Əbdül Kərimin ilk cəhdi, yaxud
“Baş tutmayan ziyarət”
Ceyhun Hacıbəyli-125
“Ceyhun
Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 noyabr
2015-ci il tarixli Sərəncamından sonra
yazıçı-publisist, naşir, redaktor, tərcüməçi,
tədqiqatçı, diplomat, istiqlal mücahidi Ceyhun Hacıbəyli
irsinin ardıcıl, sistemli araşdırılmasına diqqət
daha da artırılmışdır.
Nasirin təxminən
60 il bundan əvvəl
fransız dilində qələmə aldığı və
bu gün aktuallığını itirməyən “Baş
tutmayan ziyarət” adlı hekayəsi haqqında filologiya elmləri
doktoru Abid Tahirlinin yeni məqaləsini diqqətinizə təqdim
edirik.
İlk qələm sınaqlarına kiçik həcmli
novella, hekayə və felyetonlarla başlayan Ceyhun Hacıbəyli
qısa zamanda çox qüdrətli qələm sahibi kimi
tanınmağa başlamışdı. Onun bədii əsərləri
yerli və xarici mətbu orqanlarda dərc edilirdi.
Doğrudur, Ceyhun bəyin bədii irsi kəmiyyət
baxımından o qədər də çox deyil, lakin onun əsərlərinin
mövzu, məzmun, ideya, sənətkarlıq nöqteyi-nəzərindən
çox sanballı, diqqətə və təqdirəlayiq
olduğu, ən əsası isə bu gün də
aktuallığını və əhəmiyyətini itirmədiyi
şübhəsizdir. Nasirin bədii obraz kimi
baş və sevimli qəhrəmanı Hacı Kərimdir.
Onun Hacı Kərimlə bağlı 8 hekayəsi - “Hacı Kərimin
səhəri”, “Zəruri şər”, “Hacı Kərim iş
başında”, “Hacı Kərim qonaqlıqda”, “Hacı Kərimin
məhəbbəti”, “Hacı Kərimin səfərə
hazırlığı”, “Hacı Kərim toyda”, “Hacı Kərim
hamamda” adlı əsərləri mühacirətə qədərki
dövr yaradıcılığının məhsuludur. Biz həmin
hekayələrdə Hacı Kərimi hiyləgər,
yalançı, ikiüzlü tacir, son dərəcə xəsis,
qəddar ailə başçısı, savadsız, cahil,
simasız, saxta, əməldə yox, sözdə mömin,
şorgöz, ailəsinə xəyanət edən, yeri gələndə
artistlərin də həsəd apara biləcəyi dərəcədə
özünü abırlı, həyalı, sakit, dinməz-söyləməz,
dürüst, düzgün göstərə bilən obraz kimi
tanıyırıq. Hacı Kərim real tipdirmi?
Bəli, XIX əsrin sonu, XX əsrin əvvəllərində
Hacı Kərimlərə təkcə Ceyhun Hacıbəylinin
qəhrəmanının yaşadığı “Ş” şəhərində
yox, Azərbaycanın bütün bölgələrində bu
qəbildən olan insanlara rast gəlmək olardı. Təsadüfi
deyil ki, M.F.Axundovdan üzü bu yana yazıçıların
əsərlərində Hacı Kərimin bu və ya digər
keyfiyyətlərini özündə birləşdirən
çox sayda qəhrəmanlar var.
Məsələ
burasındadır ki, C.Hacıbəyli mühacirətdə də
sevimli qəhrəmanını - Hacı Kərimi
unutmamış, həmin hekayələrin bir neçəsini
fransız dilinə tərcümə etmiş və “Baş
tutmayan ziyarət” adlı daha bir
hekayəni fransız dilində qələmə
almışdır ( ARDƏİA, fond ¹ 649,siyahı ¹1, saxlama
vahidi 3).
