Seyid Əzim Şirvani
irsində mühüm tarixi
ştrixlər
VƏ YA DÖVRÜN, MÜHİTİN MƏNZƏRƏSİ MAARİFÇİ ŞAİR QƏLƏMİNDƏ
Böyük şairimiz Seyid Əzim Şirvaninin yaradıcılığında məktub janrında yazılmış onlarla şeiri var.
Bunların əksəriyyəti müəyyən
münasibətlə qələmə
alınmış ictimai
məzmunlu, ezop maneralı, bədiilik cəhətdən diqqəti
cəlb edən, hələ də dərin və hərtərəfli incələmələrini
tapmayan sənət nümunələridir.
Şairin Hacı Səid Ünsizadəyə həsr
etdiyi 117 beytlik qəsidəsi klassik irsimizdəki mədhiyyə
xarakterli digər qəsidələrdən köklü
şəkildə fərqlənir. Bu şeir
"Ziyayi-Qafqasiyyə" qəzetinin 21 mart 1884-cü il tarixli 4-cü nöməsində dərc
olunub.
S.Ə.Şirvani bu şeiri ilə, Zaqafqaziya Əhli-Təsənni İdarəsində
tutduğu vəzifədən
çıxarılıb, doğma
şəhəri Şamaxıya
qazı və Quberniya Əhli-Təsənni
İdarəsinin sədri
vəzifəsinə göndərilən
Səid Ünsizadəyə
sanki bir növ toxtaqlıq verir, onun gördüyü
böyük maarifçilik
işlərini oxucuların
diqqətinə çatdırırdı.
Şair
1884-cü ilin yanvarın
əvvəllərində Tiflisdən
Şamaxıya qayıdan
Səid Ünsizadənin
burada görəcəyi
işlərdən də
söz açır, bu işdə quberniya ziyalılarını
əlbirliyə, himayədarlığa
çağırırdı. O, bu şeirində Şamaxıda maarif və mədəniyyət
məsələlərinə rəvac verə biləcək nüfuzlu sakinləri, zər və zor sahiblərini,
Səid Ünsizadəyə
yeni vəzifəsində
kömək ola
biləcək şəxsləri
dəyərləndirir və
buradan ortaya çıxması gözlənilən
vəzifəni müəyyənləşdirirdi.
Qəsidədə "köhnə dünyanı təzə üsluba gətirmək üçün" S.Ünsizadənin
maarifçilik manifesti
hərtərəfli işıqlandırılır,
oxucu bir vaxtlar paytaxt şəhəri olan Şamaxının və quberniyaya daxil olan yerlərin yaxşılığa doğru
dəyişəcəyinə inanır.
S.Ə.Şirvaninin "Şamaxının vəziyyətinin təsviri"
sərlövhəsi ilə
"Əsərləri"nin
ikinci cildinə düşmüş şeiri
də yazılma səbəbinə görə
tarixi məqamlarla ilgilidir. Məzmunundan hiss olunur ki, 30 bəndlik
bu əsər dərc olunmaqdan ötrü "Ziyayi-Qafqasiyyə"
qəzetinə göndərilib.
Lakin Səid Ünsizadə oxuculara 120 misralıq bu şeirin yalnız mahiyyətini çatdırmışdır
( "Ziyayi-Qafqasiyyə"
qəzeti,1883,N 12). Mahiyyət də bundan ibarətdir ki, şamaxılılar 1859-cu il zəlzələsindən
sonra Bakıya köçürülən paytaxtın
Şamaxıya qaytarılmasını
istəyirlər. Bu məqsədlə dörd
nəfər məşhur
işbilən şamaxılı
"Moskvaya, Peterburqa,
dəxi hər yana gedəcək" ki, vəziyyət dövlət məmurlarına
çatdırılsın. S.Ə.Şirvani şeirin
29-cu bəndində bununla
bağlı sevincini oxucularla bölüşür:
Seyyida, qorxma, bu dörd
kəs gedər,
inşaallah!
