İntihar
Zaman oğurladı saflığımızı,
İndi nağıllar da gülməli mənə.
Günah səndə deyil, kişinin qızı,
Hamıdan, hər şeydən gülməli mənəm.
Cırıq çəkmələrim yollar yorğunu,
Cibimdə siqaret, sonuncu manat.
Gecələr başına çəkir yorğanı,
Məni səfillikdə üşüdən həyat.
Sənə nə verəcəm kədərdən başqa?
Qızılı saçların solar əlimdə.
Bir quru daxmam yox, baş girələyəm,
Sevgidən savayı nə var əlimdə?
Nə ata, nə ana
gördüm, bilirsən,
Yetimin taleyi bəlli əzəldən.
Qırılan qırılıb, get, gedə bilsən,
Çətin çiliklərdən ürək
düzəldəm.
Göylər ətəyindən qarmı
tökəcək?
Ağaclar çoxdandır qovub payızı.
Görüş vaxtı deyil, otur evində,
Boylanma qapıdan, kişinin qızı .
Bəlkə layla deyir dalğalar
mənə?
Ölümmü, yuxumu, bilmirəm
nədir...
Özümü atıram ağ ləpələrə,
Sevgim də içimdə intihar edir...
lll
Mənə nə dost oldun,
nə də yar oldun.
Payızla gəlmişdin, payızda
getdin.
İndi
qış evimi isitmir odun,
Qarışdın yağışa payıza
getdin.
Getdin sükutuna bürüyub yolu,
Nə həsrət,
nə güman yolunu kəsdi.
Səni
sevəcəkdim, qurbanın
olum,
Ya sən istəmədin ya vaxt tələsdi.
On altı yaşımda vurulduğumtək,
Bir dəli
sevdaya vurulacaqdım.
O ilk öpüş kimi utancaq, kövrək,
Titrək dodağında yorulacaqdım.
Səni sevəcəkdim, sənsə
tələsdin.
Bir ümid
qırıldı, bir
ah duyuldu.
Getdin, addımından ürəyim
əsdi,
Yağdı qəm yağışı
izin yuyuldu...
Səni
sevəcəkdim, inan Allaha,
Bütün varlığımla, əzalarımla.
Vecimə
deyildi batsam günaha,
Səni sevəcəkdim cəzalarımla.
Yordu kədər
məni, yordu qəm məni.
De niyə səbrini
əzizləmədin?
Bilirəm hələ də
sevirsən məni,
Nə mən getmə dedim, nə sən gözlədin.
Bəzənib şəhərin küçəsi,
yolu,
Bayram havasına
bürünüb şəhər.
Bəzən bircə görüş
ayrılıq olur,
Bəzən də ömürlük çəkir görüşlər.
lll
Bu nə ürəkdir vermisən,
Balaca cana, Allahım?
Dünyanın yükü çiynimdə,
Təpədən dırnağa aham.
Boğuluram qanımda mən,
Kafir də mən,qulun
da mən.
Nə etdim ki yolunda mən?
İnsan
adında günaham...
lll
Acı-acı yaşadıq, şirin-şirin
günləri,
Qəbirlərə daşıdıq bağçalardan
gülləri.
Vida üçün yellədik
əzizlərə əlləri,
Xoş anımız olmadı!
Dərələrdən qurtulub, təpələrə
qovuşduq.
Neçə qada yaşadıq,
neçə dərddən
sovuşduq.
Yenə
üsyana qalxdıq,
məğlub olduq, barışdıq.
Gümanımız olmadı!
Səcdə getdik min kərə
biz haqqın dərgahına,
Bir kərə
acımadıq körpələrin
ahına.
Dildə
dedik, ürəkdən
dünyalar Allahına,
İnamımız olmadı!
Məsum
doğulduq axı,
böyüdük kimə
döndük?
Nələr sifət dəyişdik, hamısı üzü dönük.
Neçə yazıq daşladıq,
neçə fağıra
güldük,
Vicdanımız olmadı!
Kor-koranə, imansız asan oldu yaşamaq,
Ömür sondur,
çiyində günahlar
qalaq-qalaq.
Elə təzə istədik insanlığa ucalaq,
Zamanımız olmadı!...
lll
Qanadı
qırıq mələyim,
Qolun,qanadın mən olum.
Bu çətin həyat yolunda,
Yaşam inadın mən olum.
Haqqa gedən ömürdüsə,
Zaman ömrü sümürdüsə,
Qəlbin
daşsa,dəmirdisə,
Əridən odun mən olum.
Nədir axı bu durğunluq?
Bu nə həvəs,
nə vurğunluq?
Gözünə çöküb yorğunluq,
Dincliyin, dadın mən olum.
Çox
olsun oduna yanan,
Təkcə mənə, mənə inan.
Mən olum qəlbini alan,
Sevdiyin qadın
mən olum.
Gözündəki yad
Bu sevgini harda salıb itirdin?
Kimə verdin əllərinin istisin?
Gözlərində yenə kimi gətirdin?
Tanımadım gözlərini, əzizim.
Qış hələ də
geyinməyib bəyazın,
Payız kimi qəlbi kövrək, gözü nəm.
Qollarında isindiyin o qızın,
Qorx ki bir gün öpüşündə
görünəm.
Fikirlərim qatarlanır uzağa,
Son mənzili ayrılıqdır
bilirəm.
Mən ki hələ dilbilməyən uşağam,
Çaşıb səni bağışlaya
bilərəm.
Bu sevgini harda saldın görəsən?
Etibarım, Vəfadarım sənmisən?
Gözlərimə necə baxa bilirsən?
Gözlərində yad birisi gəlmisən...
lll
Çiynimdə bir yük doğuldum,
Daşıdım, niyə bilmədim.
Ölümümü bilə-bilə,
Yaşadım, niyə bilmədim.
Dözdüm fələyin nazına,
Razı
oldum ən azına,
Bürünüb ömrün yazına,
Üşüdüm, niyə bilmədim...
Dözərəm
Günəşim, buluda de ki,
Mənimçün yağışlar
nə ki,
Sonu bahar olsun təki,
Bütün qışlara dözərəm.
Dözərəm qara günə
də,
Dözərəm fitnə, şərə də.
Tanrı yol açsa mənə də,
Qəlbi çaşlara dözərəm.
Dərs alıram günahımdan,
Xəbərim yox sabahımdan.
Güləcəmsə yanağımdan,
Axan yaşlara dözərəm.
Qəmdir çökən ürəyimə,
Dərdim tikan ürəyimə.
Sabah varsa kürəyimə,
Dəyən daşlara dözərəm.
Dostmu var Allahdan kənar?
Müqəddəs dərgahdan kənar?
Mələklər qorusa nə var,
Yaranmışlara dözərəm.
Dözümlüyəm zaman kimi,
Yoxdur umum, yoxdur kinim.
Əməlim düzdürsə mənim,
Çəp baxışlara dözərəm.
İşığım, zülmətə de ki,
Qaranlıq mənimçün nə ki?
Səbrim tükənməsin təki,
Çəksələr dara,
dözərəm.
Arzu HÜSEYN
525-ci qəzet.- 2016.- 30 yanvar.- S.29