Uğurlarla zəngin 10 il
AZƏRBAYCANDA
MƏDƏNİYYƏT VƏ TURİZM
NAZİRLİYİNİN YARADILMASINDAN KEÇƏN 10
İLDƏ HƏR İKİ SAHƏNİN İNKİŞAFI
NAMİNƏ ÇOX MÜHÜM İŞLƏR
GÖRÜLÜB
Azərbaycan öz müstəqilliyinə qovuşduqdan
sonra müasir dövlətimizin qurucusu Heydər Əliyevin
tarixi xidmətləri, siyasi uzaqgörənliyi nəticəsində
güclü inkişaf yoluna istiqamətlənən ölkəmiz,
bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə
daha yüksək zirvələrə ucalıb.
H.Əliyevin Azərbaycan mədəniyyətinə,
humanitar sahənin yaradıcılarına olan dərin rəğbəti
və sənət sevgisi hazırda İlham Əliyevin fəaliyyəti
ilə özünün parlaq təzahürünü tapmaqdadır.
Yanvarın
30-da Mədəniyyət və Turizm Nazirliyinin
yaradılmasının 10 ili tamam olur. Bu illər ölkəmizin digər sferalarında
olduğu kimi, mədəniyyət və turizm sahələrində
də dinamik inkişafla müşayiət olunub, yaddaqalan
uğurlar əldə edilib.
Bu illər ərzində sahənin inkişafı naminə
İlham Əliyev tərəfindən 500-dən çox fərman
və sərəncam imzalanmışdır. Bu fərman və
sərəncamlar nazirliyin fəaliyyət istiqamətini şərtləndirən,
müəyyənləşdirən əsas amil olmuş, mədəniyyət
və turizm siyasətinin hüquqi-qanunvericilik bazasını
yeni sənədlərlə zənginləşdirmişdir.
Teatr, kino, mədəni irs, turizm və s.
sahələrdə dövlət başçısının
tarixi əhəmiyyət daşıyan fərman, sərəncam
və tapşırıqları yüzlərlə lazımi
işlərin həyata keçirilməsinə şərait
yaratmışdır.
Mədəniyyətimizin inkişafından
danışarkən Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban Əliyevanın müstəsna
xidmətləri xüsusi vurğulanmalıdır. Belə ki, həm
ölkə, həm də beynəlxalq əhəmiyyətli tədbirlərin
reallaşmasında birinci xanımın himayəçiliyi, gələcəyə
hesablanmış uğurlu addımları və tarixi xidmətləri
danılmaz faktdır. Onun böyük əməyinin,
mədəniyyətə qayğısının, sənət
sevgisinin nəticəsində Azərbaycan muğamı
dünya musiqisinə çevrilmiş, Azərbaycan rəssamlıq
inciləri qabaqcıl ölkələrdə nümayiş
etdirilərək sənətsevərləri heyran qoymuşdur.
Məhz Mehriban xanımın ardıcıl zəhməti və
böyük xidmətləri hesabına Azərbaycan
muğamı, aşıq, tar ifaçılığı,
xalçaçılıq, Lahıc misgərlik sənətləri,
Novruz bayramı, çövkən atüstü oyunu, kəlağayı
simvolizmi YUNESKO-nun Qeyri-maddi mədəni irsin reprezentativ və
təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs
siyahısına daxil edilmiş, eləcə də görkəmli
mədəniyyət və söz adamlarının yubileyləri
beynəlxalq səviyyədə qeyd olunmuşdur. Bundan əlavə, Azərbaycanın möhtəşəm
abidələri olan Qobustan Milli Tarix-Bədii Qoruğu və
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu YUNESKO-nun Ümumdünya İrs
Siyahısına daxil edilmişdir.
Hazırda Azərbaycan beynəlxalq arenada siyasi-iqtisadi, mədəni
qüdrətə sahibdir. Qədim tarixə,
yüksək mənəvi dəyərlərə, sarsılmaz
milli iradəyə malik ölkəmiz dünyanın
aparıcı və mötəbər tədbirlərinin
aparıcı qüvvəsinə çevrilməkdədir.
Çoxlarına məlumdur ki, bu gün Azərbaycan
mədəniyyəti və turizmi dayanıqlı və
davamlı inkişaf dövrünü yaşayır. Mədəniyyət və turizm sahəsinin
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində
atılan addımların sayı günü-gündən
artır. Beynəlxalq əməkdaşlığın
ən müxtəlif istiqamətlərində işlər
aparılır və nəticədə mədəniyyətimizin
sorağı dünyanın hər bir guşəsindən gəlir.
Musiqimiz qitələri fəth edir, eləcə
də milli mədəni irsimiz, filmlərimiz, nəşr
nümunələrimiz dünyanın aparıcı ölkələrində
nümayiş etdirilir.
lll
Mədəniyyətimizin müxtəlif sahələrinə
nəzər salsaq görərik ki, teatr, kino, musiqi və digər
sahələrdə müşahidə olunan inkişaf, əldə
olunan nailiyyətlər düşünülmüş, gələcəyə
hesablanmış mədəniyyət siyasətimiz
olmasının göstəricisidir.
140 ildən
çox tarixi, böyük ənənələri olan Azərbaycan
teatrı istər qanun bazasının təkmilləşdirilməsi,
istər teatr binalarının abadlaşdırılması,
istərsə də tamaşaçı maraqlarının
qorunması baxımından irəliləyiş
gücünü itirmir, əksinə, müasirlik prinsiplərini
qoruyaraq tarixin bugünkü sınağından
üzüağ çıxmağı bacarır. Dövlətin teatra olan qayğısının nəticələrindən
danışarkən ilk növbədə teatrın
qanunvericilik bazasının gücləndirilməsi ilə
bağlı görülən işləri qeyd etməliyik.
Belə ki, 29 dekabr 2006-cı ildə "Teatr və teatr fəaliyyəti
haqqında" Qanunun qəbul edilməsi, dövlət
başçısının "Azərbaycan teatr sənətinin
inkişaf etdirilməsi haqqında" 2007-ci il 19 fevral tarixli
sərəncamına uyğun olaraq 2009-cu il 18 may tarixli sərəncamı
ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramını təsdiq edilməsi Azərbaycan
teatrının zəngin bədii irsinin və
yaradıcılıq ənənələrinin qorunmasına,
qlobal və milli dəyərlərin təbliğinə,
dünya mədəniyyətinə inteqrasiyasına, informasiya
və maliyyə resurslarından səmərəli istifadə
edilməsinə yönəlib. Dövlət
Proqramının yerinə yetirilməsi istiqamətində Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən aparılan məqsədyönlü
işlər Azərbaycan teatrının inkişafına yeni
perspektivlər açır.