Fransız dili üzrə
tanınmış mütəxəssis Mirzəbala Əmrahovun
dilimizə çevirdiyi bu irihəcmli hekayədə Hacı Kərim
tamamilə başqa görkəmdə qarşımıza
çıxır. Bundan xeyli əvvəl - hələ
yazıçı Vətəndə ikən qələmə
aldığı hekayələrdən fərqli olaraq burada o,
Əbdül Kərimdir , hələ “Hacı” titulunu
qazanmamışdır və bu adı almaq üçün
ilk cəhdini edəcəkdir...Arşın mal taciri 50 yaşa
yenicə qədəm qoymuşdu. Və bu zaman
Əbdül Kərim müsəlmanlığın 5-ci, ən
çətin dəyərli şərtini - Məkkə ziyarətini
həyata keçirməyi qərara alır.
Yazıçı Əbdül Kərimin dini və mənəvi
tələbatın şübhə altına almadan bu ziyarətin
zəruriliyini ortaya çıxara biləcək digər
ehtimallarla da oxucunu tanış edir: “Hacı” titulunun sayəsində
hər hansı bir tacir öz mövqeyini rahatca möhkəmləndirər,
ən ciddi rəqiblərə, o cümlədən, hazırda
cüzi səylə əldə etdikləri “məşədi”,
“kərbəlayi” titulları ilə bütün müştəriləri
ələ alan tacirlərə sinə gələ bilər” .
Əbdül Kərim hazırda “Bəlkə, sən qiymətdə
aldadırsan” - sualı ilə müraciət edən
müştəriyə əzəmətli səslə “Müqəddəs
Kəbə belimi qırsın, əgər mən sizə
insafsız qiymət deyirəmsə”, yaxud “Əgər yalan
deyirəmsə, ziyarət etdiyim müqəddəs Məkkə
məni yerimdəcə ildırımla vursun” - deyə bilmirdi
. İndi Əbdül Kərim ən yaxşı halda yazıq
görkəmlə hər kəsin işlətdiyi
bayağı, duzsuz, təsirsiz andlardan istifadə edirdi: “Yalan
deyirəmsə, uşaqlarım ölsün”, “Meyitini
görüm, səni qəbrə qoyum, əgər...”. Bəzən belə
ikibaşlı və çox mənalı ifadələr nəinki
müştərinin ürəyincə olmur, onu cəlb etmir.
Əksinə Əbdül Kərimi çıxılmaz vəziyyətə
salır: “Elə öz meyitini gör. Özünü qəbirə
qoy” - deyə uzaqlaşan alıcı yaxınlıqdakı Məşədi
Qasım və ya Kərbəlayi Əhmədin dükanına
tərəf gedirlər” . Ceyhun
Hacıbəyli Əbdül Kərimin Məkkə ziyarətinin
bu amillərdən də də ilhamlana bləcəyi
ehtimalını düşünməyi sanki oxucunun yadına
salır.
İslam dinini, onun mərasimlərini, rituallarını
dərindən bilən Ceyhun Hacıbəyli qəhrəmanının
istəklərini, hərəkətlərini də peşəkarlıqla
qələmə alır. O, yazır ki, əsl müsəlman
kimi Əbdül Kərim də nə qədər cəsarətli,
qətiyyətli olsa da, Məkkə səfərinə
hazırlıq zamanı səbirlə, təmkinlə hərəkət
etməyə üstünlük verir. Uzaq, isti
bir ölkəyə səfərə çıxan
Əbdül Kərim “şər deməsən, xeyir gəlməz”-
məşhur zərb məsəlinə riayət edərək
ilk növbədə vəsiyyətini hazırlayır.
Daha sonra duaların ərəbcə kamilləşdirilməsinə
səy edir: “Məsələ vacib olduğundan, Əbdül Kərim
xərclərin qarşısından geri çəkilmədi
və ərəbcə duaların elmi tələffüzü
sahəsində məşhur sənətkar, bəzi ərəb
hərflərini qırtlağında köz üstündə
şabalıd kimi partladan böyük ustad Axund Molla
Feyzullanın şəxsində birbaşa mənbənin
özünə müraciət etdi. Başlanğıc
çox çətin oldu və bizim geri qalmış şagird
tələffüzdə öz ustadını təqlid etmək
səyində az qalmışdı çənəsini
çıxarsın. Bununla belə, bir neçə həftənin
tamamında axund ona diplom verdi və əmin
etdi ki, bu vaxtdan etibarən o, hər hansı əsl Məkkəli
ilə ərəbcə duaların tələffüzü sənətində
çəkişmək gücündədir. Bu əminlik
mükafata layiq idi və tacir, adətən, üç
düyün vurulmuş kisəsini geniş açdı”.
