Kitabçılıq işi
və kitabxana mədəniyyətimizin dəyərli
səhifəsi
ORUCOV QARDAŞLARININ 1912-ci İLDƏ ÇAP ETDİRDİKLƏRİ KATALOQ AZƏRBAYCANDA ÇAP KİTABLARINA AİD İLK BİBLİOQRAFİK MƏNBƏ SAYILIR
(Əvvəli ötən sayımızda)
Orucov qardaşları
mətbəənin yanında
açdıqları mağazada
kitabların satışını
və təbliğini
sürətləndirmək üçün kitab kataloqunun nəşrini olduqca vacib hesab
edirdilər.
Oxucuların xahişini nəzərə
alan Orucov
qardaşları kataloqa
həm Qafqazda, həm də İstanbulda elmin müxtəlif sahələrinə
aid çap olunmuş
kitablar haqqında ayrı-ayrı bölmələrdə
biblioqrafik məlumat verirdilər.
Kataloqun
1912-ci il ilk nəşrində kitablar haqqında paleoqrafik məlumat yalnız cədvəl şəklindədir.
Burada kitablar nəşr olunduğu yerə görə, İstanbul və Qafqaz kitabları olmaqla iki hissəyə ayrılıb. Müxtəlif bölmələr üzrə
hər bir kitabın sıra sayı, adı, müəllifi və qiyməti göstərilib.
İstanbul kitabları
aşağıdakı bölmələrdən
ibarətdir: məktəb
kitabları, hesab kitabları, sərf və nəhv kitabları, fənni-inşa
və kitabət kitabları, tarix kitabları, coğrafiyaya dair kitablar, fars kitabları
və müxtəlif kitablar.
Kataloqdakı 532 kitaba aid biblioqrafik məlumatdan 337-si İstanbul
kitablarına aiddir. Bu kitabların arasında o zaman oxucular üçün olduqca lazımlı olan dərsliklərə, bədii,
tarixi və elmi kitabları görmək olur. Bunlardan məktəb kitabları bölməsində
"Rüqə xəttilə
qiraət kitabı"
(Hüseyn Nafiz), "Çocuqlara qiraət"
(Nəcib Nicati), "Bidayəti-qiraət" (Əli
Nəzima); hesab kitablarına aid bölmədə
"Müxtəsər hesab"
(Hüseyn Hifzi), "Təlimi-hesab" (Əli
Nihad), "İslahi-hesab",
"Hesab əməli"
(Məhəmməd Cəlal);
sərf və nəhv kitablarına aid
"Yeni sərf"
(Əhməd Rasim),
"Osmanlı sərfi"
(Nəcim Asim), "Bəlağəti-Osmaniyyə", "Sərfi-farsi" (Əhməd
Cövdət); tarix kitablarına aid "Tarixi-Osmaniyyəyə
bir nəzər" (Ə.Nüzhət), "Tarixi-İslamə
bir nəzər" (İbn ən-Nüzhət),
"Müxtəsər Osmanlı
tarixi" (İbrahim Həqqi); coğrafiyaya aid
"Məktəb atlası"
(Şükri), "Coğrafiyayi-ümumi"
(M.Tofiq); fars kitablarına aid "Üsuli-farsi",
"Zəbani-farsi" (Feyzi),
"Sərfi-farsi" (Hüseyn
Hifzi) və s. kitabların, həmçinin
müxtəlif kitablar
bölmə-sində fəlsəfə,
məntiq, əxlaq, kimya, təbiət, heyvandarlıq, memuar ədəbiyyatı, səyahətnamə
və ilahiyyata aid kitablarla yanaşı, qərb ədəbiyyatından
türk dilinə tərcümə edilmiş
"İyirmi beş milyonluq bank notu", "Kapitan Qrantın çocuqları" kimi məşhur əsərlər
haqqında biblioqrafik məlumatlar vardır.
Qafqaz kitabları sərlövhəsi
altında dərs kitabları, uşaqlara məxsus qiraət kitabları, hekayə,
roman və qeyri mütaliə kitabları,
teatr kitabları və rus kitablarının
biblioqrafik xüsusiyyətləri
əhatə olunub.
Həmin kitablar çap nüsxələri
olsalar da, bu gün onların
hər biri
ƏLYAZMA KİTABLARI KİMİ ƏN NADİR,
QİYMƏTLİ KİTAB NÜSXƏLƏRİNDƏN HESAB
EDİLİR.
Çünki həmin kitabların
bu gün çox az
sayda nümunələri
Bakıda və xarici ölkələrin kitabxanalarında saxlanılır,
bəzi kitabların isə bir nüsxəsi
belə bu gün bizə gəlib çatmamışdır.
Yeri gəlmişkən qeyd edək ki, hal-hazırkı
mövcud əski çap kitablarımızla
bağlı vaxtilə
tanınmış əlyazmaşünas
alim Əzizağa Məmmədovun 716 əski
çap kitabından ibarət tərtib etdiyi "Əski çap kitabları kataloqu. Türkdilli kitablar" biblioqrafik
araşdırması 2008-ci ildə nəşr olunmuş və burada Əlyazmalar İnstitutunda mühafizə
edilən türkdilli əski çap kitablarının elmi-paleoqrafik
təsviri verilmişdir.
"Əsamiül-kütubi" kataloqu Azərbaycan kitablarının kataloqlaşdırılması
sahəsində ilk elmi-təcrübi
iş olaraq, buraya günümüzlə
səsləşən və
öz elmi dəyərini, təcrübi
əhəmiyyətini itirməyən
əski çap kitablarının təsviri
məlumatları daxil
edilmişdir.