Bu gün respublikada 26 dövlət teatrı fəaliyyət
göstərir. Teatr şəbəkəsinin müntəzəm
və səmərəli fəaliyyətini təmin etmək məqsədilə
bütün maliyyə, təşkilati və
yaradıcılıq imkanlarından istifadə edilir. Dövlətlərarası mədəni əməkdaşlıq
haqqında ikitərəfli sazişlərə uyğun olaraq
respublika teatrları müxtəlif beynəlxalq festivallarda
uğurla çıxış edirlər. "Azərbaycan
teatrı 2009-2019-cu illərdə" Dövlət
Proqramının Tədbirlər Planına əsasən,
keçirilən festivallar, müsabiqələr ölkəmizdə
səhnə sənətinin inkişafına öz töhfəsini
vermiş, beynəlxalq əməkdaşlığın dərinləşməsində
mühüm rol oynamışdır.
Bu illər
ərzində teatrlarımız ABŞ, Hindistan,
Gürcüstan, Ukrayna, Belarus, İsveç, Türkiyə,
Rusiya, Özbəkistan, İran, Finlandiya, İsveçrə,
Estoniya, Misir, Şri-Lanka, Bolqarıstan, Mərakeş,
Polşa, Almaniya, Fransa, İtaliya, Avstriya ümumilikdə 28
ölkədə qastrol səfərlərində olmuşlar.
Ölkəmizdəki
yenidənqurma, abadlıq işləri, yeni binaların tikilməsi
yaxın 10 il ərzində geniş miqyas almış, həm
ölkəmizin əzəmətinin nümayişi, həm də
sənət məbədlərinin daha rahat mühitdə fəaliyyət
göstərməsi üçün əlverişli şərait
yaradılmışdır. Təbii ki, vüsət alan bu yenidənqurma işləri teatr həyatında
yaddaqalan olub. Ölkə Prezidentinin müvafiq sərəncamlarına
əsasən, teatr-konsert müəssisələrindən Azərbaycan
Dövlət Kukla Teatrı, Dövlət Rus Dram Teatrı, Heydər
Əliyev Sarayı, Gənc Tamaşaçılar Teatrı,
Akademik Milli Dram Teatrı, Mingəçevir Dövlət Dram
Teatrı, Füzuli Dövlət Dram Teatrı, Ağdam
Dövlət Dram Teatrı, Dövlət Musiqili Teatrı,
Şəki Dövlət Dram Teatrı əsaslı şəkildə
təmir olunaraq istifadəyə verilmişdir. Bu illər ərzində
Sumqayıt Dövlət Dram Teatrına, İrəvan Dövlət
Azərbaycan Dram Teatrına, Şuşa Dövlət Musiqili
Dram Teatrına, Dövlət Pantomima Teatrına binalar
verilmiş, Gəncə Dövlət Kukla Teatrı təmir-bərpa
işlərindən sonra fəaliyyətə
başlamışdır.
Teatr sahəsinə
olan diqqətin daha bir təzahürü kimi isə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
"Azərbaycanda peşəkar milli teatrın
yaradılmasının 140 illiyi haqqında" 1 mart
2013-cü il tarixli sərəncamını
qeyd etmək olar. Sərəncama uyğun olaraq 2013-cü il iyun ayının 25-də Heydər Əliyev
Sarayında peşəkar milli teatrının
yaranmasının 140 illiyinə həsr olunmuş təntənəli
yubiley gecəsi keçirilmişdir.
Teatrşünaslar, sənətsevərlər
üçün əvəzsiz mənbələrin
yaradılması yönündə görülən bir
sıra işlər məhz yaxın 10 illiyin payına
düşür. Bu illər ərzində teatr sənəti ilə məşğul
olan alimlərin yazdığı "Dördüncü
ölçünün rəngləri", "Tofiq
Kazımovun rejissor dərsləri", "Mehdi müəmması",
"Orta əsrlər yaxın və Orta Şərq ölkələrində
teatrın təzahür formalarının poetikası",
"Opera və Balet Teatrının 100 illiyi", "İrəvan
teatrının 125 illiyi", "Milli Dram Teatrı"
üçcildliyi, "Naxçıvan teatrının 125
illiyi", "Səhnə səadətimdir" və s.
kitablar Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə işıq üzü görmüşdür.
Teatr sahəsində beynəlxalq əməkdaşlığı
və dünya teatr ənənələrinin öyrənilməsi,
əcnəbi təcrübələrin əxz olunması
baxımından da yaxın illərdə bu istiqamətdə
görülən işləri əhəmiyyətli hesab etmək
olar. Bu illər ərzində xarici mütəxəssis və
qurumlarla bir sıra müştərək teatr layihələri
də həyata keçirilmişdir.
Ötən
il ölkəmizin yüksək səviyyədə ev sahibliyi
etdiyi "Bakı-2015" ilk Avropa Oyunları zamanı
Bakı şəhərində fəaliyyət göstərən
teatr-tamaşa müəssisələri repertuarlarında olan ən
maraqlı tamaşaları Azərbaycan, ingilis və rus dillərində
hərəkət edən sətirlər vasitəsilə
tamaşaçılara təqdim etmişdir.
lll
Son 10 il ərzində musiqi sahəsində
görülən işlər təkcə miqyasına görə
deyil, əhatəliliyinə görə də təqdirəlayiq
sayıla bilər. 2006-2015-ci illər ərzində
Azərbaycan musiqi sənətinin inkişafı, dünyada təbliği,
bəstəkar, dirijor, musiqiçilərin
yaradıcılığının dəstəklənməsi
istiqamətində də bir sıra layihələr həyata
keçirilmişdir. Ötən dövr ərzində
bu sahədə keçirilən respublika və beynəlxalq əhəmiyyətli
konsertlərin, festivalların, müsabiqələrin sayı
1500-dən çox olmuş, Azərbaycan musiqi mədəniyyəti
üçün rəngarəng, irimiqyaslı, nüfuzlu layihələr,
tədbirlər həyata keçirilmişdir. Heydər
Əliyev Fondunun silsilə tədbirləri, xarici ölkələrdə
Azərbaycan mədəniyyəti günləri, Üzeyir
Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Qəbələ
Beynəlxalq Musiqi Festivalı, "Muğam aləmi" Beynəlxalq
Muğam Festivalı, Rostropoviç Beynəlxalq Musiqi
Festivalı, Bakı Caz Festivalı, görkəmli mədəniyyət
xadimlərinin yubileyləri ölkəmizin getdikcə artan
nüfuzu və potensialının mədəniyyət sahəsindəki
təzahürüdür.