Hazırlığın
son mərhələsi - dost-tanışdan, qohum-əqrəbadan,
günahlarının bağışlanılması istəyi
Əbdül Kərim üçün o qədər də
çətin olmur: “Əbdül Kərim üzünə ən
müti bir görkəm verərək onlara təxminən bu
dildə müraciət edirdi:
- Əgər,
nəzərimdən qaçan bir təsadüfdən, sizə
hər hansı bir ziyan vurmuşamsa və ya ehtiyatsız bir
sözlə xətrinizə dəymişəmsə, məni
bağışlayın...
Bunun
müqabilində, vəziyyətə uyğun görkəm alan həmsöhbətləri iltifat və hərarətlə
əlini sıxaraq onu arxayın edirdilər:
- Allah
bağışlasın, Hacı, insan kimi aciz bir bəndə
özü ilə bərabər olanları mühakimə edə
bilməz.
Bəzən bu həyəcanlı səhnələr bu və
ya digər tərəfin müxtəlif səbəblərdən
axan bir neçə damla göz yaşı ilə
müşayiət olunurdu”.
Nəhayət,
bütün hazırlıqlar başa çatır və
Əbdül Kərim hazırlıq dövründə, “tamamilə
sınıxmış arvadı” Şərəbanı,
doğmaları, qonşuları ilə vidalaşıb zəvvarlar
dəstəsinə qoşularaq faytonlarla ən yaxın dəmiryol
stansiyasına tərəf hərəkətə
başlayır: “Çavuşun kur səsi bu sonu görünməyən
ürək boşaltma mərasiminə son qoydu. O, yola
düşmə siqnalı verdi və
izdiham əks-sədası uzaq dərələrdən gələn
son salavat verdi. Furqonlar və süvarilər
izdihamdan aralandılar və dördayaq çaparaq 120
kilometrlikdə yerləşən ən yaxın dəmir yol
stansiyasına aparan yola düşdülər. İzdiham hələ uzun müddət yerində
qalmaqda idi, adamlar hərəkət edir, min bir işarə və
jestlərlə səyahətçilərlə ünsiyyətə
girirdilər. Nəhayət, kortec döngələrin
birində gözdən itdi və izdiham sakit və fikirli bir vəziyyətdə
şəhərə dönən yola düşdü”.
Həmişə obrazlarda gərginliyi, dramatizmi, həyəcanı
daha da qabartmağı və bu duyğuları oxuculara da siyarət
etdirməyi sevən C.Hacıbəyli yenə ənənəsinə
sadiqdir. Oxucu intizarla hadisələrin sonrakı
inkişafını gözləyir. Zəvvarlar
səfərə başladı. Yolda hansı hadisə ola bilər ki, ziyarət baş tutmasın?
Axı, hekayənin adı bu səfərin axıra
çatmayacağından xəbər verir! Oxucu bu suallar ətrafında
düşünməyə macal tapmır, Ceyhun bəy buna
imkan vermir: “Uzaq məsafələrə səyahətdə səriştəsiz
olan və ömründə qatar görməyən
Əbdül Kərim fit verən, fınxıran, tüstü
və qığılcım püskürən iri bir
maşınla dartılıb hərəkət edən bu qəribə
zənciri evlərə heyrətlə baxırdı.
Baxışı yol yoldaşı Allahyarla toqquşanda
özünü saxlaya bilmədi:
- Evin
yıxılsın, ay firəng, icad etmədiyin bir şey
qaldımı!
Qəssab
Allahyarı söhbətə qoşuldu:
- Bir
gün də görəcəyik ki, quş kimi göydə
uçurlar, - deyə, eyni təəssürat altında olan qəssab
cavab verdi.
