Akademik yazı qaydaları nədir və
onları bilmək niyə vacibdir?
Qloballaşmanın, informasiya-kommunikasiya bumunun
özü ilə gətirdiyi yenilik və üstünlüklərdən
biri də elm və təhsil sahəsində
yanaşmaların, standartların unifikasiyalaşması, yəni
vahid bir forma alması və bunun tez bir zamanda yayılaraq
dünya elm ictimaiyyəti tərəfindən fəal istifadə
olunmasıdır.
İnformasiya-kommunikasiya
texnologiyalarının sayəsində müxtəlif xarakterli
elmi tədbirlər - konfrans, simpozium, konqres və s.
haqqında dünya elm ictimaiyyətini operativ olaraq məlumatlandırmaq
və bu toplantılarda onların iştirakını təmin
və təşkil etmək əvvəlki dövrlərlə
müqayisədə qat-qat asanlaşıb. Bu kontekstdə
beynəlxalq elm və təhsil məkanına inteqrasiya etmək,
ümumi məsələlər haqqında eyni “dildə
danışmaq” zərurəti yaranır. Bu
“ümumi dilə” nələr daxildir? Tərəflərin
bir-birini anlamasında bu amilin rolu nə dərəcədə
vacibdir? “Ümumi dili” mənimsəməklə nələrə
nail olmaq olar? Beynəlxalq elm və təhsil
sisteminə inteqrasiyada tərəflərin bir-birini anlaması
üçün dünyanın bir çox qabaqcıl
universitet və təhsil mərkəzlərində qəbul
olunmuş standartlara bələd olmaq lazımdır.
Söhbət nədən gedir?
Hazırda beynəlxalq elm və təhsil məkanına
inteqrasiya ölkəmiz üçün prioritet məsələlərdəndir. Bu sahədə
xeyli sayda beynəlxalq anlaşmalar və müqavilələr
imzalanmışdır. Azərbaycan alimləri
və tədqiqatçıları, həmçinin doktorant,
magistr və tələbələr beynəlxalq elmi tədbirlərə
qatılır, çıxışlar edir, ölkəni
tanıdır, elmi əməkdaşlıq əlaqələri
qururlar. Bu əlaqələrin nəticəsi
kimi, alimlərimiz həm də beynəlxalq jurnallarda məqalələr
dərc etdirir, xarici həmkarları ilə birgə layihələr
və əsərlər üzərində işləyirlər.
Təbii ki, əməkdaşlıq əsnasında
beynəlxalq elm və təhsil məkanındakı qayda və
standartlarla tanışlıq baş verir, sistemlərarası
fərqlər aşkarlanır. Uzun müddət
Sovet təhsil sistemində tətbiq olunan qayda və normalar bir
sıra hallarda beynəlxalq təhsil məkanında qəbul edilmiş
analoji standartlara uyğun gəlmir. Bunlardan
biri də akademik yazı qaydalarıdır.
Yazı
qalır...
Yazının ən başlıca xüsusiyyəti onun
qalıcı və sənəd xarakterli olmasıdır. Başqa
sözlə, məhz bu özəllikləri sayəsində
yazılı materiala dönə-dönə qayıtmaq və
ondan faydalanmaq mümkündür. Bu
xüsusiyyət istifadəçilər üçün
faydalı olmaqla yanaşı, həm də yazı müəllifindən
böyük məsuliyyət tələb edir. Xüsusilə əgər söhbət alimin
yazdığı mətn və ya materialdan gedirsə. Alim sözünə hər zaman inam və güvən
olmuşdur. Bu güvəni qazanmaq yetərli
deyil, onu həm də qorumaq və itirməmək
lazımdır. Savadlı və
yaxşı təşkil olunmuş yazı bunun ən
sınanmış yollarındandır.
Yazı həm
də çoxalır...
İnformasiya -kommunikasiya texnologiyalarının
yaratdığı imkanlar sayəsində yazmaq meylləri də
çoxalıb. Sosial media sıravi vətəndaşların
İnternetə çıxışına unikal şərait
yaradır, onları çağdaş kommunikasiya vasitələrinin
fəal istifadəçisinə çevirir. Ənənəvi mediaya çıxışı
daha çətin və çoxpilləli, bəzən isə
qeyri-mümkün sayan insanlar öz axtarışları və
tapıntıları haqqında məlumatları bloq yaratmaq və
yazdıqlarını orada paylaşmaqla fikir mübadiləsini
həyata keçirmiş olurlar. Təbii
ki, bu istifadəçilər arasında elm adamları da
çoxluq təşkil edirlər.
Niyə akademik yazı qaydaları?
