"XX əsr Qazax
aşıq mühiti" kitabı təqdim
edilib
Yanvarın 26-da Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun böyük
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın
"XX əsr Qazax aşıq mühiti" kitabının təqdimatı
keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
filologiya elmləri doktoru Rüstəm Kamal kitab haqqında
məlumat verib.
Bildirilib ki, kitabda Qazax
aşıq mühiti
ilk dəfə tədqiqata
cəlb edilib, onun özünəməxsusluqları
konkret araşdırılıb,
ustad aşıqların
və el şairlərinin
sənətkarlıq xüsusiyyətləri
tədqiq edilib. Qazax aşıq
mühitinin ustad sənətkarlarının yaratdıqları
havacat və dastanlar da bu
kitabda əksini tapıb.
Tədbirdə Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov kitabın elmi əhəmiyyətindən danışıb. Qeyd olunub
ki, İ.Qəsəbovanın
aşıq yaradıcılığı
üzrə araşdırmaları
böyük əhəmiyyətə
malikdir və gənc alim bu işi uğurla
davam etdirir.
Qazaxlı ziyalılar - filologiya
elmləri doktoru Güllü Yoloğlu, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli, Xalq artisti Tarıyel
Qasımov, şairlər
Zaməddin Ziyadoğlu,
İbrahim İlyaslı
və başqalari sazın-sözün beşiyi
olan Qazax mahalında yaşayıb yaradan şair və aşıqlardan söhbət açıb,
XX əsr Qazax aşıq mühitinə
həsr edilən kitabın gələcək
nəsillərə çatdırılmasının
vacibliyini vurğulayıblar.
Sonda qazaxlı aşıq
Avdı Musayevin ifasında el
havaları səsləndirilib.
525-ci qəzet.- 2016.- 28 yanvar.- S.7.