənim İlahi - Tanrı payımsan,

Göylərə tapşırıb gedirəm səni.

 

Əbədi getmirəm, gələcəm yenə,

İnan ki, sadiqəm mən bu sevgimə.

Sədanı gətirər, demə heç kimə,

Yellərə tapşırıb gedirəm səni...

 

Fuad BİLƏSUVARLI

525-ci qəzet.- 2016.- 28 yanvar.- S.7.