“Ölümüm çiçəklədi”

 

YAXUD İNCƏ ÇAYI AĞLAYIRDI...

 

 

 

Şairlər dünyanın İsaq- Musaq quşlarıdı. Yazda gəlirlər oxumağa, ötməyə. Payızda  varıb gedirlər yenidən gəlmək üçün. İsaq-  Musaq quşlarının özünəməxsus cəhəti budur ki, gözə görünmürlər (əslində hər gözə görünmürlər!)

 

Özlərinin baxtı yatsa da yatan baxtları oyatmaq üçün oxuyurlar.

 

M. Dəmirçioğlu da o quşları görmək istəmişdi. Yazmışdı ki, “Özünü görəmmədim, səsi Nuhdan o yana, Elə layla oxuyur, yatan baxtım oyana”.

 

M. Dəmirçioğlu da bu dünyaya şeir yazmaq, şair olmaq üçün gəlməmişdi.

İsaq-Musaq quşuna dönüb oxumaq üçün gəlmişdi. Öz ölümündən yox, İsaq-Musaq quşlarının öləcəyindən qorxurdu o da...Şeir ha yazmırdı. Elə özü də İsaq-Musaq quşuna dönüb oxuyurdu. “ Tapdınmı?” “Yox, tapmadım”.

 

Ömrü boyu öz qibləsini, Söz qibləsini gəzirdi, deyirdi:

Qərib olub yurd yerində,

Od-ocaqdan olan daşam.

Üz tutub qibləyə sarı,

Bir mə zarda qalan daşam.

 

...Daş yazımdı İncil, Quran,

Yazılıb-pozulmaz duran.

Qobustanda qaval vuran,

Aveydə saz çalan daşam.

 

Ömrünün 65-ci ilində yarı yolda qalsa da min yaşlı şairdi Məmməd Dəmirçioğlu. Özü yaşının “ahıllığını” bilirdi. “Gördüm min illik yaşımı” deyirdi.

Yunus İmrə nəfəsi nəfəsinə toxunmuşdu, “candan keçib Ruhuna qovuşmuşdu”. O da özündən əvvəl  yaşayıb-yaratmış şairlər, aşiqlər, aşıqlar, ozanlar, ariflər kimi bilirdi ki, “çiçəyin bağrı yoldur”, ölümlə hər şey qurtarmır: “Ölümdən anrı yoldur”.  Yol da qurtarmır. Onu da bilirdi  ki,bütün yollar gedib bir yola çıxır. Bilirdi ki, “Bütün” yolların sonu Allaha sarı yoldur!”

 “Dünya beş gündü” deyənlər bilmədilər ki, Məmməd Dəmirçioğlu üçün “dünya nağıl, üç gün ömür  göydən düşən almadı”.

 

Məmməd Dəmirçioğlu duru gözünə baxanda sözü görünən şairdi.

“Duru gözümə baxdılar, içimdə sözüm göründü” fikrini söz gəlişi deməmişdi.

“Diri-diri bu dünyadan çıxmışam” fəlsəfi yozumuna urfan dünyasıyla gəlib çıxmışdı.

Məmmədin özünün və Sözünün başına hava gəlmişdi. Başı havalı sözlər yazırdı, deyirdi o! Başına hava gəldiyinə kim inanardı ki? Ağıllı-kamallı, dost canlı, vicdanlı bir adamdı. Şairdi, rəssamdı, memardı.

Bu dünyada deyildi yaranışından. Bu dünyanın adamı deyildi elə bil o da!...

“Dünyadan çox uzaqdayam, dostum, bir məktub yaz mənə” deyib dururdu. O, öz inadından dönmürdü, biz də öz inadımızdan.

“Ayə, bəs sən kimsən, Məmməd Dəmirçioğlu deyilsənmi?”- desək də, başını bulayırdı. İşə getmək adıyla bizdən uzaqlaşırdı və bizdən  məktub gözləyirdi.

“Könüldən könülə varın, yolları sahmana salın” deyə -deyə özü könüldən könülə varır ,yolları səhmana salırdı...