Arizu nəxli verər bir səmər,
inşaallah!
Yenə
Şirvanə qubernə
gələr,
inşaallah!
Kövkəbi-bəxtdə bir özgə
səadət görünür!
S.Ə.Şirvaninin məktub və ya müəyyən şəxslərə müraciət
şəklində yazılmış
digər əsərlərinin
incələnməsi, bədii
materialın tarixi hadisələrlə inteqrasiyası
şairin yaradıcılığını
dərindən öyrənmək
baxımından da maraqlı görünür. Şairin Şirvanın
tarixinə aid bir əsərinin olması da bu cəhətdən
dahi söz ustasının bədii və elmi təfəkkürünün
vəhdət şəklində
öyrənilməsi yönündə
indiyədək diqqətdən
yayınan alatoran və qaranlıq məsələləri işıqlandıra
bilər.
S.Ə.Şirvaninin müxtəlif illərdə
Bakı Bəy Komissiyasının sədri
olmuş məmurlarla və bu qurumun
üzvləri ilə tanışlıq və dostluq münasibətləri
51 bəndlik "Elədi"
müxəmməsində bir
sıra məqamları
aydınlaşdıra bilər
(Şairin "Əsərləri"nin ikinci cildində bu şeir oxuculara "Şirvanın təzə
bəyləri haqqında"
adı ilə təqdim olunur. səh.13-21).
Bu əsər araşdırılması vacib
görünən çoxlu
faktlar, rəmz və işarələr, söz içində söz demək üslubunun müxtəlif
çalarları ilə
zəngindir.
S.Ə.Şirvani Azərbaycanın ilk professional müxbirlərindən
biridir. O, "Əkinçi"
(1875-1877), "Ziya" (1879-1880), onun davamı olan "Ziyayi-Qafqasiyyə"
(1880-1884) qəzetlərində, "Kəşkül" adı
ilə nəşr olunan jurnal və
qəzetdə (1883-1891) ən
fəal müxbirlərdən
olmuş, həm şeirləri, həm də müxtəlif məzmunlu imzalı və imzasız xəbərləri ilə
oxucularla ünsiyyət
qurmuşdur. Maraqlıdır
ki, H.Zərdabi də, Səid Ünsizadə də, Cəlal Ünsizadə də nəşrini düşündükləri mətbu
orqanların proqram və nizamnamələrini
hazırlayarkən dövrün
bir sıra qabaqcıl ziyalılarına
müraciət etmiş,
onların mətbu söz haqqında fikirlərini öyrənmişlər.
Bu cəhətdən S.Ə.Şirvanini bu mətbu orqanların redaksiya heyətinin üzvü hesab etmək olar.
Seyid Əzimin Bakıya - Həsən bəy Zərdabiyə, Tiflisə
- şamaxılı Səid
və Cəlal Ünsizadə qardaşlarına
göndərdiyi ictimai
məzmunlu mənzum məktubları XIX əsrin
ictimai fikir tarixini öyrənmək baxımından tədqiqatçıları
maraqlı məcraya yönəldə bilər.
Bu məktublarda mətbuatın
cəmiyyətdəki rolu,
mətbu sözün qüdrəti,məktəb
və mədrəsə
məsələləri, dərslik,
bədii ədəbiyyat
və risalələrin
mütaliə mədəniyyətində
əhəmiyyəti haqqında
söylənilən maraqlı
mülahizələr bu
gün də çox əhəmiyyətli
görünür.
"Əkinçi" qəzetini redaktoru Həsən bəy Məlikzadə də, Ünsizadə qardaşları
da mətbuat fəaliyyətinə başladıqları
ilk günlərdən qarşılaşdıqları
abunə çətinliklərindən
həmişə ürək
ağrısı ilə
gileylənmişlər. Belə giley-güzar
bəzən mətbuat
səhifələrində də
özünə yer tapırdı. Burada maraqlı
bir məqam da özünü göstərirdi. Qəzetdə
xarici mətbuatdan edilən tərcümələrdə
Avropa və Amerika ölkələrindəki
qəzet və jurnallardan söz açılır,oxucu ya mətbuatın cəmiyyətdəki rolu haqqında düşünməyə
istiqamət verilirdi.