Akademik
yazı elmin və ali təhsilin
ayrılmaz atributlarından biridir. Daha dəqiq
ifadə etmək lazım gələrsə, onun özəlliyini
müəyyənləşdirən meyarlardan biridir. Universitetdə təhsil alarkən və ya işləyərkən
hansı birimiz kurs işi, diplom işi (hazırda əsasən
buraxılış işi adlanır) və bu tipli oxşar
yazı işləri yazmamışıq? Və ya
özümüz də daxil olmaqla, hansımız elmi iş
yazmaq tapşırığı alan tələbənin
və ya gənc tədqiqatçının keçirdiyi təşviş
və narahatlıq hisslərinə şahid
olmamışıq? Elmi iş yazmaq gənc insanda bu
tapşırığın öhdəsindən gələ
bilməyəcəyi qənaətini yaradır. Ona
elə gəlir ki, bu, keçilməz meşəyə
düşmək və ya ucu-bucağı görünməyən
bir okeanın ortasında təkbaşına qalmaq qədər
müşkül və məşəqqətli işdir.
Məsələnin öhdəsindən gəlmək
üçün tələbə və ya gənc tədqiqatçının
ilk cəhdi daha təcrübəli adamlardan kömək ummaq,
məsələn, yuxarı kurslarda oxuyanların və ya bu
yollardan keçmiş həmkarlarının fikrini
soruşmaq, proses haqqında təsəvvür yaratmaq olur.
Kitabxanalara gedib hazır buraxılış
işlərini vərəqləmək, onun yazılma
qaydaları, quruluşu haqqında məlumat toplamaq da
çıxış yollarından biri sayılır.
Qeyri-müəyyənlik, müəllim və professorların
yanında biliksiz, hazırlıqsız görünmək
qorxusu nə qədər gənci elmi iş yazmaq istəyindən
daşındırır. Maraqlısı budur ki,
bəzi tələbələrin bu sahədəki passivliyi
professor-müəllim heyəti tərəfindən tez-tez təndiq
olunur. Lakin bu tənqid və danlaq “notları” məsələnin
həllinə kömək etmir, çünki hər il, xüsusilə yay sessiyalarında tələbələr
buraxılış işlərini müdafiə və ya
semestrarası dövrlərdə kurs işlərini təqdim
edərkən vəziyyətin dəyişməz olaraq
qaldığını görürük. Bu isə
belə bir fikrə gətirir - bəlkə biz diqqətimizi səbəbə
deyil, daha çox nəticəyə yönəldirik?
Elə isə səbəb nədir? Bunun çox sadə
cavabı var - bəzi ali təhsil müəssisələri
istisna olmaqla, ölkəmizdə akademik və ya peşəkar
yazı qaydalarının nə məktəblərdə, nə
də universitetlərdə ayrıca bir fənn kimi öyrədilməməsi.
Beynəlxalq akademik yazı qaydalarına bələd
olmaq həm də dünya elm sisteminə inteqrasiya olmaq, orada qəbul
olunmuş standartları mənimsəmək və onun effektlərindən
yararlanmaq deməkdir. Bütün
dünyada elmi işlərin standart bir yazılma forması var.
Həmin meyarlara uyğun gəlməyən işlər beynəlxalq
elmi jurnallar tərəfindən qəbul edilmir. Akademik yazı qaydalarına əməl etmək
savadlılıq, mədəniyyət və məsuliyyətin
göstəricisidir. Hazırda yazı mədəniyyəti
ilə bağlı orta və ali təhsil
müəssisələrində müəyyən problemlər
var; bir sıra obyektiv səbəblərdən bəzi elm
adamlarının beynəlxalq akademik yazı qaydaları
haqqında təsəvvürləri o qədər də
geniş deyil, bəzən isə yetərincə məhduddur. Bu isə, hər şeydən əvvəl, Sovet təhsil
sistemində formalaşmış yazı standartlarının
post-Sovet ölkələrində hələ də prioritet
mövqeyə malik olması amili ilə bağlıdır.
Digər səbəblərdən biri də,
heç şübhəsiz ki, dil amilidir. Bir zamanlar latın dili elm dili sayıldığı kimi,
çağdaş dünyada ingilis dilinin bu statusa yüksəlməsi
faktı çoxlarımıza bəllidir. Bu səbəbdən
də dünya elm sistemində baş verən proseslər
haqqında məlumat əsasən ingilis dilində
paylaşılır. Dil biliyi bu zəngin mənbələrdən
istifadə etməyə imkan verməyən şəxslərin
bir çox yeniliklərdən kənarda qalması ehtimalı
böyükdür. Lakin beynəlxalq elm və təhsil
sistemində tətbiq olunan qayda və standartlar
haqqındakı informasiyanın tərcümə olunaraq yerli şəraitə
uyğunlaşdırılması bu problemi həll edə bilər.
Bəs niyə beynəlxalq akademik yazı qaydaları?
Hər şeydən əvvəl, ona görə ki, beynəlxalq
standartlar “ümumi dil” rolunu oynayır, yəni fərqli
ölkələrdən olan elm adamlarının yazı vasitəsilə
bir-birini anlamasına yardım edir. Beynəlxalq yazı
qaydaları həmçinin oxunu sadələşdirir.