 

Qulağımız əməlli- başlı karıymış ki! “ Özümə gəlmişdim, köçdüm dünyadan” deyirdi, eşitmirdik, inanmırdıq. Bu sözləri sadəcə olaraq bir şair ərköyünlüyü sayırdıq.

Təzə kitablarını təbrik edir, təzə şeirlərini oxuyurduq. Heç kim fikir vermirdi ki, bu adam can verirmiş, ölürmüş... özü də açıq-aşkar. “Hər günümün birində bir ölüm var” deyə-deyə. Gözümün önündə sağ-salim görünsə də gözümü Allah yumubmuş, görmürmüşük can verdiyini, dediyini:

Yuvam qurulmadı bu yer üzündə,

Qəbrimi böyütdü bu yer özündə.

Qəza-qədərin fəlsəfəsinə çoxumuzdan yaxşı bələdmiş. Qocalmaq istəmirmiş. Sanki ölümü diləyibmiş. “Allah, son anımı vaxtında göndər” amacıyla!

Bilirmiş amansız taleyini, yol ayrıcında durub yolunu gözləyirmiş. Deyirmiş:

Yolumu gözləyən ağca ölüm var,

Qaraca gözümdə tor eylər, eylər.

 

Aman  Allah, şair ürəyinin böyüklüyünə bax, dediyinə bax. Ağca ölüm də olurmuşmu ki?

M.Dəmirçioğlu yaradılışından “Hoyy... dedim, hayy...hayy...dedilər” faciəsini yaşayırmış. ( Eşitmirik, nə deyirsən, dedilər.)

Gözümüzün qabağındaca çıxıb gedirmiş, görmürmüşük. (“Mən ölmürəm arkadaşlar, torpağa qurban gedirəm”).

Məmməd Dəmirçioğlunun qibləsi haqq söz, halal adammış “Ay halal Söz, halal adam, sən hardasan, oram Qiblə” deyirmiş.

Məhəmməd peyğəmbər deyirdi ki, “insanlar yatırlar, öləndə ayılacaqlar”. Məmməd Dəmirçioğlu bu fəlsəfədən halıymış:

Olub yuxuya getmişəm,

İnşallah, ölüb ayıllam!

M. Dəmirçioğluna görə yolların da dərisi varmış. Yolların dərisi izlərmiş. “Yolların dərisi kimi soyuldu getdi izlərim” fəlsəfi anlamına gəlmək üçün dərviş misal ömür sahibi olmaq gərəkdi.O dərviş könüllüydü.

Bu dərviş ölümün onu qışda yaxalayacağından halıymış.Yazda ölmək istəsə də. Bu misralar nəymiş bəs:

Ay ölüm, məni haqlama,

Yaxalasan qışda haqlama,

Yazın ilə apar məni!

Çay qırağında gördüyü  göy əbalı, göy atlı kişiyə qoşulub getdi. Anası deyibmiş ki, nə istədin ondan? (Xızırdan!) “Gördüyüm bu daşı qum eylə,” dedim, deyib.

Bu dəfə yaxşı ki, heç nə istəməyib. (Dərviş könüllülər heç nə istəmirlər axı!)

M. Dəmirçioğlu heç kimə əyilmirmiş. Heç onu aparan ölümə də əyilmədi. (Onçün qəfildən apardı ölüm onu.) O, bilirdi ki, “əyilə-əyilə düzəlmək olmur”. Allaha əyildikcə düzəlibmiş. “Sənə əyildikcə düzəlmişəm mən” misrasını təsadüfi saymaq olmaz!

 

Bu şair, bu sənətkar ( rəssam, memar, aşıq, aşiq!) öz ölümünə razıymış, bir ayğır atım çatlayıb ölməsini sinirə bilmirmiş. Diri qaldığı üçün özünü günahkar sayırmış.

Ayğır at çatlayıb, ölüb,

Mən hələ diri qalmışam.

deyə öz-özünü ittiham edir, dara çəkirmiş.

Tanrını dərk etmişdi.

Nəğməsi Qu nəğməsi, səsi Durna səsiydi.Hayıf ki, onun da dilini başa düşmədilər.Özü də özü dediyi kimi, “adamlar ölkəsində”.Ölüm eşqiylə gül açan buta veribmişlər ona. “Ölüm eşqiylə gül açan butamı məndən sordular” misraları bu anlama gəlir.