Mətbuatın çətin və məsuliyyətli yollarında
görülən bütün
cəhdlərinə baxmayaraq,
"Əkinçi"nin də,
"Ziya"nın da,
"Kəşkül"ün də abunəçiləri
300-500 nəfərdən çox
deyildi. Hətta "Ziya" qəzetinin
ilk - 1879-cu ilin yanvar və fevralında çıxan nömrələri
heç yüz nəfərə də çatmırdı. Lakin
Səid Ünsizadə
qəzetin nəşrinin
davamı üçün
öz nəşriyyat
təsərrüfatının başqa sahələrindən
- kitab, risalə, təqvim çapından qazandığı məbləğdən
qəzet nəşrinə
müəyyən pay ayırırdı.
S.Ünsizadənin qəzet nəşrindəki düşdüyü çətinliklər diqqətli oxucuları da narahat edirdi. Milliyyətindən asılı olmayaraq, yerlərdən "Ziya"ya az-çox yardım göstərirdilər. Çox güman ki, bu, S.Ünsizadənin hökumət dairələrindəki bəzi nüfuzlu məmurlarla əlaqədar idi. "Ziya"ya maddi kömək göstərənlərdən biri də irəvanlı Abbas ağa idi.
Filologiya elmləri doktoru, professor Əzizə
Cəfərzadənin verdiyi məlumata
görə, irəvanlı Abbas ağa bu qədim türk şəhərinin adlı-sanlı xalq müəllimi olmuşdur.
O, ana
dili ilə yanaşı, fars
dilini də, rus dilini də
gözəl bilirmiş.
Fars dilinin qayda-qanunlarından
daha xəbərdar olduğundan onu daha çox "Fars Abbas" adı ilə tanıyırdilar.
Rəsmi
sənədlərdəki adı
Abbas Razi Məmmədzadədir. Onun
"Samouçitelğ farsidskoqo
əzıka dlə russkix" (fars
dilini müstəqil öyrənən ruslar üçün - N.N.) dərsliyi
1911-1912-ci illərdə Bakıda
Orucov qardaşlarının
mətbəəsində çap
olunmuşdu.
Abbas ağa "Ziya"
qəzetinin abunəçilərindən
biri idi. O, "Ziya" qəzetinin çətinliklərindən xəbər
tutaraq, qəzetə yardım üçün
Qafqaz canişinliyinə
50 manat pul və naşir Səid Ünsizadənin adına farsca yazılmış bir məktub göndərir.Səid
Ünsizadə bu xəbəri qəzetin 13 oktyabr 1879-cu il tarixli 34-cü nömrəsində
oxuculara çatdırır.
Abbas ağanın məktubu qəzetdə eynilə dərc olunur.
S.Ə.Şirvaninin "Ziya" qəzetinə ünvanladığı, irəvanlı
Abbas ağa haqqında yazdığı
19 beytlik şeiri də məhz abunə çətinlikləri
və bu yolda görülən işlər barədədir.
S.Ə.Şirvani bir nüsxəsinin
qiyməti 15 qəpik,
illik abunə haqqı Rusiyanın kağız pulu ilə 6 manat olan "Ziya" qəzetinə 50 manat ianə göndərən
müəllimin fədakarlığını
alqışlayır, bu
münasibətlə yazdığı
şeiri işıqlandırmaq
üçün Tiflisə
- qəzetin naşiri Səid Ünsizadəyə
göndərir. Şeir
"Ziya" qəzetinin
11 oktyabr 1879-cu il tarixli 38-ci nömrəsində dərc
olunur.
(Ardı var)
Nazim NƏSRƏDDİNOV
Əməkdar müəllim, Təhsil
Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə
üzvü
525-ci qəzet.- 2016.- 29 yanvar.- S.7.