Kamal Abdullayev: "Bu gün multikulturalizmin dünyada alternativi yoxdur"

 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

İclasda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev "Multikulturalizmin elmi-nəzəri əsasları Azərbaycan reallığında inkişaf perspektivləri" mövzusunda məruzə ilə çıxış edib.

 

K.Abdullayev çıxışında 21-ci əsrin əvvəllərində bir sıra Qərb ölkələrinin obyektiv subyektiv səbəblər üzündən cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində ciddi problemlərlə üzləşdikləri, bunun nəticəsi olaraq bəzi ölkələrin başçılarının multikulturalizm siyasətinin müasir dövrdə səmərəsiz olmasını əsas gətirərək bu siyasətin iflasa uğradığını rəsmi bəyan etmələrini diqqətə çatdırıb.

 

Belə bir məqamda ölkə başçısının multikulturalizmi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirməsi, bu sahədə aparılan uğurlu dövlət siyasəti haqqında ətraflı məlumat verib:

 

"Bu dövlətlərin ümumi mövqelərini 5 fevral 2011-ci ildə 47-ci Münxen Təhlükəsizlik Konfransdakı çıxışında Böyük Britaniyanın baş naziri David Kameron belə ifadə edib ki, "Dövlət multikulturalizmi" doktrinası müxtəlif mədəniyyətləri öz adət- ənənələri ilə yaşamalarına dəstək verməklə cəmiyyətdə inteqrasiya proseslərinin qarşısını alır. Bunun nəticəsində müxtəlif icmalar, xüsusilə , müsəlman icması cəmiyyətdəki liberal dəyərləri inkar edərək demokratik cəmiyyətimizin dəyərlərinə zidd olan dəyərləri təbliğ edirlər. Bu isə, dini ekstremizmin baş qaldırması üçün şərait yaradır".

 

Multikulturalizmə dair Qərb dövlətləri başçılarının fikirləri elmi ədəbiyyatda da dəstək tapdı. Məsələn, britaniyalı tədqiqatçı Trevor Filips qeyd edir ki, multikulturalizmin xoşagəlməz təsiri altında Britaniya yata-yata seqreqasiyaya yuvarlanır. Kameronun bu cür bədbin nəticəsinə qarşı duran optimist baxışı siyasi iradəni prezident nümayiş etdirir.

 

O, xalqının çoxəsrlik multikultural dəyərlərə malik olması ideyasına arxalanaraq belə bir siyasi bəyanatla çıxış edir:

 

"Bu gün multikulturalizmin dünyada alternativi yoxdur. Alternativ ksenofobiya, islamofobiya, antisemitizm radikalizmdir".

 

K. Abdullayev qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk dövründə Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçib öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirib:

 

"Bu müstəvi siyasət müstəvisi idi. Beləliklə, "Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir" tezisini irəli sürmək mümkündür:

 

"Ümummilli lider Heydər Əliyev haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi.

 

O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən, etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Ulu öndərin rəhbərliyi ilə demokratik inkişaf yolu götürmüş Azərbaycan Respublikası onun qeyd etdiyi kimi "dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik" olmalarını təmin etməli idi.Buna uyğun olaraq Konstitusiyanın yeni bəndləri üzə çıxır və yaxud yeni sosial-siyasi münasibətlər rakursundan işıqlanırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyir: "Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib".

 

K.Abdullayev bildirib ki, hər bir ölkə öz enerji, iqtisadi, milli təhlükəsizliyini qoruduğu kimi multikultural təhlükəsizliyini də təmin etməlidir. Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması deməkdir.

 

Multikultural təhlükəsizliyin əsas prinsiplərindən bəhs edən akademik bildirib ki, ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi mexanizmini qurmaq, ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısı, ölkədə yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsi multikulturalizmin əsas prinsipləridir.

 

Kamil HƏMZƏOĞLU

525-ci qəzet.- 2016.- 28 yanvar.- S.3.