Xalq şairi Vaqif Səmədoğlu Fəxri Xiyabanda anılıb

 

 

Bu gün I Fəxri Xiyabanda mərhum Xalq şairi Vaqif Səmədoğlunun anım mərasimi keçirilib.

 

Mərasimdə şairin yaxınları, qələm dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Əvvəlcə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar şairin yaradıcılığı haqda danşıb, onun xatirəsinə həsr olunan tədbirin anonsunu verib:

 

Vaqifin xatirəsi həmişə qəlbimizdədir. Onun şeirləri daim yaddaşımızda, işığı həmişə hafizəmizdədir. Fevralın 2-də Səməd Vurğunun Ev Muzeyində Vaqifə həsr olunmuş xatirə gecəsi olacaq. Ayın 5-də isə Yazıçılar BirliyininNatavanklubunda Kaspi qəzetinin Vaqifə həsr olunmuş xüsusi nömrəsinin təqdimatı olacaq.

 

Onun xatirəsini əbədiləşdirmək, yaddaşa həkk eləmək biz söz adamlarının borcudur”.

 

Millət vəkili, tənqidçi Nizami Cəfərov şairin şəxsi məziyyətlərindən danışıb:

 

Vaqifin ən üstün cəhətlərindən biri həyatı necə varsa o cür yaşamasıydı. Quru rəsmiyyət, bayağılıq onun xarakterinə yad idi. Səmimi və humanist insan idi. Təbii ki, Allah böyük istedad vermişdi, bu istedada da zəhməti, iradəsi ilə sahib çıxdı. Bu gün onun elə bir cümləsi, misrası yoxdur ki, mənası olmasın”.

 

Şair Ramiz Rövşən mərhumun sənətkarlığından söz açıb:

 

Vaqif kimi şairlər üçün ölüm yoxdur. İstər bir il olsun, istər beş il, istər yüz il.

 

Hər təzə oxucusu ilə Vaqif yenidən doğulacaq. O, bütün zamanların şairidir”.

 

Ziyarətçilər şairin xatirəsini bir dəqiqəlik sükutla yad edib və məzarı üzərinə güllər qoyublar.

 

Xatırladaq ki, Xalq şairi Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də uzun sürən xərçəng xəstəliyindən vəfat edib.

 

M.ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 29 yanvar.- S.7.