YUNESKO-nun
Qeyri-maddi mədəni irs siyahısına
daxil edilən muğam sənətinin beynəlxalq miqyasda
tanıdılması, təbliği və inkişaf etdirilməsi
məqsədilə son illər respublikamızda "Muğam
aləmi" Beynəlxalq Muğam Festivalı, elmi simpozium və
gənc muğam ifaçıları arasında beynəlxalq
müsabiqəsinin keçirilməsi 2009-cu ildən
başlayaraq artıq ənənəyə
çevrilmişdir. Festivallar çərçivəsində
nəzəri müzakirələr keçirilir, gənc
istedadların müsabiqəsi təşkil edilir, klassik
muğamların ifası dinlənilir, opera sənətimizin ən
populyar nümunələri, simfonik muğam əsərləri
səslənir və etno-caz ifa olunur.
Hazırda Azərbaycan dünyanın musiqi mərkəzlərindən
birinə çevrilmişdir. Beynəlxalq festivallar,
dünya səviyyəli musiqi tədbirləri
üçün ölkəmiz doğma vətəndir. 2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun
təşəbbüsü ilə Qəbələdə yeni
bir musiqi ənənəsinin təməli qoyuldu. Dünyanın neçə-neçə məşhur
orkestrləri, dirijorları, ifaçıları Qəbələ
festivallarının biri-birindən rəngarəng və
maraqlı proqramlarının iştirakçısı
olurlar. Belə möhtəşəm musiqi
bayramı beynəlxalq miqyasda böyük uğur qazanaraq
öz siması, dəst-xətti ilə artıq təkcə
Azərbaycanda deyil, dünyada tanınan Yay festivallarından
biri kimi məşhurlaşmışdır. Bu festival Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi
altında həyata keçirilən çoxsaylı mədəniyyət
layihələrindən biri olaraq Azərbaycan mədəniyyətinin
inkişafı və təbliğini yeni, yüksək bir səviyyəyə
qaldırmışdır.
10 il ərzində
Azərbaycan musiqi mədəniyyətinin görkəmli
nümayəndələri Üzeyir Hacıbəyli, Qara
Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rauf Hacıyev,
Soltan Hacıbəyov, Səid Rüstəmov, Tofiq Quliyev,
Cahangir Cahangirov, Arif Məlikov, Rəşid Behbudov və
onlarla başqa tanınmış incəsənət xadimlərinin
yüksək səviyyədə yubiley gecələri
keçirilmişdir.
Musiqi mədəniyyətimizin
dünya musiqisi ilə daha yaxın təması, bu sahədəki
iş birlikləri son illərdə Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüs göstərdiyi əsas
məsələlərdən biridir. Nazirliyin təşəbbüsü
ilə aparıcı orkestrlərin peşəkarlıq səviyyəsinin
yüksəldilməsi, mütəmadi olaraq xarici
ifaçılar və dirijorlarla birgə iş prosesinin təşkili
məqsədilə kollektivlərin iştirakı ilə beynəlxalq
layihələr reallaşdırılmışdır.
Ötən
dövr ərzində nazirliyin dəstəyi ilə Azərbaycan
Dövlət Filarmoniyası, Dövlət Nəfəs Alətləri
Orkestri, Dövlət Uşaq Filarmoniyası, Dövlət
Mahnı Teatrı, "Qaya" Dövlət Ansamblı,
Bakı Dövlət Sirki, Beynəlxalq Muğam Mərkəzi,
Gəncə Dövlət Filarmoniyasının maddi-texniki
bazaları əhəmiyyətli dərəcədə gücləndirilmiş,
yüksək keyfiyyətli musiqi alətləri
alınmışdır.
Musiqi ənənələrinə, yeni nəsli Azərbaycan
musiqi ustalarının əsərlərinə qaytarmaq, həmin
əsərlərin insanların qəlbində daha unudulmaz
edilməsi böyük əhəmiyyətə malikdir. 2014-cü ildə
uzun fasilədən sonra Rusiya Akademik Böyük
Teatrının səhnəsində görkəmli bəstəkar,
SSRİ Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi"
baletinin bərpası böyük uğurla həyata
keçirilmişdir. Həmçinin
TÜRKSOY-un təşəbbüsü, Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
2009-cu ildə Azərbaycan milli opera sənətinin şah əsəri
olan "Koroğlu" operası beynəlxalq layihə əsasında
tamaşaya qoyulmuşdur. Layihədə Azərbaycan,
Türkiyə, Qırğızıstan, Qazaxıstan,
Tatarıstan, Başqırdıstan musiqiçiləri
iştirak etmişlər. "Koroğlu"
tamaşası Bişkek, Almatı, Ankara, İstanbul və
Bakıda göstərilmişdir.
Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən yaradıcı gənclərin
aşkar edilməsi, onların inkişafının istiqamətləndirilməsi,
peşə hazırlığının yüksəldilməsi
məqsədilə ixtisasartırma kursları, ustad dərslərinin
təşkili, gənclərin xarici ölkələrin
nüfuzlu tədris müəssisələrində təhsil
almaları, təlim kurslarında, ustad dərslərində,
habelə müsabiqə, festival və sərgilərdə
iştirak etmələrinə dəstək göstərilməsi
görülən işlərin tərkib hissəsidir.
lll
Mədəni
sferanın son 10 ildəki inkişafı təsviri və
dekorativ sənət sahələrindən də yan keçməmiş,
bu müddət ərzində Azərbaycan təsviri sənətinin
tərəqqisi, dünyada təbliği, gənc rəssamların
yaradıcılığının dəstəklənməsi
istiqamətində də bir çox məqsədyönlü
işlər görülmüşdür. Ötən
on ildə keçirilən respublika və beynəlxalq əhəmiyyətli
sərgilərin sayı 500-ü ötmüşdür.
Bu illərdə
Azərbaycan rəssamlarının əsərləri Almaniya,
ABŞ, Rusiya, Türkiyə, İran, Fransa, İsveçrə,
İtaliya, Niderland, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı,
Cənubi Koreya, Ukrayna, Moldova, Özbəkistan, Braziliya,
Çin, Avstriya, Portuqaliya və s. kimi ölkələrin ən
nüfuzlu sərgi salonları, muzey və qalereyalarında
nümayiş etdirilmişdir.