Üstündə əcəb ağlayanı varmış. “Üstümdə ağlayan gözdü ürəyim” misrasına özgə nə cür məna vermək olar ki!?

 

M. Dəmirçioğlu ucuz ölümlə ölmək istəmirdi.Meydanda ölmək istəyirdi.

“Dəmirçioğluyam, öldür meydanda, bir ucuz ölümlə  öldürmə məni “diləyi yerinə yetdi.Dediyi kimi, Meydanda öldü.

Meydanda ikən qəfildən dizi aynalı pəhlivan kimi dizləri yerə gəldi.

İnsan mələkləşə bilirmiş.Buna Dəmirçioğlu da inanırdı:

Mələklər biz özümüzük,

Özümüzü tapa bilsək.

Biz onu itirmədik. O, özünü tapan kimi, deyəsən, bizi itirib getdi?!

M. Dəmirçioğlu düşünürdü ki, kəkliyə dönüb oxusa dağlara əyan olacaq ki, bu oxuyan Məmməddir...

Görən kimi bir-birini tanımışdılar. Dağlar Məmmədi, Məmməd dağları...

Şeir yazırdı Məmməd Dəmirçioğlu. Dağlarda bir kəklik oxuyurdu!

Nə oxumuşdu ki?yaşamışdı  ki?! Amma deyəsən yaşamaqdan cana doyubmuş.Nəhayət, bir gün can verməkdən, can verə-verə yaşamaqdan cana doydu:

Harda qaldı arzumanım,

Uçub gedir xanimanım.

İllərlə can verən canım,

Ölsə yaxşıdı, qardaşım.

Bu artıq adi bir şairin sözləri deyildi, ürfan əhlinin fikirləriydi.

Adamların arasında Ruh kimi gəzdiyini, dolaşdığını özü də hiss edirdi:

Mən adam ha deyiləm,

Ruham, haləmdə gəl, gəz!

Bu sözləri yalnız Ruh adamı deyə bilərdi. Sözün quluna dönmüşdü, şahların şahı olmuşdu. Sözlərin ahını eşidirdi.

Yazdıqlarını adicə şeir sayırmışıq. Osa sanki vəsiyyət edirmiş.

Ölümüm çiçəklədi,

Bəlkə ömrümdə yazdı?

...Ölümdə batır məni,

Mənə ömür dayazdı.

Bu misralara adicə bir şair sözü demək olar!?

 

lll

 

Ölümündən təxminən bir ay əvvəl Qazaxda Ədəbiyyat Muzeyində az qala bir az tələsik, bir az da tənginəfəs halda iş yerimə baş çəkmişdi, necə deyərlər, dost yanına dəymişdi və bunu özünə borc bilmişdi.

Mənsə həm onun gəlişinə sevinmişdim, həm də ona bir işim düşdüyünü bildirmişdim:

- Yaxşı ki, gəldin, Məmməd! -demişdim. Sənə bir işim düşüb.

- Nə iş?!

 Beş il əvvəl ki, bir əhvalatı xatırlatdım. Mən onun 60 illiyi ilə bağlı bir məqalə yazmağı boynuma götürmüşdüm, osa mənim 60 yaşımla əlaqədar olaraq portretimi işləyəcəyini vəd etmişdi.

Bir-birinə sadiq dostlar, yaşıdlar kimi dediyimizi yerinə yetirmişdik.

Məmməd Dəmirçioğlunun son zamanlar daha çox populyarlaşdığı öz yerində. Rəssamlığı da həmçinin.

Ona memarlığıyla bağlı işim düşmüşdü. Dedim:

- Məmməd, dünyaya vəfa yoxdu. İşdi,- şayəd başım gizlənsə səndən bir xahişim var.

- Buyur!

- Mənim də qəbrimə başdaşını özün düzəldərsən?

Duruxdu, heç bir neçə saniyə çəkmədi ki,  dedi:

- Bə birdən mən səndən qabaq ölsəm, onda necə olacaq?!

Şair dostumun diqqətini bu məşum fikirdən uzaqlaşdırmaq üçün hansı sözə əl atdımsa elə bil, əlim boşda qaldı.