Başqaları da söhbətə qoşuldular. Özünün
hazırkı, kifayət qədər hörmətli titulundan,
gördüyünüz kimi, təmin olunmayan, “hacı” titulunu
da öz adına əlavə etmək istəyən
iddialı baqqal Kərbəlayi Səməd isə nəsihətli
bir tonla qeyd etdi:
- Onlar
deyilmi gəmiləri ilə suyun altına baş vuranlar?
Və
Əbdül Kərimə xitabən soruşdu:
- Sən
Allah, bir mənə de görüm ikicə dəqiqədən
artıq suyun altında qala bilərsən?
- O dəqiqə
boğularam -, deyə Əbdül Kərim qəti cavab verdi”.
Az sonra
vaqona minən Əbdül Kərim qəribsəyir, doğma
ev-eşiyi gözünün qabağına gəlir, ürəyi
sancır, bu basabasda necə namaz qılacağına
düşünür, qəm dəryasına batır: “Elə
bu vaxt onun gözünə bədən qalaqlarının
üstündən adlayıb koridordan keçən mundir
geymiş, əli fənərli “urus” dəydi. Onun timsalında
bu “cəhənnəm maşınının adamını”
görən Əbdül Kərim onu çağırdı:
- Ay “urus”, zəhmət olmasa, de görüm, maşınını bir az saxlaya bilərsənmi, düşüm namazımı qılım?
“Cəhənnəm maşınının adamı” “tatarın” xahişini sözdə başa düşməsə də, fikrini anladı. O, qəhqəhə ilə güldü və dodağının altında nə isə pıçıldadı”.
Çox çəkmir ki, lokomotivin güclü fiti eşidilir və qatar sürətini azaldaraq dayanır. Əbdül Kərim “Məni bir az gözlə, çox çəkməyəcək” - deyə vaqondan özünü bayıra atır: “ Fontana çatıb qollarını çırmaladı, ayaqqabılarını soyundu və dəstamaz almağa başladı; əllərini, qollarını dirsəkdən aşağı və üzünü yuyaraq, yaş əlləri ilə başını və ayaqlarını sürtdü. Bunu edib cibindən bir dəsmal-canamaz, dairəvi və yastı bişmiş torpaq parçası-möhr və təsbeh çıxartdı. Yeri səliqəli təmizləyəndən və tozu üfürəndən sonra dəsmalı bütün içindəkilərlə yerə sərdi və qarşısında farağat vəziyyətində durdu, namaza başladı. Gözəgörünməz və hər yerdə olan Allahın qarşısında diz çöküb səylə ərəbcə duaları oxumaqda ikən, bir zəng səsi, arxasınca vağzal rəisinin fitini eşitdi. Qatar yavaş-yavaş tərpəndi və yola düşdü, öz Tanrısı ilə səmimi ünsiyyətdə olan kişinin bunlardan xəbəri olmadı “.
Yazıçı Əbdül Kərim və vur-tut iki-üç epizodik obrazla çox möhtəşəm və bənzərsiz bir hekayə yazmağa müvəffəq olmuşdur. Dini dəyərləri yüksək qiymətləndirən, həmişə islamın böyük təəssübkeşi kimi çıxış edən Ceyhun Hacıbəyli hekayənin əvvəlində, görünür, Əbdül Kərimin müqəddəs ziyarətə getmək istəyinin əsl mahiyyətini, “Hacı” titulundan sonrakı arzu və niyyətlərinin məğzini oxucu ilə bölüşdüyündən bu səfərin başa çatmasına qəsdən əngəl törədir: Həcc ziyarətinə pak niyyətlə, təmiz dualarla, halal pulla getmək lazımdır. “Hacı” titulundan sui-istifadə edərək varlanmaq, təkəbbürlü davranmaq günah və yolverilməzdir. Əsərin başlıca ideyası budur və günümüzdə də çox aktualdır.
Abid
Tahirli
525-ci qəzet.- 2016.- 30 yanvar.- S.26