Azərbaycan
incəsənətinin tanınmış nümayəndələrindən
Mikayıl Abdullayev, Fuad Əbdürrəhmanov, Toğrul Nərimanbəyov,
Böyükağa Mirzəzadə, Kamil Nəcəfzadə,
Maral Rəhmanzadə, Elbəy Rzaquliyev, Oqtay Sadıqzadə,
Cavad Mircavadov, Fərhad Xəlilov, Mirnadir Zeynalov, Ağaəli
İbrahimov və onlarla başqalarının yubiley sərgiləri
yüksək səviyyədə keçirilmiş, sərgilərə
aid nəfis tərtibatlı kataloq və kitablar çap
edilmişdir. Bununla yanaşı, Xalq rəssamı Mikayıl
Abdullayevin 80 illik yubileyi Moskvada Rusiya Rəssamlıq
Akademiyasında, Xalq rəssamı Hüseyn Əliyevin 100
illiyinə həsr olunmuş sərgi isə Monteneqronun Bar
şəhərindəki Kral Nikolayın sarayında təşkil
edilmişdir.
Azərbaycan Prezidentinin sərəncamlarına əsasən,
dahi rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyi YUNESKO
səviyyəsində qeyd edilmişdir. SSRİ Xalq rəssamı,
Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət
mükafatları laureatı Tahir Salahovun 2008-ci ilin
noyabrında Bakıda, 2009-cu ilin yanvarında isə Moskvada 80
illik yubiley tədbirləri keçirilmişdir.
Gənc rəssamların
yaradıcılığının dəstəklənməsi
və tanıdılması, istedadlı gənclərin
aşkarlanması məqsədi ilə onların əsərlərindən
ibarət müxtəlif sərgilər təşkil
olunmuş, kataloqlar çap edilmişdir.
lll
Azərbaycan
mədəniyyət sahələrində əldə edilən
uğurlar sırasında muzey işinin də özünəməxsus
rolu var. Digər sahələrdə olduğu kimi, ötən
10 il ərzində muzey sahəsində də
nailiyyətlər qazanılmışdır.
Dövlət
başçısının "Azərbaycanda muzey işinin
yaxşılaşdırılması haqqında" 6 mart
2007-ci il tarixli və 22 may 2009-cu il tarixli sərəncamları
ilə təsdiq edilmiş "Azərbaycanın
regionlarında fəaliyyət göstərən muzeylərin
müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və
zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər
planı"nın icrası ilə bağlı nazirlik, yerli mədəniyyət
və turizm idarə və şöbələri tərəfindən
Bakı şəhərində, eləcə də
regionlarımızda muzeylərin müasir standartlara uyğun təmiri,
onların maddi-texniki bazasının gücləndirilməsi,
muzey fondlarının komplektləşdirilməsi və
ekspozisiyaların zənginləşdirilməsi istiqamətində
bir sıra işlər görülmüşdür. Eyni zamanda tarix-diyarşünaslıq muzeylərində,
tarixi şəxsiyyətlərin ev-muzeylərində əsaslı
təmir və yenidənqurma işləri
aparılmışdır.
Respublikanın
şəhər və rayonlarında fəaliyyət göstərən,
ulu öndərin dühasını əks etdirən Heydər
Əliyev muzeyləri nazirliyin müvafiq əmrinə əsasən
1 fevral 2012-ci il tarixindən Heydər
Əliyev mərkəzləri
adlandırılmışdır. Hazırda
ölkəmizdə 60 Heydər Əliyev Mərkəzi fəaliyyət
göstərir. Mərkəzlərin əksəriyyətində
elektron kitabxanalar, kompüter və iclas zalları, dil
kursları, tətbiqi sənət, aviamodelizm, rəqs və s.
dərnəklər fəaliyyət göstərir.
26 avqust
2014-cü il tarixində Azərbaycan
Xalça Muzeyinin yeni binasının açılış mərasimi
keçirilmişdir. Orijinal üslubda inşa
olunan bina bükülmüş xalçanı
xatırladır. Hazırda muzeyin sərgi
və fondlarında 10 mindən çox eksponat və əşya
saxlanılır.
lll
Azərbaycan xalqının qədim, rəngarəng
qeyri-maddi mədəni irsi minilliklər boyu millətin
mentalitetini və şüurunu formalaşdıran əsas amillərdən
biri olmaqla, xalq yaradıcılığının nailiyyətlərini
özündə ehtiva edən unikal bəşəri fenomendir. Dünyanın qabaqcıl
ölkələrinin mədəniyyət siyasəti sahəsindəki
təcrübələri nəzərə alınmaqla Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən Azərbaycanın
qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq)
qorunması, dəstəklənməsi, təbliği və təşviqi
istiqamətində aparılan əsaslı və hərtərəfli
islahatlar uğurla davam etdirilir.
Azərbaycanın qeyri-maddi mədəni irsinin dəstəklənməsi
işində müasir formaların tətbiq edilməsi məqsədilə
nazirlik tərəfindən "2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı
Paytaxtları" proqramı təsdiq edilmişdir. Proqramın icrası ilə
əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq
nominasiyaları üzrə 2010-cu ildə Gəncə - Azərbaycanın
"Əfsanələr paytaxtı", Şəki - "Sənətkarlıq
paytaxtı", Qazax - "Folklor paytaxtı", 2011-ci il
üçün Şabran - "Əfsanələr
paytaxtı", Lənkəran - "Folklor paytaxtı",
İsmayıllı - "Sənətkarlıq
paytaxtı", 2012-ci il üçün Gədəbəy -
"Əfsanələr paytaxtı", Masallı -
"Folklor paytaxtı", Quba - "Sənətkarlıq
paytaxtı", 2013-cü il üçün Xaçmaz -
"Əfsanələr paytaxtı", Zaqatala - "Folklor
paytaxtı", Göygöl - "Sənətkarlıq
paytaxtı", 2014-cü il üçün isə Qəbələ
- "Əfsanələr
paytaxtı", Balakən - "Folklor paytaxtı" və
Abşeron - "Sənətkarlıq paytaxtı" elan
olunmuşdur. "Paytaxt" seçilmiş şəhər
və rayonlarda nominasiyaya uyğun olaraq təntənəli mərasimlər,
respublika və beynəlxalq səviyyəli elmi-praktik
konfranslar, dəyirmi masalar, konsertlər, müsabiqələr,
festivallar, sərgilər, yarmarkalar və s. tədbirlər təşkil
edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
Bakı şəhərində "Azərbaycan - doğma
diyar" devizi altında 2006, 2008, 2011 və 2014-cü illərdə
keçirilmiş milli azlıqların incəsənəti
festivalları respublikanın ictimai-mədəni həyatında
mühüm hadisə kimi yadda qalmışdır. Festivallarda
Bakı şəhərində və respublikamızın 15-dək
rayonunda fəaliyyət göstərən və Azərbaycanın,
demək olar ki, bütün milli azlıq və etnik
qruplarını təmsil edən 40-dan çox kollektiv
iştirak etmişdir.
lll
Tarixi ənənələrə, milli köklərə
diqqət və qayğı göstərən dövlətimiz
keçmişə sədaqətdə də daim nümunə
göstərməyi bacarır. Xalqın milli ruhuna
bağlılığı isə heç bir ənənənin
unudulmasına izin vermir, dəyərlərimizin gələcəyə
ünvanlanmasına, yetişməsinə kömək olur.