 

lll

 

Ölümündən əvvəl o, mənim yaradıcılığım haqda “İnsan mənzərələri” silsiləsindən hazırladığı kitabı üçün iki məqalə yazıb çap etdirdi.

Dedi, indi də Zəlimxan haqda yazıram. Bir gün zəng etdi (onda ölümünə bircə gün qalıbmış).

- Barat, - dedi, - yaman çətin vəziyyətdə qalmışam. Dediyim “İnsan mənzərələri  kitabını artıq çapa hazırlamışam. Materiallar çox olduğu üçün iki kitabdan ibarət olacaq.

- Bəs çətinliyin nəylə bağlıdı?

- Sənin haqda yazdığım yazını İncədən olan insanlar haqda yazılarla birgə versəm etiraz etməzsən ki?

- Ayə, niyə etiraz edrəm ki? Onsuz da məni çoxları İncəli hesab eyləyir.

Hər ikimiz şaqqanaq çəkdik.

Demək, razılaşdıq.

Mən birdən belə bir sual verdim:

- Məqalələr şəkillərləmi gedəcək?

- Hə! Nədi ki?

- Gəlsən belə eyləyək. Mənim haqqımda yazıda çəkdiyin portretimi verərsən.

Duruxdu, az keçmədən səsləndi:

- O portret məndə yoxdu... Sən belə et. O portreti mənim emailimə göndər, yaxşımı?

- Yaxşı,-  deyib sağollaşdıq.

...Portreti səhəri gün gətirib göndərmək istəyirdim ki, telefonuma zəng gəldi:

-Barat müəllim, toxta  bir az, ağır bir xəbər verməyə məcburam.

-Nə olub?

-Məmməd Dəmirçioğlu dünyasını dəyişib.

-Nə danışırsan? Hardan bilirsən?-deyə telefondakı gənc qələm dostuma sual edəndə dedi:

- İnternetdə hamı bu ağır faciədən danışır,söhbət açır.

...Göndərəcəyim şəklin nə vaxt əlimdən düşdüyünü bilmədim.

 

lll

 

Dəfnindən əvvəlki gecə obaşdan bir yuxu gördüm. Gördüm ki, Akif Səmədlə və bir neçə başqa dostlarla Məmmədi xəstəxanaya çatdırırıq. Həkimlər onu reanimasiya otağına götürürlər.

Akif məni bir az yana çəkib deyir:

-Mən bunlara ad  verildiyini öz gözümlə görmüşəm. Sərəncamda Məmmədin də adı  var.

Deyirəm:- Yəqin axşam radio -televiziyada sərəncamı oxuyacaqlar.

- Hə,-deyir Akif.

Sonra əlavə edir:

- Sərəncamın elan olunduğunu eşidib biləndə mənə də bildirərsən, zəng edərsən.

Duruxuram:

- Akif,  hara zəng  edim? Necə bildirim? Axı sən təzə ünvanda yaşayırsan.

- Düz deyirsən,- deyə Akif qələmi götürüb ünvanını yazıb mənə vermək istəyəndə mən yuxudan  qalxıram, gözlərimi açıb düşünürəm:

“Bu, nə qəribə yuxuydu”.

Amma bu, həm də həqiqətdi, yəni Akifin dediyi ad məsələsi. Məmməd Dəmirçioğlu və Məmməd kimilər (elə Akif Səməd də) Nəsimi demişkən çoxdan “göyçək ad” sahibiydilər. Onlar bu adı həm xalq, həm də haqq tərəfindən almışdılar...

 

lll

 

Məmməd Dəmirçioğlunu dəfn etməyə aparırdıq. Hamı cənazəsindən yapışmağa çalışırdı.

Cənazəsinin baş tərəfindən adıyla bərabər durna şəkli də yapışmışdı.

 İncə çayının ilk dəfə çox  ağladığını Ağamalı Sadiq Əfəndi və Akif Səməd öləndə hiss etmişəm.

İncə çayı bu dəfə də axmırdı.

Ağlayırdı...

 

Barat VÜSAL

525-ci qəzet.- 2016.- 30 yanvar.- S.27