Vahid standartlar üzrə yazılmış mətndə nəyin
harada, yəni hansı məlumatın harada olduğu əvvəlcədən
bilindiyinə görə, zəruri informasiyanı tapmaq da asan
olur. Başqa sözlə, bunu ayrı-ayrı rəfləri
olan dolaba bənzətmək olar ki, bu “gözlər”in hər
birində hər zaman eyni əşyalar saxlanır. Dolabın içi və quruluşu haqqında dəqiq
məlumata malik olan şəxs qapını açıb istədiyi
əşyanı onun saxlandığı rəfdən
heç bir axtarış aparmadan rahatlıqla tapa və ya
götürə bilər. Çünki
onun harada yerləşdiyini yaxşı bilir.
Beynəlxalq akademik yazı qaydalarının dünya səviyyəsində
qəbul edilmiş modeli inkişaf etmiş ölkələrdə
hazırlanmış, gəlişdirilmiş və tətbiq
edilmişdir.
Başqa sözlə, uzun müddətli tətbiq
nəticəsində sınanmış, hərtərəfli
müzakirə yolu ilə təkmilləşdirilmiş və
“cilalanmış” bir modeldir. Bu səbəbdən də
səmərəsi çox az adamda
şübhə doğurur.
Bu
“resepti” yazmalı - “yazmaq resepti”ni
Əslində beynəlxalq akademik yazı qaydaları müəyyən nəticənin əldə edilməsinə yönəlmiş bir mexanizmdir. Bunu “resept”ə bənzətmək daha məqsədəuyğun olardı. İstənilən yemək “resept”ində olduğu kimi, burada da əməl edilməli olan qaydalar tam dəqiqliklə verilir. Burada işə yaramayan, əsas məqsədə xidmət etməyən heç bir detala yer yoxdur. Başqa sözlə, bu prosesi hasar tikintisinə bənzətmək olar; burada hasarı təşkil edən hər bir kərpicin öz yeri və funksiyası var. Hər “kərpic”, yəni cümlə ümumi mətnə yeni və xüsusi məna gətirir. Elə bir məna ki, bu həm özündən əvvəlki, həm də sonrakı məzmunla məntiqi surətdə bağlıdır.
Nəticə necə ola bilər?
Beynəlxalq akademik yazı qaydalarının öyrədilməsi elmi işlə məşğul olan şəxslərə nə qazandırardı? Bu qaydaların dəqiq düşünülmüş modeli, nəzəri əsasları, qazanılmış bilikləri möhkəmləndirən praktik tapşırıqlar, qarşıya çıxa biləcək hər bir problemin həlli yollarının göstərilməsi, prosesin etik tərəfləri haqqında fikir paylaşımı (məsələn, plagiatın yolverilməzliyi) bu işə olan münasibəti kökündən dəyişə bilər. Bu qaydalar yazı müəllifinin oxucu qarşısında sosial və mənəvi məsuliyyətini artırmış olar. Paylaşım üçün nəzərdə tutulan məlumatların yalnız müxtəlif mənbələrdən yoxlandıqdan sonra geniş auditoriyaya çatdırmaq, irəli sürülən müddəaların hər birinin ən azı üç faktik material və ya dəlillə dəstəkləmək kimi tələbləri nəzərə almaqla müəllif öz oxucularını daha dəqiq və səhih məlumatla təmin edə bilər. Alimlərin auditoriyası isə əsasən elə alimlər özləri olur. Bu baxımdan elm adamları arasında yazı standartlarının qəbul edilməsi və tanınması bu sahədə sabit forma və üsulların müəyyənləşməsinə yardım etmiş olar. Akademik yazı qaydalarının bir fənn olaraq keçirilməsi həmçinin intellektual mülkiyyət məsələsinin aktuallaşmasına səbəb ola bilər. Yazı prosesinin nə qədər məsuliyyətli və əhəmiyyətli iş olduğunu öz təcrübəsi əsnasında duyan, anlayan bir şəxsin digər müəlliflərin əməyinə və zəhmətinə hörmət etməsi daha ağlabatan və gözləniləndir.
Yekunda...
Elmi iş (tezis, məqalə, dissertasiya və
s.) yazmaq mədəniyyətinin formalaşması və
davamlı tətbiqi üçün “Akademik yazı
qaydaları” fənninin ən azı universitetlərdə tədris
edilməsi təxirəsalınmaz məsələlərdən
biridir. Tələbə, magistrant, doktorant və gənc tədqiqatçılar
öz elmi (və ya ) fikirlərini
yazılı formada çatdırmanın müasir
üsulları və formaları haqqında ətraflı məlumatlandırılmalıdırlar.
Bu, həm onların öz gələcək
karyeralarını qurmaqda, həm də beynəlxalq elm və
təhsil məkanına maneəsiz qoşularaq ölkəmizi
layiqincə təmsil etmələrinə şərait
yaratmış olar.
Təranə
MAHMUDOVA
BDU-nun
Beynəlxalq jurnalistika kafedrasının dosenti
525-ci qəzet.- 2016.- 30 yanvar.- S.28