Sevindirici haldır ki, son illər ölkəmizdə
qədim tarixə malik atçılıq ənənələrinin
bərpasına da xüsusi diqqət göstərilir. Azərbaycan
Prezidentinin müvafiq fərmanları ilə 2006-cı ildə
Şəki Atçılıq Turizm Mərkəzinin və
2007-ci ilin fevralında isə onun əsasında Respublika
Atçılıq Turizm Mərkəzinin yaradılması nəinki
çövkən və digər milli atüstü
oyunlarının bərpasına, həmçinin 2013-cü
ildə çövkən -Qarabağ atüstü oyun ənənəsinin
YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni
irs siyahısına daxil edilməsinə və
Azərbaycanda atüstü oyunların inkişafına şərait
yaratmışdır.
Azərbaycan
xalqının qeyri-maddi mədəni irsinin ayrılmaz hissəsi
olan milli atüstü oyunların bərpası, təbliği
və inkişaf etdirilməsi məqsədilə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən Respublika
Atçılıq Turizm Mərkəzində hər ilin dekabr
ayında Prezident Kuboku uğrunda çövkən milli oyunu və
may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin xatirəsinə həsr olunmuş Milli
Atüstü Oyunlar Festivalı keçirilir. Ötən 10 il ərzində tədbirlərdə iştirak
edən komandaların sayı 3 dəfə artaraq 8-dən 24-ə
çatmışdır. Əgər 2006-cı
ildə yalnız çövkən milli oyunu üzrə
yarış keçirilirdisə, 2015-ci ildə artıq
sürpapaq, papaq, baharbənd, yaylıq və güc
sınağı kimi xalqımızın qədim milli
atüstü oyunları üzrə də yarışlar təşkil
edilir.
lll
Azərbaycan mədəni irsinin qədimliyinin,
özünəməxsusluğunun qorunub-saxlanılması,
tarix-mədəniyyət abidələrinin öyrənilməsi
və mühafizəsi ilə bağlı müvafiq tədbirlər
görülməsi, bu sahədə bir sıra diqqətəlayiq
nəticələrin əldə edilməsi yaxın tarixin
uğur səhifələrindəndir.
Dövlət başçısının mədəni
irsin qorunmasının reallaşması üçün
imzaladığı sərəncamların hər biri tarixi əhəmiyyət
daşıyır. Xüsusi önəm kəsb edən tarixi ərazilərin
qorunması və gələcək nəsillərə
çatdırılması məqsədilə Azərbaycan Prezidentinin
2 may 2007-ci il tarixli sərəncamı ilə Abşeron
rayonunun Məmmədli kəndində "Yanardağ"
Dövlət Tarix-Mədəniyyət və Təbiət, 19
dekabr 2007-ci il tarixli sərəncamı ilə Ağstafa
rayonunda "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət
və Quba rayonunda "Xınalıq" Dövlət
Tarix-Memarlıq və Etnoqrafiya, 19 dekabr 2007-ci il tarixli sərəncamı
ilə Bakının Suraxanı rayonunda "Atəşgah məbədi"
Dövlət Tarix-Memarlıq qoruqları elan edilmişdir.
Ölkəmizdə hər sahədə davam edən
islahatlar, şübhəsiz ki, mədəni irsin qorunmasına
dair işlərdən də yan keçməmişdir. Belə
islahatlardan biri də bu sahədə xüsusi Dövlət
Proqramının təsdiq olmasıdır. Azərbaycan
Respublikası Prezidentinin 2012-ci ildə müvafiq fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasına əsaslanaraq 27
dekabr 2013-cü il tarixli 800 nömrəli Sərəncamı
ilə "Daşınmaz tarix və mədəniyyət abidələrinin
bərpası, qorunması, tarix və mədəniyyət
qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi
və inkişafına dair 2014-2020-ci illər üzrə
Dövlət Proqramı"nın qəbul edilməsi milli-mədəni
irsin qorunması istiqamətində aparılan islahatların
davamı olmuşdur.
Dövlət
Proqramının müvəffəqiyyətlə həyata
keçirilməsi məqsədilə Mədəniyyət və
Turizm Nazirliyi yanında Azərbaycan Respublikası Prezidentinin
18 dekabr 2014-cü il tarixli fərmanı ilə
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidməti yaradılmışdır.
lll
Mədəniyyət və Turizm Nazirliyi
yarandığı ilk dövrdən başlayaraq kino sahəsinin
inkişaf etdirilməsi, bu istiqamətdə fəaliyyətin
müasir tələblər səviyyəsində qurulması,
onların işinin əlaqələndirilməsi və nəzarətin
gücləndirilməsi istiqamətində əhəmiyyətli
işlər görülmüşdür. Kinematoqrafiyanın istehsalat,
texniki, informasiya, hüquqi və maddi bazasının möhkəmləndirilməsi,
eləcə də maarifləndirmə işinin gücləndirilməsi
məqsədilə Azərbaycan Prezidenti tərəfindən təsdiq
edilmiş və kino tariximizdə ilk genişmiqyaslı sənəd
olan "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə
inkişafına dair Dövlət Proqramı"nın müstəsna əhəmiyyəti var.
Hazırda icrası davam edən həmin proqram çərçivəsində
bir sıra iri layihələr, mühüm məqsədyönlü
tədbirlər həyata keçirilir.
Azərbaycan kinosunun son illərdə yüksəldiyi
zirvəni, keyfiyyət və kəmiyyət fərqlərini bu
rəqəmlər daha aydın göstərmək
gücündədir. Belə ki, 2006-2015-ci illər ərzində
39 tammetrajlı bədii film çəkilmişdir.
Müqayisə üçün: 1996-2005 illər ərzində
bundan 2,5 dəfə az - 16 film çəkilib.
1996-2005-ci illərdə 4 qısametrajlı bədii
film çəkildiyi halda, son 10 ildə həmin formatda 48 film
istehsal olunmuşdur.
2006-cı
ildən etibarən gənc kinematoqrafçılarla
aparılan iş ən vacib məsələlərdən biri
kimi gündəliyə daxil edilib. Gənc
istedadlı kinematoqrafçıları aşkar etmək məqsədilə
2006-2011-ci illərdə təşkil olunmuş "Bu meydan,
bu ekran" müsabiqələrini qeyd etmək
lazımdır. Bu layihə çərçivəsində
yeni adlar kəşf olunmuş, müsabiqənin qaliblərinə
film çəkmək etibar edilmişdir. Müsabiqədə
uğur qazanmış "Ev", "Koramal",
"Mayak" və bir sıra başqa filmlər 30-a qədər
ölkədə keçirilən 47 beynəlxalq
kinofestivalın müsabiqələrinə qatılmış,
mükafatlar qazanmışlar.