Kataloqda Abdulla Şaiqin
"Uşaq gözlüyü",
"Gülşəni-ədəbiyyat",
"Tıq-tıq xanım",
"Yaxşı arxa",
"Tülkü və
xoruz", "Gözəl
bahar", "İki
uşaq", "Bədbəxt
ailə" əsərlərinin
və "Robinzonun hekayəsi (şəkilli)"
tərcüməsinin nəşr
nüsxələrinin paleoqrafik
xüsusiyyətlərindən bəhs olunur.
Həmçinin burada tanınmış
ilahiyyatçı alimlərimizdən
M.M.Cəfərzadənin "Kərbəla yanğısı
(tarixi və müaşiqəli roman)", "On yeddi ramazan", "Əzrai-qureyş", "Armanusə",
"Təfsiri Quran" (3 cilddə),
Hacı Məhəmmədhəsən
Nuxəvi Mövlazadnin
"Kitabül-bəyan fi
təfsirəl-Quran", görkəmli
şair və yazıçılarımızdan Seyid Əzim Şirvaninin mənzum hekayələri, Ədil xan Ziyadxanın "Avropada üç aylıq səyahət",
Abbas Səhhətin
"Sınıq saz",
"Məğrib günəşi",
Böyükağa Talıbovun
"Yaxşı məsləhət
hər şeydən yaxşıdır", Y.V.Çəmənzəminlinin
"Yeddi hekayə məcmuəsi", "Məlik
Məhəmməd", S.M.Qənizadənin
"Tülkü və
Çak-çak bəy",
"Məktubati-Şeyda bəy",
"Müəllimlər iftixarı"
və s. ilahiyyatçı,
şair, yazıçı
və dramaturqların
əsərlərinin çap
nüsxələri haqqında
biblioqrafik məlumat əldə etmək mümkündür.
"Əsamiül-kütubi"nin sonunda
teatr tariximizlə bağlı XX yüzilliyin
əvvəllərində Ə.Haqverdiyev,
Üzeyir bəy Hacıbəyli, Nəcəf
bəy Vəzirov, S.M.Qənizadə kimi məşhur yazıçılarımızın,
eyni zamanda adı ədəbiyyat tariximizdə o qədər
də yer almayan müəlliflərin
səhnə əsərlərinin
paleoqrafik-biblioqrafik xüsusiyyətləri
ilə tanış oluruq.
Kataloqa daxil edilən, XX yüzilliyin əvvəllərində əski əlifbada yaranan kitabların kitabşünaslıq və kitab tarixi baxımından öyrənilməsi nə qədər vacibdirsə, onların mətnlərinin tekstoloji tərəfdən araşdırılması da əhəmiyyətlidir. Çünki bu kitabların ilk nəşrindən sonrakı dövrdə bir neçə dəfə əlifba islahatı aparılmış və növbəti nəşrlərdə ictimai-siyasi vəziyyətlə bağlı olaraq kitabların mətnləri müəyyən dərəcədə dəyişikliyə, müdaxilələrə məruz qalmışdır. Üzərində əl gəzdirilmiş belə kitablardakı əsərləri ilkin vəziyyətə qaytarıb bərpa etmək üçün məhz ilkin nəşrin nüsxələri arxetip nüsxə olaraq başlıca əhəmiyyət kəsb edir. Bu mənada vaxtilə ərəb qrafikasında nəşr olunmuş əski çap kitablarının ədəbiyyat tariximizin, eləcə də digər elm sahələrinin ilkin mənbələrdən öyrənilməsində və yaxud hər hansı bir faktın dəqiqləşdirilməsində böyük rolu ola bilər.
Kataloqun son səhifəsində "İxtar" ("Xatırlatma") başlığı ilə bir qeyddə "Bir çok kitablar təbdən (çapdan - Ə.M.) çıkmadığına görə, qiyməti məlum olmadığı üçün onları "Əsamiül-kütubi"yə daxil etmədik, təbdən çıkdıqca onların barəsində ayrıca elan edəcəyiz" yazılmışdır. Kataloqun sonundakı bu xatırlatma elanı da naşirlərlə oxucu arasında sıx əlaqə yaratmağın, kitabların təbliğinin ən vacib cəhətlərindəndir. "Əsamiül-kütubi" kataloqu 1912-ci il ilk nəşrindən sonra iki dəfə - 1913-1914-cü illərdə də çap olunmuşdur. Birinci nəşrdən fərqli olaraq sonrakı nəşrlərdə kitabların biblioqrafik göstəriciləri ilə yanaşı, müəyyən qism mühüm kitabların paleoqrafik təsviri məlumatı da verilmişdir.
Sonda qeyd edək ki, kitab kataloqlaşdırılması işinin uzun müddət fərqli tərtibatla, nöqsanlarla yerinə yetirilməsinə baxmayaraq, axır illərdə mütəxəssislərimiz tərəfindən klassik kataloqlaşdırma metodlarına və prinsiplərinə cavab verən şəkildə kataloqlar hazırlanaraq nəşr olunmaqdadır. Unutmamalıyıq ki, çağdaş kataloqlaşdırma işinin yerinə yetirilməsində Azərbaycan kitabşünaslığı tarixində ilk dəfə çap olunmuş Orucov qardaşlarının "Bakıda Bəradərani-Orucof kütubxanəsinin əsamiül-kütubi" kataloqu əski çap kitablarımıza dair sonralar meydana çıxan biblioqrafik mənbələrimizin hazırlanmasında böyük rol oynayıb.
Əli Məmmədbağıroğlu
525-ci qəzet.- 2016.- 28 yanvar.- S.6.