Bu gün
az qala dünyanın dörd bir tərəfində
keçirilən kinofestivallarda Azərbaycan kinosu izlənilir. Ölkəmizin mədəniyyəti, adət-ənənəsi,
milli gücü dünya xalqlarına nümayiş etdirilir.
Nailiyyətlərin çoxşaxəli olması
onu göstərir ki, kino hərtərəfli inkişaf edir,
uğurlara imza atır, fəzasını genişləndirir.
Vacib nailiyyətlərindən biri bədii kinoda
debüt filmlərinin sayının xeyli
artırılmasıdır. Belə ki, 64
rejissor özünün ilk tammetrajlı və ya
qısametrajlı bədii filmlərini çəkmişdir.
Kino sahəsində yüksəkixtisaslı kadrların
yetişdirilməsi, bu sahənin gələcək
inkişafının qarantıdır. Təbii ki, nazirlik bu məsələni
də diqqətdə saxlayır. Yaxın
illərdə kino peşələri üzrə yüksəkixtisaslı
kadrların çatışmazlığını nəzərə
alaraq, bir sıra gənclər təhsil almaq üçün
nazirlik tərəfindən Rusiya, Türkiyə, Kanada və
İngiltərəyə göndərilmişdir.
2006-2015-ci
illər ərzində Azərbaycan kinosu dünyanı "gəzmiş",
hər yana səs salmağı
bacarmışdır. Belə ki, bu illər ərzində
dövlət sifarişi ilə istehsal edilmiş bədii və
sənədli filmlərin xaricdə keçirilən beynəlxalq
festivallarda iştirakını təmin etmək məqsədilə
nazirlik tərəfindən müəyyən işlər
görülmüşdür. Filmlərimiz beş qitəni əhatə edən 40-dan
artıq ölkədə 100-dən çox festivalda
iştirak etmişdir. Bunlardan "A" kateqoriyalı Kann,
Venesiya, Karlovı Varı, Berlin festivallarını xüsusilə
vurğulamaq olar. Festivallarda milli kinomuzu həm
dövlət studiyalarında, həm də nazirliyin sifarişi
əsasında özəl prodüser mərkəzlərində
çəkilmiş müxtəlif filmlər təmsil
etmişdir. Onların arasında "40-cı
qapı", "Buta", "Ev", "Nabat",
"Sonuncu", "Çölçü",
"Axınla aşağı" və başqalarını
qeyd edə bilərik. 2011-2015-ci illərdə
Kann kinofestivalında Azərbaycanı təmsil edən
xüsusi pavilyon fəaliyyət göstərmişdir.
lll
Qloballaşan dünyada mədəniyyətlərin
inteqrasiyası mühitində çap məhsulları,
elektron kitablar əsas intellektual ünsiyyət və mədəniyyət
vasitəsidir.
Bəşəri dəyərlərin, yeniləşən
texnologiyaların, müasirliyin əhəmiyyətini qiymətləndirən
ölkə rəhbərliyi tərəfindən intellektual
ünsiyyətə və mədəniyyətə yüksək
qiymət verilir, kitab sərvətimizin yayılması istiqamətində
ardıcıl addımlar atılır. Azərbaycanın
qlobal informasiya mühitinə daxil olması, ölkədə
informasiya cəmiyyətinin formalaşması, informasiya
resurslarını qoruyan və onun təminatını həyata
keçirən kitabxanaların fəaliyyətində əsaslı
islahatların aparılmasını zəruri etmişdir.
Bu gün ölkəmizdə kitabxana-informasiya sahəsində
aparılan islahatlar, görülən işlər nəticəsində
respublika kitabxanaları istər mənbələrin zənginliyi,
istər binalarındakı şərait, istərsə də
müasirlik baxımından dünyanın qabaqcıl ölkələri
ilə müqayisə edilə bilər. Hazırda Mədəniyyət
və Turizm Nazirliyinin kütləvi kitabxanalar şəbəkəsinə
3000-ə yaxın kitabxana daxildir. Respublikanın
kitabxana fondlarında 40 milyona qədər kitab, jurnal, qəzet
və digər informasiya daşıyıcıları
mühafizə olunur. Kitabxana-informasiya sisteminin fəaliyyətini
yaxşılaşdırmaq məqsədilə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən 20 aprel 2007-ci
il tarixdə "Azərbaycanda
kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması barədə", 6
oktyabr 2008-ci il tarixdə "Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı"nın
təsdiq edilməsi barədə müvafiq sərəncamlar
imzalanmışdır. Sözügedən
Dövlət Proqramı təkcə Mədəniyyət və
Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsini deyil,
respublikanın bütün kitabxana şəbəkəsini əhatə
etmişdir.
Yaşadığımız əsrin reallığı
müasir texnologiyalardan istifadə edərək işlərimizin
daha sürətlə həyata keçirilməsini tələb
edir. Elektron kitabxanalar isə bu baxımdan bütün
oxuculara gözəl imkanlar yaradır. Dövlətin
bu sahədə ardıcıl addımları kitabı oxuculara
daha da yaxınlaşdırmışdır. Örnək üçün "Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər
üçün Dövlət Proqramının (Elektron Azərbaycan)
yerinə yetirilməsi ilə əlaqədar görülən
işləri göstərmək olar. 2006-2013-cü
illərdə bütün şəhər və rayon mərkəzi
kitabxanalarının internet saytlarının yaradılaraq
oxucuların istifadəsinə verilməsini də uğur kimi
qeyd etmək olar.
Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrinin
genişləndirilməsi sahəsində bir sıra layihələr
gerçəkləşdirilmiş, dünyanın
öncül kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa
dair memorandumlar imzalanmışdır. Nazirliyin təklifi ilə
xarici ölkələrin milli kitabxanalarında "Azərbaycan
guşələri" təşkil olunmuş, insanların
ölkəmiz haqqında hərtərəfli məlumat əldə
etməsinə şərait yaradılmışdır.
Bundan əlavə, respublikada kənd
kitabxanalarının fəaliyyətini
yaxşılaşdırmaq və müasir dövrün tələblərinə
uyğunlaşdırmaq məqsədilə nazirlik tərəfindən
"Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsinə
daxil olan kənd kitabxana filiallarının fəaliyyətinin
yaxşılaşdırılmasına dair Tədbirlər
Planı (2015-2017-ci illər)" hazırlanmışdır.
Nazirliyin
ALISA (Automated Library Information System of Azerbaijan) - mərkəzləşdirilmiş
elektron kitabxana sistemi də ölkəmizdə bu sahənin
inkişafına mühüm töhfələr verməkdədir.
lll
Mədəniyyət və turizm sahələrinin
davamlı inkişafı üçün əsas təminatlardan
biri də təhsil sistemidir. Məhz bu sahələrdə
keyfiyyətli təhsilin olması, peşəkar kadrların
hazırlanması mədəniyyət və turizmin gələcək
inkişafına xidmət edir. Bu səbəbdən
də dövlətimiz daim təhsilə və elmə
qayğısını əsirgəmir. Azərbaycanda
turizm sahəsinin, habelə turizm təhsilinin sürətli
inkişafını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 25
avqust tarixli sərəncamına əsasən, Azərbaycan
Turizm İnstitutunun yaradılması haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli
45 nömrəli qərarı
imzalanmışdır. Dövlət
başçısının 2014-cü il
22 dekabr tarixli sərəncamı ilə Azərbaycan Turizm
İnstitutunun bazasında ali təhsilin bütün pillələrində
turizm və menecment sahələri üzrə kadr
hazırlığını həyata keçirən Azərbaycan
Turizm və Menecment Universiteti (ATMU) yaradılmışdır.
2006-cı ildə Mingəçevir Turizm
Kollecinin, 2011-ci ildə Bakı Turizm Peşə Məktəbinin
yaradılması da bu sahədə mütəxəssis
hazırlığına verilən önəmin göstəricisidir.
Sevindirici haldır ki,
bu gün artıq mədəniyyət sahəsində
təhsil verən institutlar universitetlərə, məktəblər
akademiyalara çevrilir. Belə ki, Bakı Xoreoqrafiya Məktəbi
85 il ərzində respublikada balet və xalq rəqsi sahəsində
artist kadrları hazırlayan yeganə orta ixtisas təhsili müəssisəsi
kimi fəaliyyət göstərmiş, Azərbaycan
Prezidentinin 2014-cü il 30 aprel tarixli 419 nömrəli sərəncamı
ilə məktəbin bazasında ümumi, orta ixtisas və ali
təhsil proqramlarını həyata keçirən Bakı
Xoreoqrafiya Akademiyası yaradılmışdır.
Mədəniyyət və turizm sahəsində beynəlxalq
əlaqələrin qurulması, inkişafı və
davamlılığı dövlət siyasətinin tərkib
hissəsidir.
Dünya ölkələri ilə müvafiq sahələrdə
qurulan əməkdaşlıq, qarşılıqlı siyasi-mədəni
əlaqə və yaradılan dostluq mühiti ölkəmizin
demokratik dəyərlərə olan diqqət və
marağından xəbər verir. Mədəniyyət
və turizm sferasında da beynəlxalq əməkdaşlıq
günü-gündən daha geniş vüsət alır.
Tam qətiyyətlə demək mümkündür ki, mədəniyyət
və turizm sahələrində xarici siyasət
strategiyasının əsas prioritetləri olan həm ikitərəfli,
həm də çoxtərəfli əməkdaşlıq
münasibətlərinin qurulması və inkişaf etdirilməsi
istiqamətində son on il ərzində
mühüm tədbirlər həyata keçirilmişdir.
10 il ərzində dünyanın müxtəlif
ölkələrlə mədəniyyət və turizm sahələrində
ümumilikdə 70 beynəlxalq müqavilə
imzalanmışdır. Müqavilələrdən
51-i mədəniyyət, 19-u isə turizm sahəsində əməkdaşlıq
haqqındadır. İkitərəfli əlaqələrin
genişləndirilməsi məqsədilə Azərbaycan
Respublikası üçün əməkdaşlıq
baxımından prioritet hesab olunan bir sıra ölkələr
arasında Hökumətlərarası Komissiyalar
yaradılmışdır.
lll
Prezident İlham Əliyevin məqsədyönlü və
uzaqgörən siyasəti nəticəsində bu gün
ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası
dialoq mərkəzlərindən birinə çevrilmişdir. Bu istiqamətdə
Azərbaycan dövləti tərəfindən həyata
keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz
gələcəyi və birgəyaşama ənənələrinə,
dialoq və mədəni çeşidliliyə dəstəyin
bariz nümunəsidir. Azərbaycan dövləti
və şəxsən ölkə başçısı cənab
İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər
arasında dialoqun qurulması məqsədilə "Bakı
Prosesi" təşəbbüsü irəli
sürülmüşdür. "Bakı
Prosesi" çərçivəsində ilk dəfə
2008-ci ilin 2-3 dekabr tarixində paytaxtımızda Avropa
Şurasına üzv dövlətlərin mədəniyyət
nazirlərinin "Mədəniyyətlərarası dialoq
Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün əsasıdır"
mövzusunda konfransı keçirilmişdir. 2010-cu ildə isə bu regional təşəbbüs
qlobal hərəkata çevrilməyə başladı.
Həmin ilin 23 sentyabr tarixində BMT-nin Baş
Assambleyasının 65-ci sessiyasında Prezident İlham
Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçiriləcəyi elan edildi. Beləliklə,
7-9 aprel 2011-ci il tarixində Bakıda I
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
yüksək səviyyədə təşkil olundu.
"Çoxmədəniyyətli
dünyada sülh şəraitində birgə yaşamaq"
şüarı altında 2013-cü ilin 29 may - 1 iyun tarixlərində
2-ci və 18-19 may 2015-ci il tarixində isə "Mədəniyyəti
ortaq təhlükəsizlik naminə paylaşaq"
mövzusunda 3-cü Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu gerçəkləşdi.
lll
Hər sahədə olduğu kimi, turizm sahəsində də
müasir dövrün tələblərinə uyğun
işlərin aparılması son illər dövlət siyasətinin
əsas istiqamətlərindən biri olmuşdur. Xalqımızın qədim
mədəni-tarixi irsinin geniş miqyasda
tanıdılmasını təmin etmək məqsədilə
ölkə Prezidentinin müvafiq sərəncamı ilə
2011-ci il Azərbaycan Respublikasında
"Turizm ili" elan edilmişdir.
Turizm sahəsində dövlət siyasətinin həyata
keçirilməsi nəticəsində əldə olunmuş
uğurlardan, bu sahədəki dinamik inkişafdan danışarkən,
dəqiq statistikalara müraciət daha məqsədəuyğundur. 2005-ci ildə
ölkədə fəaliyyət göstərən turizm
şirkətlərinin sayı 197 olduğu halda, bu gün
onların sayı 285-i keçmişdir. 2005-ci
ildən bu günə qədər ölkədəki
mehmanxanaların sayı 262-dən 535-ə, yerləşdirmə
vasitələrində yerlərin sayı 22 492-dən 35 652-yə
qədər artmışdır.
Azərbaycanda turizmin davamlı inkişafı beynəlxalq
reytinqlərdə də özünü doğrultmuşdur. Dünya İqtisadi Forumunun
(DİF) 2013-2014-cü illər üzrə "Səyahət
və Turizm Rəqabətliliyi Hesabatı"nda ölkəmiz
insan resursları, əmək bazarı, təhlükəsizlik
və əmin-amanlıq göstəricilərinə görə
141 ölkə arasında 36-cı, biznes mühitinə görə
65-ci yeri tutmuşdur.
Qusarda "Şahdağ" Turizm Mərkəzi, Qəbələdə
"Tufandağ" qış-yay turizm kompleksinin yaradılması
ölkəmizdə turizmin mövsümiliyinin aradan
qalxmasına səbəb olmuşdur. Azərbaycanda
işgüzar (MİCE) turizmin inkişaf etdirilməsi məqsədilə
dövlət və özəl sektorun partnyorluq modeli üzrə
Azərbaycan Konqreslər Bürosu yaradılmışdır.
Bununla yanaşı turizm sahəsində əməkdaşlığın
gücləndirilməsi, icma əsaslı yaşıl kənd
və sağlamlıq turizminin inkişafının dəstəklənməsi
məqsədilə Azərbaycan Turizm Assosiasiyası (AZTA),
"Kənd Yaşıl Turizminin İnkişafına Dəstək"
İctimai Birliyi və "Azərbaycan Sağlamlıq və
Termal Turizminə Dəstək" İctimai Birliyi təsis
edilmişdir.
"Şahdağ"
Turizm Mərkəzinin tikilib istifadəyə verilmiş obyektlərinin
idarə olunmasını təmin etmək məqsədilə
dövlət başçısının 10 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Mədəniyyət
və Turizm Nazirliyinin tabeliyində "Şahdağ Turizm Mərkəzi"
Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.
Məlumdur ki, istənilən sahədə məqsədyönlü
təbliğat uğurun gələcək təminatına
çevrilir.
Son 10 il ərzində dünyanın
qabaqcıl ölkələrindəki turizm sərgilərində
iştirak bu sahədəki davamlı və mütəşəkkil
bir siyasətin gerçəkləşdiyindən xəbər
verir. Belə ki, Mədəniyyət və Turizm
Nazirliyi 2006-cı ildən etibarən 28 ölkədə
keçirilən beynəlxalq turizm sərgilərində milli
stendlərlə təmsil olunmuşdur. Son beş
il ərzində sərgilərdə nazirliklə
yanaşı, 40 yerli turizm şirkəti və 16 mehmanxana
mütəmadi təmsil olunmuşdur.
Turistlərin ölkəmizdə rahat və səmərəli
səyahətinin təşkilinə yeni imkanlar verən, Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə "SİNAM" MMC tərəfindən
yaradılmış "GoMap.az - Turizm məqsədli
Coğrafi İnformasiya və Naviqasiya Sistemi" Cənubi
Qafqaz və Mərkəzi Asiya regionunda bulud texnologiyaları əsasında
yaradılmış ilk elektron xəritədir. Sistem Azərbaycan
Respublikası Nazirlər Kabinetinin17 oktyabr 2012-ci il tarixli 235
nömrəli Qərarına əsasən "Elektron xidmət növlərinin
Siyahısı"na daxil edilmişdir.
Ötən müddət ərzində xarici televiziyalarla
daimi əməkdaşlığın nəticəsində
ölkəmizin turizm imkanları dünyanın əksər
ölkələrində yaşayan insanlara
çatdırılmışdır. 2006-cı ildən
etibarən Azərbaycanla bağlı reklam çarxları
hazırlanmış, bu məqsədlə Rusiyanın
"NTV", Azərbaycanın "MaxMedia", "Salnamə",
"Cinex" şirkətləri tərəfindən çəkilişlər
aparılmışdır. Həmin ildən başlayaraq
dünyanın aparıcı televiziya kanallarında
("CNN", "Euronews" "National Geographic",
"Travel Channel", "BBC" və "CNBC",
"World Travel Channel", "TV5 Monde", "France 24",
"CTC", "Rossiə 1", "Moə planeta",
"CNN türk" və s.) ölkəmiz haqqında reklam
çarxları yayımlanmışdır. Ümumilikdə
2006-cı ildən etibarən Azərbaycan, türk, ingilis, rus,
fransız, ərəb, alman, Çin, Koreya, yapon dillərində
62 növ reklam-çap məhsulu hazırlanmışdır.
Nazirliyin
mətbu orqanı olan "Mədəniyyət" qəzetinin
əlavəsi kimi 2014-cü ilin aprel ayından Azərbaycan,
ingilis və rus dillərində çap olunan "Baku
Guide" bələdçi kataloqu da ölkəmizin turizm
potensialının, mədəniyyətinin təbliği
missiyasını layiqincə yerinə yetirməyə
çalışır.
lll
Ötən dövr ərzində dövlət
başçısı tərəfindən orden, medal və fəxri
adlarla təltif olunmuş 836 nəfər mədəniyyət
və incəsənət xadiminə təltif və
mükafatlar təqdim edilmişdir. Onlardan 19 nəfər
"Şərəf" ordeni, 36 nəfər
"Şöhrət" ordeni, 4 nəfər "Dostluq"
ordeni, 2 nəfər 3-cü dərəcəli "Vətənə
xidmətə görə" ordeni, 21 nəfər
"Dövlət qulluğunda fərqlənməyə görə"
medalı, 45 nəfər "Tərəqqi"
medalı ilə təltif olunmuş, 69 nəfər "Xalq
artisti", 2 nəfər "Xalq rəssamı", 76 nəfər
"Əməkdar incəsənət xadimi", 301 nəfər
"Əməkdar artist", 35 nəfər "Əməkdar
rəssam", 27 nəfər "Əməkdar müəllim",
182 nəfər "Əməkdar mədəniyyət
işçisi" adına layiq görülmüş, 9 nəfər
isə "Fəxri diplom"la
mükafatlandırılmışdır. Bunlarla
yanaşı, bu illər ərzində Mədəniyyət və
Turizm Nazirliyinin Kollegiyasının qərarı ilə mədəniyyət
və turizm sahəsində səmərəli xidmətlərinə
görə 183 əməkdaş "Fəxri mədəniyyət
işçisi" və 26 əməkdaş "Fəxri
turizm işçisi" döş nişanları ilə
təltif edilmişdir.
525-ci qəzet.- 2016.- 29 yanvar.-
S.1;6;8